Biz torpaqlarımızı qaytaracağıq

 

“Müstəqilliyimizin ilk illərində buraxılmış səhvlər, bəzi hallarda səriştəsizlik, bəzi hallarda xəyanət nəticəsində torpaqlarımız işğal altındadır. Biz indi çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq, ərazi bütövlüyümüzü bərpa edək. Danışıqları aparırıq və aparacağıq. Ancaq əfsuslar olsun ki, danışıqların heç bir nəticəsi yoxdur”. Azərbaycan Prezidenti İlham Əliyevin “Buta” sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldakı çıxışında səsləndirdiyi bu fikirlər münaqişənin həlli ilə bağlı sülh danışıqlarının nəticə vermədiyini və buna görə də Azərbaycanın başqa yola əl atmaq üçün hər cür hüquqitexniki imkanlara malik olduğunu vurğulayır.

 

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etməlidir”

 

Dövlət başçısı bildirib ki, Azərbaycan hökuməti danışıqlarla bərabər, ölkəni də gücləndirir. Prezident İlham Əliyevin fikrincə, Dağlıq Qarabağ münaqişəsini ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll etmək üçün Azərbaycan daha da güclü olmalıdır. Dövlət başçısı bəyan edib ki, son illər ərzində Ermənistan ilə Azərbaycan arasında inkişafda mövcud olan fərq daha da böyüyür: “Bu münaqişənin həllinin yolu ancaq beynəlxalq hüquq normalarının qəbul edilməsindən keçir. Azərbaycanın dünya birliyi tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. İşğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır”.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etməlidir”, - deyən İlham Əliyev bildirib ki, erməni vandalizmindən, vəhşiliyindən, etnik təmizləmə siyasətindən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıtmalıdırlar və qayıdacaqlar: “Mən buna şübhə etmirəm. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və biz güclü oluruq. İqtisadi sahədə, hərbi sahədə, bütün başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan bir neçə dəfə üstündür, daha da üstün olmalıdır”.

Prezident qeyd edib ki, rəsmi Bakı diplomatik səyləri davam etdirsə də, eyni zamanda, bütün vasitələrdən istifadə edib ərazi bütövlüyümüzün bərpasına çalışacaq: “Haqq-ədalət bizim tərəfimizdədir, bunu hamı bilir. İyirmi il ərzində nə qədər çətin olsa da, erməni lobbisi nə qədər çalışsa da, biz dünyaya bəyan edə bilmişik, göstərə bilmişik ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, həm tarix baxımından, həm beynəlxalq hüquq baxımından. Bu gün bizim hücum diplomatiyamız səmərəsini verməkdədir. 

 

Azərbaycan Ordusu antiterror əməliyyatına hazırdır

 

Sülh danışıqlarının tam səmərəsiz başa çatması artıq işğal olunmuş ərazilərimizin güc yolu ilə azad edilməsini şərtləndirəcək. Bunu reallaşdırmaq üçün Azərbaycanın kifayət qədər böyük imkanları- qüdrətli ordusu var. Bu ordu istənilən an antiterror əməliyyatı keçirərək işğal olunmuş torpaqlarımızı azad etmək qüdrətindədir.

Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başlayıb. 2003-cü ildən etibarən ölkə iqtisadiyyatının inkişafı ordu quruculuğu sahəsində də özünü göstərməyə başladı. Dövlət ildən-ilə hərbi xərcləri artırmaqla bu sahənin əsas prioritetlərindən olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Ordudabütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Hərbi hazırlıq yüksək səviyyədədir. Son illər ərzində çoxlu texnikasilah-sursat alınıb.

Ötən müddət ərzində bütün qoşun növlərində müasir dövrün tələblərinə cavab verən mühüm islahatlar həyata keçirilib. Təkcə onu demək kifayətdir ki, Hərbi-Dəniz Qüvvələrində müasir naviqasiya, rabitə, radarhidroakustik vasitələrin quraşdırılması işləri uğurla yerinə yetirilib, yeni hərbi gəmi və katerlər alınıb.

Ümumiyyətlə, bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti imkanları əvvəlki illərlə müqayisədə qat-qat artıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Hər bir dövlətin əsas təməllərindən biri onun güclü ordusunun olmasıdır. Böyük qürur hissi ilə demək olar ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində Silahlı Qüvvələrimizin möhkəmləndirilməsindən əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır. Azərbaycan Ordusu artıq bunu reallaşdırmaq qüdrətinə sahibdir.

Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan Azərbaycan bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 11 noyabr.- S. 3.