Hüquqi
dövlət, vətəndaş cəmiyyəti və siyasi mədəniyyət
Hüquqi dövlət quruculuğu və vətəndaş
cəmiyyətinin əsas əlamətlərindən biri
insanlarda siyasi mədəniyyətin tərbiyə edilməsidir.
Vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət
çərçivəsində formalaşmışdır.
Politoloji elmə “siyasi mədəniyyət” terminini ilk dəfə
XVII əsrdə alman filosofu İohan Herder gətirmişdir. O
özünün “Bəşəriyyətin fəlsəfə
tarixi ideyaları” əsərində siyasət və mədəniyyətin
qarşılıqlı təsiri məsələsinə
toxunmuş, “siyasi mədəniyyət”, “yetkin siyasi mədəniyyət”
və “siyasi mədəniyyətin
daşıyıcıları” anlayışlarının
siyasi-politoloji mahiyyətini tədqiq etmişdir.
Siyasi mədəniyyətin inkişafında
mühüm rol oynayan Amerika alimi T.Almond siyasi mədəniyyət
dedikdə, “fərdi mövqelərin və müəyyən
sistem üzvlərinin siyasi fəaliyyətinin hərəkət
və məqsədlərinin məcmusu”nu nəzərdə
tutur. C.Foster isə siyasi mədəniyyəti “cəmiyyət
üzvlərinin siyasi fəaliyyətinin birgə fikrinin
ümumi çəkisi” kimi səciyyələndirir.
Polşa alimi E.Vitr belə hesab edirdi ki, siyasi mədəniyyət
- hakimiyyət və vətəndaşlar arasında
qarşılıqlı əlaqələrin əxlaq kodeksinin,
dəyərlərinin və mövqelərinin ümumi məcmusundan
ibarətdir.
Siyasi mədəniyyət
mücərrəd bir proses kimi, məkan və zamandan
asılı olmayaraq, formalaşmır. Sosial reallıq,
cəmiyyətdəki və şəxsiyyətlər
arasındakı münasibətlər, mənəvi və əxlaqi
dəyərlər sistemi, ictimai rəy və ənənələr
siyasi mədəniyyətin formalaşmasına təsir
göstərən amillərdir. Siyasi mədəniyyət
sistem daxilində siyasi təsisatların
qarşılıqlı münasibətlərini, eləcə
də, onların sosial sistemin başqa ünsürləri ilə
əlaqələrini normalar, dəyərlər, ənənələr
vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin
inkişafının ən mühüm şərtlərindən
biri siyasi plüralizmin həyat normasına çevrilməsinə
geniş imkan yaradılması və digəri
aşkarlığın genişlənməsidir.
Politoloqlar siyasi mədəniyyətin
aşağıdakı elementlərini göstərirlər:
1. Cəmiyyətin siyasi təcrübəsi
(sinif, sosial qrup, fərd);
2. Şəxsiyyətin və
ictimai qrupların siyasi fəaliyyətinin obrazı,
üsulları;
3. Siyasi maraqlar, biliklər və inanclar;
4. Siyasi dəyərlər, normalar, adətlər,
instinktlər;
5. Siyasi münasibətlər və siyasi hakimiyyət
haqqında vətəndaşların təsəvvür səviyyəsi;
6. Siyasi institutlar;
Siyasi biliklərin realizə edilməsi, dəyərlərin
oriyentasiyası, sosial obyektin əxlaq nümunəsi və s.
Siyasi mədəniyyətin quruluşuna, adətən,
siyasi maraqlar, bilik və inam, siyasi hadisələrin
oriyentasiyasının (yönümünün) qiymətləndirilməsi,
cəmiyyətdəki normaların qəbul edilməsi, siyasi fəaliyyət
üsulları, vərdişləri, təcrübə və
bacarıq, siyasi institutlar daxildir. Polşa alimi A.Bodner “Elm və siyasət” əsərində
yazır ki, siyasi mədəniyyətin mahiyyətini başa
düşmək üçün milli xarakterin öyrənilməsi
zəruridir. O, sintetik şəkildə üç tədqiqat
sahəsini özündə ehtiva edir: 1. Tarixi-mədəni ənənə;
2. İctimai-siyasi praktika; 3. Fərdi təfəkkür tərzi.
Milli xarakterdən əlavə siyasi mədəniyyətin
digər fenomenləri stereotiplər, miflər, bioloji və
coğrafi fonlardır.
Stereotiplər hisslər vasitəsilə
obyektiv reallığın əksidir. Onlar üçün hadisələrin
emosional şəkildə qiymətləndirilməsi əsasdır.
Yaxşı təşkil olunmuş təbliğat
zamanı stereotiplər sistemi fərdi müəyyən məlumatlarla
təchiz edir ki, bunun da sayəsində fərd etiketləri və
sxemləri görə bilir.
Ə.Tağıyev və M.Şükürov “Etnopolitologiya”
əsərində siyasi mədəniyyətin
aşağıdakı təzahür formalarını göstərirlər:
siyasi mədəniyyətin ən birinci təzahür
forması hakimiyyət münasibətidir. Hakimiyyət isə
ümumi mənada fəaliyyət göstərən müəyyən
təsirin qabiliyyət və imkanları, adamların ifadə,
avtoritet, hüquq, zor və s. vasitəsilə olan
davranışdır. Bu, hakimlik və
tabeçilik münasibətlərini əks etdirir.
Siyasi mədəniyyətin digər təzahür
forması siyasi fəaliyyətin stilidir (üslubudur). Məsələn, ABŞ və
Fransa siyasi həyatı daha açıqdır, orada geniş
siyasi fəaliyyət göstərməyə daha çox
imkanlar vardır. Elə ölkələr
də vardır ki, bu ölkələrdə heç də
bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət
üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə
imkan yaradır. Bu daha çox siyasi mədəniyyətin
forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri,
tipləşmə isə konkret sosial qrupların
dünyagörüşü, təhsil səviyyəsi və
davranışları ilə bağlıdır. Məsələn, quldarlıq, feodal, burjua
dövrünün siyasi mədəniyyəti, ziyalı və
fəhlənin, kəndli və biznesmenin siyasi mədəniyyətləri
arasında prinsipial fərqlər vardır.
Siyasi mədəniyyətin
üçüncü təzahür forması qərarların
qəbul edilməsinə vətəndaşların təsiri və
onda iştirak etməsi səviyyəsidir. Siyasi mədəniyyətin
dördüncü təzahür formasını isə cəmiyyətin
siyasi əhval-ruhiyyəsi adlandırmaq olar. Daha
doğrusu, siyasi proseslərdə dominant rolunu kimlər
oynayır: inqilabi, reformist, imperialist, millətçi və s.
qüvvələr.
Siyasi mədəniyyətin beşinci təzahür
forması cəmiyyətdə siyasi mübadilənin nəyə
əsaslandığı isə: inam, kompromis, saziş və
s.-dan ibarətdir.
Siyasi mədəniyyətin təhlili onun hansı səviyyələrdə
mövcud olduğunu öyrənməyə imkan verir: 1. Şəxsiyyətin
siyasi mədəniyyəti; 2. İri ictimai-siyasi qrupların və
hərəkatların siyasi mədəniyyəti; 3. Cəmiyyətin
özünün bütövlükdə siyasi mədəniyyət
səviyyəsi bura daxildir.
Yüksək səviyyədə inkişaf
edən siyasi mədəniyyətli cəmiyyətlərə
aşkarlıq və plüralizm, şəxsiyyətin yüksək
siyasi mədəniyyəti, siyasi fəallıq, xalqın siyasi
həyatda iştirakının təmin olunması, vətəndaşların
hüquq və azadlıqlarının qorunması və s.
xasdır. Deməli,
siyasi mədəniyyət yalnız bilik və inam şəklində
deyil, habelə, vərdiş və davranış normaları,
onların siyasi həyatda tətbiq olunmasını bacarmaq
şəklində mövcuddur. Xalqın
müxtəlif səviyyələrdə siyasi fəaliyyətdə
iştirakı idarəetmənin demokratik stilinin yaranıb
formalaşmasına səbəb olur. Siyasi
mədəniyyətə tələbat - siyasi biliklərə
və siyasi informasiyalara olan tələbatdır.
Siyasi mədəniyyətin digər bir tipi
“Tabe olmaq mədəniyyəti”dir. Bu, inkişaf etmiş
bütün Qərb ölkələrinə xasdır. Bu tip almanların siyasi mədəniyyətində
özünü daha çox göstərir.
Siyasi sistemə bağlılıq bu gün iki xarakterik
xüsusiyyətə malikdir: 1. Siyasətə praqmatik
baxış, daha doğrusu, cəmiyyət üzvlərinin,
dövlətin siyasi fəaliyyətinin, onun verdiyi bəhrələrə
və nəticələrə görə qiymətləndirilməsi;
2. Dövlətə və hökumətə nifrət olmasa
da, bağlılıq da böyük deyil.
Üçüncü tip siyasi mədəniyyət
“Patriarxal siyasi mədəniyyətdir”. Bu, ən
çox inkişaf edən ölkələr üçün
daha xarakterikdir. Sənayeləşmə mərhələsinə
çatmamış sistemlər üçün siyasi mədəniyyətin
bir mühüm xüsusiyyəti vardır. Siyasi mənafelərin
gizli formalarının zor vasitəsilə
reallaşdırılması, insanların siyasi
oriyentasiyalarının müxtəlifliyi əsasında
dörd cür siyasi mədəniyyət tipini müəyyənləşdirmək
olar: patriarxal, müti, aktivist və vətəndaş mədəniyyəti
(qarışıq tip). Sosial tərəqqiyə və dəyişikliklərə
münasibətdə onun aşağıdakı tipləri
vardır: qapalı, açıq, mürtəce, dönük
və dinamik.
Politoloqlar siyasi mədəniyyətin
funksiyalarından bəhs edərkən göstərirlər
ki, siyasi mədəniyyətin funksiyaları onun digər
aspektləri qədər mübahisə doğurmur. Əksər tədqiqatçılar siyasi
mədəniyyətin aşağıdakı
funksiyalarını qəbul edirlər: dərketmə,
qnoseoloji, evristik (tərbiyəvi), varislik, ətraf mühitin
qorunması, requlyativ-akseoloji (sərvət).
Azərbaycanda siyasi mədəniyyət
plüralizmin geniş spektrini əhatə edərək
formalaşmışdır. Hələ vaxtilə Ulu Öndər Heydər
Əliyevin vətəndaş cəmiyyəti uğrunda etdiyi
çağırışlar və apardığı siyasət
Azərbaycanda müasir vətəndaş cəmiyyətinin
formalaşmasını sürətləndirdi. Sovet totalitarizmindən çıxmış Azərbaycan
cəmiyyətinin yeni siyasi mədəniyyəti
formalaşmağa başladı. SSRİ-nin
dağılması prosesində ən gərgin şəraitlərlə
üzləşmiş Azərbaycanda siyasi mədəniyyət
stabil şəkil aldı. Bu siyasi mədəniyyətin
formalaşmasını şərti olaraq 3 mərhələyə
bölmək olar:
1992-1999-cu illər;
2000-2005-ci illər;
2005-ci ildən başlanan mərhələ.
Azərbaycanda siyasi mədəniyyətin
formalaşması prosesində Ulu Öndər Heydər Əliyevin
nəzəri və praktiki siyasi fəaliyyəti olduqca
böyükdür. Əsasən, Azərbaycanın müstəqillik əldə
etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq
kontekstində özünün fərqli xüsusiyyətləri
ilə seçilir. Azərbaycanın siyasi
mədəniyyəti özünün dövlətçiliyə
möhkəm sədaqət, rəhbərin güclü tərəflərini
tez müəyyənləşdirmək və populizmə tez məruz
qalmamaq məharəti ilə seçilməyə
başlamışdır. Azərbaycançılıq
ideyasının bu prosesdə xüsusi rolu vardır.
Sistemli şəkildə səhv etdiklərinin
fərqinə varan müxalifət 2003-cü ildən
başlayaraq formalaşan yeni siyasi mədəniyyət mərhələsində
öz fəaliyyətlərini dəyişdirməyə
başladı və siyasi hakimiyyətin uğurlarını
etiraf etmək yoluna qədəm qoydu.
Aparılan müşahidələr
göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin
formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən
başlanmışdır. Məhz bu tarixdən etibarən Azərbaycan
cəmiyyətində siyasi mübarizənin və siyasi
münasibətlərin keyfiyyətcə yeni cəhətini
müşahidə etmək olur. Əhalinin
populizmə meyilli təbəqəsinin kəmiyyətcə
azalması, siyasi sistemlə münasibətdə müxalifətin
reallığı qiymətləndirmə cəhdlərinin
artması, həmçinin, daha dinc mübarizə və mədəni
mübarizə üsullarına yer ayırması, bütün
bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin
aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
andiçmə mərasimində 2008-ci il
prezident seçkilərini yeni siyasi mədəniyyətin
formalaşması kimi xüsusi qeyd etmişdir. Sözsüz
ki, yeni siyasi mədəniyyət kontekstində bu seçkilər
heç bir müdaxilə olmadan keçirildi.
Azərbaycanda siyasi mədəniyyətin
formalaşması həm də cəmiyyətin siyasi cəhətdən
yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın
sosial-siyasi həyatında əsaslı islahatlar həyata
keçirilməkdə və ölkə müasirlik yolunda
böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət
formalaşmışdır.
2008-ci ilin prezident seçkiləri bu siyasi
mədəniyyətin nəticəsi olaraq xüsusi əhəmiyyət
kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini
seçməkdə yüksək aktivlik göstərməsi
seçkilərin insidentsiz başa çatması, hətta
müxalifət elektoratının müəyyən qisminin
seçki zamanı hakim partiyanın namizədi lehinə səs
verməsi, Azərbaycanın siyasi mədəniyyət tarixinin
yeni səhifəsi kimi yadda qalandır. Nəticə
etibarilə Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyət
səviyyəsinin göstəriciləri artıq müəyyən
dəyərlərə ehtiramı ilə seçilir. Bu dəyərlərdən ən mühümü də
Heydər Əliyev fenomenidir.
Azərbaycanda daha davamlı siyasi mədəniyyətin
formalaşması həm ölkəmiz, eləcə də,
region üçün böyük müsbət əhəmiyyətli
proseslərin başlanğıcıdır. Azərbaycanın dövlət
rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə
və dəyişikliklərlə referendum yolu ilə qəbul
olunması da ölkəmizdə siyasi mədəniyyətin
inkişafında yeni mərhələnin göstəricisidir.
Prezident və məmur münasibətlərində
dövlət başçısı İlham Əliyevin yeni
davranış normalarının formalaşmasına önəm
verməsi ölkədə demokratik siyasi mədəniyyətin
inkişafına şərait yaradır. Aparılan tədqiqatlar
sübut edir ki Azərbaycan Prezidenti İlham Əliyevin
müasir Azərbaycanın siyasi mədəniyyətinin
geniş vüsət almasında böyük rolu vardır.
Azərbaycanda 2008-ci ilin sonunda “Konstitusiyaya əlavə
və dəyişikliklər haqqında” qanun layihəsi
müzakirə edildi. Bu referendumda Azərbaycanın
dövlət rəmzlərinin qorunmasının konstitusiyaya
edilən əlavə və dəyişikliklərlə qəbul
olunması da ölkəmizdə siyasi mədəniyyətin
inkişafında yeni mərhələnin göstəricisidir.
Beləliklə, Azərbaycanda siyasi mədəniyyət
siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin
mühüm əlamətlərindən biridir. Ölkəmizdə siyasi
sistem və vətəndaş cəmiyyəti özündə
yetkin siyasi mədəniyyəti əks etdirir ki, siyasi mədəniyyətin
formal olması da insanların sosiallaşması yolu ilə həyata
keçirilir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 22 noyabr.-S.13.