“Şərq qapısı” qəzetinin 90 illik yubileyi qeyd olunub

 

Noyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə redaksiyanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivləri ilə görüşüb. Ali Məclisin sədri qəzetin 90 illik yubileyi və Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını, muxtar respublika sakinlərini təbrik edərək deyib: “Zəngin ənənələrə malik olan “Şərq qapısı” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 90 il keçir. 1921-ci il noyabrın 9-da “Cavanlar həyatı” adı ilə nəşr olunan “Şərq qapısı” qəzeti ötən dövr ərzində şərəfli yol keçmiş, milli mətbuatımızın inkişafına öz töhfəsini vermişdir.

“Şərq qapısı”nın əsl inkişafı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. 1969-cu ildən sonra qəzetin fəaliyyətində yeni mərhələ başlanmışdır. Həmin dövrdə digər sahələr kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərilmiş, “Şərq qapısı”nın gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə qəzetdə xalqımızın milli mənəvi dəyərlərinə, mədəniyyət və tarixinə həsr olunmuş yazılar işıq üzü görmüşdür”.

Ali Məclisin sədri daha sonra deyib: “XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra “Şərq qapısı”nın həyatında yeni dövr başlanmış, 1990-1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır. Ulu öndər Naxçıvana qayıtdıqdan sonra ilk müsahibəsini “Şərq qapısı” qəzetinə vermişdir. Həmin müsahibədə qəzetin fəaliyyətini yüksək qiymətləndirən ümummilli lider demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

“Şərq qapısı” qəzeti müstəqilliyimizin ilk illərində muxtar respublikamızda yaşayıb fəaliyyət göstərən ulu öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. Ulu öndərimizin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi qərarlar ilk dəfə məhz bu qəzetdə dərc edilmişdir”.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuat orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan “Şərq qapısı” da bəhrələnmiş, qəzetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra digər kütləvi informasiya vasitələri kimi, “Şərq qapısı” qəzetinə də dövlət qayğısı artırılmışdır.

Milli mətbuatımızın 135 illik yubileyində - 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya - nəşriyyat kompleksi istifadəyə verilmiş, ən müasir mətbəə və texnoloji avadanlıq quraşdırılmış, qəzetin rəngli nəşrinə başlanmışdır. Qəzetə göstərilən qayğı bu ildavam etdirilmiş, Ali Məclis sədrinin 2011-ci il 21 iyul tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqları orta hesabla 50 faizədək artırılmış, redaksiya yeni xidməti avtomobillə təmin olunmuşdur.  Ali Məclisin sədri bu yolda qəzetin əməkdaşlarına uğurlar arzulamış, 90 illik yubiley münasibətilə onları bir daha təbrik etmişdir.

Qəzetin baş redaktoru Tural Səfərov “Şərq qapısı”na göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından dərin minnətdarlığını bildirərək demişdir ki, redaksiyanın kollektivi qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. 90 illik yubiley münasibətilə “Şərq qapısı” qəzetinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəxri fərmanı, redaksiyanın və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşlarına bir aylıq əməkhaqqı məbləğində mükafat verilmişdir.  Ali Məclisin sədri qəzetdə səmərəli fəaliyyətinə görə məsul katib Muxtar Məmmədova ikiotaqlı mənzilin orderini təqdim etmişdir. Muxtar Məmmədov göstərilən diqqətə görə minnətdarlıq etmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

Rəfiqə

 

Səs.- 2011.- 11 noyabr.- S. 5.