ŞƏRƏF YOLU

 

Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın. Heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Bu, Milli Təhlükəsizlik Nazirliyinin işçiləri üçün xüsusilə lazımdır.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının Ümummilli Lideri

 

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Bu milli tariximizdə ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də hər bir azərbaycanlının yaddaşında silinməz iz qoydu. Təbii ki, müstəqillik xalqımıza heç də asan başa gəlməmişdi. 1920-ci ildə itirdiyimiz müstəqilliyimiz 70 ildən artıq müddət ərzində çətin, əzablı, keşməkeşli yol keçmişdi...

Müstəqillik böyük nemətdir, onun qiymətini, dəyərini sözlə ifadə etmək mümkün deyil. Onu qoruyub saxlamaq isə əldə etməkdən daha çətindir. Azərbaycanın dövlət müstəqilliyi misli olmayan fəxarət və qürur mənbəyidir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyat, siyasət, ordu, elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin inkişafı üçün inamla atdığı addımlar, göstərdiyi qayğı və diqqət müstəqilliyimizin daimi, əbədi olacağının qarantıdır.

Xalqımız ötən əsrin əvvəlində itirdiyi müstəqilliyi həmin əsrin sonunda yenidən bərpa etmək üçün çox ağır sınaqlarla, çətinliklərlə üzləşməli oldu. 1988-ci ildə Ermənistan öz havadarlarına arxalanaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış etməyə başladı. Həmin ilin fevralında Sumqayıtda ermənilərin və Qorbaçovun, eləcə də, xaricdəki erməni diasporunun birgə hazırladıqları ssenari həyata keçirildi. Bu cinayət ermənilərə azərbaycanlıları Ermənistandan və Dağlıq Qarabağdan qovmaq üçün lazım idi. Əllərinə düşən fürsətdən məharətlə istifadə edən ermənilər minlərlə azərbaycanlını təhqirlərə, təqib və təzyiqlərə məruz qoydular, çoxlu sayda soydaşımız vəhşicəsinə qətlə yetirildi.

Sovet hökuməti özünün əsil imperiya simasını 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıb göstərdi. Sovet ordusunun hərbi birləşmələrinin 20 yanvarında törətdikləri faciə zamanı yüzlərlə günahsız insan, dinc sakin amansızcasına qəsdən qətlə yetirildi. Sovetlər rejimi bu qanlı hadisə ilə xalqın gözünü qorxutmaq, ürəklərdəki müstəqillik, azadlıq ideyalarını boğmaq istəsə də yanıldı. Qanlı yanvarda, o məşum gecədə törədilən faciələr xalqımızdakı milli-azadlıq, mübarizlik əzmini qıra bilmədi, əksinə, hürriyyət ruhunu daha da möhkəmləndirdi.

Bununla yanaşı, ermənilər və onların havadarları da öz çirkin niyyətlərindən əl çəkməmişdilər. Qarabağda vəziyyət günü-gündən pisləşirdi. Torpaqlarımızın müdafiəsi üçün könüllülərdən ibarət dəstələr yaradılır, cəbhəyə yollananların ardı-arası kəsilmirdi. Xalq arasında vətənpərvərlik ruhu çox yüksək idi. Könüllü dəstələrlə bərabər, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət qurumlarının əməkdaşları da Vətənin ağır günündə səfərbər olmuşdular.

Dövlət təhlükəsizlik orqanlarının əməkdaşları da ön sırada idilər. Vəzifəsindən, rütbəsindən asılı olmayaraq hamını bir ideya - Vətənin azadlığı uğrunda mübarizə birləşdirirdi. Həmin dövrdə Dağlıq Qarabağın ətrafındakı kəndlərimiz həm də psixoloji hücuma məruz qalmışdı. Ermənilər bir neçə ov tüfənginin ümidinə qalmış yerli sakinləri qorxu, vahimə içərisində saxlamaq, dədə-baba yurdlarından didərgin salmaq üçün müxtəlif üsullara əl atır, rabitə, su qovşağı, elektrik, kommunikasiya xətlərini partladır, dağıdır, onları ətraf mühitdən təcrid edirdilər.

Respublikada ümumən qeyri-sabit vəziyyət hökm sürürdü. Hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı dəstələrin azğınlığı dözülməz həddə çatmışdı. Ölkə rəhbərliyinə təsadüfi adamların gəlməsi, onların yaranmış vəziyyətdən çıxış yolu tapa bilməməsi, xalqın dövlət orqanlarına inamını itirməsi Azərbaycanı yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.

Xalqın təkidli və israrlı tələbi ilə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı vətəndaş müharibəsinin, qardaş qırğınının, dövlət çevrilişləri cəhdlərinin qarşısını aldı. Ulu Öndərin tədbirli, təmkinli, səbatlı siyasəti, uzaqgörənliyi, müdrikliyi, iradəsi, böyük siyasiictimai nüfuzu sayəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qurtuldu.

Qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əvvəllərində torpaqlarımızı yağı düşməndən azad etmək məqsədilə dövlət təhlükəsizlik orqanlarının könüllü əməkdaşlarından, peşəkar əməliyyatçılardan ibarət xüsusi təyinatlı dəstə yaradılmışdı. Xüsusi təyinatlı dəstənin yaradıcılarından və fəallarından biri - Riad Fikrət oğlu Əhmədov da digər vətənpərvər oğullarımız kimi tez-tez cəbhəyə, odun-alovun içinə yollansa da, bunu evdəkilərdən gizlədir, hər dəfə bir bəhanə ilə ezamiyyətə getdiyini deyirdi. Erməni quldur dəstələrinin məhv edilməsində cəsurluğu və rəşadəti ilə dillər əzbəri olmuş Riad Goranboyun Şəfəq, Xanların Çaykənd kəndləri uğrunda gedən döyüşlərdə iki dəfə yaralanmış, kontuziya  almışdı. Həkimlər ona təkidlə müalicə almağı məsləhət görsələr də, Riad yenidən cəbhəyə qayıtmışdı. Riad Qarabağın azadlığı uğrunda döyüşən silahdaşlarını əsil qəhrəman hesab edirdi. Amma onda Riad hələ özü bilmirdi ki, gün gələcək, ona da göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adı veriləcək, igidliyi dastan olub dillərə düşəcək, Səbayel rayonundakı 203 saylı orta məktəb onun adını daşıyacaq, xatirəsinin əbədiləşdirilməsi şərəfinə buraxılmış “Riad Əhmədov” adına gəmi dünya sularında ölkəmizi təmsil edəcəkdir. Vətənini canından artıq sevən Riadın son döyüşü Daşaltıda olduo, həmin döyüşdə itkin düşdü...

Əliyev Nadir Alış oğlu Moskva Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbini əla qiymətlərlə başa vurmuşdu. 1991-ci ildə DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbəsinin Ağdərə rayon bölməsində əməliyyat müvəkkili kimi xidmətə başlamış, sonradan MTN-in Ağdam rayon bölməsinə göndərilmişdi. Nadir Qarabağda doğulmuşdubu torpağı sonsuz məhəbbətlə sevir, onun hər qarışına səcdə edirdi. Məsuliyyətli və tələbkar zabit kimi tanınırdı. 1993-cü ilin yayında Ağdamda vəziyyət gərginləşdiyindən yerli əhali şəhəri tərk etmək məcburiyyətində qalmışdi. Lakin MTN-in Ağdam rayon şöbəsinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirməkdə davam edirdilər. İyul ayının 22-də erməni kəşfiyyatçılarının Qiyaslı kəndinə hücumu barədə məlumat alan Nadir vəziyyəti yerində öyrənmək üçün həmin kəndə gedir, düşmənlə qeyri-bərabər döyüşdə ağır yaralanır və qəhrəmancasına həlak olur. Onun gündəliyində bir cümlə var: “...düşmən yalnız mənim meyidimin üstündən keçib Ağdama girə bilər”. Ölümündən bir gün sonra, 23 iyulda Ağdam erməni qəsbkarları tərəfindən işğal olundu...Nadirin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan oğlu Şəhriyar bu gün onun yarımçıq qalan arzularının davamçısıdır.

Milli Təhlükəsizlik Nazirliyinin həlak olmuş əməkdaşları - Məmmədov Eldar Harun oğlu, Əliyev Əmiraslan Rza oğlu, Cəfərov Faiq Əliqulu oğluMansurov Bəhruz Qəhrəman oğlu da Azərbaycanın Milli Qəhrəmanlarıdır və bu şərəfli adı Vətənin müstəqilliyi və azadlığı uğrunda göstərdikləri hünər və şücaətləri ilə qazanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının geniş foyesində çox böyük zövqlə, hörmətlə, ehtiramla yaradılmış bir guşə var. Milli Qəhrəmanlar guşəsi. Burada milli təhlükəsizlik orqanlarının altı əməkdaşının, Azərbaycanın Milli Qəhrəmanlarının - Riad Fikrət oğlu Əhmədovun, Nadir Alış oğlu Əliyevin, Eldar Harun oğlu Məmmədovun, Əmiraslan Rza oğlu Əliyevin, Faiq Əliqulu oğlu Cəfərovun və Bəhruz Qəhrəman oğlu Mansurovun şəkilləri, onların şərəfli ömür yolunun tarixçəsini əks etdirən xatirə lövhələri qoyulmuşdur. İgidlik, qəhrəmanlıq rəmzi olan, daim təzə-tər çiçəklərlə bəzədilən bu guşə indi əməkdaşların ziyarətgahına çevrilib. Onların xatirəsi daim əziz tutulur.

Milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları milli qəhrəmanlarımızın adlarını daşıyan təhsil müəssisələrində müntəzəm olaraq görüşlər keçirirlər. Bu tədbirlərdə gənclərə rəşadət, mərdlik, vətənpərvərlik ruhu aşılanır.  Qəsb olunmuş torpaqlarımızın azadlığı, müstəqilliyimizin əbədiyaşarlığı üçün hər bir Azərbaycan vətəndaşı özündə dərin məsuliyyət hiss etməli və Vətənə sədaqətlə xidmət etmək missiyasını şərəflə yerinə yetirməlidir. Şəhidlərimiz, milli qəhrəmanlarımız həmişə bizimlədir, fikrimizdə, qəlbimizdə, arzularımızdadırlar. Onların şərəfli ömür yolu Vətənini müstəqil, azad görmək istəyən hər kəs üçün bir nümunə, həyat məktəbidir. Fədakarlıqları, qəhrəmanlıqları ilə bizlərə, gələcək nəsillərə örnək olan bu igidlər bütün Azərbaycanın fəxridir.

 

 

Xatirə TAĞIYEVA

 

 Səs.- 2011.- 5 noyabr.- S. 3.