“Azərbaycan
tarazlı və ardıcıl siyasət sayəsində həm
mədəni, həm də siyasi kontekstdə dünyada getdikcə
daha çox uğurlar qazanır”
- Ramiz müəllim, siz vaxtaşırı dərc
olunan məqalə və kitablarınızda müasir
dövrün aktual proseslərini təhlil edir, yaşanılan
proseslərə iqtidarın münasibətini nümayiş
etdirirsiniz. Sizin əsərləriniz cəmiyyətdə
geniş əks-səda doğurur. Bilmək istərdik,
hazırda hansı mövzu üzərində iş gedir və
yaxın gələcəkdə nə gözləyək?
- Azərbaycan dövlətçiliyi minilliklər boyu
təşəkkül, çiçəklənmə və tənəzzül
dövrlərini yaşamışdır. Bu gün bir hissəsi
Azərbaycan Respublikasının tərkibinə daxil olan ərazi
son iki yüz ildə iri dövlətlərin təcavüz
obyekti olmuşdur. Hazırda isə biz sayı çox olmayan
müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən
tanınmış xalqlardan biriyik.
Lakin tarixdə elə nümunələr
də vardır ki, milli dövlətin dəyərini heç
də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə
nəticə etibarilə həmin xalqların yox olmasına və
ya ümumdünya proseslərində onların əhəmiyyətinin
heçə enməsinə gətirib çıxarır. Digər
tərəfdən, heç də hər bir dövlət
öz müqəddəratının sahibi deyildir, buna görə
də belə dövlətlər dünya geosiyasətinin adi
obyektinə, “oyuncağa” çevrilirlər. Bu vəziyyətin
əsas səbəblərindən biri yaranan maneələrdən
bacarıqla yan keçərək öz xalqını
arxasınca apara biləcək əsl millət liderinin
olmamasıdır. Millətin öz strateji inkişaf
proqramı, milli ideyası - dövlətin və millətin
mövcudluğunun mənası, inkişafın məqsədləri
və prioritetləri olmalıdır. Azərbaycan
xalqının milli ideyası mövzusu son üç ildə
mənim tədqiqatımın əsas obyektidir və gələcək
kitabın əsas trendi olacaqdır. Azərbaycan milli
ideyası mürəkkəb təşəkkül yolu
keçmişdir, öz spesifikası vardır və məzmunu,
universallığı, humanistliyi, çevikliyi və təbiiliyi
ilə fərqlənir. Bu, bəlağətli sözlər
deyil, reallıqdır. Mən Azərbaycan
xalqının etnogenezinə mövcud baxışları, XIX əsrin
ikinci yarısı - XX əsrin əvvəlində milli
ideyanın təşəkkül dövrünü, Azərbaycanın
SSRİ tərkibində olduğu vaxtda müəyyən
transformasiya mərhələsini və müstəqilliyin bərpa
edildiyi, müstəqil dövlətçiliyin
qurulduğu və milli mənlik şüurunun daha da
inkişaf etdiyi mürəkkəb dövrü tədqiq etməyə
başlayanda bu reallıqlarla qarşılaşdım.
- Azərbaycanlıların milli
ideyasının formalaşmasını dövrlərə
bölmək olarmı? Axı hər bir proses müəyyən
dövrlərə bölünməlidir.
- Şübhəsiz. Mükəmməl
konstruksiyanın formalaşması üçün tarixə əsaslanaraq
Azərbaycan xalqının milli-ideoloji konseptinin təşəkkülü
və transformasiyası prosesini dövrlərə bölmək
lazım idi. Buna görə də, mən tarixi prosesi empirik təhlil
edəndən sonra aşağıdakı mərhələləri
ayırmışam.
Mənim fikrimcə, milli
ideyanın təşəkkülünün birinci mərhələsi
1828-1875-ci illəri əhatə edir. Rusiya-İran müharibəsindən
sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya
imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların
tədricən həmrəy olması prosesi
başlanmışdır. O dövrdə Azərbaycan cəmiyyətinin
qabaqcıl hissəsi hələ fars və ərəb ruhanilərinin
təsiri altında idi. Bununla bərabər, məhz həmin
dövrdə milli realist ədəbi məktəb
formalaşmağa başlayır. Bu məktəbin səpdiyi
milli oyanış toxumları sonrakı onilliklərdə
cücərmişdir.
Özlərinin ensiklopedik bilikləri
ilə fərqlənən Abbasqulu Ağa Bakıxanov, Mirzə
Kazımbəy, Mirzə Fətəli Axundzadə və
başqaları yaranmaqda olan yeni ziyalıların ən parlaq
nümayəndələri idi. Mütərəqqi
rus mədəniyyətinin əhatə dairəsinə cəlb
edilmiş azsaylı Azərbaycan ziyalılarının bu ilk
nümayəndələri həmin mədəniyyət vasitəsilə
XIX əsr Avropa mədəniyyəti ilə tanış
olmuşlar. Şimali Azərbaycan əhalisinin etnik baxımdan
oyanışı bu görkəmli mütəfəkkirlərin
fəlsəfi, tarixi və ədəbi əsərlərindən
qaynaqlanmışdır.
Qeyd etmək
lazımdır ki, Azərbaycan xanlıqları Rusiya
imperiyasının tərkibinə daxil olanda yerli zadəganlar
öz titullarından məhrum edilmiş və Rusiyanın tərkibində
analoji titullar almamış, bunun əvəzinə “müsəlman
ruhaniləri” deyilən yeni zümrə yaranmışdı. Həmin
dövrdə Azərbaycan cəmiyyətində
identifikasiyanın əsas meyarı da bu idi.
İkinci mərhələnin
başlanğıcı 1875-ci ildə Həsən bəy Zərdabi
tərəfindən Bakıda Rusiya müsəlmanları
arasında Azərbaycan dilində ilk qəzetin - “Əkinçi”nin
təsis edilməsi ilə bağlıdır və XX əsrin
əvvəlinə qədər olan dövrü əhatə
edir.
Bu ilk Azərbaycan qəzeti milli oyanış tarixində
müstəsna rol oynamışdır. Azərbaycan
teatrının banilərindən biri və ədəbiyyatda
realizm tərəfdarı olan Həsən bəy Zərdabi bu
qəzetin səhifələrində dərc olunan məqalələrində
dini-mistik poeziyaya qarşı çıxış edirdi. Qəzet
öz redaktorunun dili ilə həmvətənləri milli məhdudiyyətə
qarşı mübarizə aparmağa və o dövrün
elmi nailiyyətləri ilə tanış olmağa
çağırırdı.
Maarifçilik
ideyalarının daşıyıcısı kimi “Əkinçi”
qəzeti sayca çox olmayan Azərbaycan ziyalılarında
milli mənlik şüurunun formalaşmasının təməlini
qoymaqla tarixi rol oynamışdır. Seyid və Camal Ünsizadə
qardaşlarının yaratdığı “Ziya” və “Kəşkül”
nəşrləri isə “Əkinçi”nin ideyalarını
davam etdirərək oxucularını Avropa elm, təhsil və
mədəniyyətinin nailiyyətləri ilə tanış
edirdi. Bu nəşrlər öz
dövrünün ictimai fikir tarixində nəzərəçarpacaq
iz qoymasalar da, hər halda XIX əsrin son rübündə Azərbaycan
ziyalılarının yaradıcı fəallığının
başlanmasının göstəricisi idi. Şübhəsiz,
bu nəşrlər mətbuat işinə maraq oyatmış
və ən başlıcası - həmin nəşrlərdə
dərc edilən məqalələrin tənqidi baxımdan dərk
edilməsi günün tələblərinə cavab verən
yeni nəşrlər yaranmasına güclü təkan
vermişdir.
Azərbaycan
ziyalılarının XIX əsrin axırlarında
formalaşmış ikinci nəsli artıq türk mədəniyyəti
ənənələrinə müraciət etməyə
başlamışdı. M.Şahtaxtinskinin 1891-ci ildə “Kəşkül”
qəzetində dərc edilmiş məqaləsində “Azərbaycan
türkləri” terminindən istifadə etmək təklif
olunurdu. Beləliklə, türklərin milli mənlik
şüurunu Azərbaycan identikliyi ilə əlaqələndirməyə
cəhd edilmişdi.
Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi “Kaspi” qəzeti rus dilində
çıxdığına baxmayaraq, xalqın əsas
tribunasına çevrilmişdi.
Nəcəf
bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov,
Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil
Məmmədquluzadə və digər şəxsiyyətlər
ikinci dövr maarifçilər nəslinin görkəmli nümayəndələri
idi.
Üçüncü mərhələ
Rusiyada 1905-1907-ci illər inqilabından başlanır və
1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə
başa çatır. Bu illərin siyasi hadisələri Azərbaycan
xalqının həyatında çox böyük rol
oynamış, onun ictimai-siyasi şüurunun inkişafına
ciddi təsir göstərmişdir. Yeni
yüzilliyin birinci onilliyində mühüm ictimai irəliləyişlər
nəzərə çarpır, xalqın oyanışı,
milli mənlik şüurunun sonrakı formalaşması və
Avropa sivilizasiyası dəyərləri ilə
tanışlıq prosesinə fəal cəlb olunan ilk siyasi
partiyalar yaranır, yeni jurnal və qəzetlər təsis
edilir. “Həyat”, “İrşad”, “Füyuzat” qəzetlərinin
nəşri milli ideologiyanın yaranmasına, dövlətçilik
təfəkkürünün və milli azadlıq
ideyasının formalaşmasına təkan verir.
Türkçülük
ideyaları milli burjuaziyanın, yaradıcı və siyasi
ziyalıların şüuruna hakim kəsilməyə
başlayır, bu dövrdə yaradılmış siyasi təşkilatların
əsas platformasına çevrilir. Bu ideyalar milli ideal xarakteri
kəsb etməklə milli hərəkata güclü təkan
verir.
Bu dövrün səciyyəvi
cəhəti ondan ibarətdir ki, Azərbaycan elitası milli
ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində
milli ərazi muxtariyyəti yaradılması uğrunda
mübarizə yolunu seçir. Tam azadlıq, milli və
dövlət müstəqilliyi uğrunda mübarizə 1918-ci
ilə qədər hələ siyasi təşkilatların
gündəlik işinə çevrilməmişdi.
Dünya tarixində bu dövr
dünya geosiyasətində tektonik dəyişikliklər,
Rusiya imperiyasının dağılması və müstəmləkə
xalqlarının müstəqil dövlət qurması
üçün şərait yaranması ilə əlamətdardır.
Məhz həmin illərdə ictimai fikrin
avanqardı rolunda çıxış edən yeni
ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd
bəy Ağayev, Əlibəy Hüseynzadə, Məmmədəmin
Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və
bır sıra başqaları Azərbaycan milli
ideyasının daşıyıcıları olmaqla milli
ideallar uğrunda mübarizəni demokratik dəyərlər və
prinsiplərlə birləşdirirdilər. Azərbaycan
milli ideyasının formalaşması tarixinin
dördüncü mərhələsi 1918-ci il mayın
axırlarında Tiflisdə, Milli Şuranın birinci
iclasında Azərbaycanın müstəqil dövlət elan
olunması haqqında qərar qəbul edildiyi vaxtdan 1920-ci il
aprelin sonuna qədər olan dövrü əhatə
edir.
Beləliklə, 1918-ci il 28 may
tarixi Azərbaycan milli ideyasının həyata keçməsinin
ilk rəmzi olmuşdur. Xalqın ən yaxşı
övladları bu ideyanın təntənəsi uğrunda
mübarizə aparmışlar. Gənc dövlətin baniləri
Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq
aləmdə tanınması uğrunda gərgin mübarizə
aparmalı olmuşlar. Lakin böyük dövlətlərin
maraqları, siyasi konyunktur bu məqsədə nail olmaq
üçün ciddi maneəyə çevrilmişdi.
Azərbaycan
Xalq Cümhuriyyəti elan ediləndən az sonra Müvəqqəti
Milli Şura ölkənin müvəqqəti paytaxtına - Gəncə
şəhərinə köçmüş və yalnız
sentyabrın ortalarında Bakı “Sentrokaspi diktaturası”
qoşunlarından azad ediləndən sonra hökumət fəal
dövlət quruculuğuna və ölkənin daxili həyatını
tənzimləməyə başlaya bilmişdi. Lakin vaxt əldən
verilmişdi. Təcili həll edilməsi tələb
olunan çoxlu problemlər yığılıb
qalmışdı, ixtisaslı milli kadrların olmaması isə
ölkənin səmərəli idarə edilməsini xeyli ləngidirdi.
Üstəlik, hökumətdə mövcud
qarışıqlıq, rəhbər vəzifələrin
proteksiya yolu ilə - “öz adamları” ilə və ya müxtəlif xarici siyasi qüvvələrin mənafelərinə
xidmət edən etibarsız kadrlarla komplektləşdirilməsi,
xarici dövlətlərin ölkənin daxili işlərinə
qarışması, dərin sosial-iqtisadi böhran və sair -
bütün bunlar, əlbəttə, dövlət hakimiyyətinin
möhkəmlənməsi işinə əsla xidmət
etmirdi.
Nəticədə
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti Sovet Rusiyasının təzyiqi altında
hakimiyyəti Azərbaycan bolşeviklərinə təhvil verməyə
məcbur oldu, onlar isə Azərbaycanda sovet hakimiyyəti elan
etməklə tamamilə bolşevik Rusiyasının tabeliyinə
keçdilər.
Beləliklə, əsas məqsədi
müstəqil demokratik dövlət yaratmaq olan Azərbaycan
milli ideyasını reallaşdırmağa yönəlmiş
ilk təcrübə uğursuz oldu.
Millətin
siyasi və sosiomədəni baxımdan dəyişməsi ilə
əlaqədar bütün təşəbbüslərin
ideoloji əsaslarının yaranmasını yuxarıda
göstərilən mərhələlərin əsas nailiyyətləri
hesab etmək olar. Özünüidentikasiyanın kollektiv formaları
- dini, etnik və sosiomədəni (sivil) formaları vahid milli, dövlət ideyası
şəklində kooperasiya edilmişdir. Beləliklə,
“millət”, “milli ləyaqət”, “dövlət” kimi əsas
anlayışların formalaşması və millətin gələcəyi
barədə ayrı-ayrı baxışların müzakirə
edilməsi üçün imkan yaranmışdı.
1920-ci il aprelin 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu dövlətin demokratik
xarakterini, Azərbaycan cəmiyyətinin siyasi təşkilini
dəyişmiş və Azərbaycan millət-dövlət
modelinin beynəlxalq miqyasda tanınmasına mənfi təsir
göstərmişdir.
Apreldən
sonrakı dövr
1920-ci ildən 1988-ci ilin əvvəlinə
qədər olan dövrdə kommunist ideologiyasının səyləri
sayəsində Azərbaycan xalqı sovet xalqının bir
hissəsi kimi təmsil olunmuş, rus dili millətlərarası
ünsiyyət dili elan edilmiş, milli maraqlar unudulmuşdur.
Sovet hakimiyyətinin ilk illərindən
başlamış repressiyalar milli təfəkkürün
bütün əlamətlərini məhv etmiş və Azərbaycan
xalqının milli özünüidentifikasiyası prosesini ləngitmişdir.
Sovet dövrü obyektiv əsasları olmayan və süni şəkildə
yaradılmış cəmiyyətin yeni
identifikasiyasının bərqərar olması ilə fərqlənirdi.
Milli siyasi təşkilatlar yaratmaq hüququnun
olmaması, eləcə də totalitar, inzibati-amirlik idarəçilik
sisteminin yaradılması nəticəsində sovet
dövrünün tələblərinə uyğunlaşdırılmış,
transformasiyaya məruz qalmış milli təfəkkür
modeli Azərbaycan gerçəkliyinə tətbiq edilirdi.
Proletar şüuru müddəasını irəli sürən
kommunist ideologiyası mahiyyət etibarilə milli mənlik
şüurunun təkamülünə mənfi təsir
göstərirdi, bu ideologiyada milli təfəkkürə yer
yox idi. Lakin hər halda, Kommunist
Partiyasının alternativsiz hakimiyyəti şəraitində
milli təfəkkürün və milli iqtisadiyyatın
inkişafı, mənəvi dirçəliş, əhalinin
rifahının və milli mənlik şüurunun artması
üçün baza olan təhsilin keyfiyyətini
yaxşılaşdırmağa yönəlmiş siyasəti
reallaşdıra biləcək bir dövlət xadiminin
siyasi səhnəyə gəlməsi tarixi zərurət idi.
1969-cu ildə Azərbaycan SSR-in
rəhbəri seçilmiş Heydər Əliyev məhz belə
bir dövlət xadimi olduğunu göstərdi: o, millətin
inkişafı problemlərini və milli mənafeləri həyatının
mənası hesab edirdi. Keçən əsrin 70-80-ci illərində
Azərbaycanda güclü iqtisadi baza yaradılması onun
aqrar-sənaye respublikası statusu əldə etməsinə
imkan vermişdi. Əsas güvənc yeri isə
respublikanın idarə olunmasında tamdəyərli
iştirak etməyə başlamış milli kadrlar idi. Gələcəyə istiqamətlənmiş kadr
potensialının formalaşması üçün tədbirlər
görülürdü. Yaradıcı ziyalılara, elm
adamlarına qayğıkeş münasibət millətin
yüksək elmi-texniki və mədəni potensialını əks
etdirən təşəbbüslərin yaranmasına və həyata
keçirilməsinə kömək edirdi.
Əlbəttə,
həmin dövrdə Azərbaycan cəmiyyətində ictimai
diskussiyaların milli ideyanın formalaşmasının davam
etdirilməsi istiqamətində aparıldığını
demək düzgün olmazdı. Lakin fakt budur ki, “milli maraqlar”
anlayışı Azərbaycan cəmiyyətinin qabaqcıl
hissəsinə və H.Ə.Əliyev başda olmaqla hakim
elitaya yabançı
anlayış deyildi. İttifaq dövləti
çərçivəsində real siyasətdə milli
maraqların ehtiyatla və ardıcıl olaraq
reallaşdırılması keçən əsrin 80-ci illərinin
axırlarında ölkədə milli hərəkatın
genişlənməsi üçün zəmin
hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyi
əldə edilməsi üçün baza
yaratmışdı.
Milli ideyanın
formalaşması prosesinin beşinci mərhələsini Azərbaycan
xalqının siyasi oyanışı, onun siyasi proseslərdə
fəal iştirakı dövrü kimi səciyyələndirmək
olar. Bu mərhələ 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində
başlanmış, 1990-cı ilin yanvarından sonra keyfiyyətcə
yeni hərəkata - milli azadlıq hərəkatına
çevrilmiş xalq hərəkatı ilə bağlıdır.
Azərbaycan cəmiyyəti çox qısa dövr ərzində
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın statusu
barədə mövqeyindən irəli gələn
güclü sarsıntılar yaşamışdır. Milli hərəkatda
liderlik iddiasında olan bir qrup adamın buna hazır
olmaması, habelə Dağlıq Qarabağda vəziyyətin
pisləşməsi 1990-cı il 20 Yanvar faciəsi ilə nəticələndi.
Həmin gün Mərkəz tərəfindən
xalq hərəkatına qarşı keçirilmiş
amansız cəza əməliyyatı nəticəsində 131
nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş,
onlarca insan itkin düşmüşdür.
Milli
ideyanın formalaşmasında altıncı mərhələni
milli şüurun inkişaf edərək Azərbaycan milləti
tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin
dərk edilməsi dövrü kimi səciyyələndirmək
olar. 1990-cı ilin yanvar hadisələri bu şüurun, bu
hisslərin
oyanmasına güclü təkan verdi. Bu mərhələ
1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər
olan dövrü əhatə edir.
Bu dövrün xüsusiyyəti
ondan ibarət idi ki, kollektiv özünüidentifikasiya
formalarından biri, məhz müstəsna
türkçülüklə eyniləşdirilən sosiomədəni
özünüidentifikasiya dövlət siyasətinin əsası
olmuşdur. Titul millətin
özünüidentifikasiya prosesində prioritet kimi müəyyən
edilmiş türk bazis komponenti milli ideyanın yeganə
forması kimi təklif edilmişdi və istər daxili, istərsə
də xarici siyasi fəaliyyətdə bütün sonrakı
addımlar yalnız bu amildən irəli gəlirdi. Səhv
milli siyasətin nəticələri tezliklə etnik komponentin
və separatçı əhval-ruhiyyənin kəskin ifadə
olunduğu müxtəlif milli qrupların nümayəndələrinin
üzdəniraq ictimai təşkilatlarının
yaranmasında özünü göstərdi. Hakimiyyətə
gəlmiş siyasi qruplar milləti birləşdirməyə,
cəmiyyətdə sabitliyi və asayişi bərpa etməyə
yönəlmiş fəaliyyət xəttini həyata
keçirə bilmədilər.
Oxlokratiyaya - kütlənin hakimiyyətinə doğru
yuvarlanma, dövlətçiliyin tənəzzülü,
ölkə ərazisinin bir hissəsinin işğal edilməsi,
qeyri-sabitlik və siyasi kataklizmlərlə səciyyəvi olan
bu dövrü respublikanın tarixində müstəqil
dövr kimi təsnif etmək çətindir. Azərbaycan
dövlətinin tam azadlıq və müstəqillik yoluna qədəm
qoyması üçün dövlətçilik iradəsi və
siyasi dəyişikliklər tələb olunurdu.
Milli
ideyanın formalaşması tarixinin yeddinci mərhələsi
1993-cü ilin yayından başlanır və 2003-cü ildə
həmin ideyanın gerçəkləşməsi ilə
başa çatır. İctimai-siyasi sabitliyin bərqərar
olması, ölkənin gələcək iqtisadi
artımının və siyasi inkişafının əsaslarının
yaradılması bu dövrün səciyyəvi cəhətləridir.
Bu illər ərzində milli
ideya milli müstəqillik - suveren dövlət formulunda qəti
inkişaf mərhələsinə çatmışdır.
Heydər Əliyevin siyasəti nəticəsində “millət”
anlayışının strukturuna
özünüidentifikasiyanın etnik, dini, sosiomədəni,
siyasi və bütün başqa kollektiv formaları daxil
edilmişdir. Azərbaycançılıq ideyası Azərbaycanda
yaşayan və onu özlərinin ümumi Vətəni hesab
edən bütün etnik qrupların ideyası kimi
çıxış etmişdir. Azərbaycanın polietnik təbiəti
bizim böyük sərvətimizə çevrilmişdir. Biz
müasir Azərbaycanı səciyyələndirən bu sərvətin
qədrini bilməliyik. Bu dövrdən etibarən milli
identifikasiyanın yeni forması daha geniş və yenilənmiş
formatda “azərbaycançılıq” ideologiyası ilə
eyniləşdirilir. Məhz həmin dövrdə Azərbaycan
millətinin dövlət müstəqilliyinin yaranması və
möhkəmlənməsi kontekstində milli ideyanın
formalaşması prosesi tam başa çatmışdır.
Qeyd etmək lazımdır ki,
2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil
dövlətin inkişafının və dünya ilə
münasibətlər qurulmasının keyfiyyətcə yeni
aspektləri ilə zənginləşir. Bu dövrdə
dövlətin inkişaf vektorları regional və qlobal
perimetrlərdə ölkənin yeni mövqeyini müəyyən
etmişdir. Dövlətin iqtisadi qüdrətinin
fəal artması nəticəsində ictimai şüur tədricən
elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar
şəkildə qarşılıqlı fəaliyyət
göstərir, inkişafın perspektivlərini və
prioritetlərini real hiss edir. İqtisadi və demokratik
tranzitin, dövlət həyatının bütün sahələrində
innovasiyalı inkişafa keçidin intensivləşdirilməsi
ideyaları getdikcə daha artıq dərəcədə rəqabətədavamlı
paradiqmaya yönələrək, hakim və ictimai-siyasi
elitanın şüurunda üstünlük təşkil edir.
Azərbaycan millətinin
formalaşması təcrübəsinin vahid, bütöv
sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün
etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin
qarşısında duran ən mühüm vəzifədir.
Biz milli prinsiplərin yeni komponentləri haqda, milli mədəniyyətin
kənar hücumlardan, daxili zəifləmə və
dağılmadan müdafiəçisi kimi vətəndaş
millətçiliyi haqda açıq danışmaqdan çəkinməməliyik.
- Milli ideyada azərbaycanlıların
etnogenezinin rolu nədən ibarətdir?
- Əvvəl ondan
başlayım ki, etnogenez sadəcə etnosun mənşəyi
deyildir. Bu, etnosun yaranmasından başlamış onun yox
olmasına və ya homeostaz (hərəkətsizlik) vəziyyətinə
keçməsinə qədər təşəkkülü
prosesidir. Elmdə müəyyən edilmişdir ki, müxtəlif
əcdadlardan yaranmayan etnos yoxdur. Burada düzxətli inkişaf
yoxdur.
Lev Qumilyovun fikrincə, etnogenez
biosferə xas təbii prosesdir. Hərdənbir yaranan bu proses
daimi fəaliyyətdə olan üç amil: 1) sosial-siyasi; 2)
texniki; 3) coğrafi amillə yanaşı, etnik tarixin komponentlərindən
biridir. Lakin
etnogenezin dinamikası dördüncü amil - passionar təkan
hesabına baş verir. Növdaxili forma yaranmasının bu lokal variantı
tarixi və landşaft amillərinin birləşməsi ilə
müəyyən edilir.
Bilmək vacibdir ki, etnogenez də statik təbii proses
olduğuna baxmayaraq, ləng gedir: passionar təkan anından
onun ətalətinin tam sükunət vəziyyətinə
çatmasına qədər min ildən artıq vaxt
keçir. Bizə belə gəlir ki, həyatımız
dövründə etnik sistemlə əlaqədar heç bir
mühüm hadisə baş vermir və biz etnosu sabit kəmiyyət
kimi qəbul edirik. Lakin bu, ciddi
yanılmadır.
Xalqların köçürülməsi,
işğalçı müharibələr, ekoloji proseslər
minilliklər boyu bəzi xalqların yox olmasının və
digərlərinin yaranmasının, qəbilə və
etnosların bir-birinə qarışmasının, dillərin
və mədəniyyətlərin transformasiyasının başlıca
səbəbləri olmuşdur. Bu tarixi proseslər zəngin etnik tarixə
malik olan Azərbaycan xalqından da yan keçməmişdir.
Əlverişli iqlim şəraiti sayəsində
Cənubi Qafqaz insanların qədim məskəni olmuşdur. Müasir Azərbaycanın ərazisində
çoxlu dövlətlər və etnoslar yaranmış və
yox olmuş, onların hər biri Azərbaycan tarixində
öz izini qoymuşdur.
Azərbaycan milləti Azərbaycan ərazisində
yaşayan bütün etnosların tarixi yolunun vəhdətini
əks etdirən qaynar qazan kimi formalaşmışdır. Burada güclü türk təməli
ilə yanaşı İran, ərəb
başlanğıcları, alban layı, digər qədim
etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii
şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların
milli identikliyinə xas cizgilər, komponentlər kəsb
etmişlər. Qətiyyətlə demək
olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın
ərazisində yaradılmış qədim dövlətlərin
varisidir. Azərbaycanlıların
damarlarında bizim bu qədim əcdadlarımızın da
qanı axır. Bu, reallıqdır. Bunu etiraf etməyi antropologiya - insanın mənşəyi
və təkamülü, irqlərin yaranması və
insanın fiziki quruluşunun normal variasiyaları haqqında
elm öyrədir.
Skeptiklərə məsləhət görərdim ki,
insanın təkamülünün müasir nəzəriyyəsi
ilə yaxından tanış olsunlar. Bəlkə onda onlar Azərbaycan xalqının
minilliklər boyu formalaşması prosesinin necə getdiyini
daha dərindən başa düşərlər.
Azərbaycan tarixi Azərbaycan
xalqının vahid etnogenez sisteminin təhlili və
formalaşması üçün zəngin material verir. Azərbaycan xalqının mənşəyinin
öyrənilməsi metodikası etnogenezin tərkib hissələri
olan üç komponentin kompleks şəklində nəzərə
alınmasına əsaslanır: antropogenez (xalqın bioloji mənşəyi),
qlottogenez (xalqın dilinin mənşəyi) və kulturogenez
(xalqın mədəniyyətinin mənşəyi). Beləliklə, azərbaycanlıların etnogenezi
antropologiya (genetika da daxil olmaqla), linqvistika, tarix və
arxeologiya elmləri vasitəsilə öyrənilir.
Çoxsaylı tədqiqatların nəticələri
bu diyarın qədim tarixinə nəzər salmağa imkan
verir. Tarix həmin ərazidə
bu gün haqlı olaraq azərbaycanlıların əcdadları
hesab edilən xalqların və qədim dövlətlərin
mövcud olmasını təsdiq edən çoxsaylı
sübutlar verir. Kuti və lulubeylərin qədim qəbilə
ittifaqları, Manna və Midiya, Atropaten və Qafqaz
Albaniyası dövlətlərinin birləşdirdiyi etnoslar,
Strabonun öz mənbələrində sadaladığı qəbilələr
tarixi Azərbaycan ərazisində müxtəlifdilli
çoxsaylı qəbilə və xalqların birgə
yaşamasını təsdiqləyən nümunələrdir.
Bütün bu xalqlar bizim etnik əcdadlarımızdır,
şüurumuzun tərkib hissəsidir.
Millətin yaranmasında passionar rol
oynamış türk elementi zaman keçdikcə ən
çoxsaylı element olmuşdur. Bu amilin sayəsində, eləcə də
qarşısıalınmaz daxili fəaliyyət istəyi nəticəsində
türk elementi etnosların Azərbaycan milləti şəklində
birləşməsindən ibarət uzun sürən prosesdə
üstünlük təşkil etmişdir. Bütün bunlar azərbaycanlıların etnik xəritəsində
nəzərəçarpacaq iz qoymuşdur. Millət haqqında bu cür anlayış
bütün müasir millət-dövlətlərin elmi
izahına tam müvafiqdir. Bu
anlayışa görə, müəyyən dövlətin
bütün vətəndaşları bir xalq, bir millət təşkil
edir.
Heç şübhəsiz, Azərbaycan
xalqı türkdilli xalqlar ailəsinə mənsubdur. Bu xalqların
formalaşmasında müxtəlif etnik elementlər iştirak
etmişdir. Məsələn, türkmənlərin, azərbaycanlıların
və türklərin dilləri çox yaxındır, lakin
bu xalqların hər biri XXI əsrə özlərinin qədim
əcdadları, xüsusən Oğuz tayfaları ilə
yanaşı, onların yaşadığı regionda məskunlaşan
müxtəlif etnik qrupların “çiyinlərində” gəlmişdir.
Biz onların təsirini, necə deyərlər, hər
addımda hiss edirik: söz tərkibində, ənənələrin
və mədəniyyətin elementlərində, məişətdə,
çox vaxt onların nümayəndələrinin zahiri
elementlərində və s.
Bu gün azərbaycanlılar minilliklər
boyu bu ərazidə mövcud olmuş bütün dövlətlərin
və orada məskunlaşmış xalqların obyektiv xələfləri
və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Etnik müxtəliflik Azərbaycan
xalqının zəngin sərvətidir. Bu
sərvəti qorumaq lazımdır. Azərbaycançılıq
ideologiyasının təməli olan güclü birləşdirici
başlanğıc hər bir vətəndaşın öz Vətəninə
görə keçmiş və gələcək nəsillər
qarşısında məsuliyyət
daşıyıcısı olması üçün əlverişli
şərait yaradır.
- Bu gün millət daha çox siyasi, yoxsa etnik məzmuna
malikdir?
- Hər bir tarixi dövr müəyyən
anlayışlar və kateqoriyalar aparatı ilə səciyyəvidir.
Son iki yüz ildə “millət”
anlayışı əsaslı dəyişikliklərə məruz
qalmışdır. XIX əsrdə Azərbaycanda
“millət” anlayışı müstəsna dini kontekstə
malik idi. Millət və ümmə tamamilə
eyniləşdirilirdi və millət anlayışı
insanların dini prinsip üzrə daha geniş mənada birləşməsi
demək idi. Milli təfəkkürün təkamülündən
sonra “millət” anlayışı dini tərkib hissə ilə
yanaşı, həm də tədricən prioritet xarakter
almış sosiomədəni tərkib hissəsini əhatə
etmişdir. Millətin etnik məzmunu
yaranmış və bu, XX əsrin əvvəlində milli
azadlıq hərəkatının proqramına daxil
edilmişdi.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
yaradılarkən “millət” anlayışının siyasi məzmun
kəsb etməsi reallıq idi, o vaxt hakim siyasi qüvvə
milli, dini və sinfi mənsubiyyətindən asılı
olmayaraq bütün sosial qruplara ümumi dövlətin
problemlərinin həllində iştirak etmək imkanı
vermişdi. Sovet dövrü Azərbaycanın
tarixində etniklikdən uzaqlaşma və “sovet vətəndaşı”
deyilən süni millətə keçid ilə əlamətdar
olmuşdur. Bu terminə sırf siyasi məna
vermək cəhdi uğursuz oldu.
1991-ci ildə Azərbaycanın müstəqillik
əldə etməsi nəticəsində “biz kimik?”
mövzusunda müzakirələr yenidən geniş miqyas
aldı. Kollektiv
identifikasiya formalarından biri olan etnik identifikasiya prioritet əhəmiyyət
qazanırdı. Yetmiş il ərzində
etnikliyin təkzib edilməsinə cavab olaraq bu komponent qısa
müddətdə güclü təkan almış və
ifrat dərəcəyə çatmışdır.
Lakin respublikada yaşayan millətlərin
heç də hamısı türk etnikliyinin
daşıyıcıları deyildi. Buna görə də identifikasiyanın bu
formasının qətiyyətli seçimi cəmiyyətin
bütövlüyünə mənfi təsir göstərirdi.
Azərbaycanlıların etnik və dini
identifikasiyası mövzusunda debatlarda
türkçülüyə üstünlük verilməsi cəmiyyətin
sabitliyini zəiflədir, onu etnik əlamət üzrə
parçalanmaya doğru sürükləyirdi. Yalnız Azərbaycançılığı vətəndaşlığın
dövlət formasının etniklik üzərində
prioriteti kimi seçmiş Heydər Əliyevin bu prosesə
vaxtında müdaxilə etməsi problemin kəskinliyini aradan
qaldırdı. Eyni zamanda, dövlətin
adı ilə eyniləşdirilmiş millətin adı qorunub
saxlandı.
Müstəqil Azərbaycan dövlətçiliyinin
formalaşmasının bu dövrünü Fransada milli
ideyanın formalaşması dövrü ilə müqayisə
etmək olar. 1789-cu il Fransa inqilabı dövründə mərkəzsizləşmə
tərəfdarları bir müddət əyalətlərdə
populyarlaşdığı vaxtda Yakobinçilərin qələbəsi
sayəsində Fransada milli birlik qorunub saxlanmış və
bu aspekt Fransa milli ideyasının əsasını təşkil
etmişdi. O vaxtdan “milli” anlayışı yeni kontekstdə
istifadə edilməyə başlandı. Parlamentin
adı dəyişdirilərək Milli Assambleya
adlandırıldı və o, millətin adından həyata
keçirilən suverenliyi təcəssüm etməyə
başladı. Millət anlayışına yeni
yanaşma: birgə yaşamaq əzmi və bunun nəticəsi
kimi millətin və dövlətin vəhdəti və
bölünməzliyi yaranmışdı. Dünya Azərbaycanlılarının
I qurultayında Heydər Əliyev bu barədə demişdir:
“Azərbaycançılıq öz milli mənsubiyyətini
qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub
saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir”.
Bu gün Azərbaycan müsbət təcrübəni
uğurla tətbiq edir. Təsadüfi deyildir ki, “kim özünü azərbaycanlı
hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə
azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm
də etnik bağlılığı olmadığı halda
bu ölkənin vətəndaşları olanlar
üçün aktualdır. Son illərdə
Azərbaycan bütün azərbaycanlıların Vətəninə
çevrilmiş və universal dəyərlərin
daşıyıcısı statusu qazanmışdır.
- Ermənilər bizim qonşularımızdır. Ermənistanda
bəzi şəxslər isə bəyan edirlər ki, erməni
xalqı səkkiz min il bundan əvvəl
yaranmışdır. Buradan belə
çıxır ki, onlar bu yerlərin əzəli sakinləridir.
Belə bəyanatlar elmə nə dərəcədə
uyğundur?
- Bu bəyanatların elmlə heç bir əlaqəsi
yoxdur. İnsan nə istəsə uydura bilər.
Lakin məsələ ondadır ki, bəzi
yalançı erməni alimləri tarix elmini əyləncə
mövzusuna çevirmişlər. Məsələn,
ermənilərin qədimdə yarandıqları vaxtdan bəri
tarixlərində heç bir fasilə olmayan yeganə millət
olması barədə bəyanat nəyə desən dəyər.
Əlbəttə, bu, absurddur. Belə bəyanatlar mövcud elmi sxemlərlə
uzlaşmır, çünki onlar etnogenez prinsiplərinə
ziddir.
Ermənilərin öz tarixləri ilə
fəal manipulyasiya etmələri onların işidir. Lakin onlar bununla sakitləşmir,
ona görə də qonşu xalqların, o cümlədən
guya XX əsrin əvvəlində süni şəkildə
yaradılmış Azərbaycan xalqının tarixini hər
vasitə ilə təhrif etməyə
çalışırlar.
Biz Ermənistanın bəzi dairələri və rəhbərləri
tərəfindən guya Azərbaycanda ayrı-ayrı etnik
qrupların narazılığı, hətta separatçı
əhval-ruhiyyəli şəxslər üçün məqsədi
Azərbaycan cəmiyyətinin bütövlüyünü
şübhə altına almaq olan “konfranslar” təşkil
edilməsi barədə təhrikçi şayiələr
yayılmasının tez-tez şahidi oluruq.
Məqsədi Azərbaycan xalqına ləkə
yaxmaq olan belə iftiralar müəyyən xəstəliyin nəticəsidir. Onların düşmənçilik
hərəkətləri Ermənistandakı bəzi qüvvələrin
şüur və davranış pozulması ilə
bağlı olan xəstəlik əlamətlərinin vəhdətindən
yaranan etnospesifik sindroma nə dərəcədə dərindən
yoluxmasını göstərir. Böyüklük
barədə müntəzəm sayıqlamalarla səciyyələnən
parafren sindromu da nəzərə alınarsa, erməni cəmiyyətində
bəzi dairələrin pozuculuq fəaliyyətinin nə ilə
şərtləndiyini anlamaq çətin deyildir.
Əlbəttə, müxtəlif etnik
qrupların vahid dövlətdə dinc şəraitdə necə
yaşaması, bir-birinin kədər və sevincini necə
bölüşməsini başa düşmək onlar
üçün çətindir. Ermənilər özlərinin süni
dövlətçiliyini tarixi Azərbaycan ərazilərində
qurmuş, təkmillətli ölkə yaratmışlar.
Milli dövlətin qurulmasında etnikliyə
arxaik bağlılıq ermənilərin hələ milli
quruculuğun siyasi xarakterini dərk etmək yolunda
olduqlarını göstərir. Milli
dövlətçiliyin dərk edilməsində onlar hələ
də XX əsrin əvvəllərindəki şəraitdə
ilişib qalmışlar. Erməni cəmiyyəti
müstəqil inkişafı və qonşularla dinc
yanaşı yaşamağı nəzərdə tutan keyfiyyətcə
yeni formul işləyib hazırlamaq iqtidarında deyildir.
Öz dövlətinin regiondakı roluna
destruktiv yanaşma nəinki Ermənistanın
inkişafını ləngidir, xalqları inkişafın
keyfiyyətcə digər mərhələsinə
adlamış Cənubi Qafqazın problemlərinin həllinə
də mənfi təsir göstərir.
Ermənilərin belə
davranışı erməni xalqının bu əraziyə genetik
bağlılığının olmaması ilə izah edilir. Ermənilərin tarixinə
aid arxeoloji məlumatların azlığı səbəbindən
bu xalqın etnogenezinin öyrənilməsinin özəyini
linqvistik və antropoloji məlumatlar təşkil edir. Əlbəttə, hər bir xalq kimi, ermənilərin
də tarixi vardır. Lakin ermənilərin
tarixi kimi qələmə verilənlər arxeoloji tədqiqatlara,
yaxud qədim abidələrə əsaslanmır. Tədqiqatçılara antik və ya daha erkən
dövrlərin elə məxəzləri məlum deyildir ki,
orada ermənilər öz tarixləri haqqında nə isə
demiş olsunlar. Eramızın V əsrində
erməni əlifbası yaranana qədər erməni
yazısı haqqında mötəbər məlumat yoxdur.
Alimlərə məlum olan ilk erməni mətnləri
V əsrə aiddir. I əsrdən əvvəl
erməni şəhər mədəniyyətinin və ya
fundamental tikililərin arxeoloji izləri nə Şərqi
Türkiyənin ərazisində, nə də
axtarışların xüsusi diqqətlə
aparıldığı müasir Ermənistanın ərazisində
aşkar edilmişdir.
Arminlərin yaşadığı Arminiya ölkəsinin
adına ilk dəfə İran şahı
I Daranın (təxminən e.ə. 522-488-ci illər) kitabələrində
rast gəlinir. Müasir İran şəhəri Həmədanın
yaxınlığında paralel olaraq akkad, qədim fars və
elam dillərində həkk edilmiş Nəqşi-Rüstəm
və Bisütun kitabələrində qədim fars
sözü Armina və elam sözü Har-mi-nu-ia qədim fars
və elam mətnlərinin o yerlərində ortaya
çıxır ki, akkad mətnində həmin yerdə
U-ra-as-tu, yəni Urartu yazılmışdır. Şah I Dara təslim edilmiş 25 xalqın
adını çəkir və onun tabeliyində olan
torpaqların ölçülərini göstərir. Bu siyahıda haylar haqqında bir kəlmə də
yoxdur, lakin bugünkü ermənilərə aidiyyəti
olmayan Arminiya coğrafi vilayəti vardır.
Ermənilər antropoloji baxımdan avropoid
irqinin armenoid (Ön Asiya) tipinə aiddirlər. Bu tipin səciyyəvi cizgilərinə
əsasən bütün Ön Asiya əhalisində rast gəlinir.
Ön Asiya tipi neolit dövründə e.ə.
IV minillikdən gec olmayaraq formalaşmışdır.
Eyni zamanda, müasir ermənilər
antropoloji yekcinsliklə seçilmirlər. Bu da mürəkkəb
etnogenez prosesi ilə bağlıdır (erməni etnosuna daxil
olmuş etnik elementlərin müxtəlif miqrasiyaları nəticəsində).
Ermənistan ərazisində qədim qəbiristanlıqlardan
tapılmış kəllələr baş göstəricilərinə
görə müasir ermənilərin baş göstəricilərindən
kəskin fərqlənir. Öz irsi fiziki əlamətlərinə görə isə
ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçılarda
heyrət doğurur: bir xalqda bu qədər antropoloji fərq ola bilməz. Doğrudan da, bu, yalnız ermənilərin
tərkibində assimilyasiyaya uğramış və mənşəyi
ilə fərqlənən xeyli etnik qrupun mövcudluğu nəticəsində
mümkün ola bilər. Ermənilərin
etnogenezini öyrənən tədqiqatçılar bilirlər
ki, onların tərkibində assimilyasiyaya uğramış
qaraçıların müəyyən təbəqəsi
vardır. Ola bilsin, bu səbəbdən
ermənilər daimi yaşayış yerinə bağlı
deyillər. Bu gün onların nümayəndəsinə
yalnız Amazonka cəngəlliklərində rast gəlməzsən.
Ermənilərin etnogenezinin tədqiqi deməyə ciddi əsas
verir ki, ermənilər - xalqların konqlomeratıdır,
onların dili isə kombinasiyadır, kimmerlər tərəfindən
Balkanlardan Kiçik Asiya ərazilərinə, Dəclə və
Fərat çaylarının (yunanlar buranı Mesopotamiya
adlandırırlar) yuxarılarına
sıxışdırılmış muşk tayfalarının
dili ilə yerli xalqların - akkadların, hettlərin,
luviyalıların, urartların, aysorların,
midiyalıların, farsların, parfiyalıların, türklərin
və s. dillərinin birləşməsidir. Eramızdan əvvəl
IX-VII əsrlərdə Mesopotamiya Assuriyanın tərkibinə,
e.ə. VII-VI əsrlərdə Yeni Babilistan
şahlığının, e.ə. VI-IV əsrlərdə Əhəmənilər
dövlətinin, e.ə. IV əsrdə Makedoniyalı İsgəndərin
imperiyasının, e.ə. IV-II əsrlərdə Selevkilər
dövlətinin tərkibinə daxil idi. Bundan
sonra Parfiya dövləti, Ərəb xilafəti, Səfəvilər
dövləti, Osmanlı imperiyası gəlir, nəhayət
Birinci dünya müharibəsindən sonra Mesopotamiya qismən
İraqın, Suriyanın və Türkiyənin tərkibinə
daxil olur. Beləliklə hayların əcdadlarının
- adətən adlandırıldıqları kimi ermənilərin
yox, muşkların bu regionda heç vaxt öz dövləti
olmamışdır.
Bütün bunlar deməyə əsas
verir ki, bu xalqın tarixində heç bir unikallıq yoxdur. Ermənilərin etnogenezi bu
və ya digər xalqın mənşəyini elmi cəhətdən
izah edən ümumi qanunauyğunluqlara tabedir. O başqa
məsələdir ki, uzun əsrlər boyu erməni-qriqorian
kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər
süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib
ki, hətta mütəxəssislər də nəyin həqiqət,
nəyin yalan olmasını çox zaman dəqiq seçə
bilmirlər. Əgər ermənilər barədə
müxtəlif ensiklopedik məqalələri tutuşdursaq,
bütün bunları üzə çıxarmaq çətin
deyildir.
Məsələn, erməni alimləri
sübut etməyə çalışırlar ki, onların mənşəyi
Türkiyə və Cənubi Qafqazdır. Onlar iddia edirlər ki, Urartu
qədim erməni dövlətidir. Əfsus
ki, bəzi Qərb tədqiqatçıları da real tarixi
faktlara müraciət etməyə ərinib bu mifə uyurlar.
Ancaq elmə məlumdur ki, Urartu e.ə
IX-VI əsrlərə aid qədim dövlətdir. O, Ermənistan yaylasının coğrafi ərazisində
yerləşirdi və Cənubi Qafqazın XX əsrin əvvəlində
süni surətdə yaradılmış Ermənistan dövlətinə
ayrılan zonasını qismən əhatə edirdi. Urartu dövləti Assuriya ilə uzunmüddətli
müharibələr aparmış, lakin e.ə. VI əsrdə
azərbaycanlıların qədim əcdadlarından biri -
midiyalılar tərəfindən istila edilmişdi. Urartların və Urartu dövlətinin dili hald və
biayn dilləri idi, onlar hurrit dili ilə birlikdə hurri-urart
dilləri ailəsinə mənsubdur. Onların
dili e.ə IX-VI əsrlərə aid mixi yazılarından məlumdur.
Gördüyümüz kimi, onun erməni dilinə
heç bir aidiyyəti yoxdur.
Hayların əcdadları muşk tayfaları kimmerlər
tərəfindən Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib
çıxmış və az sonra o
dövrdə tənəzzülə uğramış Urartu
dövlətinin ərazisində peyda olmuşlar. Muşklar burada yurd saldıqdan sonra yerli əhaliyə
qatışmışlar. E.ə VII əsrdən başlayaraq
min il ərzində yerli xalqların və bura gələn yeni
etnik qrupların qatışması, habelə assimilyasiya
prosesləri nəticəsində Kiçik Asiyanın lokal ərazisində
e.ə. III əsrdə özünə “hay” etnonimi
götürmüş yeni etnos formalaşmağa
başladı. Lakin yunanlar onlara yerləşdikləri
Arminiya coğrafi ərazisinə uyğun ad verdilər - “ermənilər”.
Beləcə xalqın özü-özünə
verdiyi ikinci ad - “ermənilər” yarandı.
Mənim yeni tədqiqatımda ermənilərin
etnogenezinə böyük yer ayrılmışdır,
çünki bu məsələ bu xalqın davranış məntiqinin
dərk edilməsində başlıca məsələdir. Tarixən ermənilər
güclü dövlətlərin əlində alət
olmağa və ya iri dünya dövlətlərinin mübarizəsində
istifadə olunmağa asanlıqla razılaşmışlar.
Bu, Parfiya və Roma imperiyalarının
hökmranlığı dövründə belə olmuş,
Qafqaz Albaniyasının mövcudluğu və ərəb
istilaçılarına qarşı mübarizəsi
vaxtı, Orta əsrlərdə ərəb-bizans müharibələri
və ya türk-bizans qarşıdurmaları zamanı, həmçinin
XX əsrin əvvəllərində - Birinci dünya
müharibəsi dövründə ermənilər onlara
sığınacaq vermiş Osmanlı Türkiyəsinin tərkibində
“beşinci dəstə” qismində çıxış etdikləri
zaman davam etmişdir. Bu gün Ermənistan Cənubi
Qafqazda “forpost” rolunu oynayır.
Qeyd etmək lazımdır ki, erməni
xalqının etnopsixoloji xəritəsində opportunizm
prioritet təşkil edir. Ermənilər bütün imkanlardan
istifadə edərək, hətta bütün insani və
humanist prinsipləri ayaqlayaraq öz məqsədlərinə
nail olmağa çalışırlar. Lakin
məqsədlərinə çatdıqdan sonra nə edəcəklərini
bilmirlər, hərəkətlərinin
ardıcıllığını təmin etməyi
bacarmırlar. İki min ildən çox əvvəl
- Tiqranın vaxtında belə olmuşdur. Tiqranın dövləti 40 ildən bir qədər
çox - Roma ilə Parfiya özünə gələnə qədər
mövcud olmuşdur. Bu gün də belədir,
SSRİ dağılandan sonra yaradılmış müstəqil
Ermənistan pozuculuq yolu seçdiyinə görə əhalisi
onu tərk edir, o, humanitar fəlakətin astanasında olan, ələbaxım
dövlətə çevrilir.
Erməni cəmiyyətini birləşdirən təbəqələr
yalnız Türkiyənin qondarma “1915-ci il soyqırımı”nı tanımasının zəruriliyi barədə
tarixi iftiralara və xülya olan “miasum” ideyasına əsaslanır.
Fikir verin, təcavüzə əsaslanan bu
ideyaların heç birinin obyektiv tarixi səbəbi, gələcəklə,
perspektivlə heç bir ümumi cəhəti yoxdur. Ermənistanda hakim rejimin əsas ideoloji konseptinə
- faşizm və nasizmə yaxın olan etnodin və etnikliyin
üstün tutulması konseptlərini əsas götürən
njdeizmə nəzər salmaq ermənilərin bu siyasi-ideoloji
konseptlə sivil cəmiyyətdən təcrid olunmaqdan
savayı heç nə əldə edə bilməyəcəklərini
başa düşmək üçün kifayətdir.
- Siz Azərbaycançılıq ideoloji
konsepsiyasının təşəkkülündə şəxsiyyətin
rolunu necə səciyyələndirərdiniz?
- Millət quruculuğa, çox vaxt isə dəyişik
yenilənməyə yönəlmiş iradədir. Milləti formalaşdıran birgə həyata istiqamətlənmiş
vahid iradədir. Lakin ideya ilə yüklənməmiş
millət məhvə məhkumdur. İdeyasız
heç nə yaranmır. Nəyisə
yaratmaq üçün ideya lazımdır. Millətin mənası da bundan ibarətdir. Lakin güclü xarakterli və yüksək
intellektli şəxsiyyətlər, ideya və quruculuq əzmi
lazımdır. Şəxsiyyətlər
olmadan millət yaranmır. Etnosun əsl
konstruktorları məhz onlardır.
Azərbaycan xalqının milli
ideyasının təkamülü prosesində ideoloji
konsepsiyanın son versiyasının formalaşmasına öz
töhfəsini verən parlaq şəxsiyyətlər
olmuşdur. XIX əsrin ortalarından ictimai-siyasi mühit siyasi
arenaya proseslərin sükanını əlində saxlayan
şəxsiyyətlər irəli sürdü. Həmin proseslərin nəticəsi Azərbaycan Xalq
Cümhuriyyətinin elan edilməsi oldu. Bu
insanların öz xalqına sadiqliyi, milli maraqlar
üçün canlarından keçməyə hazır
olmaları onların gördükləri böyük işlərin
mahiyyətini dərk etmələrinin əsl nümunəsidir.
Azərbaycan tarixində fəaliyyətləri
ilə dərin izlər buraxmış, Azərbaycan
xalqının taleyini dəyişmiş şəxsiyyətlər
olmuşdur. Həyatında Azərbaycanda iki dəfə hakimiyyətə
gələn, ölkəni böhran vəziyyətindən
çıxaran və milli inkişafın əsas prinsiplərini
müəyyən edən Heydər Əliyev də belə
şəxsiyyətdir.
Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin -
azərbaycançılıq, Azərbaycanda yaşayan
bütün millətlərin nümayəndələrinin bərabərliyi
və əməkdaşlığı, milli həmrəylik,
milli mənəvi dəyərlərin qorunması, ümumi
tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən
asılı olmayaraq hər bir azərbaycanlıya
özünü hamı üçün ümumi evin
qurulmasına səfərbər edilmiş müstəqil insan
kimi hiss etmək imkanı verəcəkdir. Heydər
Əliyev başa düşürdü ki, tarix statik fenomen
deyil, o, dəyişir, yeni hadisələrlə zənginləşir.
Vaxt gələcək, Azərbaycan
xalqının sabahkı günə inamı artacaq, odur ki, gələcəyə
baxmaq, tarixin lokomotivindən geri qalmamaq haqda düşünmək
lazımdır.
Əvvəlki əsərlərimin birində
mən Heydər Əliyev və Almaniya kansleri Konrad Adenauer
arasında analogiya aparmışdım. Millətlərinin və
dövlətlərinin tarixində dərin izlər qoymuş,
uzun illər üçün inkişaf strategiyası
yaratmış hər iki şəxsiyyət məqsədə
nail olmaq naminə sarsılmaz mətinlik və cəsarət
nümayiş etdirən dahi dövlət xadiminin mücəssəməsidir.
“Yeni Almaniya” yaradarkən Konrad Adenauer
müharibədən təzəcə çıxmış,
iki dövlətə parçalanmış və sabaha
inamını tamamilə itirmiş almanlar üçün
yeni milli ideya formalaşdırdı. Heydər Əliyev 1969-cu ildən
başlayaraq azərbaycanlılarda özünə inam hissi
formalaşdırır, milli maraqların müdafiə
olunmasının mümkünlüyünü təsdiq edir,
azərbaycanlıları milli inkişaf naminə birləşdirirdi.
Konrad Adenauerin qarşısında müharibənin külə
döndərdiyi, bir vaxtlar “Avropa konserti”ni
formalaşdıran Bismark və Höte Almaniyasını bərpa
etmək vəzifəsi dururdu.
Geridə qalmış Azərbaycanı 13 il
ərzində transformasiya edib SSRİ tərkibində
özünü təmin edən respublika səviyyəsinə
qaldıran Heydər Əliyevi on ildən sonra geri
qayıdıb artıq müstəqil ölkənin yeni
uğurları və nailiyyətləri naminə bir daha
dövlət sükanı arxasında dayanmaq gözləyirdi.
Onların hər ikisi ilk addımlarını
totalitar sistemlərdə atmış, quruculuq fəaliyyətlərini
isə milli kredo və dövlətin inkişaf perspektivlərini
formalaşdırıb müstəqil dövlətçilik
şəraitində davam etdirmişlər. 1969-cu ilə qədər milli dilin dövlət dili
kimi işlədilməsinə qadağadan tutmuş minlərlə
kvadratkilometr ərazilərin itirilməsi təhlükəsinə
qədər Azərbaycanın üzləşdiyi problemləri
təhlil edərkən Heydər Əliyevin respublikanı
hansı şəraitdə qaldırması və azərbaycanlılarda
özünə inam hissini bərqərar etməsi aydın
olur.
- Azərbaycan sabit dövlətdir. İyirmi
illik müstəqilliyin nəticələri göstərir ki,
dövlət ayaq üstə möhkəm dayanmışdır
və gələcəyə baxır. Sizin fikrinizcə,
müasir mərhələdə milli ideyanın
inkişafı üçün hansı şərtlər əsasdır?
- Heç bir şübhə yoxdur ki, XXI əsrdə
iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin
müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə
aparan yol demokratik prinsip və normaların sosial və siyasi
praktikaya tətbiqindən keçir. Cəmiyyətin
demokratikləşməsi millətin intellektual
potensialının həyata keçməsinə real imkanlar
yaradır, qarşıdan gələn yeni sivilizasiyaya
yaxınlaşmaq üçün meydan açır. Ancaq demokratikləşmənin özü də milli
ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə
alınmasa uğursuzluğa məhkumdur. Milli
ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə
tam dolğun xidmət etməsi üçün o,
demokratiyanı “kəməndinə salmalıdır”, cəmiyyəti
innovasiyalı modernləşməyə istiqamətləndirməlidir.
İnsanların şüuruna hakim kəsilən milli ideya millətin
konkret fundamental məqsəd və vəzifələrinə
nail olmaqda reallaşmalıdır. Buna görə
də müasir şəraitdə demokratiya Azərbaycan milli
ideyasının ən mühüm komponentinə çevrilir.
Bu gün respublikanın elmi dairələrində
modernləşmə planlarının həyata keçirilməsinin
konseptual layihələri fəal müzakirə olunur,
müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun
sosial strukturu və cəmiyyətimizin həyatında baş
verən dəyişikliklərin dinamikası nəzərə
alınmaqla transformasiya prosesləri tədqiq edilir. Sosiumun sosial quruluşunun
vacib elementi, demokratiyanın tərkib hissəsi sayılan
formalaşmaqda olan vətəndaş cəmiyyətinə
xüsusi diqqət yetirilir. Azərbaycan
üçün vətəndaş cəmiyyəti elə bir
sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar
dinc yanaşı yaşayır, özlərini ölkənin
siyasi və iqtisadi inkişafında, bütün millətlərin
nümayəndələrinin birgə yaşayış
atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində
dərin marağı olan bərabərhüquqlu vətəndaşları
kimi hiss edirlər. Beləliklə,
müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin
maraqları xaricində reallaşdırılmasının
perspektivi yoxdur.
Müasir mili ideyanı zənginləşdirən
odur ki, vətəndaş özünü dövlətin bir
hissəsi hiss edir, özündə dəyişikliklər
üçün qüvvə görür, güclü
dövlətin və güclü, iradəli liderin
varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət
həyata keçirir ki, orada milli ideya özündə həm
siyasi məkanın demokratikləşməsini, mütərəqqi
və hərtərəfli iqtisadi inkişafı, dünya
birliyinə inteqrasiyanı, həm də milli ruhu və
özünəməxsusluğu qoruyub saxlamağı ehtiva
edir. Qloballaşma şəraitində bu,
olduqca vacib amildir. Hələ 2004-cü ildə
Prezident qeyd edirdi ki, “iqtisadi artım və cəmiyyətin demokratikləşdirilməsi
siyasətimizin əsas elementləridir, bunların biri olmadan
digəri mümkün deyildir. İqtisadi cəhətdən
güclü olmaq olar, lakin əgər demokratiya, şəffaflıq
yoxdursa, insan hüquqları qorunmursa, uğur gözləməyə
dəyməz”.
Bizim əsrimizdə gənc dövlətin
yaradılması və inkişafı olduqca çətin məsələdir. Yalnız öz qüvvə
və resurslarına arxalanaraq müstəqil daxili və xarici
siyasət yürütmək isə müstəsna çətin
məsələdir. Bu məsələnin həllinə
nail olan dövlət rəhbəri həqiqətən milli
liderdir. Prezident İlham Əliyev müstəqilliyimizin
iyirminci ilində ölkəyə uğurla rəhbərlik
edir və dövləti yeni üfüqlərə,
inkişafın keyfiyyətcə yeni səviyyəsinə
keçməyə doğru aparır. Ölkə
tarazlı və ardıcıl siyasət sayəsində həm
mədəni, həm də siyasi kontekstdə dünyada getdikcə
daha çox uğurlar qazanır. 2011-ci il
Azərbaycan ili olmuşdur - Avropanın ən böyük mədəniyyət
yarışmasında qələbə və BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü statusunun
qazanılması - bütün bunlar ağıllı,
düşünülmüş siyasətin nəticəsidir. Eyni zamanda, bu faktların özü dünya birliyi tərəfindən
Azərbaycanın beynəlxalq problemlərin həllinə təsir
göstərmək iqtidarında olan dövlət kimi
tanınmasının göstəriciləridir. Bu, həmçinin ölkəmizin beynəlxalq
nüfuzunun etiraf edilməsidir. Şübhəsiz
ki, bütün bunlar azərbaycanlıların kollektiv
şüurunda Vətəni ilə bağlı qürur hissi
doğurur.
Səs.-
2011.- 22 noyabr.- S. 2-5.