Hüquqi
dövlət və sülh mədəniyyəti
Bəşəriyyət daim əbədi sülh
axtarışında olmuş, sülh, dinclik, əmin-amanlıq
uğrunda mübarizə
aparmışdır. Beləliklə, hüquqi
dövlət, demokratik cəmiyyət quruculuğu prosesində sülh
mədəniyyəti formalaşmışdır. Sülh mədəniyyəti bəşəriyyətin
idealı olmuş, idealı olaraq da qalmaqdadır. Beynəlxalq
təşkilatların BMT-nin, YUNESKO-nun nizamnamələrində sülh mədəniyyəti öz
əksini tapmışdır. BMT nizamnaməsində göstərilir:
Birləşmiş millətlərin xalqları,
gələcək nəsilləri müharibə fəlakətindən
xilas etmək qətiyyətilə
insanların əsas hüquqlarına, insan
şəxsiyyətinin ləyaqət və dəyərinə inam hissini yenidən tədqiq
etmək və bu məqsədlərlə
dözümlülük nümayiş etdirmək və mehriban
qonşular kimi bir-biri ilə dinc
yanaşı yaşamaq əzmindəyik”.
1998-ci ilin sonunda isə yenə də YUNESKO-nun
təşəbbüsü ilə 2000-ci ili
rəsmən Sülh Mədəniyyəti
ili elan etmişdir. Bununla əlaqədar
olaraq, Nobel
mükafatları laureatlarının təşəbbüsü
ilə 2000-ci il sülh
manifesti hazırlandı və YUNESKO bu təşəbbüsü bəyəndi. Sülh mədəniyyəti
qeyri-zorakılığı, əsas hüquqlara
və azadlıqlara hörmət, qarşılıqlı anlaşmaya, dözümlülüyə və
həmrəyliyə, qadınların fəal iştiraka
cəlb edilməsinə və onlara hakim funksiyaların
tapşırılmasına, azad məlumat
axınının qəbul edilməsinə və
mübadiləsinə əsaslanmış ümumi
məqsədlər, məqamlar, nəzərlər və
davranışlar məcmusudur. Onu da deyək ki, Azərbaycan
Respublikası Sülh Manifestini
imzalayan ilk dövlətlərdən
biridir.
Sülh mədəniyyəti
- qeyri-zorakılıq, zor işlətməmək
prinsipi dünya dinləri
- xristianlıq, buddizm və islamda XVIII-XIX əsrlərin Qərbi Avropa filosofları və siyasətşünaslarının
əsərlərində özünə geniş
yer almışdır.
Bütün
dinlər, bir qayda olaraq, xalqlar arasında, Allah və bəşəriyyət arasında,
barışın insan və canlılar
arasında ahəngdarlığın ilahi
qanun əsasında bərqərar
olmasına sosial sülh
- ədalət əsasında cəmiyyət daxilində sülhün bərqərar olmasını bəşəriyyətin
inkişafında mühüm addım hesab edir.
İslam təliminə
görə, “barışda Allahın rizası” olur. İslamda qadağan olunan əməllərdən
biri sülh bağlanandan sonra
müharibəni davam etdirməkdir. Bu barədə Həzrət Əli “Nəhcül-Bəlağə”də
belə buyurmuşdur: “Özünlə
düşmən arasında bir sülh müqaviləsi bağladıqda, yaxud ona aman
paltarı geydirdikdə, əhdinə vəfa et,
verdiyin amana riayət et”.
İran
islamşünas alimi
M.Müstəva Müvavilari özünün “İslam
və Qərb mədəniyyəti” əsərində göstərir
ki, islam dini sülhsevərliyi insanların batinində
bərqərar etmək istəyir. Əgər insanlar
daxilən sülh tərəfdarı olmasalar, zahirdə elan olunan sülhün heç bir faydası olmaz. Bəşər öz mənəvi
keyfiyyətlərinə görə yüksək səviyyəyə
çatmazsa, sülh
müqavilələri və əhdnamələrə əməl
etmək iman və Allah
qanunlarına əsasən olmazsa, həmin
müqavilələr gec-tez pozulacaq və sülhsevərlik yalnız şüar olaraq qalacaq.
Əgər
insanların daxilində vicdani hisslər baş qaldırsa, qəlblərinə mərhəmət
nuru hopsa, onlar çəkişmələrin əsil səbəblərini
anlayar və bu halda bütün ədalətsizliklər
və keşməkeşlər tədricən zəifləyər
və nəhayət, tamamilə aradan gedər. Onda həqiqi sülh bəşər
cəmiyyətində bərqərar olar.
Sülh mədəniyyətinə
Şərqdə və Qərbdəki münasibəti
müqayisə edən alim islamın
sülhpərvərliyinin üstünlüyünü
göstərir.
İndi
də sülhün islam
və “mədəni cəmiyyət”lər nəzərindən
necə bir anlayış olduğunu
araşdıraq. İslamın irəli sürdüyü
sülh proqramı böyük
dövlətlərin qəbul etdiyi
sülhlə əsaslı şəkildə fərqlənir. Böyük dövlətlərin nəzərincə
sülh kiçik
dövlətlərin təbii sərvətlərini öz aralarında bölüşdürmək
üçün yaradılan şərait
deməkdir. Belə sülhlə onlar
dünyanın bütün məntəqələrində
öz nüfuzlarını daha rahat yaya
bilirlər. Onların təşkil etdikləri sülh
konfransları və məclisləri zahirdə bu
ideyadan bol-bol
danışmaq, əslində isə, öz
məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaratmaqdan ötrü olan başqa bir şey deyil.
Amma islam dini dünyanın müxtəlif millətlərinin
hüquq bərabərliyinə əsaslanan
sülh istəyir. Heç bir
ayrı-seçkilik olmadan, dövlətləri
“böyük” və “kiçik”liyə
bölmədən, zəiflər və qüdrətlilər üçün eyni olan, hər cür təcavüz
və zoru rədd edən həqiqi sülhün bərqərar olunması
islamın ən ali hədəflərindəndir.
BMT bütün
dünyada sülh və
əmin-amanlığın təmin olunması, ixtilafların aradan qaldırılması və müharibəyə
yol verilməməsi üçün
çoxlu səylər edir.
Amma beynəlxalq aləmdə böyük dövlətlər münaqişələri
“həll etmək” üçün heç BMT-yə məhəl qoymur
və istədikləri kimi hərbi
gücə əl atırlar. Hansı ölkəyə hərbi
müdaxilə etmək istədikdə onları dünya ictimaiyyətinin nəzəri zərrə
qədər də olsa,
maraqlandırmır.
Sülh mədəniyyətini,
sülh fəlsəfəsini müharibə,
savaş fəlsəfəsinə
qarşı qoyanlar arasında L.Tolstoyun, M.Qandinin, F.M.Dostoyevskinin və T.Toronun
adlarını xüsusi qeyd
etmək olar. M.Qandi qeyri-zoraki yolla Hindistanda milli-azadlıq hərəkatına
başçılıq etmiş, hindlilər
və müsəlmanlar arasında sülh
yaratmağa nail olmuşdur. Sülh mədəniyyətinin inkişafına XX əsrdə
Martin Lüter Kinq, A.Saxarov, A.Şveytser, V.Qabel də öz töhfələrini vermişlər.
Çexlərin görkəmli ictimai xadimi V.Qabelin “hakimiyyətsiz
hakimiyyət”, ideyası bu sahədə xüsusi əhəmiyyət
daşıyır.
Azərbaycan tədqiqatçısı
Ə.Abbasov sülh mədəniyyətinin
vətəndaş cəmiyyətinin inkişafında
oynadığı rol haqqında yazır:
“Demokratiyanın plürallığı şəraitində
antimilitarist şüurun
yaranması sülh mədəniyyətinin
formalaşdırılması istiqamətində bütün siyasi sistemdə
deyil, hələlik, yalnız vətəndaş
cəmiyyətində olsa da
“patriarxallıq fəlsəfəsinin” korroziyasının ilk əlamətidir. Deməli, vətəndaş
cəmiyyətində sülh mədəniyyəti
mentallığının inkişafı -
formalaşmış ümumbəşəri dünyagörüşünün
dəyişdirilməsi yoludur ki, bu da
totalitarizmdən demokratiyaya keçməkdə
olan ölkələr üçün
xüsusilə vacibdir. Qədəm
qoymuş XXI əsr bəşəriyyətin,
münaqişələrin həllinin güc
metodlarının virtuallaşdırılması
yollarının mənimsənilməsi dövrünə
çevrilməlidir ki, bu
da qısa vaxt ərzində
sülh mədəniyyətinin və “yeni şüur fəlsəfəsinin”
inkişafını tələb edir.
Müasir dünyada sülh mədəniyyəti haqqında təsəvvürlər
hələ də qeyri-müəyyəndir. Özü
də onun əhəmiyyəti və
aktuallığının qiymətləndirilməsində
fikirlərin kəskin qütbləşməsi mövcuddur.
Bununla bağlı əsas məsələ
münaqişə tərəflərinə sülh
mədəniyyətinin pozitiv və praqmatik rolunu nümayiş etdirməkdən, onun üstünlüklərini əyani surətdə
göstərməklə və ətrafında yaranmış stereotip və mifləri tədricən
dağıtmaqdan ibarətdir”.
Sülh mədəniyyəti
məğlubiyyətçilik, milli
maraqların nəzərə alınmaması deyil.
Bu mədəniyyət milli
maraqların müdafiəsi, tolerantlıq və kompromisin vəhdətindən ibarətdir.
Azərbaycan MEA-nın müxbir üzvü S.Xəlilov
özünün məşhur “Lider. Dövlət. Cəmiyyət” əsərində
sülh mədəniyyətinin mahiyyəti,
strukturu haqqında ətraflı bəhs etmişdir: “Nədir sülh
mədəniyyəti? Sülhü passiv mövqe kimi, milli maraqlar
uğrunda mübarizədən əl
çəkilməsi, təslimçilik əhvalı kimi başa düşənlər
səhv edirlər. Daha doğrusu,
belələri “sülh mədəniyyəti”ndən
uzaq olanlardır. Sülh
mədəniyyəti sülhün mürəkkəb
daxili quruluşunu,
dinamikasını, dramatizmini dərk etmək,
incə yollarla, qansız-qadasız
mübarizə üsullarına yiyələnməkdir. Coğrafi-iqtisadi siyasət də, coğrafi transsiyasət də, azad
ticarət və iqtisadi məkan uğrunda mübarizə də “sülh mədəniyyəti”nin tərkib hissələridir”.
S.Xəlilov sülh
mədəniyyətinin mürəkkəb struktura
malik bir fenomen olduğunu da göstərir: “Sülh vəziyyətinin dinamik
strukturunun araşdırılması böyük dövlətlərin iqtisadi-siyasi və mədəni-mənəvi
maraqlarının planetin geosiyasi
xəritəsində bir fon
kimi götürülməsini və
münasibətdə olan dövlətlərin
öz maraqlarının bu
fonda, bu kontekstdə ikinci qat kimi yerləşdirilməsini nəzərdə
tutur. Bu struktura, habelə, hər bir
ölkənin milli-mənəvi dəyərləri, din faktoru da
daxil edilməlidir. Nəticədə sülhün strukturuna iqtisadi, siyasi, mədəni,
milli-mənəvi və dini faktorların daxil edilməsi lazım gəlir. Buraya beynəlxalq hüquqla,
ümumbəşəri dəyərlərlə və böyük dövlətlərin maraqları
ilə şərtlənən infrastruktur da əlavə edildikdə sülhün,
əslində, necə mürəkkəb struktura
malik olduğu ortaya çıxır”.
Hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti
quruculuğu yolu ilə
gedən Azərbaycan sülh mədəniyyətinin bərqərar olduğu bir məkandır.
Azərbaycanda sülh mədəniyyətinin
formalaşmasında və inkişafında Ulu
Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur. Ulu Öndər
böyük Atatürk
kimi cahanda sülh, ölkədə sülh
prinsipinə sadiq dahi
şəxsiyyət idi. Ulu
Öndər deyirdi: “İyirminci
yüzilliyin sonunda Avropa qarşısında həqiqi sülh və sabitlik yolu açılmışdır”.
S.Xəlilov Ulu
Öndərin sülh siyasətinin mahiyyəti
haqqında belə deyir: “Bəli, Heydər
Əliyevin siyasəti sülh siyasətidir.
Lakin hər şey “sülh” anlayışını necə başa düşməkdən
asılıdır. Sülh siyasəti heç də
mübarizənin dayandırılması kimi
başa düşülməməlidir, əksinə,
qarşıdurmanın bəsit, primitiv həll
üsulu olan və əslində,
heç vaxt, heç bir məsələni
tam həll edə bilməyən
müharibə yolundan fərqli olaraq, sülh yolu çox çətin
və mürəkkəb bir yoldur. Burada siyasi konsepsiyaların, ideologiyaların
mübarizəsi gedir”.
Ulu Öndər
dünyada və ölkədə sülhün vəhdət təşkil etdiyini yaxşı anlayırdı: “Biz istəyirik həqiqətən Avropada təhlükəsizlik, sülh,
əmin-amanlıq olsun, eyni
zamanda, öz problemimizin həllini, yəni Qafqazda
əmin-amanlıq, sülh olmasını
istəyirik”.
Azərbaycanın zorla düçar olduğu müharibə Ermənistanın əzəli
torpaqlarımızın yersiz ərazi
iddiaları ilə bağlı olduğunu
göstərən Ulu Öndər deyirdi: “Biz müharibə
istəmirik, Ermənistanın torpaqlarına göz
dikməmişik. Biz öz
torpaqlarımızı, öz ərazimizi,
öz Vətənimizi qoruyuruq”.
Politoloqlar tərəflərin
maraqlarını nəzərə alınmaqla münaqişənin
dinc həlli və sülh
mədəniyyətinin formalaşması mühitinin
yaradılmasını labüd hesab edirlər: “Belə bir
şəraitdə isə danışıqların gedişi sülhün
imzalanmasının elə şəraitinin tapılmasına imkan verir ki,
onlar münaqişənin yenidən
qızışmasının və onun hərbi
yolla həllinin bütün
imkanlarını istisna edir.
Burada sonuncu bənd
xüsusilə vacibdir və onun əhəmiyyəti insanların bunu rasional pozitiv
və praqmatik həll kimi
dəstəklədiklərini, iradə və qətiyyətləri
ilə bir daha təsdiq
etmiş olur. Sülh mədəniyyəti
prinsiplərinin praktiki formalaşması keçmiş opponentlərin ümumi
demokratiya prinsipləri əsasında, vətəndaş
və hüquqi dövlətin çoxsahəli
mədəni və elmi əlaqələrin
yaranması ilə iqtisadiyyat, dövlət
quruculuğu sahəsində tərəf- müqabillik və əməkdaşlığın
formalaşması və inkişafı yolu
ilə gedir. Bu vaxtlar bir-birilə barışmaz surətdə
vuruşan, yaxud
münaqişə halında olan ölkələrin
müasir fəal əməkdaşlığı,
sülh mədəniyyətinin praktiki olmasına gözəl
illüstrasiyadır”.
Sülh mədəniyyətinə
birtərəfli yanaşmaq düzgün deyildir. Bu mənada, Ulu Öndərin münaqişəni həll
etmək, sülhə nail olmaq
konsepsiyası dahiyanə düşünülmüş
sülh fəlsəfəsidir: “Əgər
torpağımız sülh yolu ilə azad olunmazsa, biz nəyin
bahasına olursa-olsun, torpaqlarımızı
azad edəcəyik. Dünya
bilməlidir, hamı bilməlidir və o
cümlədən, Ermənistan tərəfi də bilməlidir
ki, biz heç
vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da
heç kəsə verməyəcəyik.
Dünya belə qalmayacaq.
Heç kəs güman
etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ,
yaxud başqa bir hissəsi zorla əlimizdən
alına bilər. Xeyr, biz
bununla heç vaxt razı ola bilmərik
və heç vaxt
razı olmayacağıq. Bizim
xalqımız heç vaxt
bununla razı ola bilməz,
Azərbaycan Prezidenti heç
vaxt bununla razı ola bilməz!”
Ulu
Öndərin layiqli siyasi
varisi ölkə Prezidenti
İlham Əliyev də Azərbaycanın
ərazi bütövlüyünə qəsdlə heç cür
razılaşmır və sülh
danışıqları baş tutmazsa, hərbi qüvvə yolu
ilə məsələni həll etməyi
açıq-aşkar bəyan etmişdir. Buna Azərbaycanın haqqı da
var, ərazi bütövlüyünü
bərpa etmək üçün yenilməz
gücü də!
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 25 noyabr.- S. 10.