17
NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜ -
MÜSTƏQİLLİYƏ DOĞRU DÖNÜŞ NÖQTƏSİ
(Əvvəli
ötən sayımızda)
1988-ci il noyabrın 17-də Azərbaycan
xalqının azadlıq səsini ucaldaraq,
imperiyaya qarşı ayağa
qalxması onun dirçəlişi yolunda dönüş
nöqtəsi oldu. Öz
haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən
xalqımız bu müqəddəs ideallar naminə birlik və
bərabərliyini bir daha
bütün dünyaya nümayiş etdirdi.
Tarixi hadisə ilə
bağlı “Səs” qəzetində 17 Noyabr
Milli Dirçəliş Gününə
həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Yeni
Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov, Demokratik
Azərbaycan Dünyası Partiyasının sədri Məmməd
Əlizadə, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Nazir Əsədov, siyasi
elmlər doktoru Cümşüd
Nuriyev, tarixçi-politoloq
Ərəstun Baxşəliyev iştirak
edirdilər. Dəyirmi masada
çıxış edənlər tarixə nəzər
salıb, o dövrdə xalqın
oyanışının, milli-azadlıq hərəkatının
bütün ölkəni bürüməsindən
söhbət açdılar. Çıxış edənlər
bildirdilər ki, sovet
imperiyası öz qəddarlığına
və sərt tədbirlərinə baxmayaraq,
Azərbaycan xalqının mübarizə əzmini qıra
bilmədi. Nəhayətdə, Azərbaycan xalqı 1991-ci ildə
öz müstəqilliyini elan
etdi...
Cümşüd Nuriyev: “...O ki qaldı
Nemət Pənahlının həmin vaxtlarda deməsinə
ki, meydanı “mən” idarə edirdim, bu fikir tamam
yanlışdır, çünki xalq kütləsi meydanda
olan ziyalılara hörmətlə yanaşdıqları
üçün, onlara səmimi-qəlbdən
inandıqları üçün onların dediklərinə
də əməl edirdilər”
- Meydanın idarə oluna bilməməsinin əsas səbəbi,
məhz Azərbaycanda siyasi elitanın olmaması idi. Orada daha
çox insanların avtoritetinə görə məsələlər
mövcud idi ki, meydan hərəkatı bu vasitə ilə
davam edirdi. Meydanı və bu meydana toplaşanları idarə
edənlər də yalnız ziyalılar idi. O ki qaldı Nemət
Pənahlının həmin vaxtlarda deməsinə ki,
meydanı mən idarə edirdim, bu fikir tamam
yanlışdır, çünki xalq kütləsi meydanda
olan ziyalılara hörmətlə yanaşdıqları
üçün, onlara səmimi-qəlbdən inandıqları
üçün onların dediklərinə də əməl
edirdilər. Əgər xatırlayırsınızsa,
noyabrın 23-də bir qrup ziyalı tərəfindən elan
olundu ki, meydanı tərk etmək lazımdır və
noyabrın 24-də artıq insanlar meydanı tərk
etmişdilər. Onu da qeyd edim ki, insanları meydanı tərk
etməyə məcbur etmişdilər. Ona görə də,
ziyalılar meydandan çəkildikcə, qarşıdurmalar
da getdikcə kəskinləşməyə başladı. Bu
nifaqı da salmağı bacaran, məhz Kremlin, DTK-nın
göndərdiyi bir neçə adam idi və beləliklə
də, meydanda parçalanma baş verdi.
“Səs” qəzetinin əməkdaşı:
“Məmməd müəllim, milli azadlıq hərəkatının
önündə aparıcı ziyalıların gözə dəyməməsi
ciddi problemlərdən hesab olunmurdu ki?”
Məmməd Əlizadə: “Milli
azadlıq hərəkatı təkcə Azərbaycanda deyil, o
vaxt Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda,
ümumiyyətlə, hər yerdə bu proses gedirdi”
- İlk öncə, bütün burda iştirak edən
siyasi həmfikirlərimə minnətdarlığımı
bildirirəm ki, meydan hərəkatı ilə bağlı
müfəssəl olaraq öz fikirlərini
açıqladılar. Qeyd edim ki, milli azadlıq hərəkatı
təkcə Azərbaycanda deyil, o vaxt Özbəkistanda,
Qazaxıstanda, Türkmənistanda, ümumiyyətlə, hər
yerdə bu hərəkatın baş qaldırması prosesi
gedirdi. 23 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə
azərbaycanlı Ermənistanın təxribatlarına və
Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o
vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu
gün Azərbaycanda milli-azadlıq hərəkatının
başlanğıcı kimi də qiymətləndirilir. Həmin
gün 68 il azadlığın nə olduğunu bilməyən
bir millətin “olum, ya ölüm” savaşı başladı.
SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin
gün daha aydın göründü.
Rəsmi
Moskvanın, ermənilərin Dağlıq Qarabağa
iddiasına loyal münasibəti və qərəzli
mövqeyi, millətə tarixini
öz gücünə dəyişmək
istəyini aşılamışdı. Yüz
minlərlə insanın Azadlıq meydanına
axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri
göstərdi ki, Azərbaycanda, hələ
SSRİ-nin heç bir yerində rast gəlinməyən
mübarizə başlayır. Bunları görən rəsmi Moskva İttifaq dönəmində
Azərbaycanda ilk dəfə fövqəladə
vəziyyət elan etdi.
SSRİ-nin müxtəlif ərazilərindən
dislokasiya edilmiş daxili qoşun qüvvələri
Bakıya gətirilərək meydanda yerləşdirildi,
dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla
çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa
da, millət öz arzusuna çatdı - 1988-ci il,
noyabrın 17-dən başlayan meydan hərəkatı azad
Azərbaycanın təməlini qoydu.
Ərəstun Baxşəliyev: “
Ziyalıların orda olmasının böyük əhəmiyyəti
var idi”
- Əgər meydan hərəkatında ziyalılar
olmasaydı, o hərəkat qlobal vüsət ala bilməyəcəkdi.
O hərəkatın başlanmasında Bəxtiyar Vahabzadəyə
böyük ehtiyac var idi. Bəxtiyar Vahabzadə, İmam
Müstafayev, Ziya Bünyadov və Yusif Səmədoğlunun
orda olmasının böyük əhəmiyyəti var idi.
Dissidentləri məhv etmək asan idi. Ancaq belə ziyalıların məhvi daha qlobal təsir oyada bilərdi. Tələbələr, gənclər üstünlük
təşkil edirdi.
Meydan hərəkatında tələbələrin
rolunu qeyd etməmək olmaz.
Ali təhsil müəssisələrində
təhsil alan
tələbələrin rolu
danılmaz olaraq qalmaqdadır.
“Səs” qəzetinin
əməkdaşı: “Xalqın
oyanışının effekt
verməməsini lider
problemi ilə əlaqələndirmək olarmı,
Heydər Əliyev olsaydı, 20 Yanvar qırğını və
digər bəlalarımızın
da qarşısını
zamanında almaq olardımı?”
Şahlar Əsgərov: “Heydər Əliyevin daha öncə qayıtması
mümkün olsaydı, Azərbaycan
xalqının başına
gələcək faciələrin
qarşısını almaq
mümkün olardı”
- Əlbəttə ki, Azərbaycan xalqının dahi şəxsiyyəti, Ulu Öndər Heydər Əliyev bütün bunları daha öncədən görürdü
və xalqın başına gələcək
bəlaların qarşısını
zamanında almağa çalışırdı. Lakin Mixail Qorbaçovun
erməni xalqı qarşısında götürdüyü
öhdəlikləri nəticəsində
Heydər Əliyevin qarşısı müxtəlif
vasitələrlə kəsilirdi.
Moskvada çox gözəl bilirdilər ki, əgər Heydər Əliyev güclü siyasətçi olmaqla yanaşı, həm də öz xalqının problemlərini
həll etməyə qadir olan böyük
şəxsiyyətdir. Kremlin və DTK-nın
yaratdığı Qarabağ
probleminin həllini, eləcə də, milli azadlıq hərəkatının yeni
müstəviyə keçməsini
məhz Ulu Öndər Heydər Əliyev reallaşdıra
bilərdi. Buna görə də Moskva hər vəchlə onun qarşısını müəyyən
dərəcədə almağa
müvəffəq oldu.
Lakin zaman göstərdi ki, Ulu Öndər
bütün bu çətinliklərin qarşısını
aldı və Azərbaycanı, xalqı
böyük bəlalardan
xilas etdi.
RÖVŞƏN NURƏDDİNOĞLU
Səs.- 2011.- 18 noyabr.- S. 8.