Hüquqi
dövlət və parlament demokratiyası
Bəşəriyyət hüquqi dövlət
ideyası ilə yanaşı, onun demokratik idarəçilik
forması haqqında da düşünmüşdür. Qədim
antik dövrdə meydana gəlmiş demokratiya və respublika
idarəetmə formasının kəşfi məhz bu
axtarışların məhsuludur. Dünyanın hüquqi
dövlət quruculuğunun əsasında azadlığın
və qanunçuluğun vəhdətindən ibarət
yunan-Roma dövlətçilik ənənəsi durur. Bu ənənə
qanunla tənzimlənən azadlığın qorunmasına və
bərabər bölünməsinə əsaslanır.
Demokratik respublika idarəçilik formasında dövlət
hakimiyyəti azadlığı qanunla qoruyur, nizamlayır və
inkişaf etdirir, eləcə də icra, qanunverici və məhkəmə
hakimiyyəti konstitusiyaya, hüquqa əsaslanır, xalq bu idarəetmədə
fəal iştirak edir, vətəndaşın ləyaqəti,
hüquq və azadlıqları təmin olunur. Respublika
dövlət quruluşu parlamentli və prezidentli respublika
formasından ibarətdir. Biz prezidentlik institutu barədə bəhs
etmişik. Bəs parlamentli idarəetmənin və
parlamentçiliyin mahiyyəti haqqında nə demək olar?
Parlamentli rejim Qərbi Avropada XVIII əsrin sonu, XIX əsrin
əvvəllərində İngiltərədə meydana gəlmiş,
sonralar bütün dünyaya yayılmışdır. Qərbi
Avropanın əksər dövlətləri, Avstraliya, Kanada,
Yaponiya parlamentli respublikalardır. Parlamentli respublikalarda
hakimiyyət seçkilərdə qələbə çalan
siyasi partiyaya verilir. Hökumət başçıları
ölkə miqyasında mövcud olan partiya strukturlarından və
çoxsaylı seçicilərdən ibarət dayağa
malik olurlar.
Cəmiyyətin idarə olunmasının ilk
bölgüsü dünyəvi hakimiyyətin dini və siyasi
hakimiyyətə bölgüsü Avropada XV-XVI əsrlərdə
baş vermişdir. Sonralar monarxiya dövlətləri daxilində
səlahiyyət bölgüsü keçirilsə də, mərkəzi
hakimiyyət üstün olmuşdur. Qərbdə demokratik
hakimiyyətin özünəməxsus elementləri olan yerli
parlamentlər də meydana gəlmişdir. Parlamentarizm prinsipi
kimi hakimiyyətin bölgüsünün funksional və
institusional bölgüsünün həlledici mərhələsi
Qərbi Avropada burjua inqilabları zamanı həyata
keçmişdir.
XVIII əsrdə Azərbaycanda
xanlıqlar dövründə bəzi xanlıqlarda divan
şuraları “yerli parlament” funksiyasını yerinə
yetirmişdir. Demokratik
rejimin tərkib hissəsi olan parlamentarizm institutu yeganə idarəetmə
sistemi deyildir. Qeyd edildiyi kimi, parlamentarizmdəki başqa Qərb
ölkələrində prezidentlik institutu və
İsveçrədəki kollegial idarəetmə sistemi də
mövcuddur. Dövlət quruculuğu və
idarəetməsinin kompleks institutu olan parlamentarizm nümayəndəli
demokratiyaya əsaslanır.
Politoloji ədəbiyyatda göstərildiyi kimi,
“Parlamentarizm” anlayışı özündə hüquqi,
siyasi və əxlaqi normalar, ənənələr sistemini,
tarixi siyasi təcrübə prosesində işlənib-hazırlanmış
və dövlət idarəetməsində reallaşan müxtəlif
səviyyədə “oyun qaydaları”nı əks etdirir. Demokratiyanın əsas prinsipləri - xalqın
suverenliyi, çoxluğun idarəetməsi, nümayəndəlik,
plüralizm parlamentarizmin bazasını təşkil edir.
Parlament xalq tərəfindən
seçilir və xalqın adından idarə edir. Öz növbəsində,
xalq suveren kimi seçkilər vasitəsilə öz nümayəndələri
üzərində nəzarəti həyata keçirir. Seçilmiş deputatların hakimiyyət səlahiyyətləri
özündə ümumxalq konsensusunu əks etdirən
konstitusiya ilə müəyyən edilir və məhdudlaşdırılır.
Parlament özündə əhalinin
bütün sosial əhəmiyyətli təbəqəsinin
çoxluğunu əks etdirir; bununla yanaşı, qərarların
qəbulu mexanizmi də “çoxluq” prinsipi ilə qəbul edilir
(azlığın fikrinə hörmət etməklə
yanaşı); müxalifət - parlametarizmin zəruri
institutudur.
Parlamentarizmin funksiya göstərməsi
siyasi təcrübədə plüralizm prinsipinin real tərzdə
həyata keçirilməsidir. Parlamentarilərin partiya siyahısı üzrə
seçilməsi, partiya fraksiyalarının, o cümlədən,
müxalifət fraksiyalarının fəaliyyəti, müxtəlif
siyasi qruplaşmaların seçicilərin maraqları və
ideyalarının spektrini ifadə edən proqram
baxışlarının və konsepsiyalarının, siyasi
görüşlərinin və mövqelərinin
qarşılaşdırılması, müqayisəsi,
fraksiyaların açıq rəqabəti - parlament
demokratiyası sistemində siyasi plüralizmin
reallaşmasının konkret formaları bunlardır.
Parlamentarizmin siyasi praktikası onun
funksiyalarının çoxnövlüyünü üzə
çıxarmışdır. Bu, ilk növbədə, nümayəndəli
funksiyadır (əhalinin sosial qrup və təbəqələrinin
siyasi iradəsinin və maraqlarının
institusionallaşması). Nümayəndəli
funksiyanın reallaşmasının təminatçısı
seçki sistemidir. Siyasi qüvvələrin
nümayəndəliliyi elitanın formulaşmasının
effektiv üsuludur. Vətəndaş cəmiyyətinin
spesifikliyindən asılı olaraq parlamentdə nümayəndəlik
- partiyalı, ərazi üzrə, korporativ və etnik
nümayəndəlik ola bilər.
Parlamentin hakimiyyət funksiyası
xalqın suverenliyinin törəməsidir və konstitusion təminatı
vardır. Onun ən
mühüm fəaliyyəti qanunverici fəaliyyətdir.
Hakimiyyət funksiyasının tərkibinə,
habelə, siyasi nəzarət və konstitusion prinsip və
normaları pozan idarəetmə subyektlərinin məsuliyyətə
cəlb edilməsi daxildir.
Parlament cəmiyyətin çoxluğunu təmsil
etdiyindən və onun iradəsini həyata keçirdiyindən
dövlət hakimiyyətinin legitimləşdirilməsinin ən
mühüm institutudur. Siyasi legitimlik cəmiyyətin marağında
olduğu siyasi qərarların qəbul edilməsi ilə
reallaşır. Xalqın nümayəndələri
tərəfindən qəbul edilən qərarlar bütün
dövlət və ictimai institutlar üçün zəruridir
və idarə edənlərlə idarə edilənlər
üçün qanun əsasdır.
Parlament demokratiyası, eyni zamanda, ictimai
konfliktləri institusionallaşdırır. Xalq tərəfindən seçilmişlər
aşkar surətdə, legitim olaraq, ümumi qəbul
edilmiş normalar və “oyun qaydaları” əsasında cəmiyyətdə
yaranmış konfliktləri - sosial və etnik qruplar
arasında yaranmış, regional və b. konfliktləri
müzakirə edir və həll edir. Parlament
konfliktləri həll etməyin açıq formasıdır.
Lakin qeyd etmək lazımdır ki, parlamentarizm
institutunun qeyd edilən funksiyaları heç də hər bir
ölkədə reallığa çevrilmir. Bu funksiyaların canlı siyasətə çevrilməsi
konkret-siyasi şəraitdən, dövlətin konstitusion əsaslarının
xarakterindən asılıdır. Bir
çox hallarda parlamentin konstitusion səlahiyyətləri icra
hakimiyyətinin aqressivliyi üzündən və ya
parlamentarilərin siyasi iradəsizliyi ucbatından
reallaşmamış qalır.
Dünyanın bəzi ölkələrində
icra hakimiyyətinin təsiri altında parlamentin rolu
azalmışdır.
M.Rokar müasir Qərb ölkələrində
parlamentin rolunun aşağı düşdüyünü
göstərir: “İndi isə fransız parlamenti və habelə,
“İngiltərənin, Almaniyanın, İspaniyanın,
Skandinaviya ölkələrinin analoji
demokratik parlamentləri” başqa şəraitdə fəaliyyət
göstərirlər. “Onların hər birində dövlət
sistemindəki birincilik icra hakimiyyətinə mənsubdur,
parlament hökumətə nəzarət etməkdən
çox onu müdafiə edir; parlament qanunvericilik təşəbbüsü
ilə çıxış etməkdən daha
çox ona təqdim edilmiş qanunları qəbul etməklə
məşğul olur”. Parlamentin real hakimiyyət
rolu, parlamentarizm institutunun bütövlükdə demokratik
rejimlərin siyasi həyatına faktiki təsiri hər bir
ölkədə hakimiyyətin konstitusion əsasda
bölgüsü qaydasından asılıdır.
D.İsmayılov göstərir ki, parlametarizm sistemində
hakimiyyətin bölgüsü prinsipi özündə
aşağıdakı elementləri birləşdirir:
- dövlət hakimiyyətinin
üç qolunun - qanunverici, icraedici və məhkəmə
hakimiyyətinin muxtariyyətinin tanınması;
- hakimiyyətin bir qolunun digər
qoluna müdaxilə etməsi və ya onu əvəzləməsi
imkanlarının istisna edilməsi;
- hakimiyyətin müstəqil
qollarının funksional olaraq bir-birilə
qarşılıqlı əlaqəsinin zəruriliyinin
tanınması.
Hakimiyyətin hər bir qolu digərinin fəaliyyət
sahəsini məhdudlaşdırır, lakin bununla
yanaşı, onlar vahid tamı - dövlət
hakimiyyəti sistemini təşkil edir.
Parlament siyasi institut kimi siyasi qüvvələrin
yarışmasının zəruriliyini ortaya
çıxarır. Ümumi qəbul edilmiş “oyun qaydaları” çərçivəsində
baş verən rəqabət, yarış siyasi qüvvələrin
siyasi fəallığının stimullaşdırılması,
qərarların variantlarının seçilməsi
üsuluna xidmət edir. Parlament
yarışması siyasi liderlərin üzə
çıxarılması, onların tərbiyə edilməsinin
ən yaxşı üsuludur (M.Veber).
Parlamentarizm demokrtiya institutu kimi
bütün münasibətlərdə ideal deyildir. Q.Moska, K.Mixels kimi politoloqlar
parlamentarizmi tənqid edənlər sırasındadır.
Burada söhbət, ilk növbədə,
parlamentarilərin korporativ maraqlarının ümumdövlət
maraqlarına qarşı qoyulması imkanlarından, parlamentdə
elitanın hökmranlığından gedir.
Azərbaycan Respublikasının Konstitusiyası və ona edilmiş əlavə
və düzəlişlər ölkəmizdə parlametarizmin
inkişafını genişləndirdi. Politoloqların
fikrincə, siyasi yarışın
iştirakçıları kimi hakim çoxluq və
müxalifəti təmsil edən azlıq
çıxış edir. Parlament müxalifəti -
çoxluğun siyasi kursuna qarşı öz xəttini irəli
sürən və müəyyən təbəqə və
qrupların maraqlarını əks etdirən partiya, yaxud istənilən
siyasi qruplaşma ola bilər. Siyasi
xarakteristikasına görə müxalifət “sağ” və
“sol” müxalifətə, siyasi daşıyıcılarına
görə sənaye, aqrar, milli müxalifətə,
çoxluğun siyasətinə təsiretmə
xarakteristikasına görə funksional və “əbədi”
müxalifətə bölünür. “Sol” müxalifətə
o qüvvələr aid edilir ki, hakim qüvvələrin siyasi
çox və ya az dərəcədə
radikal dəyişikliklərin edilməsi, mövcud rejimin və
ya bütövlükdə siyasi sistemin dəyişdirilməsi
uğrunda çıxış edir. “Sağ” müxalifət cəmiyyətin
konservativ qüvvələri ilə eyniləşdirilir. Bir qayda olaraq, “sağlar”ın və “sollar”ın
çoxluğa qarşı konfrontasiyası şəraitində
kompromisə cəhd edən “mərkəzçi” qüvvələr
yaranır. İdeoloji simasına görə müxalifətin
tərkib müxtəlif növlü və ya yekdil ola bilər. Məsələn, deyək ki,
Türkiyə parlamentində müxalifət eynicinslidir: bu,
növbəti seçkilərdə məğlubiyyətə
düçar olmuş partiyalardan biridir.
Parlamentarizm demokratiyanın elə sistemidir
ki, rəsmi fəaliyyət göstərən müxalifətdən
başqa burada vətəndaş təzyiq qrupları (lobbi) də
mövcud olur və fəaliyyət göstərir. Bu təzyiq qrupları
korporativ, milli, regional və b. maraqları təmsil edir. Təzyiq qrupları parlamentdənkənar müxalifət
yaradır. Mühüm dövlət sənədlərinin
qəbulu zamanı lobbiləşmə xarici parlamentlərin
praktikasında adi haldır.
Prezidentli respublika olan Azərbaycan
Respublikasında parlamentin qanunverici hakimiyyətin öz yeri,
öz rolu vardır. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə
parlamentarizmin, demokratik parlamentin təşəkkülündə
və inkişafında müstəsna xidmətləri
olmuşdur. Demokratik, ədalətli seçkilər, təkamül
yolu ilə milli dövlətçiliyi və parlamenti
inkişaf etdirən Ulu Öndərin layiqli siyasi varisi, ölkə
Prezidenti cənab İlham Əliyev ölkəmizin müasir Qərb
demokratiyası modelinə Avropanın strukturlarına
inteqrasiyası sahəsində yeni, uğurlu addımlar
atmışdır. Müsahibələrinin birində xarici
jurnalistin parlament seçkilərinin inqilaba səbəb ola bilərmi? Sualına cənab İlham Əliyev
belə cavab vermişdir: “Mən belə hesab etmirəm. Əvvəla, Azərbaycan Prezident idarəçiliyi
olan respublikadır və hətta parlamentdə qüvvələr
nisbətinin dəyişməsi də siyasətdə dəyişiklik
demək deyildir. İkincisi, xalq hökumətə,
onun həyata keçirdiyi islahatlara etimad göstərir.
...Ümid edirəm ki, yeni formalaşmış parlament
Azərbaycanda qanunvericilik funksiyasını uğurla davam etdirəcək,
yeni mütərəqqi qanunlar qəbul olunacaqdır.
...Azərbaycanda qanun hamı üçün eynidir. Bütün qanunsuz hərəkətlərin
qarşısı çox ciddi şəkildə
alınmışdır və gələcəkdə də
alınacaqdır”.
Vahid Ömərov,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2011.- 11 noyabr.- S. 10.