Hüquqi
dövlət və vicdan
azadlığı
Vicdan azadlığı problemi bəşəriyyətin
inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin
aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət,
insanın cəmiyyət və özü qarşısında
öz fəaliyyəti, əməlləri və
davranışı üçün mənəvi məsuliyyətdir.
Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə
uyğun olaraq insanın hərəkət etmək
bacarığı və imkanıdır. Geniş mənada
vicdan azadlığı, vətəndaşların bu və ya
digər əməllərə (ədalət və ədalətsizlik,
yaxşı və pis) qiymət verməkdə mənsub
olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda
tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət
etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında,
vicdan azadlığı kateqoriyası insanların dinə
münasibətə tam sərbəstliyini nəzərdə
tutur.
İstər bu gün, istərsə də
dünən, ölkəmiz Azərbaycanda və ya digər məmləkətlərdə davam etməkdə olan
haqsızlıqlar, məhz bir qrup vicdan
istismarçılarının
digər bir qrup
məzlum vicdan əzabkeşlərinin vicdan azadlıqları haqqını mənimsəməsi
və
həmin “məzlumların” bu zülmlə
barışması ilə bağlıdır.
Vicdan azadlığı məsələsi
1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Demokratik
Respublikasının dövlətçilik fəaliyyətinin əsasını
təşkil edirdi.
O vaxta qədər rus
imperiyası azərbaycanlılar arasında dini
ayrılığı daha da
dərinləşdirmək məqsədi ilə əhalini sünnü və şiə məzhəblərinə
bölür, onların müstəqil ruhani idarələrini yaratmışdı. İmperiya 1872-ci ilin aprel ayının 5-də, 1917-ci ilin iyul ayının
17-də azərbaycanlıları bir-birinə zidd
məzhəblərə parçalayan qərəzli
sərəncamlar vermişdir.
Azərbaycan Demokratik Respublikasının rəhbəri Məmməd
Əmin Rəsulzadənin təklifi ilə ruhani
idarələrini müsəlman məmurlarına həvalə
etməklə Tiflis şəhərindəki
ruhani idarələrinin bazasında
Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara
alındı.
Azərbaycan Demokratik
Respublikası hökuməti müsəlmanlar üçün
Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin
yaradılmasına nail oldu.
1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin
etdiyi Qafqaz
Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən
istefa verdi. Azərbaycan
Demokratik Cümhuriyyəti sosial
təminat və dini etiqad
naziri Musa Rəfibəyovun
sərəncamı ilə 48 yaşlı Axund
Ağa Əlizadə Qafqaz
müsəlmanlarının birgə ruhani
idarəsinin sədri, Şeyxülislam təyin
edildi. Yeni Şeyxülislam məzhəb
ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.
Azərbaycan Demokratik Respublikası vətəndaşların
istədikləri dinə riayət etmək, dini
mənsubiyyətini dəyişmək, dini
təşkilatların birində iştirak
etmək, habelə, heç bir dinə riayət etməmək,
dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürdü.
Dinlərdən birinə üstünlük verilməsi, digərlərinin
sıxışdırılması və beləliklə də,
dini bərabərsizliyə şərait
yaradılması müxtəlif dinlərə mənsub olan vətəndaşların hüquq
bərabərliyini poza bilərdi.
Azərbaycan Demokratik
Respublikası parlamentinin tərkibi
müxtəlif millətlərin və dinlərin nümayəndələrindən
təşkil edilmişdi. Azərbaycan Demokratik Respublikası parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav
dininin 10 deputat
mandatı var idi. Bundan əlavə, yəhudilərin, gürcü və polyak
xristianlarının nümayəndələri də parlamentdə
təmsil olunmuşdular.
Bərabərlik
ideyası təhsil sahəsində də həyata keçirilirdi, ümumi ictimai təhsil, ibtidai və
orta məktəblərin milliləşdirilməsi,
milli azlıqların öz
dillərində və rus dilində
oxumaları üçün qanun layihəsinin hazırlanmasını parlament zəruri hesab etmişdi. O zaman
Gürcüstanda gürcü-pravoslav
kilsəsi, Ermənistanda erməni-qriqoryan kilsəsi din siyasətində aparıcı rol oynayırdısa da, Azərbaycanda
dinlərdən birinə üstünlük
verilməsi məsələsi müzakirə olunmamış, dini bərabərliyə hörmət edilmişdir.
Azərbaycan Demokratik Respublikası vicdan
azadlığı problemi sahəsində demokratik mövqedə dayandı, dinə biganə
münasibət bəsləyən, yaxud dini qəbul etməyən vətəndaşlar
haqqında məhdudedici tədbirlər görülməsi
hallarına yol vermədi, dindarlarla
dinə inanmayan vətəndaşların
dinc-yanaşı yaşaması üçün
şərait yaratmağa
çalışdı.
Qeyri-dini
tədris müəssisələri şəbəkələrinin
genişləndirilməsi, milli, elmi-texniki, təbabət, hüquq
kadrlarının hazırlanmasına diqqətin
artırılması, bu məqsədlə
Qərb ölkələrinin ali məktəblərində
təhsil almaq üçün
bacarıqlı gənclərin göndərilməsi, nəhayət,
hökumətin tərkibində din xadimlərindən
heç kəsin olmaması Azərbaycan Demokratik Respublikası dindən ayrı vətəndaş
dövlətinin olduğunu göstərən
amillərdir.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının müstəqillik
haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların
hüququ, siyasi, dini azadlıqları təmin edilir,
müstəqil Azərbaycan dövləti qeyri-dini,
demokratik quruluşa malik olan ölkədir. Qətnamədə
deyilirdi: “Azərbaycan Demokratik
Respublikası milliyyətindən, dinindən, ictimai
vəziyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşları
öz hüdudları daxilində vətəndaşlıq
və siyasi hüquqlarla
təmin edir”.
1918-ci il
dekabrın 7-də Bakıda Azərbaycan parlamenti
öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini (dua
oxunması və s.) icra edilmədi. Bütün dinlərdən
olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə
malik idilər. Dinə münasibətindən asılı
olmayaraq, bütün vətəndaşlar Azərbaycan
Demokratik Respublikasının bərabər hüquqlu əhalisini
təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi
ilə başlanan dirçəliş ümummilli vicdanı
oyatmamaya bilməzdi.
Göründüyü kimi, Azərbaycan Demokratik
Respublikasının Milli Şurası, sonra isə parlamenti və
hökuməti mövcud olduğu qısa müddət ərzində
iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif
sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata
keçirmiş, müstəqil Azərbaycan dövlətinin
formalaşıb möhkəmlənməsi üçün
misilsiz işlər görmüşdür. İqtisadi,
siyasi-ictimai və sosial münasibətlər sahələrində
vətəndaşların hüquqlarının təmin edilməsinə
yönəldilmiş qərar və tədbirlərin tərkibində
əhalinin vicdan azadlığı məsələləri
xüsusi yer tuturdu.
Azərbaycan Demokratik Respublikası hökuməti və
parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və
ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə
ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik
Respublikasının uğurları və faciələri,
tarixi dərsləri, dini etiqad və vicdan azadlığı
sahəsində təcrübəsi bu günümüz
üçün çox maraqlıdır.
1991-ci ildə Azərbaycan Respublikası müstəqil
dövlət quruculuğu yoluna qədəm qoydu. Öz
tarixinin yeni səhifəsini açan respublikamız milli və
ümumbəşəri dəyərlərə söykənən
demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq
arzularını reallaşdırmaq istiqamətində
addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının
hüquqlarının gerçəkləşməsinə,
insanların rifah halının yüksəlməsinə,
hüquq və azadlıqlarının qorunmasına təminat
verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə
etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm
qoyması bu istiqamətdə əməli addımlar atmaq
üçün geniş perspektivlər açdı.
Azərbaycanda demokratik və hüquqi dövlət
quruculuğu prosesi müstəqilliyin ilk günlərindən
müxtəlif problemlərin və maneələrin aradan
qaldırılması ilə müşayiət olunub.
Respublikamız bu yolda totalitar sovet rejimindən miras
qalmış ictimai-siyasi problemlərin ağır nəticələri,
erməni separatizmi və Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün vurduğu
yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş
müharibəsi təhlükəsini, dövlət
çevrilişi cəhdlərini və digər ağır
siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini
aradan qaldırmaq məcburiyyətində qaldı.
Azərbaycan Respublikasının Konstitusiyasında fikir,
söz və vicdan azadlığına geniş təminat
verilmişdir. Azərbaycan Respublikasının
Konstitusiyasının 48-ci maddəsində göstərilir:”Hər
kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə
münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmə, yaxud heç
bir dinə etiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq
hüququ vardır. Hər bir insanın əqidə
azadlığı və onu sərbəst şəkildə
ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad
bəsləmək dövlət sərhədlərindən
asılı olmayaraq, informasiya və ideyaları istənilən
vasitələrlə axtarmaq, əldə etmək və yaymaq
azadlığı daxildir”.
Xalqın geniş təbəqələrinin
arzularını ifadə edən və onların qətiyyətli
dəstəyinə söykənən Ümummilli Lider Heydər
Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin
Azərbaycanın ərazi bütövlüyünə və
dövlət müstəqilliyinə qarşı yönəlmiş
fəaliyyətinin qarşısını almağa imkan verdi.
Respublikamız onun başı üzərini almış
qanlı vətəndaş qarşıdurmasından və
parçalanıb məhv olmaq təhlükəsindən xilas
oldu.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri
dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası
qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili
siyasət Azərbaycanın hər bir vətəndaşına
azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək
və öz rifahını yaxşılaşdırmaq
imkanları yaratmaqdan ibarət olmuşdur. İnsanların
ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi
sayəsində cəmiyyətdəki ictimai-siyasi və
sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların
müxtəlif təbəqələrini və kateqoriyalarını
təmsil edən ictimai qurumların fəal rol oynaması
dövlətin və insanlar toplumunun daha yüksək
inkişaf səviyyəsini təşkil edən vətəndaş
cəmiyyətini səciyyələndirən əsas amillərdəndir.
Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai
qurumların tədricən daha çox funksiyanı mənimsəməsi
ilə dövlət orqanlarının fəaliyyətində
daha çox siyasətin müəyyənləşdirilməsi
və nəzarət funksiyaları üstün yer tutur.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi
plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı
xüsusi rol oynayır. Azərbaycanın müstəqil
inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül
tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə
qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında
daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir.
Bu isə Azərbaycan dövlətinin bütün siyasi
partiyaların fəaliyyəti üçün zəruri şərait
yaratması nəticəsində mümkün olmuşdur.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2011.-18 noyabr.- S. 10.