Azərbaycanda
hüquqi dövlət və
balanslaşdırılmış xarici siyasətin əsas istiqamətləri
Xarici siyasət
digər dövlətlərin davranışına təsir
göstərmək və ya öz davranışını beynəlxalq
mühitə uyğunlaşdırmaq üçün
dövlətin həyata keçirdiyi fəaliyyətlər
sistemidir. Xarici siyasətin
başlıca məqsədi milli
maraqların müdafiəsidir. Xarici siyasətin
həyata keçirilməsinin bir çox vasitələri mövcuddur
ki, onların içində ən əhəmiyyətlisi
diplomatiyadır. Müharibələr də xarici
siyasətin həyata keçirilmə vasitələrindəndir.
Xarici siyasətin təbiətinə beynəlxalq
münasibətlər elmində müxtəlif fərqli yanaşmalar mövcuddur. Bir yanaşma belə hesab edir ki,
dövlətin xarici siyasəti onun daxili siyasətinin
davamı və ya bir növ xarici
uzantısıdır. Başqa
yanaşmanın tərəfdarları, xüsusən də,
beynəlxalq münasibətlər elmində neorealist
məktəbin nümayəndələri isə, əksinə,
iddia edirlər ki, xarici siyasətin formalaşmasında daxili siyasət heç bir rol oynamır.
Xarici siyasətin
aşağıdakı doqquz
qaydasını göstərirlər:
1. Diplomatiya səlib
ruhundan azad olmalıdır.
2. Xarici siyasətin
hədəfləri milli
maraqlar baxımından
müəyyən edilməli
və adekvat güc ilə dəstəklənməlidir.
3. Diplomatiya siyasi
səhnəyə üçüncü
dövlətlərin gözü
ilə baxmalıdır
4. Dövlətlər onlar üçün həyati əhəmiyyətə
malik olmayan bütün məsələlərdə
güzəştlərə həmişə hazır olmalıdırlar.
5. Gerçək səmərə
dəyərsiz simvolik
hüquqlara dəyişdirilməməlidir.
6. Özünü elə
vəziyyətlərə salma
ki, sonra böyük risklər və ya simanı
itirmək bahasına həmin mövqedən çəkilməyəsən.
7. Zəif müttəfiqinin
sənin əvəzinə
qərar verməsinə
heç vaxt imkan vermə.
8. Silahlı qüvvələr
siyasətin rəhbəri
yox, siyasətin alətidir.
9. Hökumət ictimai
rəyin köləsi
deyil, əksinə, onu yönləndirməyi bacarmalıdır.
Hər bir müstəqil
dövlət özünə
məxsus, milli maraqlarına uyğun xarici siyasət yeridir. Və bu siyasəti yeridərkən mütləq
milli maraqlarını
ön planda tutur. Bir dövlətin milli
maraqlarına onun ərazi bütövlüyü,
suverenliyi, xalqın mənafeyi və milli təhlükəsizlik
kimi məsələlər
daxildir. Demokratik sistemlərdə
dövlət və ya hökumət rəhbərləri qərar
verərkən milli maraqlarla xalqın tələbi arasında bir balans qurmağa
çalışırlar. Xarici siyasəti yürüdərkən
xalqın mənafeyi mütləq öz əksini tapmalıdır.
Çünki konstitusiya əsasında
onun tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə,
ictimai-siyasi və mənəvi həyatının
azadlığına təminat
verilmişdir.
İkinci bir məsələ
isə bütün dövlətlərin ən
çox əhəmiyyət
verdiyi milli təhlükəsizlik məsələsidir. Bu da, öz növbəsində,
xarici siyasət strategiyasını müəyyən
edir. Bundan əlavə, yuxarıda
sadaladığımız digər
maddələr də dövlətlərin beynəlxalq
sistemə qoşularkən
ön planda tutduğu əsas məsələlərdir. İstər ikitərəfli, istərsə
də çoxtərəfli
əlaqələr qurularkən
bu maddələr xarici siyasətin əsas prioritetləri halına gəlir və dövlətlər bunları açıq şəkildə beynəlxalq
sistemdə qarşı
tərəflərə bildirirlər.
Həmçinin, xarici siyasətdə
dövlətlərin sərhəd
qonşuları ilə
olan münasibətləri
də öz əksini tapır. Bundan əlavə, beynəlxalq
təşkilatlara, layihələrə
qoşulma, regionda baş verən hadisələrə münasibət
bildirmə kimi məsələlər də
var.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsindən
sonra xalqın firavanlığı və
ölkənin davamlı
inkişafı üçün
ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi
istiqamətində uğurlu
strategiyanın həyata
keçirilməsinə başlanıldı. Müasir müstəqil Azərbaycanın
memarı və qurucusu olan Ümummilli
Lider Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi,
çox ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirdi,
hərtərəfli enerji
strategiyasını reallaşdırdı
və ölkənin uzunmüddətli inkişafının
təməlini qoydu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə
yönəlmiş strategiyası
onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri
müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 23 aylıq
ömür yaşamış
Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə
süqut etmişdir.
Qısa müddət ərzində
mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla
əsas dövlət institutları məhz həmin dövrdə yaradılmışdır. Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə, sabit siyasi sistemə
malik, sürətlə
inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz
milli maraqlarının
gerçəkləşdirilməsi, habelə, regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün
özünün iqtisadi
və siyasi imkanlarından məharətlə
istifadə edir. Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə
kimi tanınmışdır.
Ölkəmiz bütün regional məsələlərdə əsas
oyunçudur və regiondakı strateji əhəmiyyətli heç
bir layihə Azərbaycansız gerçəkləşə
bilməz. Azərbaycanın
xarici işlər naziri E.Məmmədyarovun fikrincə, Azərbaycanın
xarici siyasət istiqamətləri və strateji seçimləri aşağıdakı təsiredici
amillərlə müəyyənləşir:
1. Ermənistanın Azərbaycana qarşı təcavüzü.
2. Qlobal proseslər.
3. Strateji coğrafi
yerləşmə.
4. Zəngin
təbii ehtiyatlar.
5. Müasir dövrdə
təhlükəsizliyə təhdidlər və risklər.
6. Məsuliyyət və
özünəməxsusluq.
7. Azərbaycanın ərazi
bütövlüyünün bərpası.
8. Beynəlxalq sülhün
və sabitliyin təşviqi.
9. Səmərəli çoxtərəfli
beynəlxalq münasibətlər
sisteminin təşviqi.
10. Qarşılıqlı faydalı ikitərəfli
əlaqələrin inkişafı.
11. Avropa və Avratlantik strukturlara inteqrasiya.
12. Davamlı
inkişaf və Avropanın enerji və nəqliyyat dəhlizinin genişləndirilməsi.
Azərbaycanın əsas xarici siyasət strategiyası aşağıdakılardan ibarətdir:
Azərbaycanın yerləşmiş olduğu region hər cəhətdən istər
geosiyasi, istərsə
də strateji baxımdan önəm kəsb edir. Bu baxımdan
Azərbaycan həm qonşuluq siyasətində,
həm də digər region ölkələrlə
olan münasibətlərində
balanslaşdırılmış siyasət yürütməkdədir.
Bu da Azərbaycanın
yerləşmiş olduğu
regionun həssas olmasından irəli gəlməkdədir. Və bütün
bunları rəhbər
tutaraq, Azərbaycan Respublikası xarici siyasətində aşağıdakı
vəzifələri həyata
keçirməkdədir.
1) ölkənin müstəqilliyini, suverenliyini,
ərazi bütövlüyünü,
təhlükəsizliyini qorumaq
və bunları beynəlxalq təhlükəsizlik
sistemi ilə əlaqələndirmək;
2) mənafeyi Azərbaycanın milli maraqları ilə, həmçinin, dövlətçilik
maraqları ilə uyğun gələn ölkələrlə sıx
əməkdaşlıq qurmaq,
müttəfiqlik etmək.
Və bunlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək;
3) regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin
aradan qaldırılmasına
səy göstərmək;
4) xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını
beynəlxalq iqtisadi sistemdə təmsil etmək;
5) xarici ölkələrlə elmi,
mədəni, humanitar
əlaqələr qurmaq
və bu kimi təşkilatlarda fəal iştirak etmək.
Xarici siyasətin əsas prioritetləri aşağıdakılardır:
1) Azərbaycanın müstəqilliyinə
qarşı yönələn
bütün təhlükələrin
aradan qaldırılması,
milli təhlükəsizliyin
təmin edilməsi, Ermənistan tərəfindən
həyata keçirilən
separatizm və işğalçılıq siyasətinin
qarşısının alınması
və bu məqsədlə bölgədə
və dünyada müttəfiqlərin qazanılması;
2) Region dövlətlərlə maraqların üst-üstə
düşməsini təmin
etmə və qarşılıqlı əməkdaşlıq
çərçivəsində hərəkət etmək.
Bütün bunlar bu
regionun həssas olmasından və digər supergüc sayılan ABŞ və Rusiyanın bölgədəki
ortaq maraqlarını
nəzərə alaraqdan
həyata keçirilir. Məhz bu baxımdan
balanslaşdırılmış siyasətin yürüdülməsi
hal-hazırda məqsədəuyğun
hesab edilir.
Ölkə Prezidenti cənab
İlham Əliyev Azərbaycanın yürütdüyü
uğurlu xarici siyasət haqqında deyir: “Biz bütün ölkələrlə onların
ölçülərindən, qüdrətindən asılı
olmayaraq, bərabərhüquqlu
münasibətlər qurmuşuq”.
Azərbaycanın xarici siyasəti
ilə bağlı ölkə daxilində fikir ayrılığı
yoxdur. Bunu Prezident İlham
Əliyev Ucarda yerli ictimaiyyətin nümayəndələri ilə
görüşündə deyib. “Ancaq
özlərini “ekspert”
adlandıran insanlar bəzi hallarda həm ölkə daxilində, həm də xaricdə bizim xarici siyasətimizlə
bağlı müxtəlif
fikirlər səsləndirirdilər.
Bəzi hallarda tənqidi xarakterli fikirlər səsləndirirdilər ki,
Azərbaycanın tarazlaşdırılmış
siyasəti yanlış
siyasətdir. Azərbaycan
hansısa bir qüvvəyə yaxın
olmalıdır, hansısa
qüvvənin qanadı
altına keçməlidir”,
- dövlət başçısı
deyib.
İlham Əliyevin fikrincə,
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə
keçirilən seçkilər
bütün bu yanlış və zərərli fikirləri bir daha alt-üst
etdi: “Bu səsvermə
göstərdi ki, yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış
siyasət deyil. Mən bunu bir daha
demək istəyirəm
ki, bu, müstəqil
siyasətdir. Biz müstəqil ölkə
kimi özümüzə
hörmət edirik, xalqımıza, dövlətimizə
hörmət edirik.
Siyasətimizi yalnız Azərbaycan
xalqının maraqları
üzərində qururuq.
Bütün ölkələrlə onların ölçülərindən,
qüdrətindən asılı
olmayaraq, bərabərhüquqlu
münasibətlər qurmuşuq.
Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir.
Azərbaycanı dünyada etibarlı tərəfdaş
və ləyaqətli
ölkə kimi tanıyırlar. Ona görə xarici
siyasətlə bağlı
bundan sonra əminəm ki, fikir ayrılığı
olmayacaq”.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 26 noyabr.- S. 10.