Səhnəmizin əvəzsiz Bəxtiyarı, Abasquluağası, Oqtayı...

 

Azərbaycan kino sənətinin əvəzolunmaz aktyoru, səsi, zahiri görkəmi, təmkini, mimika və jestləri ilə yaddaşlarda iz salan Həsən Məmmədov. Neçə-neçə ömrü bir ömürdə birləşdirən sənətkar. Səhnəmizin əvəzsiz Bəxtiyarı, Şadlinskisi, Qaraşı və onlarla belə təkrarsız obrazları sənət qalereyasında toplayan Həsən Məmmədov.

Bu ismi sevməyən, ona məhəbbət bəsləməyən kəsə təsadüf olunmaz. Çünki o, böyük ürəyini yaratdığı obrazlara verərək,  hər birini sevib yaratmışdır. İsti münasibət, qəhrəmanın yaşantıları ilə baş-başa qalıb onun lirik, psixoloji, dramatik məqamlarını süzgəcindən keçirib sevilə biləcək tərzdə təqdim etmək məharəti Həsən Məmmədov ətrafında saysız pərəstişkar toplaya bildi. Onun ömrünün hər bir çağını kino filmlərdə görürük. Gənclik, orta yaş və nəhayət, ömrünün kamil, müdrik illəri. Hər zaman tamaşaçıya nümunə ola biləcək ömrü sənətdə yaşaya bildi.

Tamaşaçının aktyor kimi tanıdığı Həsən Məmmədovun keçdiyi yolun başlanğıcı hər kəs kimi adi, öz axarında keçmişdir. Balaca Həsən Məmmədov sənətdə yaşamaqyaratmaq üçün arzuya doğru addımladı. 1938-ci il noyabr ayının 20-də dünyaya gələn Həsən Məmmədov orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin sənət sevgisi onu rahat buraxmadığından Həsən Məmmədov burada təhsilini sona qədər davam etdirə bilmir. Belə ki, Həsən Məmmədov ikinci kursda universitetdən çıxır və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edir. Təbii ki, aktyor özünün daxili potensialını və onu narahat edən hissləri özündə gördüyündən belə bir addımı atır. Bu, onun ölkədə qısa bir zamanda, tanınmasına olan əsas cığır idi. Qəti qərar verən Həsən Məmmədov 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dramkino aktyorluğu fakültəsinə daxil olur. Tələbəlik illərində müəyyən fasilələrlə dövlət radiosunda diktor işləyir. Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilir. Bu qədim sənət ocağının aktyor truppasına üzv olur. Həmin zamandan başlayaraq, on il ərzində kino çəkilişləri ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdır.

İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci ildə köçürmə yolu ilə Akademik Teatrdan çıxaraq “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilsə də, teatrdan ömrünün sonuna qədər uzaq düşmür. Daim axtarışda olan sənətkar qəhrmanlarının dili ilə danışaraq, roldan-rola düşür. Belə ki, aktyor 1989-cu ildə dəvətlə Cəmil Əlibəyovun “Gülüstanda qətl” (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayır. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci ildən başlayaraq ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışır.

Aktyorun rollar siyahısında milliAvropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kino sənəti isə onun ömrünün başqa bir səhifəsi idi. Bu kinofilmlər Həsən Məmmədovu daim yaşatdı, ona ikinci bir həyatı bəxş etdi. Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuşBöyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq  (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində əsas  rolları yaradaraq sevilən aktyor oldu. Bu filmlərdə yaratdığı obrazlara etinasız yanaşılmadı. O, bir-birinin ardınca fəxri admükafatlara layiq görüldü. Həsən Məmmədov teatrkino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görüldü. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün isə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltif edildi. 1970-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı adını aldı. 

 Həsən Məmmdov Azərbaycan kino sənətində  çox nadir təsadüf olunan xoşbəxt aktyorlardandır ki, kinofilmlərdə o sayda baş, özü də müsbət qəhrəman obrazını yaratmış olub. Səkkiz il bundan əvvəl dünyasını dəyişən sənətkar böyük obrazlar qalereyası ilə əbədiyaşarlıq qazanıb.

 

 

Zümrüd

 

Səs.- 2011.- 19 noyabr.- S. 12.