Sənədli filmlərimizin növbəti uğuru

 

Mədəniyyət və Turizm  Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən 29-cu Milan Beynəlxalq Festivalı keçirilib. Festivalın final mərhələsində idmanın 50 növü üzrə 54 ölkədən 150-yə qədər film nümayiş etdirildi. “Salnamə” studiyasında çəkilmiş “Yerə dəyən top göylərə qalxar” və “Çovqan” sənədli filmləri ölkəmizi təmsil edib.

Müsabiqə filmləri yeddi nominasiya üzrə yarışdı: “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar”. Sonuncu bölmədə “Yerə dəyən top göylərə qalxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülmüşdür.  Xatırladaq ki, ölkəmizdə futbolun yaranmasının 100 illiyinə həsr olunmuş həmin film 2011-ci ildə “Salnamə” studiyasında çəkilmişdir. Filmin müəllifi Arzu Urşandır. Festivalın yekun tədbirində “Böyük çempionlar” bölməsi üzrə altı nominantın adı açıqlanmış, nəticədə Azərbaycan filminin qalib çıxdığı elan olunmuşdur. “Yerə dəyən top göylərə qalxar” filmi sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə       I yer qazanmışdır. Arzu Urşanın verdiyi məlumata görə, Milan festivalı zamanı filmimiz Almaniya və Braziliyada keçirilən idman filmləri festivallarına dəvət almışdır.  “Çovqan” filmi festivalın fəxri diplomu və xüsusi medalına layiq görülmüşdür. Filmin müəllifi Rafiq Quliyevdir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 5 noyabr.- S. 14.