Zaman və məkana sığışmayan Azərbaycan-Türkiyə dostluğu

 

Beynəlxalq münasibətlərdə hər hansı bir faktı və ya həqiqəti başa düşmək üçün onun tarixini doğru mənbələrə əsaslanaraq, araşdırmaq lazımdır. Yalnız bu yolla müzakirə edilən məsələ barədə əsl həqiqəti və onun mahiyyətini anlamaq mümkün ola bilər. Bu fakt və ya reallığın mahiyyəti başa düşüldükdən sonra onunla bağlı obyektiv analizlər edilə, rasional düşüncələr ortaya qoyula və düşünülmüş addımlar atıla bilər. Zənnimcə, Türkiyə-Azərbaycan əlaqələrini də bu müstəvidə dəyərləndirmək daha düzgün olar. Müzakirə obyekti olan əlaqələrin tarixinin, əhatə dairəsinin, mahiyyətinin araşdırılması və ya başa düşülməsinin həyatımızın bütün sahələrində iki ölkə arasındakı münasibətlər üçün bir mayak olacağını düşünürəm.

İlk öncə bir məsələyə daha çox diqqəti cəlb etmək istəyirəm. Belə ki, Türkiyə-Azərbaycan əlaqələri hər hansı iki dövlət münasibətlərindən daha fərqlidir.

Xüsusilə, milli özünəməxsusluqlar baxımından məsələyə yanaşdıqda, görərik ki, iki ölkə oxşar deyil, eyni milli xüsusiyyətlərə sahibdir, bu əlaqələr beynəlxalq platformada özünəməxsus xüsusiyyətlərə malikdiro, klassik realizmdə olduğu kimi, mənfəət məqsədi daşımır. Ona görə də iki ölkə arasındakı münasibətlərin mövsümi konyukturaların təsirinə məruz qalması düşünülməməlidir.

 Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan dövlətin Türkiyə olması, iki ölkə arasında imzalanan önəmli anlaşmalar, Azərbaycanın Türkiyəyə, Türkiyənin də Azərbaycana qoyduğu önəmli sərmayələr də iki ölkə arasındakı yaxınlığın nümunəsi kimi dəyərləndirilməlidir.

Müasir beynəlxalq sistemin təməllərinin atıldığı XX əsrin əvvəllərinə ekskursiya etsək, yenə bölgədə Azərbaycan və Türkiyə arasındakı təbii yaxınlığın şahidi olacağıq. Hətta bu əməkdaşlığa Gürcüstanın da daxil olduğunu görürük. Yəni bölgədə həyata keçirilən bütün böyük layihələr Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlığın nəticəsi olaraq meydana çıxıb. Bu üçtərəfli əməkdaşlığın kökü, əslində, XX əsrin əvvəllərinə gedib çıxır. Ermənistan o vaxt qonşulara qarşı əsassız iddiaları səbəbindən özünü təcrid etmişdi. Ermənistan o vaxt da indiki kimiböyük Ermənistan” iddiaları ilə yaşayırdı, indi də, o vaxt da bölgədə təhlükə qaynağı idi, indi də. Yəni üstündən illər ötməsindən sonra belə Ermənistanda dəyişiklik yoxdur və vəziyyət belə davam edəcəyi halda, ondan bunu gözləmək da mənasızdır. Ermənistan siyasi səhnəyə çıxan gündən uydurmalarla yaşayır. Ermənistan bir dövlət kimi öz siyasətini gözdən keçirərək, əsil həqiqəti qəbul etmək səviyyəsinə çatmayıb. Beynəlxalq əlaqələrdə də heç bir dövlətin “ərköyün uşaq toxunulmazlığı” yoxdur və olmamalıdır. Bunun belə başa düşülməsi beynəlxalq hüququn möhkəmlənməsinə xidmət edər.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bəli, “Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Qeyd edək ki, tarixin müxtəlif dönəmlərində olduğu kimi, son zamanlar da bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq toxumu salmağa hesablanmış addımlar atmağa çalışıblar. Daha doğrusu, dünyanı idarə edən bəzi qlobal güclər və onların əlaltıları özlərinin millitransmilli maraqlarını reallaşdırmaq naminə dağıdıcı siyasi aktlar gerçəkləşdirməklə iki qardaş ölkənin münasibətlərinə sarsıdıcı zərbə endirmək cəhdində olublar. Məsələn, Türkiyə ilə Ermənistan arasında “Sürix protokolları”nın imzalanmasına cəhd etməklə nəhəng güclər Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmağa meyil ediblər. İşğalçı Ermənistanın blokadadan çıxması məqsədini də ehtiva edən bu protokol Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı tarixi təməllərin sarsılması mənasına gəlirdi.

Amma Azərbaycanın praqmatik siyasi-strateji kursuna paralel olaraq, Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymayaraq protokolların imzalanmasından imtina etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan-Ermənistanın işğalına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz. Bundan başqa, Qərbin və onun tərəfdaş aktorlarının təxribat xarakterli addımları da Bakı ilə Ankara arasında əlaqələrin əsaslarını sarsıda bilmədi. Bu da növbəti dəfə o təsdiq etdi ki, ən güclü tendensiyalar belə Azərbaycan-Türkiyə münasibətləri kimi ali dəyərlərə söykənən möhkəm birliyi sıradan çıxara bilməz...

Ümumiyyətlə, proseslər göstərir ki, Azərbaycan və Türkiyə strateji mənada bir-birini tamamlayan vahidin ayrılmaz hissələri kimidirlər. Təsadüfi deyil ki, dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu analitikləri də o qənaətdədirlər ki, Azərbaycan və Türkiyə dünyada keyfiyyətcə ən sıx və möhkəm münasibətlərə malik olan iki ölkədir. Dil, din, mədəniyyət faktorunu kənara qoysaq belə, siyasi-strateji mənada hər iki ölkə bir-biri üçün zəruri tərəfdaş önəmi kəsb edir. Türkiyə üçün Azərbaycanın önəmi bir neçə mənada xüsusi mahiyyət daşıyır.

Əvvəla, Cənubi Qafqazın ağır çəkili gücü olan Azərbaycan Türkiyə üçün bölgəyə girişorada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni, Cənubi Qafqazda geniş, əhatəli əməkdaşlıqlar mühiti formalaşdırmaq və uzunmüddətli perspektivdə sürdürmək üçün Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir.

Müxtəlif xarakterli layihələrin reallaşdırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələr ərsəyə gələn zaman sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran bariz arqumentdir;

İkincisi, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. Çünki Asiyadan-Avropaya uzanmaq üçün Azərbaycan amili birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir;

Üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birilərinə qarşı “dual dövlət” mövqeyində çıxış edirlər. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı, səmimi, faydalı və uzlaşdırılmış münasibətləri daha da möhkəmləndirən amildir.

Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşmasını şərtləndirən fundamental faktorların sayını istənilən qədər artırmaq olar. Amma hər halda, bunlar ona dəlalət edir ki, Azərbaycan Türkiyənin xarici siyasət strategiyasının başlıca nəzərə alınan tərəfdaşlarındandır. Eləcə də, Türkiyə Azərbaycan üçün zəruri strateji önəmə malik tərəfdaşdır. Regionda sülhsabitliyin təmin olunması, imperialist güclərin dağıdıcı fəaliyyətinin neytrallaşdırılması, bölgədə yeni əməkdaşlıq platformalarının yaradılması, yeni enerji coğrafiyası və xəritəsinin formalaşdırılması, qlobal miqyasda millitransmilli maraqların müdafiəsi mənasında Ankara Bakı üçün xüsusi önəmə malikdir.

Beləliklə də, ölkələr arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında bəyannamənin imzalanması ona dəlalət edir ki, Bakı-Ankara münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş tutacaq. Belə ki, siyasi, iqtisadi, hərbi, mədəni-ideoloji və digər sahələrdə daha geniş, əhatəli birgə addımların atılması üçün yeni imkanlar yaranacaq.

Prezident İlham Əliyev bununla bağlı bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd strateji əhəmiyyət daşıyır və tərəflərin tam şəkildə müttəfiqliyini nümayiş etdirir: Bu gün həqiqətən tarixi bir gündür və belə bir gündə bərabər olmağımızdan çox məmnunam. Əminəm ki, bu gün Türkiyə və Azərbaycan arasında imzalanmış tarixi sənəd hər iki ölkənin münasibətlərinin gələcək inkişafını təmin edəcək. Qeyd etdiyiniz kimi, bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr bu gün zənginləşir və yeni səviyyəyə qalxır. Bu münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Möhkəm təməl üzərində biz bu əlaqələri qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri daim inkişaf edirbu gün bu əlaqələr müttəfiqlik səviyyəsinə qalxır”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə, öz növbəsində, onu vurğulayıb ki, imzalanmış sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövründən başlanmış bir işdirbu gün həmin təşəbbüsün yekunu əldə edilib: “Yaradılacaq alt komissiyalar münasibətlərimizin istənilən sahədə nəzərdən keçirilməsinə xidmət edəcək. İki ölkə arasında strateji əməkdaşlığın Ali Şurası “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” deyən Atatürk ilə, “Bir millət, İki dövlət” deyən Ümummilli Lider Heydər Əliyevdən aldığımız bayrağı daha irəli zirvələrə ucaltmaq amalının bir təzahürüdür”.

Rəsmilərin də qeyd etdiyi kimi, yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verəcək. Şuranın yaranması Bakı-Ankara tandeminin əsaslarını daha da möhkəmləndirəcək. Zaman-zaman səsləndirilən fikir və tezislərin reallığını və doğruluğunu əsaslandıracaq. Bütün bunlara əsaslanaraq, onu deyə bilərəm ki, Azərbaycan-Türkiyə münasibətləri zaman və məkan amilindən yüksəkdə duran dəyərlər üzərində qurulubbu dəyərlərə xələl gətirə biləcək hər hansı bir gücü mən tanımıram.

 

 

Məhəmməd Qaliboğlu

 

Səs.- 2011.- 5 noyabr.- S. 4.