Hüquqi
dövlət və beynəlxalq
hüquq: Cenevrə konvensiyaları
1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və
onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş
üç protokol Beynəlxalq Humanitar Hüququn (BHH) əsas
sənədləri sayılır.
Silahlı
münaqişələr hüququ kimi tanınan beynəlxalq
humanitar hüquq da, öz növbəsində, iki qola
ayrılır:
- Cenevrə hüququ
- Haaqa hüququ
Cenevrə hüququ
döyüşdə artıq iştirak etməyən hərbçilərin
və döyüş əməliyyatlarında bilavasitə
iştirak etməyən şəxslərin, yəni mülki əhalinin
mühafizəsinə yönəlir.
Haaqa hüququ hərbi əməliyyatlar
zamanı döyüşən tərəflərin hüquq və
vəzifələrini müəyyən edir və düşmənə
qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.
1949-cu ildə İsveçrənin
Cenevrə şəhərində keçirilən konfransda
dörd Cenevrə Konvensiyası qəbul edilmişdir:
I. Qurudakı silahlı qüvvələrdə
yaralıların və xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında,
II. Dənizdəki silahlı
qüvvələrdə yaralıların, xəstələrin
və gəmi qəzasına uğrayanların vəziyyətinin
yaxşılaşdırılması haqqında,
III. Hərbi əsirlərlə
rəftar haqqında,
IV. Müharibə zamanı
mülki şəxslərin müdafiəsi haqqında.
1977-ci və 2005-ci ildə
Konvensiyaya protokollar əlavə edilmişdir.
Üç əlavə protokol:
I.
Beynəlxalq silahlı münaqişələr zamanı
tətbiq edilir,
II. Qeyri-beynəlxalq silahlı
münaqişələr zamanı tətbiq edilir,
III. Üçüncü əlavə
emblemin qəbulu (Qızıl Kristal).
Ümumilikdə, Cenevrə
Konvensiyaları və onlara əlavə edilmiş protokollar
silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına
uğramış hərbçilərin vəziyyətini
yaxşılaşdırmaq, hərbi əsirlərə baş
çəkmək, mülki əhaliyə köməklik
göstərmək və ümumilikdə, humanitar hüquq ilə
mühafizə edilən şəxslərə qarşı
müvafiq rəftarı təmin etmək hüququnu müəyyən
edir.
Hal-hazırda dünyanın
190-dan çox dövləti
Cenevrə Konvensiyalarına imza atmışdır. Qeyd edək
ki, Azərbaycan hökuməti də 1993-cü ildən
Konvensiyalara qoşulmuşdur.
BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi
ilə qəbul edilmiş “Qadın və uşaqların
fövqəladə hallarda, silahlı münaqişələr
dövründə müdafiəsi haqqında bəyannamə”də
deyilir:
Hamılıqla və şəksiz
məhkum olunmasına baxmayaraq, bir çox xalqların hələ
də milli azadlıq hərəkatlarını qəddarcasına
yatıran, qadınlar və uşaqlar da daxil olmaqla,
ağalıqları altında olan əhaliyə ağır
itkilər və saysız-hesabsız iztirablar gətirən
müstəmləkəçilik, irqçilik, yadelli və əcnəbi
ağalığı boyunduruğu altında olması
faktından dərindən narahat olaraq,
Əsas azadlıqların və
insan şəxsiyyəti ləyaqətinin əvvəlki kimi
ciddi pozuntulara məruz qalması, eləcə də, əcnəbi
müstəmləkə ağalığını və irqi
ağalığı həyata keçirən dövlətlərin
əvvəlki kimi beynəlxalq humanitar hüququ pozmaları ilə
bağlı dərindən təəssüfləndiyini bildirərək,
Fövqəladə vəziyyətlərdə
və silahlı münaqişələr dövründə
qadınların və uşaqların müdafiəsi haqqında
bu Bəyannaməni təntənəli surətdə elan edir və
təşkilatın bütün üzv dövlətlərini
bu Bəyannaməyə ciddi əməl etməyə
çağırır:
1. Mülki əhaliyə,
xüsusilə, onun ən müdafiəsiz hissəsi olan
qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət
gətirən hücum edilməsi və onun bombardman
olunması qadağandır və belə hərəkətlər
pislənməlidir.
2. Hərbi əməliyyatların
gedişində kimyəvi və bakterioloji silahdan istifadə
edilməsi 1925-ci il Cenevrə protokolunun, 1949-cu il Cenevrə
konvensiyalarının və beynəlxalq humanitar hüquq
prinsiplərinin ən biabırçı şəkildə
pozulması deməkdir və müdafiəsiz qadın və
uşaqlar daxil olmaqla, mülki əhali arasında ən
böyük itkilərə səbəb olur və qətiyyətlə
pislənməlidir.
3. Bütün dövlətlər
qadınların və uşaqların müdafiəsi
üçün mühüm təminatlar verən 1925-ci il
Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına,
həmçinin, silahlı münaqişələr
dövründə insan hüquqlarına hörmət edilməsinə
aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini
tam yerinə yetirməlidirlər.
4. Silahlı münaqişələrdə,
əcnəbi ərazilərdəki hərbi əməliyyatlarda
və ya hələ də müstəmləkə
ağalığı altında olan ərazilərdəki hərbi
əməliyyatlarda iştirak edən dövlətlər
qadınları və uşaqları müharibənin
dağıdıcı nəticələrindən qorumaq
üçün bütün səyləri göstərməlidirlər.
Təqib, işgəncə, cəza tədbirləri,
alçaldıcı davranış və zorakılıq, o
cümlədən, əhalinin qadınlardan və uşaqlardan
ibarət hissəsinə qarşı bu kimi tədbirlərin
qadağan edilməsinə nail olmaq üçün
bütün zəruri addımlar atılmalıdır.
5. Müharibə edən tərəflərin
hərbi əməliyyatların gedişində və ya
işğal edilmiş ərazilərdə, həbsxanaya salma,
işgəncə vermə, güllələmə, kütləvi
həbsə alma, kollektiv cəzalandırma, mənzilləri
dağıtma və yaşayış yerindən zorla qovma da
daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri
bütün repressiya və qəddarlıq, insanlıqdan kənar
davranış formaları cinayətkar hərəkətlər
sayılır.
6. Mülki əhaliyə mənsub
olan və sülh, öz müqəddəratını təyin
etmə, milli azadlıq və istiqlaliyyət uğrunda
mübarizədə fövqəladə vəziyyətlər və
hərbi münaqişələr şəraitinə
düşən və ya işğal olunmuş ərazilərdə
yaşayan qadınlar və uşaqlar, ev-eşikdən, qidadan,
tibbi yardımdan, yaxud insan hüquqları haqqında ümumi
bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında
Beynəlxalq Paktın, İqtisadi Sosial və Mədəni
Hüquqlar haqqında Beynəlxalq Paktın, Uşaq
Hüquqları Bəyannaməsinin, yaxud beynəlxalq
hüququn digər aktlarının müddəalarına
müvafiq olaraq digər ayrılmaz hüquqlardan məhrum edilməməlidirlər.
Azərbaycan hökuməti
Konvensiylardan irəli gələn öhdəliklərə tərəfdar
çıxmış və buna müvafiq olaraq “Qızıl
Xaç və Qızıl Aypara emblemlərindən istifadə
və onların müdafiəsinə” dair 8 may 2001-ci il tarixdə 128-II Q
saylı Qanun qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidenti 11 iyun 2001-ci il tarixdə
Qanunun tətbiqi barədə Fərmanı vermişdir. Həmin
Qanuna görə Azərbaycan Respublikasının ərazisində
“Qızıl Xaç və Qızıl Aypara” emblemlərindən
istifadə edilməsi üzərində nəzarəti Azərbaycan
Qızıl Aypara Cəmiyyəti və öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanları həyata keçirirlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
(AzQAC) Beynəlxalq Qızıl
Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Hərəkatı,
Beynəlxalq Humanitar Hüququn əsasları və cəmiyyətin
fəaliyyəti barədə məlumatların yayımı
proqramını həyata keçirir. Proqram çərçivəsində
ictimaiyyət arasında “Qızıl Xaç və
Qızıl Aypara” emblemlərindən düzgün istifadə
qaydaları haqqında məlumatların yayımı da həyata
keçirilir.
Müharibə
qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə
konvensiyalarına Azərbaycan Respublikasının
qoşulması barədə Azərbaycan Respublikası Milli Məclisinin
qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
1. Azərbaycan Respublikası müharibə
qurbanlarının müdafiəsi haqqında 1949-cu il avqustun
12-də Cenevrədə bağlanmış
aşağıdakı konvensiyalara qoşulsun:
“Döyüşən ordularda yaralıların və xəstələrin
vəziyyətinin yaxşılaşdırılması
haqqında” Konvensiya;
“Dəniz silahlı qüvvələrinin tərkibindən
olan yaralıların, xəstələrin və gəmi qəzasına
uğramış şəxslərin vəziyyətinin
yaxşılaşdırılması haqqında” Konvensiya;
“Hərbi əsirlərlə rəftar haqqında”
Konvensiya;
“Müharibə zamanı mülki əhalinin müdafiəsi
haqqında” Konvensiya.
2. Azərbaycan Respublikası Ali Sovetinin sədrinə
tapşırılsın ki, bu qərar haqqında
İsveçrə Federal Şurasına məlumat versin.
Beynəlxalq humanitar hüquqa əsasən Qızıl
Xaç, Qızıl Aypara və Qızıl Kristal emblemlərinə
tam şəkildə hörmət qoyulmalıdır. Lakin bəzən
onlara mədəni, dini, siyasi və digər məna verilir ki,
bu da emblemlərin silahlı münaqişə
qurbanlarına, silahlı
qüvvələrin tibbi xidmət göstərən
personalına və humanitar təşkilatların
işçilərinə verdiyi müdafiə dəyərini təhlükə
altına alır. Emblemlərdən Cenevrə
konvensiyalarına və onlara əlavə
edilmiş protokollara zidd olaraq sui-istifadə hallarının
qarşısının
alınması məqsədilə, AzQAC emblem kampaniyalar təşkil
edərək əhali arasında, xüsusən də, tibb
müəssisələrində maarifləndirmə işləri
həyata keçirir.
Bu il 12 avqust 1949-cu il tarixli Cenevrə
konvensiyalarının qəbul edilməsinin 62-ci
ildönümüdür. Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Hərəkatının tərkib hissələri
bu əlamətdar tarixi qeyd edəcəkdir.
Haaqa Konvensiyası-(hərbi konfliktlər zamanı mədəni
dəyərlərin qorunması haqqında) 1954-cü il Haaqa
konfransında (21.04.-14.05) qəbul edilmiş və
07.08.1954-cü ildən qüvvədədir. 60-dan çox
ölkə bu konvensiyanın
iştirakçısıdır.Konvensiya hərbi
münaqişələr zamanı hər bir dövlətin
öz ərazisində və rəqib tərəfin ərazisində
yerləşən mədəni dəyərlərin
qorunması, arxitektura, incəsənət, tarixi abidələr,
arxeoloji qazıntılar kimi daşınan və
daşınmaz mədəni dəyərlərin müdafiə
edilməsini iştirakçı dövlətərin
qarşısında vəzifə kimi qoyur. Konvensiyanın
iştirakçıları özlərinin qanunvericiliyində
elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini
pozan və pozmağa göstəriş verənləri cəzalandıra
bilsin. Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi
qaydalarını müəyyən edən icraedici reqlament və
işğal edilmiş ərazilərdən mədəni dəyərlərin
çıxarılmasını qadağan edən protokol qəbul
edilmişdir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 17 noyabr.- S. 10.