Milli
ideyanın inkişaf tarixi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev “Bakinskiy raboçiy” qəzetinə müsahibə verib. Akademik müsahibədə
çox vacib məqamlara
toxunub. Bu
yazımızda R.Mehdiyevin geniş
müsahibəsindəki milli ideyanın inkişaf tarixi haqda fikirlərini təhlil etməyə
çalışacağıq.
Akademik tarixi gerçəklikləri sərt şəkildə
dilə gətirərək deyib: “Azərbaycan
dövlətçiliyi minilliklər boyu təşəkkül,
çiçəklənmə və tənəzzül
dövrlərini yaşamışdır. Bu
gün bir hissəsi
Azərbaycan Respublikasının tərkibinə daxil olan ərazi son 2 yüzildə
iri dövlətlərin təcavüz obyekti olmuşdur.
Hazırda isə biz sayı çox olmayan müstəqil,
suveren dövlətçiliyi dünya birliyi tərəfindən
tanınmış xalqlardan biriyik.
Lakin tarixdə elə
nümunələr də vardır ki, milli dövlətin dəyərini heç də bütün
xalqlar obyektiv dərk
edə bilmir. Bu isə
nəticə etibarilə həmin xalqların yox
olmasına və ya ümumdünya
proseslərində onların əhəmiyyətinin heçə
enməsinə gətirib çıxarır. Digər tərəfdən,
heç də hər bir
dövlət öz müqəddəratının
sahibi deyildir, buna görə də belə dövlətlər
dünya geosiyasətinin adi
obyektinə, “oyuncağa” çevrilirlər.
Bu vəziyyətin əsas səbəblərindən
biri yaranan maneələrdən
bacarıqla yan keçərək öz xalqını arxasınca apara biləcək əsil millət liderinin olmamasıdır. Millətin öz strateji inkişaf proqramı, milli
ideyası- dövlətin və millətin mövcudluğunun
mənası, inkişafın məqsədləri və
prioritetləri olmalıdır”.
Akademik haqlı olaraq, qeyd edir
ki, milli ideyanın təşəkkülünün
birinci mərhələsi 1828-1875-ci illəri
əhatə edir. Rusiya-İran
müharibəsindən sonra Azərbaycanın
şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində
qalmış, burada azərbaycanlıların
tədricən həmrəy olması prosesi
başlanmışdır. O dövrdə Azərbaycan cəmiyyətinin
qabaqcıl hissəsi hələ fars və
ərəb ruhanilərinin təsiri altında idi.
Bununla bərabər, məhz həmin
dövrdə milli realist
ədəbi məktəb formalaşmağa
başlayır. Bu məktəbin səpdiyi
milli oyanış toxumları sonrakı
onilliklərdə cücərmişdir.
Özlərinin ensiklopedik
bilikləri ilə fərqlənən Abbasqulu
Ağa Bakıxanov, Mirzə Kazımbəy,
Mirzə Fətəli Axundzadə və başqaları yaranmaqda olan yeni ziyalıların ən parlaq
nümayəndələri idi. Mütərəqqi rus mədəniyyətinin
əhatə dairəsinə cəlb edilmiş
azsaylı Azərbaycan ziyalılarının bu
ilk nümayəndələri həmin mədəniyyət
vasitəsilə XIX əsr Avropa mədəniyyəti
ilə tanış olmuşlar. Şimali Azərbaycan əhalisinin etnik baxımdan oyanışı bu görkəmli mütəfəkkirlərin
fəlsəfi, tarixi və ədəbi əsərlərindən
qaynaqlanmışdır.
İkinci
mərhələnin başlanğıcı 1875-ci ildə Həsən
bəy Zərdabi tərəfindən Bakıda Rusiya
müsəlmanları arasında Azərbaycan dilində ilk qəzetin- “Əkinçi”nin təsis edilməsi
ilə bağlıdır və XX əsrin əvvəlinə
qədər olan dövrü
əhatə edir. Bu ilk Azərbaycan qəzeti
milli oyanış tarixində müstəsna
rol oynamışdır. Azərbaycan
teatrının banilərindən biri və
ədəbiyyatda realizm tərəfdarı
olan Həsən bəy Zərdabi bu qəzetin səhifələrində dərc
olunan məqalələrində dini-mistik poeziyaya
qarşı çıxış edirdi. Qəzet
öz redaktorunun dili ilə həmvətənləri milli məhdudiyyətə qarşı
mübarizə aparmağa və o dövrün elmi nailiyyətləri ilə tanış olmağa çağırırdı.
Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi “Kaspi” qəzeti rus dilində çıxdığına baxmayaraq, xalqın əsas tribunasına çevrilmişdi. Nəcəf
bəy Vəzirov, Sultan Məcid Qənizadə,
Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq
Nemanzadə, Cəlil Məmmədquluzadə və digər
şəxsiyyətlər ikinci dövr maarifçilər nəslinin görkəmli
nümayəndələri idi.
Üçüncü mərhələ
Rusiyada 1905-1907-ci illər inqilabından
başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. Bu
illərin siyasi hadisələri Azərbaycan
xalqının həyatında çox böyük rol
oynamış, onun ictimai-siyasi
şüurunun inkişafına ciddi təsir göstərmişdir.
Yeni
yüzilliyin birinci
onilliyində mühüm ictimai
irəliləyişlər nəzərə çarpır,
xalqın oyanışı, milli mənlik
şüurunun sonrakı
formalaşması və Avropa
sivilizasiyası dəyərləri ilə tanışlıq
prosesinə fəal cəlb olunan ilk siyasi partiyalar
yaranır, yeni jurnal və
qəzetlər təsis edilir. Yeni nəşrlər milli
ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün
və milli azadlıq ideyasının
formalaşmasına təkan verir.
Dünya tarixində bu dövr dünya
geosiyasətində tektonik dəyişikliklər,
Rusiya imperiyasının
dağılması və müstəmləkə
xalqlarının müstəqil dövlət qurması üçün şərait yaranması ilə
əlamətdardır. Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər
təbəqəsi yaranır.
Azərbaycan milli ideyasının formalaşması tarixinin dördüncü
mərhələsi 1918-ci il mayın
axırlarında Tiflisdə, Milli
Şuranın birinci iclasında Azərbaycanın
müstəqil dövlət elan
olunması haqqında qərar qəbul edildiyi
vaxtdan 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir.
Akademik
Ramiz Mehdiyevin fikrincə,
1920-ci il aprelin 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dövlətin demokratik
xarakterini, Azərbaycan cəmiyyətinin siyasi təşkilini dəyişmiş və
Azərbaycan millət-dövlət modelinin
beynəlxalq miqyasda tanınmasına mənfi
təsir göstərmişdir.
Proletar şüuru müddəasını irəli
sürən kommunist ideologiyası mahiyyət
etibarilə milli mənlik şüurunun
təkamülünə mənfi təsir göstərirdi, bu ideologiyada milli təfəkkürə yer
yox idi. Lakin hər halda, Kommunist
Partiyasının alternativsiz hakimiyyəti
şəraitində milli təfəkkürün
və milli iqtisadiyyatın inkişafı,
mənəvi dirçəliş, əhalinin rifahının və
milli mənlik şüurunun
artması üçün baza olan təhsilin keyfiyyətini
yaxşılaşdırmağa yönəlmiş siyasəti
reallaşdıra biləcək bir
dövlət xadiminin siyasi
səhnəyə gəlməsi tarixi zərurət
idi.
1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçilmiş
Heydər Əliyev məhz belə bir
dövlət xadimi olduğunu
göstərdi: o, millətin
inkişafı problemlərini və milli mənafeləri
həyatının mənası hesab edirdi. Keçən əsrin 70-80-ci illərində
Azərbaycanda güclü iqtisadi
baza yaradılması onun
aqrar-sənaye respublikası statusu əldə
etməsinə imkan vermişdi.
Əlbəttə,
həmin dövrdə Azərbaycan cəmiyyətində ictimai diskussiyaların milli
ideyanın formalaşmasının davam
etdirilməsi istiqamətində aparıldığını
demək düzgün olmazdı. Lakin fakt budur
ki, “milli maraqlar” anlayışı Azərbaycan cəmiyyətinin
qabaqcıl hissəsinə və Heydər Əliyev başda olmaqla hakim elitaya yabançı anlayış deyildi.
İttifaq dövləti çərçivəsində
real siyasətdə milli
maraqların ehtiyatla və ardıcıl olaraq reallaşdırılması keçən
əsrin 80-ci illərinin axırlarında ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış,
1991-ci ildə dövlət müstəqilliyi əldə
edilməsi üçün baza yaratmışdı.
Milli ideyanın
formalaşması prosesinin beşinci
mərhələsini Azərbaycan xalqının siyasi oyanışı, onun
siyasi proseslərdə fəal iştirakı
dövrü kimi səciyyələndirmək
olar. Bu mərhələ
1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlanmış,
1990-cı ilin yanvarından sonra keyfiyyətcə yeni
hərəkata- milli azadlıq hərəkatına
çevrilmiş xalq
hərəkatı ilə bağlıdır.
Milli
ideyanın formalaşmasında altıncı mərhələni
milli şüurun inkişaf edərək, Azərbaycan milləti
tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi səciyyələndirmək
olar. 1990-cı ilin yanvar hadisələri bu şüurun, bu hisslərin
oyanmasına güclü təkan verdi. Bu mərhələ
1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər olan dövrü əhatə
edir.
Bu dövrün xüsusiyyəti ondan
ibarət idi ki, kollektiv özünüidentifikasiya
formalarından biri, məhz müstəsna
türkçülüklə eyniləşdirilən sosiomədəni
özünüidentifikasiya dövlət siyasətinin
əsası olmuşdur. Titul millətin özünüidentifikasiya prosesində prioritet kimi müəyyən
edilmiş türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilmişdi və
istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə
bütün sonrakı addımlar yalnız
bu amildən irəli gəlirdi.
Səhv milli
siyasətin nəticələri tezliklə etnik
komponentin və separatçı əhval-ruhiyyənin
kəskin ifadə olunduğu müxtəlif
milli qrupların nümayəndələrinin
üzdəniraq ictimai təşkilatlarının
yaranmasında özünü göstərdi.
Hakimiyyətə gəlmiş siyasi qruplar milləti birləşdirməyə, cəmiyyətdə
sabitliyi və asayişi
bərpa etməyə yönəlmiş fəaliyyət xəttini
həyata keçirə bilmədilər.
Milli
ideyanın formalaşması tarixinin yeddinci mərhələsi 1993-cü ilin yayından başlanır və 2003-cü
ildə həmin ideyanın gerçəkləşməsi ilə
başa çatır. İctimai-siyasi
sabitliyin bərqərar olması, ölkənin
gələcək iqtisadi
artımının və siyasi
inkişafının əsaslarının
yaradılması bu dövrün
səciyyəvi cəhətləridir.
Bu illər ərzində
milli ideya milli müstəqillik - suveren
dövlət formulunda qəti inkişaf mərhələsinə
çatmışdır. Heydər Əliyevin siyasəti nəticəsində
“millət” anlayışının strukturuna
özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi
və bütün başqa
kollektiv formaları daxil
edilmişdir.
Azərbaycançılıq
ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi
Vətəni hesab edən bütün
etnik qrupların ideyası kimi
çıxış etmişdir. Azərbaycanın
polietnik təbiəti bizim
böyük sərvətimizə çevrilmişdir. Biz müasir Azərbaycanı səciyyələndirən
bu sərvətin qədrini bilməliyik. Bu dövrdən etibarən milli
identifikasiyanın yeni forması daha geniş və yenilənmiş
formatda “azərbaycançılıq”
ideologiyası ilə eyniləşdirilir. Məhz həmin
dövrdə Azərbaycan millətinin dövlət müstəqilliyinin
yaranması və möhkəmlənməsi kontekstində milli ideyanın formalaşması prosesi tam başa
çatmışdır.
Qeyd etmək
lazımdır ki, 2003-cü ilin axırlarından başlayaraq
milli ideya müstəqil
dövlətin inkişafının və dünya
ilə münasibətlər qurulmasının keyfiyyətcə
yeni aspektləri ilə zənginləşir.
Bu dövrdə dövlətin inkişaf vektorları regional
və qlobal perimetrlərdə ölkənin
yeni mövqeyini müəyyən
etmişdir.
Akademik Ramiz Mehdiyev qeyd edib ki,
Azərbaycan millətinin formalaşması təcrübəsinin
vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün
etnoslar kontekstində öyrənilməsi
humanitar elmimizin
qarşısında duran ən mühüm vəzifədir. Biz
milli prinsiplərin yeni
komponentləri haqda, milli
mədəniyyətin kənar hücumlardan,
daxili zəifləmə və
dağılmadan müdafiəçisi kimi
vətəndaş millətçiliyi haqda
açıq danışmaqdan çəkinməməliyik.
Bu gün Azərbaycan müsbət təcrübəni
uğurla tətbiq edir.
Təsadüfi deyildir ki,
“kim özünü
azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm
də etnik bağlılığı
olmadığı halda bu
ölkənin vətəndaşları olanlar
üçün aktualdır. Son illərdə Azərbaycan bütün
azərbaycanlıların Vətəninə çevrilmiş
və universal dəyərlərin
daşıyıcısı statusu
qazanmışdır.
Prezident
İlham Əliyev müstəqilliyimizin
20-ci ilində ölkəyə uğurla rəhbərlik
edir və dövləti yeni
üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəyə keçməsinə doğru aparır. Ölkə tarazlı və
ardıcıl siyasət sayəsində həm mədəni, həm
də siyasi kontekstdə dünyada getdikcə daha çox uğurlar
qazanır.
2011-ci il Azərbaycan ili olmuşdur- Avropanın ən böyük
mədəniyyət yarışmasında qələbə və
BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü statusunun
qazanılması - bütün bunlar ağıllı, düşünülmüş
siyasətin nəticəsidir. Eyni zamanda, bu faktların özü dünya birliyi tərəfindən Azərbaycanın
beynəlxalq problemlərin həllinə təsir göstərmək
iqtidarında olan dövlət kimi tanınmasının göstəriciləridir.
Bu, həmçinin, ölkəmizin beynəlxalq
nüfuzunun etiraf edilməsidir.
Elçin
Bayramlı
Səs.- 2011.- 23 noyabr.- S. 6.