Moskvada xalq yaradıcılığına dair beynəlxalq konfrans keçirilib

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Müasir Rusiyada etnik mədəniyyət: ənənələr və yeniliklər” mövzusunda  Ümumrusiya elmi-praktiki konfransı keçirilib. Konfransda ölkəmizi  “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin tərtibi, yeni məlumatların toplanılması, elektron formada yığılması və sistemləşdirilməsi üzrə operator Mətanət Əmrullayeva və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəni irs şöbəsinin Qeyri-maddi mədəni irs bölməsinin metodisti Selcan Nəsirova təmsil etdilər.

Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Litva, Qazaxıstan, Estoniya dövlətlərinin, həmçinin, Rusiya Federasiyasının Buryatiya, Kareliya, Mari El, Udmurtiya, Komi respublikaları, Xantı-Mansiysk muxtar vilayəti, Astraxan, Orenburq, Kurqan, Çelyabinsk, Xabarovsk, Krasnodar, Ulyanovsk, Leninqrad vilayətlərinin nümayəndələrinin qatıldığı konfransın əsas məqsədi millətlərarası və xalqlararası mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, xalq yaradıcılığının qorunması və onun müasir cəmiyyətə inteqrasiyası ilə bağlı təcrübənin bölüşdürülməsindən ibarət idi.

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi ilə birgə Rusiya Dövlət Xalq Yaradıcılığı Evi tərəfindən təşkil edilən “Müasir Rusiyada etnik mədəniyyət: ənənələr və yeniliklər” mövzusunda Ümumrusiya elmi-praktiki konfransı və MDB və Baltikyanı ölkələrin xalq yaradıcılığı mərkəzlərinin rəhbərlərinin seminar-müşavirəsi adlı proqram, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin konfrans zalında Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin direktoru T.V.Purtovanın çıxışı ilə açıq elan edilib. Sonra Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin incəsənət və xalq yaradıcılığına dövlət dəstəyi departamentinin direktoru A.A.Şalaşov, beynəlxalq əməkdaşlıq departamentinin direktoru Y.L.Seleznyova, beynəlxalq əməkdaşlıq departamentinin MDB ölkələri və vətəndaşlarla iş üzrə şöbənin müdiri M.A.Ustinov, Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin millətlərarası və etnokonfessional əlaqələrin analizi şöbəsinin müdiri A.N.Kalabanov RF Mədəniyyət Nazirliyi tərəfindən bu sahədə görülən işlər barədə məlumat veriblər.

Konfransda M.Əmrullayeva “Azərbaycan Respublikasında qeyri-maddi mədəni irsin infrastruktur təminatına dair islahatlar” mövzusunda çıxış-təqdimat keçirib. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən islahatlar, problemlər, hazırda görülən işlər və növbəti layihələr haqqında məlumat verib. Çıxış-təqdimat zamanı mədəniyyət evləri, klubları, mədəniyyət və istirahət parklarını əhatə edən qeyri-maddi mədəni irs infrastrukturunun yenidən təşkili məsələsi xüsusilə vurğulanıb. S.Nəsirova tərəfindən nümayiş etdirilən, xalqımızın qədimliyini, bütün tarixi dövrlərdə yüksək mədəniyyətə, iqtisadi inkişafa və əxlaqa malik olmasını sübut edən “Azərbaycan milli geyimləri” mövzusunda təqdimat, xalq mahnısı “Sarı gəlin”in sədaları altında təfsilatlı təqdim olunub. Azərbaycanda qeyri-maddi mədəni irs sahəsinə, bu sahədə aparılan islahatlara dair məlumatlar tədbir iştirakçılarının böyük marağına səbəb oldu və gələcək əməkdaşlıq üçün zəmin yaradılıb.

  Seminar-müşavirə və Ümumrusiya elmi-praktiki konfransı millətlərarası və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş dəyirmi masa ilə yekunlaşdırılıb.

 

 

  Zümrüd

 

  Səs.- 2011.- 18 noyabr.- S. 12.