Azərbaycan
kinofilmlərinə şöhrət qazandıran rejissor
Bu gün Azərbaycan kino sənətinə
möhrünü vuran
tanınmış rejissor Rasim
Ocaqovun doğum günüdür. Qısa tərcümeyi-halında
göstərilir ki, o,
1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq
fakültəsində təhsil alıb. Daha
sonra M.A.Əliyev adına ADİİ-nin
rejissorluq fakültəsini bitirib.
1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. Azərbaycanın
və SSRİ-nin dövlət
mükafatları laureatı, respublikanın xalq
artisti olub.
İnstitutu bitirəndə R.Ocaqov kinooperator olmaq istəyirdi. 50-ci illərdə
Azərbaycan kinosunda artıq yeni operator nəsli yetişmişdi.
Muxtar Dadaşov, Teyyub Axundov, Xan Babayev, Əlisəttar
Atakişiyev və başqaları kinomuzda
operator kimi fəaliyyət
göstərirdilər. 50-ci
illərin sonlarından
başlayaraq kinomuzda, həqiqətən, güclü
bir canlanma var idi. Yeni nəfəs, yeni mövzular gəlirdi kinoya. Və belə bir vaxtda Rasim Ocaqov
Bakı kinostudiyasında
ilk çəkilişlərinə başladı. 1957-ci ildə ilk dəfə
operator kimi “Bir məhəlləli iki oğlan” filmində işlədi. Filmdə baş
operator Marqarita Pilixina
idi. Görkəmli
kinorejissor Əjdər
İbrahimovun bu kino əsərini Bakı kinostudiyasında çəksə də,
M. Qorki adına
Studiya da filmin şərikli istehsalçısı idi.
O, kinokameranın dilini
öyrənmişdi, işıq-kölgə
münasibətləri, müxtəlif
planların ardıcıl
qurulması artıq
operator kimi onun üçün problem deyildi.
Ətrafındakılar bu gənc operatorun gələcək
taleyindən də narahat deyildirlər. Çünki Rasim Ocaqov elə ilk çəkilişlərdə
özünü təsdiq
etmişdi və sevib-seçdiyi sənətin
çətinliklərini yaxşı
başa düşürdü.
R.Ocaqovun
operator kimi çəkdiyi
filmlərdə kadrlar
süjetin ümumi axarına elə uyğunlaşdırılırdı ki, tamaşaçı çox vaxt bu kadrların təsirindən çıxa
bilmir, filmin sonuna kimi eyni
həvəslə tamaşa
edirdi.
“Onun böyük
ürəyi” filmi isə R.Ocaqovun ilk sərbəst işi idi. Yenə də rejissor Əjdər İbrahimov onu öz filminə
gətirmişdi. 1958-ci
ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə R.Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt
metallurqlarının həyatına
həsr olunmuşdu.
Ancaq hiss edirsən ki, bu ağır
peşə adamlarının
ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır.
İnsanların od püskürən
soba qarşısındakı gərgin anlarını, bəzən romantik məqamlarda geniş və orta planlardakı
vəziyyətlər elə
ustalıqla yaradılmışdır
ki, tamaşaçı
həqiqətən onun
yaradıcılarının istedadına heyran qalır.
R.Ocaqov kinoya heç
vaxt artıq detal gətirməyib. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır,
sonradan bu kadrlara birgə tamaşa edəndə, rejissorlar onun işinə qibtə edərdilər. “Əsil
dost”, “Bizim küçə”,
“Mən rəqs edəcəyəm”, “Sən
niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində
R.Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini
yaratdı. Azərbaycan kinosunda filmlərlə
bağlı bəzən
qalmaqallı hadisələr
olub. Elə “Gəncəbasarlı qisasçı” filmi də belə hadisələrlə üzləşib.
Filmi başqa bir rejissora həvalə etmişdilər. Bu, o vaxtlar idi ki,
R.Ocaqov da kinostudiyaya müəyyən
sifarişlər verib,
rejissor kimi film çəkmək istədiyini
bildirmişdi. Və günlərin
birində studiyanın
rəhbərliyi Rasim Ocaqova yarımçıq
qalmış “Gəncəbasarlı
qisasçı” filmini
davam etdirməyi həvalə etdi. 1975-ci ildə R.Ocaqov
ilk dəfə rejissor
kimi film çəkməli
oldu. Bu tarixi-qəhrəmanlıq
janrında çəkiləcək
filmə o, yenidən başladı. Qəhrəmanların ifaçılarını dəyişdi,
ssenariyə əməlli-başlı
əl gəzdirdi.
Qatır
Məmmədin obrazını
isə görkəmli
aktyor Şahmar Ələkbərova tapşırır.
Film ekranlara çıxanda
isə müəyyən
iradlar deyilsə də, bütövlükdə,
filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi.
Xalq artisti R.Ocaqov rejissor kimi Azərbaycan
kinosunun bədii salnaməsini yaradıb. Onun filmlərinin üstünlüyü
ondadır ki, rejissor üçün mövzu məhdudiyyəti
yoxdur. Tarixi filmdə də,
psixoloji dram janrında
da eyni ciddiyyətlə
işləyir. “Tütək səsi” filminin uğurları barədə, yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bu film müharibə haqqında təsəvvürlərimizə aydınlıq gətirdi.
İsa Hüseynov özünün
“Saz” və “Tütək səsi” povestləri əsasında
yazdığı ssenari
rejissor üçün
çox zəngin
material vermişdi. Dahi rejissor
seçim qarşısında
qalmamışdı. Detallar öz
yerində, hadisələr
kino dilinə yaxın olduğundan rejissora yalnız filmin quruluşunu vermək qalırdı.
Rasim Ocaqovun “Tütək səsi” filmi əsl mənada kinomuzun şedevrlərindən
birinə çevrildi.
“Tütək səsi” öz orijinal səhnələri,
çəkiliş manerası,
mövzunun bədii həlli baxımından kinomuza xeyli yeniliklər gətirdi.
Bu film ekranlara çıxanda kinoteatrlarımızda
növbələr düzülmüşdü.
Yusif Vəliyevin, Məmmədrza Şeyxzamanovun
yaratdığı qəhrəmanlar
filmə xüsusi bir ovqat bəxş
etmişdi. Xüsusilə, Qılınc Qurbanın
ifaçısı olan
Yusif Vəliyevin bənzərsiz oyunu onu kinomuzun çox
yaddaqalan obrazlarından
birinə çevirmişdi.
Cəbhədə vuruşan
oğlunun yolunu həsrətlə gözləyən
İsfəndiyar kişi, sazda “Ruhani”ni dilləndirdikcə
tamaşaçı bir
anlığa müharibənin
dəhşətlərini içərisindən
keçirir. Bu duyğuları tamaşaçıda
yaşadan və bizləri həmişə
düşünməyə, şərə qarşı
mübarizə aparmağa
səsləyən, rejissor
R.Ocaqov sonrakı filmlərində də bu dövrümüz üçün vacib ideyaları təlqin etmişdir.
R.Ocaqovun yaradıcılığına daxil olan “Ad günü”, “Bağlı
qapı”, “Özgə
ömür”, “Park”, “Ölsəm
bağışla”, “Həm
ziyarət, həm ticarət” və başqa filmləri də qeyd etməliyik.
“Təhminə”, “Otel otağı” kimi son filmlərində də rejissor ciddi mövzulara toxunub, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda
söhbət açıb.
Ancaq Rasim Ocaqov hansı
mövzuda film çəkir-çəksin,
heç şübhəsiz
ki, o aktualdır, bizi düşündürən,
xalqımızı narahat
edən məsələlərdən
danışıb.
Zümrüd
Səs.- 2011.- 22 noyabr.- S. 14