Azərbaycan
həm mədəniyyəti, həm də təbiət nemətləri
ilə Avropanı fəth edir
Avstriya Respublikasının paytaxtı Vyana şəhərinin
mərkəzində yerləşən Mixaelerplatz meydanında
“Azərbaycan: Nar məkanı” adlı bayram tədbiri
keçirilib. Nazirliyin mətbuat xidmətindən Zöhrə
Əliyevanın verdiyi məlumata görə, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin, Azərbaycanın Avstriyadakı səfirliyi və
Vyana şəhər meriyasının birgə təşkil
etdiyi “Nar bayramı” Azərbaycanın dövlət müstəqilliyinin
bərpa olunmasının 20 illiyi münasibəti və 2011-ci
ilin ölkəmizdə “Turizm ili”
elan edilməsi ilə əlaqədar təşkil olunub.
Tədbirin açılışında mədəniyyət
nazirinin müavini Sevda Məmmədəliyeva
çıxış edib. O, qonaqları Vyananın rəsmi
dairələrinin nümayəndələrini,
çoxsaylı Vyana sakinlərini və turistləri
salamlayıb, narı gənclik, gözəllik,
sağlamlıq və müdriklik rəmzi kimi təqdim edərək,
bu bitkinin Azərbaycanın simvollarından biri olduğunu
bildirib. O, qeyd edib ki, dünyada mövcud olan 60-dan artıq nar
sortunun hamısı bərəkətli Azərbaycan
torpağında bitir. Nar mövzusu, eyni zamanda, qədim
zamanlardan Azərbaycan xalqının bədii təfəkkürünə
hoparaq, onun mədəniyyətində - folklor-söz sənətində,
tətbiqi sənətdə, rəssamlıqda, poeziyada öz əksini
tapıb. Azərbaycan xalçalarında, orta əsrlərə
aid miniatürlərdə, metal və ağac məmulatlarında
nar motivlərinə tez-tez rast gəlmək
mümkündür. Şəninə mahnılar və
şeirlər qoşulan, əfsanələr söylənən,
adına “cənnət meyvəsi” deyilən nar ta qədim
zamanlardan Azərbaycana xas olan ən dadlı nemətlərindən biri olaraq həm
də bədii obraza
çevrilmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini
bərpa etdikdən sonra hər il ölkənin müxtəlif
regionlarında məhsul yığımı ilə əlaqədar
nar bayramı keçirilir. Adətən, Azərbaycanın
regionlarında keçirilən
bu bayram artıq ölkə hüdudlarını
aşaraq ilk dəfə dünyanın ən böyük mədəniyyət
mərkəzlərindən biri olan Vyana şəhərində
qeyd olunur. Vyananın həm rəsmi dairələrinin
nümayəndələrinin, həm sakinlərin dediyinə
görə, Mixaelerplatz meydanında
yüz ildə bir dəfə
belə kütləvi mərasim keçirilə bilər.
Çünki bu meydan həm tarixi, həm də siyasi
baxımdan şəhərin mühüm strateji nöqtəsində
yerləşir. Azərbaycanı
yaxından tanımağa dərin maraq göstərən
avstriyalı dostlarımızla nar bayramının xoş
ovqatını bölüşmək dost ölkədə Azərbaycan
mədəniyyətini daha da yaxından tanıtmaq
üçün çox gözəl fürsətdir.
Azərbaycan və Avstriya arasında mədəni əlaqələrin
yüksək səviyyədə inkişaf etdiyini diqqətə
çatdıran Sevda Məmmədəliyeva
bildirdi ki, 2006-ci ildə Vyanada dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin abidəsi ucaldılıb, bir
neçə həftə öncə isə Bakıda Azərbaycanın
Prezidenti İlham Əliyev və Avstriyanın Federal Prezidenti
Haynts Fişerin iştirakı ilə Avstriyanın məşhur
bəstəkarı Volfqanq Amadey Motsartın abidəsinin
açılışı olub. Belə tədbirlər
xalqlarımız və ölkələrimizin daha da
yaxınlaşmasına xidmət edən mədəni hadisələrdir
ki, “Nar bayramı” da buna mükəmməl bir nümunə
oldu.
Sevda Məmmədəliyeva “əlahəzrət
nar”ın pişvazına çıxanlara təşəkkürünü
bildirdi və hamını “narın möcüzəli vətəni”
Azərbaycandan gətirilmiş təamlarından dadmağa dəvət
edib.
Sonra Vyana şəhər meriyasının xarici əlaqələr
şöbəsinin rəhbəri Andreas Launer və Azərbaycanın
Avstriyadakı səfiri Qalib İsrafilov çıxış
ediblər. Natiqlər bir daha bu kimi tədbirlərin hər iki
ölkə arasında əlaqələrin daha da genişlənməsinə,
mədəniyyətlərarası dialoqun inkişafına
böyük töhfə verəcəyini vurğulayıblar.
Bayramın bədii hissəsində Azərbaycan
Dövlət Pantomima Teatrının baş rejissoru, əməkdar
incəsənət xadimi Bəxtiyar Xanızadənin
hazırladığı “Məlikəhmədin
nağılı” nümayiş etdirilib. “Məlikməmmədin
nağılı”nın motivləri əsasında
hazırlanmış tamaşada padşah (Elman Rəfiyev)
müdriklik rəmzi olan narı qorumağı
övladlarına həvalə edir, onun kiçik oğlu Məlikəhməd
(Elnur İsmayılov) isə divlə (Bəhruz Vaqifoğlu) gərgin
mübarizədən sonra qələbə qazanaraq, nar
ağacını, bununla da atasının səltənətində
hökm sürən müdrikliyi xilas edir.
“Emil Əfrasiyab və dostları” qrupu (əməkdar
artistlər Teyyub Aslanov, Ruslan Hüseynov, Tofiq Cabbarov, artistlər
Samir Şirinov, İskəndər Ələskərov) bayram tədbirində
canlı musiqi ilə çıxış edərək
Vyananın soyuq qışına isti bir Azərbaycan rayihəsi
gətirib, Azərbaycan ritmlərinin sədaları
bütün şəhəri sardı və hamıya gözəl
əhval-ruhiyyə bəxş edib. Əməkdar artist Ənvər
Sadıqovun qarmonda, Hüseyn Hüseynovun zurna və klarnetdə
misilsiz ifası tamaşaçılar tərəfindən
sürəkli alqışlarla qarşılandı. Bakı
Xoreoqrafiya Məktəbinin şagirdləri “Sarı gəlin”,
“Naz eləmə”, “Qaytağı”, “Yallı”, “Uzundərə”
rəqslərini məharətlə ifa edib. Lökbatan 9 saylı
musiqi məktəbinin şagirdlərinin nağara və zərb alətlərində
ifa etdiyi Azərbaycan ritmləri də tədbir
iştirakçılarını valeh etdi. Azərbaycan milli musiqisindən təsirlənən
şəhər sakinləri və bu meydana toplaşan həmvətənlərimiz,
hətta şəhərin rəsmi təmsilçiləri belə musiqi sədaları altında Azərbaycan
rəqqasları ilə birlikdə qol götürüb meydan
boyu yallı gedib.
Tədbirdə nar mövzusuna həsr olunmuş Azərbaycanın
xalq və dekorativ tətbiqi sənət nümunələrindən
ibarət sərgi nümayiş olunub. Bu məqsədlə
quraşdırılmış çadırlarda “Azərxalça”
Elmi-Yaradıcılıq İstehsalat Birliyinin məhsulu olan
xalçalar sərgilənib, misgərlik və dulusçuluq
məmulatları, şəbəkə sənəti nümunələri
nümayiş etdirilib. Misgər Nəzər Əliyev,
dulusçu Xalid Şabanov, şəbəkə ustası
Hüseyn Hacımustafazadə kimi sənətkarlarımız
elə sərgidəcə öz məharətlərini
tamaşaçılara nümayiş etdiriblər.
Qeyd edək ki, Vyanada keçirilmiş nar bayramı Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət
üzrə Federal Nazirliyi arasında mədəniyyət və
incəsənət üzrə 2009-2012-ci illərdə əməkdaşlıq
haqqında Anlaşma Memorandumuna müvafiq olaraq mədəniyyət
mübadiləsinin genişləndirilməsinə xidmət
edir. Eyni zamanda, bu tədbirin keçirilməsi nar
bayramının Azərbaycan xalqının qeyri-maddi mədəni
irsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ
siyahısına daxil edilməsi istiqamətində aparılan
işin tərkib hissəsi hesab oluna bilər.
Bayram tədbirində Avstriya hökumətinin, Vyanada
akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
ATƏT-in təmsilçiləri, Qazaxıstan
Respublikasının turizm nazirinin müavini, Avstriya-Azərbaycan
Ticarət Palatasının əməkdaşları, Vyana
ictimaiyyətinin nümayəndələri, ziyalılar, həmvətənlərimiz,
Vyanaya gələn turistlər də heyranlıqla seyr etdilər.
Zümrüd
Səs.- 2011.- 18 noyabr.- S. 12.