17 Noyabr Milli Dirçəliş GünüMüstəqilliyə doğru dönüş nöqtəsi

 

 (DƏYİRMİ MASA)

 

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Bu gün "Səs" qəzetinin redaksiyasında 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, BDU-nun professoru Şahlar Əsgərov, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, ADPU-nun dosenti Nazir Əsədov, siyasi elmlər doktoru Cümşüd Nuriyev, tarixçi-politoloq Ərəstun Baxşəliyev iştirak ediblər. Dəyirmi masada çıxış edənlər tarixə nəzər salıb, o dövrdə xalqın oyanışının, milli-azadlıq hərəkatının bütün ölkəni bürünməsindən söhbət açıblar. Bildiriblər ki, Sovet imperiyasının qəddarlığına, sərt tədbirlərinə baxmayaraq Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Nəhayət, Azərbaycan xalqı 1991-ci ildə öz müstəqilliyini elan etdi...

 

"Səs" qəzetinin əməkdaşı: "Meydan hərəkatı dövrünə qədər Azərbaycanda ictimai-siyasi vəziyyət necə idi?

 

Nazir Əsədov:

- Meydan hərəkatının genişlənməsi  və vəziyyətin Azərbaycanda mürəkkəb duruma gəlməsi 1985-ci ildən sonra - yenidənqurma prosesinin ortaya çıxmasından sonra başlandı. Eyni zamanda, erməni akademiki Aqanbekyanın bəyanatları, Qarabağın Ermənistana verilməsi məsələsinin gündəmə çıxması Ermənistan və eləcə də, Rusiya mətbuatında ermənipərəst yazıların verilməsi həmin illərdə bu hərəkatın baş verməsinin əsasını qoydu.  O vaxt vəziyyət necə idi? Təbii ki, 1987-ci ildə, artıq Azərbaycanda ermənilərin iddiasına qarşı, həmçinin, sovet dövründən yığılan müəyyən problemlərə qarşı müəyyən fikirlər formalaşmağa başlamışdır. Nəticədə, bu fikirlərə qarşı mübarizədə müxtəlif təşkilatlar yaranmağa başlandı. Bu təşkilatların əsas məqsədi həm Moskvanın, həm də Ermənistanın Azərbaycana qarşı yürütdüyü məkrli siyasətinin qarşısını zamanında almaqdan ibarət idi. Lakin o dövrdə  Azərbaycanda Kommunist Partiyası aparıcı struktur rolunu oynamaqla Moskvanın göstərişi ilə hərəkət edirdi. Həmin zamanlarda Mərkəzi Komitənin birinci katibi Kamran Bağırovun şəxsiyyətində bir zəiflik var idi. Yəni o, Moskvadan gələn əmr, tapşırıq və göstərişlərə heç bir müqavimət göstərmədən əməl edirdi. Sözsüz ki, böyük şəxsiyyət Heydər Əliyevdən sonra belə bir rəhbərin zəifliyi təbii idi. Bütün bunlardan istifadə edən Moskva Qarabağ məsələsi, meydana çıxdığı ərəfədə Kamran Bağırovun dəyişdirilməsi məsələsi yəni onun yerinə Əbürrəhman Vəzirovun təyin olunması məsələsi Azərbaycan xalqını yaxşı tanımayan və bu dili ümumiyyətlə başa düşməyənlə əvəz edilməsi prosesi baş verdi. Qeyd edim ki, Kamaran Bağırovun hakimiyyətə gəldikdən sonra ilk vəzifəsi  kadrların dəyişdirilməsindən ibarət oldu. Ancaq bu kadrların dəyişdirilməsi məsələsi Azərbaycanda baş verən siyasi böhranın qarşısını ala bilmədi. Nəticədə, nələr baş verdi? Nəticədə, 1988-ci ilin əvvəllərindən başlayaraq, açıq şəkildə həm Dağlıq Qarabağda, həm də Azərbaycanın digər bölgələrində dövlətin əleyhinə müəyyən aksiyalar keçirildi. Hətta 1988-ci ildə fevral ayında ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması haqqında bəyanat verdilər. Bu, Azərbaycanda baş verən siyasi proseslərin ilk addımları idi və bu məsələni daha da qızışdırmaq üçün Sumqayıt hadisələrinin baş verməsi və sonrakı proseslərin güclənməsinə start verildi. Lakin sonrakı sənədlər araşdırıldıqda, müəyyən olundu ki, baş verən hadisələr azərbaycanlıların günahı üzündən deyil, Moskvanın bilavasitə Azərbaycana göndərdikləri agentlər vasitəsi ilə törədilən hadisələr idi. Sumaqayıt hadisələri o dövrdə Moskva ermənilərinin əllərində bir vasitə kimi  Azərbaycana qarşı müxtəlif sanksiyaların həyata keçirilməsinə imkan verdi. İlk növbədə, Qərbi Azərbaycanda olan azərbaycanlıların kütləvi şəkildə qovulması üçün bir bəhanə oldu. Mən özüm də Ermənistanın Dərələyəz mahalındanam və orada  hadisələrin necə baş verdiyinin bilavasitə şahidi olmuşam. Belə ki, ermənilər Azərbaycan kəndlərində yaşayanları müntəzəm olaraq hədələyir, qorxuzur, Ermənistanı tərk etmək məcburiyyəti qarşısında qoyurdular. Bütün bu baş verən hadisələrdə o zamankı Azərbaycan hakimiyyətinin günahı çox böyükdür. Xüsusilə də, qərbi azərbaycanlıların öz yurd-yuvalarını tərk etmələrinin günahkarları də məhz o zamankı Azərbaycan hakimiyyətinin rəhbərliyi olmuşdur. Belə ki, Azərbaycandan həmin kənd sakinlərinə teleqramalar vururdular ki, necə olursa-olsun, oranı tərk edin, sizə burada hər cür şərait yaradılacaq.  Beləliklə də, qərbi azərbaycanlı kəndlərinin  boşaldılması prosesi daha da sürətləndi. Əgər o vaxt Qərbi Azərbaycandan gəlmiş azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilsə idilər, bu gün çox güman ki, hadisələrin gedişi başqa vəziyyət alardı. Ümumiyyətlə, götürdükdə isə bütün baş verən proseslər onu sübut edirdi ki, ölkəni idarə biləcək bir qüvvə yox idi. Belə bir vəziyyətdə Azərbaycanda yaranan xalq hərəkatı meydana gəldi və bu xalq hərəkatı, kortəbii olaraq, fəaliyyət göstərdi.  Həmçinin, həmin hərəkatda müəyyən qüvvələr var idi. Xüsusilə, bu qüvvələrin bir hissəsi  regionçuluq, bir hissəsi şəxsi maraq və digər məsələlərlə məşğul idilər. Buna baxmayaraq, bildirim ki, meydan hərəkatı Azərbaycan xalqının həyatında çox mühüm hadisə idi. Bunu bir oyanış kimi də qiymətləndirirəm. Ona görə də, 1988-ci il noyabrın 17-də başlanan hərəkat ən qüdrətli milli azadlıq hərəkatı idi.  O  hərəkatın bir amalı var idi - Qarabağ torpağı Azərbaycanın olmalıdır. Hərəkat iştirakçılarına ən çox təsir edən Mərkəzi Komitənin Qarabağ məsələsinə real və ciddi yanaşmaması idi. Həmçinin, həmin vaxtlarda Azərbaycan həm də təklənmişdi və bunun nəticəsi olaraq, Bakıdan ardıcıl olaraq Moskvaya teleqramalar gedirdi və bu teleqramalarda göstərilirdi ki, Azərbaycan çox çətin bir siyasi durum yaşayır. Ona görə də, bunun qarşısını silah yolu ilə almaq olar. Bunun nəticəsi olaraq, 20 Yanvar faciəsi baş verdi. 20 Yanvar hadisəsi dirçəlişə gedən yolun birinci mərhələsinə yekun vurdu.

 

"Səs" qəzetinin əməkdaşı: - Dəmir qaydalar əsasında idarə olunan imperiya gözlənilmədən Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə necə imkan yaratdı?

 

Şahlar Əsgərov:

- Bilirsiniz, bir Azərbaycandan dünyaya baxmaq, bir də dünyadan Azərbaycana baxmaq lazımdır. Əgər biz Azərbaycandan dünyaya baxsaq, inanıram ki, bəzi səhvlərə yol verəcəyik. Dünya prosesləri prizmasından Azərbaycana baxarıqsa, daha düzgün və obyektiv nəticələr çıxararıq. Azərbaycan o zaman böyük bir imperiyanın tərkib hissəsi idi. Bu imperiya da dünya miqyasında ən aktiv subyekt olan Qərbin və ABŞ-ın diqqət mərkəzində olub. Buna görə də, onlar öz planlarını həyata keçirirdilər və yeri gələndə məsələnin obyektiv həllini kənara qoyub, aranı qarışdırmaq siyasətini  daha çox işə salırdılar. 17 noyabr hadisələrinin yaranmasının çoxlu səbəbləri var idi. Çünki artıq bu proses Azərbaycanda yetişmişdi. SSRİ-nin dağılması və idarəetmənin  zəif olması nəticəsində Azərbaycanda bu hadisələr baş verdi. Bu hadisələr getdikcə alovlanaraq genişləndi. Yadımdadır, bir rusiyalı deputat 1995-ci ilin yanvar-noyabr aylarında Bakı Dövlət Universitetinə gəlmişdi. O, görüş zamanı belə bir sual verdi: "Rumıniya Kommunist Partiyasının üsyançılar tərəfindən öldürülən rəhbəri Çauşevski öləndə onun dediyi sözdən xəbəriniz varmı? Sonra həmin deputat cavabı da özü verərək bildirdi: "O deyirdi ki, lənətə gəlsin Qarabağ məsələsi."

- Yəni Qarabağ məsələsi qurdalanmış, üzülmüş bir məsələ idi...

 

Təhmasib Novruzov:

- Meydan hərəkatı zamanı komissiya yaradılmışdı və bu komissiyanın tərkibində nümayiş komissiyası var idi.  Nümayiş komissiyası, əsasən, meydana toplaşan insanları daha səbirli olmağa və Moskva tərəfindən Azərbaycana qarşı haqsız təzyiqlərin cavabını almayınca, meydanı tərk etməməyə səsləyirdi. Qeyd edim ki,  meydana toplaşanların hamısında bir fikir cəmləşmişdi: bir azərbaycanlı kimi torpaqlarımızın müdaifəsini və ərazi bütövlüyünü təmin etmək. O vaxt SSRİ Azərbaycanın nəyə qadir olduğunu və hansı sərvətlərə malik olduğunu yaxşı bilirdi. Bu gün də Dağlıq Qarabağ məsələsinin uzanması məhz bu səbəbdən həllini tapa bilmir. 1989-cu ildə milli-azadlıq hərəkatında iştirak etmək üçün göndərilən Moskva tərəfindən göndərilən xəyanətkarlar var idi. Lakin onların çirkin niyyətləri xalq tərəfindən aydın görünürdü.

 

"Səs" qəzetinin əməkdaşı: - Milli-azadlıq hərəkatının sonradan başıpozuq, idarəolunmaz bir vəziyyətə düşməsi nədən meydana gəldi?

 

Cümşüd Nuriyev:

- İlk öncə, tarixi bir məqama toxunmaq istərdim. Meydan hərəkatından qabaq 1987-ci il oktyabrın ayının 21-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvülüyündən uzaqlaşdirilandan üç həftə keçmiş Fransada yaşayan erməni akademiki Aqanbekyan Dağlıq Qarabağın iqtisadi cəhətdən Azərbaycandan uzaq olduğunu  və Ermənistana daha yaxın olduğu iddiasını gündəmə gətirərək, "Lemond" qəzetində bu fikirləri ifadə etmişdi. Bundan sonra Azərbaycan alimləri buna etirazlarını bildirdilər. 1988-ci ildə bu məsələ bir daha geniş şəkil almağa başladı. Dağlıq Qarabağ təsadüfən gündəmə gətirilməmişdi. Bir şeyi xatırladım ki, 1988-ci il fevralın 13-də Dağlıq Qarabağda ermənilərin "Miyatsum" hərəkatı başlanmışdır. Bu hərəkatın təxribatları nəticəsində Ağdamda ilk şəhidlərimiz oldu. Yəni demək istəyirəm ki, 17 noyabr meydan hərəkatının baş verməsi artıq qabaqcadan hazırlanmış proseslərə cavab olaraq baş verdi. Meydan hərəkatında əvvəlcə 30 nəfər Azərbaycan ziyalıları toplaşaraq nümayiş komitəsi yaratdılar, sonra isə Azərbaycanın ziyalıları bu komitəyə  birləşərək 50 nəfərə çatdı. 1988-ci il noyabrın 23-də fövqalədə vəziyyət yarandı. Çünki həmin gecə meydana ordu daxil olurdu. Belə bir vəziyyətdə qərara alındı ki, hamı meydanı eyni vaxtda tərk etsin. Dekabrın 5-ə qədər xalq meydanı tərk etmədi. Milli-azadlıq hərəkatı dörd maddənin ikisini həyata keçirə bildi: birincisi, Azərbaycan ancaq vətəndaş itatəsizlik mərhələsini keçmək və əhalinin maarifləndirmə səviyyəsinin qaldırılması idi. Lakin milli-azadlıq hərəkatı üçüncü və dördüncü mərhələni həyata keçirə bilmədi. Çünki parlament Azərbaycanın əlində deyildi və ölkədə  silahlı dəstələr yox idi ki, hansısa qüvvələrlə mübarizə apara bilsin. Ona görə də, bu, meydan hərəkatı səviyyəsində qaldı. Azərbaycanda meydan hərəkatının inkişafı üçün həm də şərait yaradılmamışdı. 

 

 

Rövşən NURƏDDİNOĞLU

 

Səs.- 2011.- 17 noyabr.- S. 8-9.