Hüquqi
dövlət və yaşamaq hüququ
Yaşamaq hüququ insanın ən ümdə və
ayrılmaz hüququdur. Digər hüquq və azadlıqlar məhz
yaşamaq hüququndan sonra gəlir. Yaşamaq hüququ şəxsin
öz fiziki və bioloji fərdi mövcudluğu
üçün heç bir məhdudiyyət qoyulmadan fəaliyyət
göstərməsini, insanın bir sosial varlıq kimi müxtəlif
maddi və mənəvi nemətlərdən bəhrələnməsini
ifadə edir. Hər hansı psixobioloji
çatışmazlığa malik olub-olmamasından, habelə,
şəxsi - mənəvi keyfiyyətlərdən
asılı olmadan hər bir şəxs yaşamaq hüququna
malikdir. Müasir dövrdə dövlətlərin üzərinə
həm də fərdin layiqli həyat səviyyəsini təmin
etmək, yəni yaşamaq hüququnu müəyyən optimal
səviyyəyə qaldırmaq tələbi də
qoyulmuşdur.
Yaşamaq hüququ ilə bağlı praktika və nəzəriyyədə
bu hüququn əmələ gəlməsi və nə zaman
bitməsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.
Yaşamaq hüququnun əmələ gəlməsi ilə
bağlı iki müxtəlif fikir var. Bunlardan biri yaşamaq
hüququnun hələ ana bətnində olarkən
formalaşması ilə bağlıdır. Bir sıra Qərb
ölkələrində və ABŞ-ın bəzi ştatlarında
abort qadağan olunub. Hələ doğulmamış şəxsin
hüquq subyekti hesab olunması və yaşamaq hüququna
malik olması bəzi dövlətlərdə konstitusion əsasda
həll olunub. Məsələn, Slovakiyada. ABŞ Ali Məhkəməsinin
1973-cü ildəki qərarına görə abort müəyyən
bir müddətdən sonra ananın sağlamlığı
üçün təhlükə yaradarsa, qadağan oluna bilər.
İkinci fikir isə real həyatda hələ
canlı kimi doğulmamış, mövcud olmayan
uşağın hüquq subyektliyi məsələsi bir qədər
mürəkkəbdir. Bu fikrin tərəfdarları insanın
doğulduqdan sonra yaşamaq hüququ əldə etməsini qəbul
edirlər.
Yaşamaq hüququnun nə zaman bitməsi də
mühüm əhəmiyyət kəsb edir. Yaşamaq
hüququnun hər hansı hüquqi bir faktdan asılı
olmadan mövcud olduğuna görə onun bitməsi də, bir
qayda olaraq, ölüm faktı ilə baş verir. Lakin burada
da müəyyən məsələlər var. Birincisi,
ölüm faktının hansı anda əmələ gəlməsidir.
Belə qəbul olunur ki, beynin fəaliyyətinin dayanması
ölüm faktı kimi qəbul oluna bilər. Belə olan
halda, hələ də öz funksiyalarını yerinə
yetirən digər orqanların transplantasiya məqsədilə
həkim tərəfindən ayrılması cinayət hesab
olunmur. Çünki beynin fəaliyyətdən düşməsi
ilə hüquqi fakt
yaranmış olur.
Şəxsin özünün
könüllü olaraq
həyatdan getməsi imkanı, yəni evtanaziya
hüququ ən aktual
problemlərdən biridir. Bu
məsələyə də yanaşma iki cürdür. Birincisi, bəzi ölkələrdə ( Hollandiya, İsveçrə
və s.) evtanaziya
leqallaşdırılıb. Evtanaziya tərəfdarları öz
fikirlərini belə əsaslandırırlar ki,
sağalacağına ümid olmayan şəxsin artıq əzab çəkməsinə
şərait yaratmaq lazım deyil və özü istədiyi
təqdirdə, həyatdan getmək imkanı verilməlidir. Əks
fikrin tərəfdarları isə əsaslandırırlar
ki, həyat insanın özü
tərəfindən yaradılmayıb və insan özü bundan imtina edə bilməz.
Bu, həm də sui-istifadə
hallarını artıra bilər, həm də müalicə üsulunun tapılması da
istisna olunmur.
Evtanaziya məsələsinə
münasibət Azərbaycanda 1997-ci il 26 iyun tarixli “Əhalinin
sağlamlığının qorunması haqqında” qanunun 38-ci maddəsinə əsasən qadağan olunmuşdur.
Yaşamaq hüququ Azərbaycan Respublikasının
Konstitusiyasının 27-ci maddəsində təsdiq olunur. Konstitusiyaya görə,
aşağıdakı hallar yaşamaq hüququndan məhrumetmə
kimi başa
düşülə bilməz:
- Dövlətə basqın
zamanı düşmən əsgərinin öldürülməsi
- Məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü ilə ölüm
cəzasının tətbiqi. 1998-ci il 10 fevral tarixli Azərbaycan
Respublikasının Qanunu ilə ölüm hökmü
tamamilə aradan
qaldırılmışdır.
- Digər hallarda.
Bu anlayış hələ qeyri-müəyyəndir
və qanunvericilikdə dəqiqləşdirilir.
Azərbaycan
Respublikası Konstitusiyasına əsasən zəruri müdafiə,
son zərurət, cinayətkarın
yaxalanması və tutulması, məhbusun həbsdən
qaçmasının qarşısının alınması,
dövlətə qarşı qiyamın yatırılması,
fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli
şəxsin verdiyi əmrin
yerinə yetirilməsi halları istisna olmaqla başqasını yaşamaq
hüququndan məhrum etmək cinayət hesab olunur.Konstitusiyanın “Yaşamaq
hüququ” adlanan 27-ci
maddəsində göstərilir:
I.hər kəsin yaşamaq hüququ
vardır.
II. Dövlətə
silahlı basqın zamanı düşmən əsgərlərinin
öldürülməsi, məhkəmənin qanuni
qüvvəyə minmiş hökmünə
əsasən ölüm cəzasının
tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin
yaşamaq hüququ
toxunulmazdır.
III. Müstəsna cəza tədbiri
kimi ölüm cəzası,
tam ləğv edilənədək,
yalnız dövlətə, insan həyatına
və sağlamlığına qarşı xüsusilə
ağır cinayətlərə görə qanunla
müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın
yaxalanması və tutulması, həbsdə olanın həbs
yerindən qaçmasının qarşısının
alınması, dövlətə qarşı qiyamın yatırılması
və ya dövlət çevrilişinin
qarşısının alınması, ölkəyə
silahlı basqın edilməsi halları istisna
olmaqla. insana
qarşı silah işlədilməsinə
yol verilmir.
1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə
görə, məhkəmə tərəfindən
çıxarılmış belə hökmün
icrasından başqa həyatından məhrum
edilə bilməz.
2. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin
nəticəsi olduqda bu
maddənin pozulması kimi nəzərdən
keçirilmir:
a) istənilən
şəxsin hüquqa zidd
zorakılıqdan qorunması üçün;
b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə
olan şəxsin qaçmasının
qarşısını almaq üçün;
c) qanuna müvafiq olaraq çevriliş və
ya qiyamın yatırılması üçün.
Yaşamaq hüququ ən adi mənada
insanın əsas hüququdur. O, bütün digər hüquqlar
üçün ilkin
məntiqi şərtdir. Təsadüfi deyil
ki, insan
hüquqlarının ümumi kataloqunu müəyyən edən mühüm beynəlxalq sənədlər məhz
yaşamaq hüququndan
başlayır.
İnsan
Hüquqları üzrə Universal Bəyannamənin
3-cü, “Avropa insan hüquqları
və əsas azadlıqları haqqında” Konvensiyanın 2-ci,
“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın
6-cı, İnsan Hüquqları üzrə
Amerikaarası Konvensiyanın 4-cü, insan
və xalqların hüquqlarına dair Afrika Xartiyasının 4-cü maddəsi yaşamaq hüququnu
nəzərdə tutur. Bu sənədlərdə təsbit
olunan yaşamaq hüququnun şərhi ilə bağlı ən
mürəkkəb məsələ insan həyatının
başlandığı, yaxud həqiqətən
başa çatdığı anın
müəyyən edilməsi ilə bağlıdır.
Yaşamaq hüququnun şamil olunduğu “hər kəs”in hələ doğulmayan uşaqları əhatə edib-etməməsi
məsələsində konsensus yoxdur. Qeyd olunan
beynəlxalq sənədlərdən yalnız Amerikaarası Konvensiya yaşamaq hüququnu açıq şəkildə
rüşeymə (ana bətnində olan embriona) şamil edir. Konvensiyaya görə yaşamaq
hüququ, “ümumiyyətlə, maya bağlandığı andan
qanunla qorunur”.
Yaşamaq
hüququ ilə bağlı Avropa Məhkəməsinin presedent
hüququ ötən on
il ərzində sürətlə inkişaf etməyə başlayıb və hələ
bir çox məsələlər,
o cümlədən, həyatın
başlanğıcı məsələsi tam
araşdırılmayıb. Lakin
Avropa İnsan Hüquqları
Komissiyası yaşamaq hüququnun
müxtəlif aspektləri ilə bağlı qərarlar qəbul
edib.
Avropa
Konvensiyasının 2-ci maddəsi üzrə yaşamaq
hüququnun hələ doğulmayan
uşaqlara şamil
olunub-olunmaması məsələsi adətən aborta dair işlərin
kontekstində meydana çıxır. Abortla
bağlı məsələlər sırf hüquqi
aspektdən başqa, həm də mənəvi,
siyasi, dini aspektləri,
habelə, sağlamlığın mühafizəsinə aid aspektləri də əhatə etdiyindən
istər Avropa Məhkəməsi, istərsə
də keçmiş Avropa
Komissiyası bu barədə qəti fikir bildirməkdən çəkinib. X
Birləşmiş Krallığa qarşı işdə Komissiya belə qərara gəldi ki, rüşeymin “yaşamaq hüququnu”
mütləq şəkildə tanımaq Konvensiyanın məqsəd
və predmetinə zidd olacaqdır. Onun qərarı
belə oldu ki, abort hamiləliyin ilkin mərhələsində
edilirsə, bu halda ona rüşeymin yaşamaq hüququnun məhdudlaşdırılması
kimi baxmaq olar, bu, “həmin mərhələdə
qadının həyatını və
sağlamlığını müdafiə edən” məhdudlaşdırmadır.
Abortlara
icazə verən qanunlar məsələsində
dövlətlərə müəyyən hərəkət sərbəstliyi
verilsə də, Norveçə qarşı məhkəmə
işində (1992) Komissiya bəyan etdi ki, müəyyən hallarda 2-ci maddə hələ doğulmayan
uşaqlara tətbiq edilə bilər. Lakin həmin halların nədən ibarət
olması hələ aydın deyil. Qeyd olunan işdə Komissiya Norveçin daxili qanunvericiliyinin abortla bağlı normalarını nəzərdən
keçirərək, bildirdi ki, cavabdeh dövlət bu məsələdə malik
olduğu hərəkət sərbəstliyinin
hüdudlarından kənara çıxmayıb”.
Abortla bağlı
məsələlərdən biri də abortlara icazə verilməsinin hamilə
qadınların qanuni maraqları ilə rüşeymi müdafiə etməyə dair qanuni zərurət
arasında tarazlığın pozulub-pozulmamasıdır. Bu məsələ
ilə bağlı dəqiq qəbul olunmuş
standart olmadığından 2-ci maddənin
hələ doğulmayan uşağa
şamil olunub-olunmadığını
araşdırarkən işə aidiyyəti olan
bütün qanuni maraqlar və hüquqlar ağlabatan şəkildə
balanslaşdırılmalıdır.
Azərbaycan
Respublikasının Konstitusiyasının yaşamaq
hüququnu nəzərdə tutan 27-ci maddəsinin mətni birmənalı
şəkildə yaşamaq hüququnu rüşeymə (ana
bətnində olan embriona)
aid etmir. Belə ki, Konstitusiyanın insan və vətəndaş
hüquqlarının və azadlıqlarının əsas prinsipi adlanan 24-cü maddəsinin
1-ci bəndində deyilir ki,
“hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və
azadlıqları vardır”. Ümumiyyətlə, “yaşamaq (həyat)” termininin
Azərbaycan dilindəki anlayışı bioloji cəhətdən deyil,
yalnız sosial cəhətdən mövcudluq anlayışını ifadə edir.
Mülki
Məcəllənin 25-ci maddəsinin 2-ci bəndi
Konstitusiyanın müvafiq normasını
möhkəmləndirərək, nəzərdə tutur ki, “fiziki
şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir”. Mülki Məcəllənin 25-ci maddəsinin
3-cü bəndində rüşeym üçün tanınan yeganə hüquqi vərəsə olmaq
hüququdur, bu hüquq maya
bağlandığı andan əmələ
gəlir.
Azərbaycan qanunvericiliyinə əsasən,
hamiləliyin süni surətdə
pozulması qadının arzusu ilə
hamiləliyin 12 həftəlik müddətinədək
aparılır. Sosial göstərişlər
üzrə süni pozulma
hamiləliyin 22 həftəliyinədək aparıla bilər.
Digər hallarda abort
yalnız göstərişlərə (səbəblərə)
əsasən həyata keçirilə bilər. Müvafiq surətdə, abort
heç bir halda yaşamaq hüququnun pozulması hesab
edilmir.
Lakin
yuxarıda qeyd edildiyi
kimi, Komissiya müəyyən
hallarda abort
praktikasının 2-ci maddəyə uyğunluğu
məsələsinin narahatlıq doğura
biləcəyini və hələ doğulmayan
uşaqların 2-ci maddənin tətbiqi dairəsinə
düşə biləcəyini bildirib. Bu baxımdan, gələcəkdə Avropa Məhkəməsinin orqanlarının
2-ci maddənin hansı hallarda pozula biləcəyini müəyyən etmələri
ilə əlaqədar Azərbaycan qanunvericiliyi
müəyyən hallarda Konvensiya
ilə ziddiyyətlər təşkil edə bilər.
Vahid Ömərov,
fəlsəfə və fəlsəfə
elmlər doktoru
Səs.- 2011.- 25 noyabr.- S. 7.