Vətəndaş cəmiyyətinə və insan hüquqlarına müdaxilənin aradan qaldırılmasında Avropa Birliyinin rolu

 

Avropa Birliyi müasir qloballaşma dövründə dünyanın əsas güc və siyasət mərkəzlərindən birinə çevrilmiş, iqtisadi, siyasi və sosial birlik modeli kimi Avropada və dünyada vətəndaş cəmiyyəti və insan hüquqlarının dövlət himayəsindən çıxarılmasında mühüm rol oynayır.

Avropa Birliyi əvvəllər Qərbi Avropa dövlətlərini, son illərdə isə Şərqi Avropa və Baltikyanı dövlətləri öz tərkibinə qatmaqla vahid Avropa modelini gerçəkləşdirməyə başladı. Əli Həsənov düzgün olaraq göstərir ki, bu ölkələr arasında münasibətlər milli sərhəd və milli maraqlar çərçivəsində deyil, daha çox vətəndaş cəmiyyəti, insan və vətəndaş hüquqlarının təmin edilməsi, sərhədlərin, gömrük xidməti və vergitutmanın, pul-əmtəə sisteminin birlik ölkələrinin ümumi çərçivəsində həyata keçirilir. Bu sistemdə Avropa milli dövlətlərə deyil, daha çox müxtəlif sahələr üzrə ixtisaslaşmış regionlara bölünür. Bu regionlar, eyni zamanda, bir neçə dövlətin ərazisində qurulur. Dövlətlərin milli sədləri birlik ölkələri arasında formal xarakter daşıyır, onlar Avropa Şurasının qəbul etdiyi ümumi Konvensiyalar, standartlaşdırılmış qanunlar və ümumi dəyərlərlə idarə olunaraq vahid iqtisadi və mədəni strategiya yeridirlər. Bu strategiyanın formalaşması və üzv dövlətlərdə gerçəkləşməsinə nəzarəti Avropa Şurası və Avropa Parlamenti həyata keçirir. Avropa Şurası təkcə Avropa Birliyi ölkələrinin daha sıx inteqrasiyası üçün deyil, eyni zamanda, birliyə daxil olmayan Avropa Şurasının digər üzv dövlətlərində də ictimai-siyasi proseslərin, dövlət idarəçiliyi və iqtisadi idarəetmənin vahid standartlara gətirilməsi vəzifəsini yerinə yetirir.

Avropa Birliyinin yaranması və vahid strateji xətt yeritməsinin əsası XX əsrin 50-ci illərində qoyulmuşdur. İkinci dünya müharibəsinin ağır dağıntılarla müşayiət olunan fəlakətli nəticələrini yaşamış bir neçə Avropa dövləti müharibədən sonra sivil birgəyaşayış normaları axtarışına çıxaraq “daxili inteqrasiya” ideyası üzərində dayanır.

Göründüyü kimi, Avropa Birliyinin əsasında “vahid Avropa” ideyası durur. Birlik ölkələri məkanında vahid iqtisadi-siyasi və valyuta sistemi yaradılır, vətəndaşların ümumi sərhədlər çərçivəsində azad hərəkəti, vizasız gediş-gəlişi təmin edilir. Artıq Avropa Birliyi ölkələri  birgə xarici siyasət, ümumi təhlükəsizlik və müdafiə taktikası yürüdür, hökumətlərarası daxili təhlükəsizlik və ədliyyə qurumları yaradır, Avropanı vahid hüquqi-siyasi quruma və vətəndaş cəmiyyətinə çevirir, ümumi hüquq və azadlıqlar, ümumi Konstitusiya, cinayət-cəza aktları təsis edir, ümumi valyuta - avro yaradırlar.

Avropa Birliyinin əsas fəaliyyət prinsiplərini tədqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar:

1. Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumların mövcudluğu;

2. Avropa Birliyi ilə milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü;

3. Qəbul olunan qərarların müxtəlif təsnifatı (məcburi və tövsiyəvi qərarlar, qərarların icra vasitələrinin dövlətlər tərəfindən azad seçimi və s.);

4. Birlik qərarlarının üstünlüyü prinsipi (bu hər sahə üzrə dövlətlərarası müqavilələrlə təsdiqlənir);

5. İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.

Avropa Birliyinin dövlətlərarası və dövlətüstü institutları ilə üzv ölkələrin hakimiyyətləri arasında səlahiyyət bölgüsü çox dəqiq aparılıb. Məsələn, kənd təsərrüfatı, ticarət, maliyyə-kredit məsələləri dövlətüstü qurumların səlahiyyətindədirsə, regional, elmi-texniki və sosial məsələlər həm yerli, həm də dövlətlərarası institutların, iqtisadi, mədəni məsələlər, əsasən, yerli hakimiyyət orqanlarının səlahiyyətinə aid edilir.

Avropa inteqrasiyasını fərqləndirən xarakterik xüsusiyyətlər sırasına bu prosesin bütün üzv dövlətlərin arzusu və istəyi ilə gerçəkləşməsini, inteqrasiyaya dövlətlərin birgə inkişaf yolunda yalnız vasitə kimi baxılmasını, onun mərhələ-mərhələ və tədricən həyata keçirilməsini də aid edirlər.

Paris Universitetinin professoru P.Fonten Avropa inteqrasiyasının mahiyyətini şərh edərək yazır ki, “Avropa inteqrasiyasının meydana çıxmasına şərait yaradan əsas amil yerli, regional, milli və ümumavropa hakimiyyətlərinin dialoqu üzərində qurulmuş federal layihənin hazırlanması olmuşdur. Hərtərəfli funksiyalaşdırılmış həmin layihə ölkələrin könüllü olaraq öz hüquqlarının bir hissəsini ümumi orqanlara verməsi üzərində qurulmuşdu. Bu layihələr Avropa əhalisinin belə bir yəqinləşdirilmiş ictimai fikrinə əsaslanmışdır ki, milli, regional hakimiyyətlərlə yanaşı, demokratik və müstəqil institut kimi fəaliyyət göstərən ümumavropa hakimiyyətinin mövcudluğu insanların fəaliyyəti və inkişafı üçün daha geniş perspektivlər aça bilər. Bu rəyə görə ümumavropa institutları bütün dövlətlərin dar milli maraq çərçivəsini yararaq, Avropa ölkələrində baş verən prosesləri, daxili bazar, valyuta, iqtisadi və sosial bərabərlik, xarici və təhlükəsizlik siyasətini ümumi maraqlar çərçivəsində daha yaxşı təmsil və idarə edə bilər”.

Avropa Birliyinin və Avropa Siyasi Əməkdaşlığının ali orqanı Avropa Birliyi, ümumi orqanı - Avropa Komissiyasının sədridir.

Avropa Birliyinin gələcəkdə tam federativ dövlət formasına qədər yüksələcəyini ehtimal edənlər də var. Avropa Birliyinin əleyhdarları da vardır. Onlar bu qurumun milli dövlət institutlarını, milli cəhət və dəyərləri ləğv etdiyini, millətçilik və etnik münaqişələri qızışdırdığını iddia edərək, onun gələcək perspetivlərinə şübhə ilə yanaşırlar. Əslində, Avropa Birliyi beynəlxalq hüquq normaları icra edən dövlətlərarası, dövlətüstü qurumlardan ibarət konfederativ bir təsisata çevrilir.

Son dövrlərdə demokratik inkişaf yoluna qədəm qoymuş Avropa ölkələrilə Avropa Birliyinin qarşılıqlı münasibətlərini tənzimləyən “Vahid Avropa evi” konsepsiyası hazırlandı.

Konsepsiyanın mahiyyəti Avropa qitəsində dövlətlərin iqtisadi, siyasi, sosial və mədəni inteqrasiyasını eninə və dərininə genişləndirməkdən ibarətdir. İlkin olaraq dövlətlər üç qrupa bölünürdü: 1) Avropa Birliyinin 15 üzvü; 2) Keçmişdə QİYŞ üzvü olan Şərqi və Mərkəzi Avropa dövlətləri, Türkiyə, Malta, Kipr və üç Baltikyanı ölkə - Latviya, Litva, Estoniya; 3) Avropa Şurasına daxil olan digər dövlətlər, o cümlədən, keçmiş  Yuqoslaviya respublikaları,  Albaniya, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və başqaları.

İkinci qrupa daxil olan dövlətlərə hərtərəfli yardım çərçivəsində onlarda başlanan demokratikləşmə proseslərinə iqtisadi, sosial və siyasi islahatlara dəstək vermək, özəlləşmə işlərini sürətləndirmək və s. işlər birlik üzvlərinin qarşısında prioritet vəzifə kimi qoyulur. Üçüncü qrup ölkələrdə Avropa Birliyi ilə partnyorluq əlaqələri yaratmaq, qonşuluq proqramı çərçivəsində onların inteqrasiyaya doğru hərəkətlərini stimullaşdırmaq da 90-cı illərin sonundan başlayaraq Avropa Birliyinin gündəliyinə çıxarılır. Qısa müddətdə Polşa, Macarıstan, Çexiya, Slovakiya, Rumıniya, Bolqarıstan, Latviya, Litva və Estoniyanın iqtisadi həyatında struktur islahatlarının həyata keçirilməsinə, onların Avropanın azad ticarət əlaqələrinə qoşulmasına, Qərb təcrübəsi əsasında dövlət idarəçiliyinin yaranmasına, bu ölkələrdə bazar iqtisadiyyatı mexanizmlərinin, demokratik cəmiyyət və hüquqi dövlət quruculuğunun bərqərar olmasına ciddi yardım və dəstək göstərilir.

Avropa Birliyinin əsas qurumu olan Avropa Birliyi dünya ölkələrilə geniş əməkdaşlıq əlaqələri qurmuşdur. Avropa Şurasının üzvü olan üçüncü qrup Avropa ölkələrilə Avropa Birliyinin əlaqələri xüsusi proqramlar çərçivəsində həyata keçirilir. Bu əlaqələr həmin ölkələrdə vətəndaş cəmiyyətində struktur islahatların aparılmasından, hüquqi dövlət quruculuğunun inkişafı üçün şərait yaratmaqdan ibarətdir.

Azərbaycanla birlik arasındakı əlaqələr də məhz belə proqramlar çərçivəsində müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır.

1993-cü ildən başlayaraq Azərbaycan Avropa Birliyi ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır.

1996-cı ildə Prezident Heydər Əliyev birliyin hazırladığı “Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş”ə imza atmış və Azərbaycanın bu qurumla rəsmi əlaqələrini yaratmışdır. Proqram çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərini inkişaf etdirməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulmuşdur. Təkcə 2001-ci ilə qədər Avropa Birliyi bu proqram çərçivəsində 100 milyon avrodan çox vəsait qoymuşdur.

Ə.Həsənov Avropa Birliyi və Azərbaycan arasında ikitərəfli münasibətlərə üstünlük verməsinin səbəblərini göstərmişdir: Azərbaycan dövləti Avropa Birliyi ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. AB-nin regional layihələrində iştirak etməklə bərabər, Cənubi Qafqazdakı çəkisi, ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan birliyin xarici əlaqələrində müvafiq mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan AB ilə ikitərəfli əlaqələrin yeni formalarını axtarır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün lazımi təsisatları yaradır, birliyin ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olmaq istəyini nümayiş etdirir. Ümumiyyətlə, başqa MDB dövlətləri ilə müqayisədə Azərbaycanın bu quruma üzvlük iddiası və bunun üçün müvafiq potensialı daha yüksəkdir.

Əvvəla, Azərbaycan AB-nin Cənubi Qafqazda üç ölkə arasında əməkdaşlığı möhkəmlətmək və gələcəkdə bu dövlətləri ittifaq şəklində birliyə inteqrasiya etmək planlarına həmişə müsbət yanaşıb və öz potensialını bu işə qoymağa hazır olduğunu bəyan edib. İkincisi, bölgədə sülhə, barışa, əməkdaşlığa ən çox meyilli və bu işə yardım edə biləcək ən imkanlı dövlət də məhz Azərbaycandır. Bu ölkə hələ 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cənubi Qafqazda xalqlar arasında qarşılıqlı-faydalı əlaqələrin bərqərar olması uğrunda ən ardıcıl iş apararaq bu yöndə Avropa ilə əməkdaşlığa ciddi səy göstərmişdir. 1992-ci ildən başlayaraq müstəqil Azərbaycan dövlətinin xarici siyasətində də Avropa ilə inteqrasiya prioritet istiqamətə çevrildi və Avropa Birliyi ilə fəal əməkdaşlığa başlandı. Üçüncüsü, Azərbaycanda Avropa Birliyi standartlarına cavab verən iqtisadi, siyasi, hüquqi və sosial-islahatlar həyata keçirir. Dördüncüsü, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, Avropa dəyərlərinə yiyələnmiş, savadlı, demokratik təbiətli, inkişafa meyilli, tolerant əhaliyə, təhsilli, mədəni dəyərləri yüksək qiymətləndirilən elitaya malikdir.

Bir sözlə, Azərbaycanın, o cümlədən, digər Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə inteqrasiyası öz aralarındakı münasibətlərin yaxşılaşdırılmasından, hər ölkədə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun səviyyəsindən asılıdır.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 5 noyabr.- S. 14.