Hüquqi
dövlət və milli təhlükəsizlik
Milli təhlükəsizlik
hüquqi dövlətin əsas və mühüm əlamətidir. Milli
təhlükəsizliyin aspektləri
aşağıdakılardır: Hərbi sahədə: nüvə
müharibələrindən əl çəkmək; kosmosun hərbisizləşdirilməsi; nüvə
və kimyəvi silahların məhvi; adi
silahların ixtisarı; hərbi xərclərin
azaldılması. Siyasi sahədə: hər
bir xalqın azad
inkişafı; münaqişələrin ədalətli həlli;
ölkələr arasında qarşılıqlı hörmət
və etimadın yaranması. İqtisadi
sahədə: hər hansı bir
formanın qəbulunun diskriminasiyasından əl çəkilməsi;
yeni iqtisadi
qaydaların qurulması. Ekoloji sahədə:
ətraf mühitin çirklənməsinə
qarşı səylərin birləşdirilməsi; yeni iqtisadi qaydaların
qurulması; ekoloji cəhətdən təmiz
texnologiya və istehsalın tətbiqi; planetin ozon qatının qorunub saxlanması.
Humanitar sahədə:
elm, tibb, incəsənət,
təhsil və mədəniyyət sahələrində beynəlxalq
əməkdaşlığın inkişafı; insanların siyasi və digər hüquqlarının
saxlanılması, ideoloji təhlükəsizliyin
təmin edilməsi.
Milli təhlükəsizlik
mürəkkəb bir anlayışdır.
O, ümumiyyətlə, təhlükəsizlikdən fərqlidir.
Milli təhlükəsizlik milli müstəqilliklə başlayır və
milli maraqlara söykənir.
Milli təhlükəsizliyin
bir sıra aspektləri vardır: siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik,
iqtisadi təhlükəsizlik, informasiya təhlükəsizliyi, ideoloji təhlükəsizlik və s. Ölkənin milli təhlükəsizliyi
bütövlükdə millətin milli
istiqlaliyyəti və suverenliyi ilə bağlıdır.
Milli təhlükəsizliyin
qarşısında duran başlıca vəzifələr
bunlardır: a) ölkədə mövcud konstitusiya quruluşunun saxlanılması; b) sosial-siyasi sabitliyin saxlanılması; v)
daxildən və xaricdən ola biləcək
təhlükənin güc tətbiqi yolu ilə aradan
qaldırılması; q) ölkənin
iqtisadi qüdrətinin
artırılması; d) konstruktiv
daxili və xarici siyasətin
yeridilməsi; e) demokratik
dəyərlərin qorunması; c) siyasi məqsədlərin həyata
keçirilməsi naminə dinc və qeyri-dinc
vasitələrdən istifadə edə
bilmək; z) qloballaşma
prosesinin genişləndirilməsi və
sivilizasiyalararası dialoqun
aparılması və s. Milli təhlükəsizliklə
millətin ideyası bir məqsəd rolunu oynayır. Ölkə daxilindəki milli və konfessional
azlığa göstərilən tolerantlıqla milli və millətlərarası münasibətlərin
uzlaşdırılması milli təhlükəsizliyi
şərtləndirən amillərdəndir.
Qloballaşdırmaya olan meyil
milli-azadlıq hərəkatı uğrunda
gedən mübarizəyə yeni çalarlar vermiş, milli-etnik proseslərin yeni
balansını meydana
çıxarmışdır.
Bütün millətlərin, milli dövlətlərin təhlükəsizliyi,
mühüm və önəmli problemlərdən
biridir. Milli təhlükəsizlik
təcrübəsi dünyanın bir çox ölkələrində meydana gəlmişdir. ABŞ-da
Milli Təhlükəsizlik
Şurasının qəbul etdiyi qərarların
xüsusi təsir gücü
vardır. Bu şura
ilə ABŞ-ın ən məşhur alimləri əməkdaşlıq
edirlər.
İ.Məmmədzadə
milli təhlükəsizliyin tədqiqinin
aspektlərindən danışarkən, cəmiyyətdə elə
əxlaqi-ideoloji səviyyənin vəhdətinin zəruriliyini
göstərir ki, o, “bir tərəfdən milli
dövlət yaratmağa, digər tərəfdən
dünya reallığını dərk
etməyə xarici və daxili parametrləri dərklə əlaqələndirməyə,
daha doğrusu, milli-ideoloji təhlükəsizliyin təcrübəsinə
təsir edən nəzəriyyəni inkişaf
etdirməyə qabil olan milli-ideoloji təhlükəsizlik haqqında elmin səviyyəsinə imkan
yaratsın”.
Azərbaycanda
dövlətçiliyin möhkəmləndirildiyi, vahid milli dövlət
ideologiyasının inkişaf etdirildiyi, respublikanın ərazi bütövlüyü və milli-ideoloji
təhlükəsizliyin qorunmasına zərurət
yarandığı bir şəraitdə
cəmiyyətin əxlaqi-ideoloji vəhdətinin zəruriliyi ön plana çəkilir.
Milli
təhlükəsizlik təcrübəsinin dövlət nəzarəti,
mənəvi-ideoloji aspektinin
lazımınca dəyərləndirilməsi, qonşu
dövlət tərəfindən təcavüzə məruz qalma, cəmiyyət və dövlətin ideoloji vəhdəti və başqa
amillər bu problemi daha da
aktuallaşdırmışdır.
Milli dövlət
quruculuğu zamanı milli
təhlükəsizliyin mahiyyətini milli
maraqlar təşkil edir.
Dövlət və ya milli-dövlət
maraqları kimi özünü
göstərən milli maraqları cəmiyyətin
üstün maraqlarına zidd
olmamaq şərtilə dövlətin milli ehtiyatının
artırılmasını stimullaşdırmaq ehtiyacı, həmçinin,
milli-ideoloji təhlükəsizliyə
qarşı hər hansı bir təhlükəyə
əks-təsiri kimi müəyyən etmək
olar.
Milli
təhlükəsizliyi dövlət və cəmiyyətin ən
mühüm maraqlarının və dəyərlərinin
strukturları, xarici və daxili
səviyyədə dövlət tərəfindən
onların müdafiəsi sistemindən ibarət ierarxiyaya malik
anlayış kimi müəyyənləşdirən
İ.Məmmədzadə bu zaman maraqlar və dəyərlərin
iqtisadi, siyasi, sosial, ideoloji və əxlaqi
sahələrə aid olduğunu
diqqətə çatdırır. Müəllif çox düzgün olaraq ideoloji sahənin mühüm olduğunu və
milli təhlükəsizlik nəzəriyyəsinin
məhz onun üzərində
yaradıldığını bildirir.
Milli təhlükəsizliklə
bağlı problemlər ətrafında mübahisələr indi də davam etməkdədir.
Tədqiqatçılar, xüsusilə, milli
təhlükəsizliyə dair hərbi
mütəxəssislər milli təhlükəsizliyə
dair müdafiə sisteminin
yaradılması fikrini irəli
sürürlər. Bu tezis
öz-özlüyündə mühüm
olsa da, qeyd etmək olar ki, burada ideoloji-əxlaqi cəhətin
də əhəmiyyətini inkar etmək olmaz. İ.Məmmədzadənin
fikrincə, “ideoloji səviyyədə
dövlətin nəyi müdafiə etdiyini”
və bunun dövlət və cəmiyyət
arasında qarşılıqlı əlaqələrin,
hakimiyyətdə, iqtidarda olan
elita və müxalifətin
qarşılıqlı münasibətlərində necə əks
olunması haqqında təsəvvürlərin təşəkkülü
müdafiə sistemini və milli təhlükəsizliyi daha
da möhkəmləndirə bilər”.
Müəllif
çox düzgün
olaraq Ermənistanla müharibədə məğlubiyyətin
bir səbəbinin də hər hansı
müdafiə sisteminin zəifliyində,
dövlət və cəmiyyət üçün
bütövlüyün ideoloji
səviyyədə, vətənin müdafiəsinin və onu sevməyin gerçəkliyinin kifayət qədər təzahür
etməməsində görür.
C.Feyziyevin fikrincə, milli təhlükəsizliyi təmin etmək üçün sülh fəlsəfəsi
və mədəniyyəti mühüm rol oynayır. O, belə bir
qəti fikir söyləyir ki, məhz rasional sülh fəlsəfəsi qeyri-rasional
müharibə və savaş fəlsəfəsinə
qalib gəlməlidir”.
Milli təhlükəsizlik
modelində mühüm yeri,
həm də Azərbaycandakı siyasi stabillik tutur. Akademik R.Mehdiyev sabitlik fenomeninə xüsusi
önəm verir. Davam
edən siyasi sabitlik
müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq
dəstəyin genişləndirilməsi, demokratik
ənənələrin və
islahatçılığın gücləndirilməsi fonunda milli təhlükəsizliyə
xidmət edir. Stabillik
olmayan yerdə vətəndaş da, dövlət də öz
xarici və daxili siyasətində
çətinliklərlə üzləşir. Xarici
siyasətdəki stabillik daxildəki
stabilliyə müsbət təsir göstərir. Stabillik ahəngdarlıq üçün
əsas şərait yaradan mühüm amildir. Daxili stabillik dövlət-cəmiyyət
dəyərlərinin, məqsəd və maraqlarının
ideoloji-əxlaqi vəhdəti sayəsində əldə edilir. Vətəndaşı vətənə,
təhlükəni özü üçün təhlükə hesab edən stabil cəmiyyətin
milli ideologiyasında bu
cür vətəndaşlıq mövqeyi dövlətin çiçəklənməyə,
təhlükəsizliyə doğru hərəkətində,
ərazi bütövlüyünü təmin
etməkdə, nəsillərin və milli
ruhun varisliyində əsas amillərdən
biri olur.
R.Mustafayevin fikrincə, milli təhlükəsizlik modeli
özü də stabilliyə xidmət edir. O, Azərbaycan xalqının sabitliyi, daxili zənginliyi
və dözümlülüyünün sirrini yeni ideya
və dəyişikliklərdən bəhrələnməyə
imkan verən Azərbaycan cəmiyyətinin
açıqlığı ilə əlaqələndirir.
Milli-dövlət ideologiyası
vətəndaşları birləşdirən millətin
çiçəklənməsinə və milli
təhlükəsizliyinə xidmət edən dövlət üçün vasitə rolunda
çıxış edir. Milli
ideologiya - dövlətçilik
ideologiyası Azərbaycanın bütün
vətəndaşları tərəfindən qəbul edilən
dəyər və məqsədləri özündə əks
etdirən, xalqın düşüncə tərzinə
çevrilən ideologiya oldu.
Dövlət mənafeləri, ümumxalq
dəyərləri qruplararası maraqları üstələdi,
onların fövqündə durdu. Azərbaycanın
milli maraqları hər şeydən üstün tutuldu. Bu maraqları təsnifləşdirərkən,
onları əsas maraqlara ayırmaq olar. Ərazinin, vətəndaşların və
dövlət təşkilatlarının xarici
təhlükədən qorunması milli təhlükəsizlikdə
əsas yerlərdən birini tutur.
Milli təhlükəsizliyin
təmin edilməsində milli-iqtisadi maraqlar, dünyada sülhün qorunması, ideoloji
təhlükəsizliklə bağlı olan
yaşama həyati maraqlar,
mühüm və lokal
maraqlar daxildir. Bu maraqlar dövlətin mövcudluğuna millətin təhlükəsizliyinə
potensial təhlükələrlə
bağlı maraqlardır.
Azərbaycan
cəmiyyətinin vətənpərvərliyi,
maraqlarının ahəngdarlığı, ideoloji-mənəvi
vəhdəti ictimai həyatın bütün sahələrinin inkişafına
səbəb olur, onun
müstəqilliyini, suverenliyini və milli təhlükəsizliyini daha
da möhkəmləndirir.
İ.Məmmədzadə
göstərir ki, vətənpərvərlik
ideoloji konseptin hər
iki hissəsinə nüfuz
edərək millətdə hüquqa, qanuna, milli dövlətçilik
ideyasına hörmətin dirçəldilməsinə səbəb
olur. Belə vətənpərvərliyin nüfuz etdiyi ideologiya yalnız pozitiv-mülki
milli ideologiya ola bilər. Bu ideologiya, hər şeydən əvvəl, insan həyatı dəyərləri
prioritetindən çıxış edərək, bütün digər mühüm
dəyərlərin vətəndaşlar tərəfindən
qəbul edilməsinə imkan yaradır. Bu ideologiya respublika
əhalisini onların xüsusi
maraqları, dili, etnik
mənsubluğuna görə bir-birindən ayırmır, əksinə,
onları daha da birləşdirir.
Daha doğrusu, qrup marağı fərdi hüquqa
münasibətdə ikinci yerə keçir. Belə ideologiya
xırda xalqların, mədəni və digər fərqlərini
nəzərə almadan vəhdət
ideyasını qəbul edir”. Göründüyü kimi,
müəllif milli ideologiya
və ideoloji təhlükəsizliyin vəhdəti
fikrini müdafiə edir.
Ulu Öndər
Heydər Əliyevin millətin mənəviyyatında,
iqtisadiyyatında, dövlətçiliyində, milli ideologiyası və milli
təhlükəsizliyi sahəsində, əsl intibah
yaradıcısı kimi, Azərbaycana
nailiyyətlər, uğurlar
qazandırdığı məlumdur. F.İsgəndərov
Heydər Əliyevin ölkədə yaratdığı təhlükəsizlik
və sabitlik mühitini,
sözün tam mənasında,
fenomen adlandıraraq bu
fenomeni şərtləndirən
aşağıdakı amilləri göstərir:
Ən birincisi, parçalanmaqda və
hərc-mərclik ucbatından süquta uğramaqda olan ölkəni
azərbaycançılıq ideyasına söykənərək,
milli birlik və vətəndaş
həmrəyliyi ilə demokratik və dinamik inkişaf etməkdə
olan bir məmləkətə
çevirmək bacarığı.
İkincisi,
Heydər Əliyevin keçdiyi zəngin
həyat yolu başlanğıcdan son günədək ölkənin təhlükəsizliyi
ilə sıx bağlı olub. Əsl
peşəkarın vətən qarşısında əvəzsiz
xidmətləri ölkəni və xalqı dəfələrlə
bəlalardan və məhv olmaqdan qorumuşdur.
Üçüncüsü, bu böyük insanın
şəxsi keyfiyyətləri ilə bağlıdır. Heydər
Əliyev yenilməz iradəyə, diplomatik
bacarığa, başlıca məqsədə doğru ardıcıl və inamlı şəkildə
getməyə qadir, ölkənin və
millətin mənafeyi tələb etdiyi məqamlarda
kompromisə hazır
olmağı bacaran şəxsiyyət olmuşdur. Bu mühüm və nadir kefiyyətlər
onun həyatda daim qalib çıxması üçün
əsas stimul rolu
oynamışdır.
Heydər Əliyevin
yaratdığı milli ideologiya
- azərbaycançılıq ideologiyası, müstəqil dövlətçilik,
ölkədə və beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasət Azərbaycanın
milli təhlükəsizliyini tam və hərtərəfli təmin etmişdir.
Milli təhlükəsizliyin
əsas mahiyyəti ölkə ərazisinin və əhalisinin
müdafiə olunması ilə yanaşı, həm də ideoloji təhlükəsizliyinin təmin edilməsidir.
Torpağımızın hər bir
qarışının itməsini, düşmən
tapdağı altında qalmasını ağır dərd, böyük faciə adlandıran Heydər Əliyev
milli ideologiya və Azərbaycanın
milli təhlükəsizliyi sahəsində
ciddi tədbirlər gördü.
Ulu Öndərin siyasi
varisi ölkə Prezidenti
cənab İlham Əliyev Azərbaycanın
milli təhlükəsizliyinin təmin
edilməsində daha mühüm
tədbirlər görməkdədir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 24 noyabr.- S. 11.