Səhnəmizin
ikinci Ərəblinskisi
Bu gün Azərbaycan teatr sənətinin
görkəmli nümayəndəsi İsmayıl Hidayətzadənin
doğum günüdür. Uşaqlıqdan sənətdə olmaq arzusu ilə yaşayan İsmayıl Hidayətzadə
yaşadığı ömrü səhnənin
cazibəsində başa vurmuşdur.
Gənc həvəskar aktyor kimi “balaca
Ərəblinski” adı ilə şöhrətlənir. O vaxt sənətə gələn gənclərin
əksəriyyətini bu adla
çağırırdılar. Gənc aktyorlar
Hüseyn Ərəblinskini “sənətin
Allahı” sayırdılar. Hüseyn Ərəblinskinin təsiri altına düşən
bu gənclər hər vəclə ona oxşamağa, səhnədə
bu böyük sənətkarı
təqlid etməyə çalışırdılar.
İsmayıl Hidayətzadə də belə gənclərdən
biri idi. Ancaq bir qədər fərqlənirdi.
Müasirlərinin fikrincə, İsmayılın Hüseyn Ərəblinskini daha
bacarıqla təqlid etdiyinə görə, “balaca
Ərəblinski” adını daşımağa
başqalarından daha çox
haqqı var idi. Bu adın özünün
də maraqlı bir tarixçəsi var. İsmayıl Hidayətzadə Hüseyn Ərəblinski ilə
tanışlığı və bu
adın tarixçəsi barədə “Mənim
yaradıcılıq yolum”
adlandırdığı “Xatirələrim”də yazır: “Məktəbimizin
müdiriyyəti tamaşalara rəhbərlik
etmək üçün Ərəblinskini
dəvət edirdi. O,
truppanı öz istədiyi kimi tərtib edib,
tamaşaları Tağıyev və Mayılov teatrlarında
göstərmək üçün
hazırlayırdı. Tamaşalara
hazırlıq məktəbin böyük
salonunda keçirilirdi.
Ərəblinski burada professional
aktyorlarla məşq edirdi.
Şagirdlərə məşqlərə baxmağa
icazə verilmirdi. Mən isə oğurluqla salona yol tapıb, Ərəblinskinin hər
addımını izləyirdim. Mən Ərəblinskinin əsiri
idim. O qədər məftun idim ki, onunla
yenidən görüşməyi böyük
səbirsizliklə gözləyirdim. Mən onun
evinə gedib, ona qulluq eləməyə hazır olduğumu bildirir, rolunun üzünü
köçürməyin lazım olub-olmadığını
soruşur, növbəti məşqi nə
vaxta təyin etdiyini və
sairəni öyrənirdim. Bunları mən Ərəblinskini
təkrar-təkrar görmək, onunla
danışmaq imkanı tapmaq üçün edirdim. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında məşğul etməkdən
boyun qaçırırdı. Çünki mən hələ çox kiçik idim. Nəhayət ki,
yanğımı duyub, “Ağa
Məhəmməd Şah Qacar”
pyesində kütləvi səhnələrə
çıxmağıma razı oldu...”
Hüseyn Ərəblinskini
daha yaxından görməyə, məşqlərində
iştirak etməyə müyəssər
olan İsmayıl Hidayətzadə onu daha ustalıqla təqlid
etməyə başlayır: “Biz
şagirdlər də tamaşa
hazırlayır, dərsdən sonra
qalıb məşq edirdik; bəzən bu məşqlər Ərəblinskinin məşqləri
ilə bir saata düşürdü. Bir
dəfə bizim məşqimiz çox uzun çəkdi;
mən qızışıb Ərəblinskini bərk təqlid
edirdim; bütünlüklə ona oxşamağa
çalışırdım, - onun bütün ədalarını mənimsəməyə
müvəffəq olmuşdum. Bu zaman aktyorlar
Ərəblinskinin məşqində iştirak
etmək üçün yavaş-yavaş
toplaşırdılar. Məni səhnədə görən aktyorlardan biri Ərəblinskini
təqlid etdiyimi dərhal başa
düşərək, qaçıb onu
çağırır və məni göstərərək deyir: “Budur Balaca
Ərəblinski”. Ərəblinski xeyli durub mənə baxır. Onun
mənə baxdığını başa
düşdükdə, çox tutuldum, özümü büsbütün itirdim...
O isə yaxınlaşıb, onu
təqlid etməməyimi tapşırdı; dedi
ki, mən rus
aktyorlarının oyunlarına baxmalıyam, başqa
əsərlərə tamaşa etməliyəm
və çalışmalıyam ki, öz oyunumda özgələri
təqlid etməyim, özüməməxsus tərzdə
oynayım. Bu hadisədən sonra məktəb yoldaşlarım mənə
“Balaca Ərəblinski” adını qoydular”.
Ancaq “Balaca Ərəblinski”nin həvəskar səhnə
fəaliyyəti yarımçıq qalır. 1917-ci ildə
atası vəfat edir. Evin
böyük oğlu olduğundan, ailənin bütün
məsuliyyəti İsmayılın üstünə düşür. O, səhnə haqda deyil, balaca
bacı-qardışını necə saxlamaq
barədə düşünür. Məktəbi
atıb ticarət müəssisələrində pirkeşiklik etməyə başlayır.
İşləri yoluna qoyduqca,
yenidən səhnəyə can atır.
İsmayıl Hidayətzadə
məhz bu illərdə böyük
səhnəyə gəlir. 1920-ci ildən Dövlət
Teatrında işləyir. Paralel olaraq, 1921-ci ildə Voronovun
teatr studiyasına daxil
olur. Teatr studiyası
İsmayıl Hidayətzadəyə çox
şey öyrədir. Öncə, onun həvəskar imicini alt-üst edir. Onu professional aktyor kimi qəbul etməyə
başlayırlar.
İsmayıl, eyni
zamanda, rejissorluq sənətinə
də maraq göstərir. Azərbaycan
teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin
işləyir. 1926-ci ildə arabir özünü rejissorluqda
sınayır. Bu sınaqlar onu teatr ictimaiyyətinə
rejissor kimi tanıdır.
1934-cü ildə “Səyavuş” əsərini səhnələşdirmək
ona tapşırılır.
Teatr tənqidçilərinin
bəyəndiyi “Səyavuş”dan sonra Opera və Balet
Teatrında “Koroğlu” və “Karmen” operalarını səhnələşdirir.
Rus Dram Teatrında
“1905-ci ildə”, “Vaqif”
tamaşalarını qoyur.
1938-ci ildə Moskvada
keçirilən Azərbaycan mədəniyyəti günlərində
onun quruluş verdiyi “Koroğlu” və
“Arşın mal alan”
tamaşaları böyük uğur qazanır. Bu,
İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırır. Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilir. Bu illər
İsmayıl Hidayətzadənin
yaradıcılığına sənət
axtarışları kimi daxil
olub. Oynadığı rollar
yavaş-yavaş “Balaca
Ərəblinski” adını unutdurmağa
başlayır. Onun özünün
rola fərdi yanaşması üzə
çıxır. Bir qayda
olaraq, o, həmişə
əsərdə baş qəhrəmanı
oynamağa can
atıb. Cəfər Cabbarlı və Tuqanov isə onu bu fikrindən daşındırmağa
çalışıblar. “Əsas budur ki, xarakter yaradasan”
tövsiyəsi Hidayətzadənin sənətə münasibətini
dəyişir və o, bu
istəyindən əl çəkib, xarakterik
obrazlarla yadda qalmağa çalışır.
Hidayətzadənin ən uğursuz rolu Aydın olub. Rejissorlar bu rolu
ona vermək istəməsələr də,
o, israr edir. Elə ilk tamaşadan məlum
olur ki, onun bu israrı
əbəs imiş.
Ancaq Hidayətzadə bu uğursuzluğu ilə heç cür barışmaq istəmir; dəfələrlə Aydını
məşq edir. Gərgin məşqlərdən
sonra yenidən səhnəyə çıxsa
da, eyni hal təkrarlanır.
1923-1928-ci illərdə bir
neçə dəfə
Aydını oynamağa
cəhd göstərən
İsmayıl sonda bu fikrindən daşınır. İsmayıl
Hidayətzadə tez-tez
“Mən Cabbarlı məktəbinin yetirməsiyəm”
deyərmiş. Bu səmimi
etirafın arxasında
sənət və əqidə dostluğu dayanıb. Azərbaycan teatrını
inkişaf etdirmək, maraqlı tamaşalar hazırlamaq,
gözəl aktyor oyunu onların sənət
axtarışlarının əsas qayəsi idi. Hidayətzadənin
cib dəftərçəsində Cabbarlının xəttilə
yazılmış bir and var: “Biz, aşağıda imza edən
İsmayıl və Cabbarlı aprel ayının sonunda ikili
bir qərara gəldik: Azərbaycan teatrı başqa teatrlardan
geri deyilsə də, rəqabət yoxluğundan teatr bir
durğunluq keçirir və özü-özünü təkrar
edir. Səhnəni bu durğunluqdan çıxarmaq və yeni
bir təkanla tərəqqisini gücləndirmək
lazımdır. Onun üçün biz ikimiz gənc qüvvələrdən
yeni bir kadro düzəldib, yeni bir teatr binası qoymağa
çalışacağıq”. Təəssüf ki, onlara yeni
teatr yaratmaq nəsib olmadı. Cəfər Cabbarlı məhz
İsmayıl Hidayətzadə üçün rollar
yazarmış. İsmayıl isə, bir qayda olaraq, öz
rollarının prototipini axtararmış. Məsələn, Əbdüləli
obrazının prototipini şamaxılı bir
tamaşaçının simasında tapıb. Təbii ki,
prototipi sayəsində rolu üçün yeni material
yığarmış. “Almaz”da Şərifin “Həri, həri,
bəs necə?” ifadəsi məhz prototipin dilindən
götürülüb. “Almaz”ın məşqi gedirmiş.
İsmayıl Hidayətzadənin yolu Türkan kəndinə
düşür. Aktyoru böyük hörmətlə
qaşılayırlar. Diribaşlığı ilə
seçilən kənd sovetinin işçisi dil boğaza
qoymur. Onu inandırmaq üçün də tez-tez “Həri, həri,
bəs necə?” deyirmiş. Türkandan geri dönəndə
birbaş Cabbarlıgilə gəlir ki, “Şərifi
tapmışam”. Şərifin prototipini yerli-yataqlı təsvir
edir. “Həri, həri, bəs necə?” Cabbarlının da
xoşuna gəlir, beləliklə, səhnədəki Şərif
də bu sözü deyəsi olur.
Zümrüd
Səs.- 2011.- 12 noyabr.- S.12.