YENİ
AZƏRBAYCAN PARTİYASI - 19 İLİN KEŞMƏKEŞLİ
YOLLARI
Hələ müstəqilliyimizin ilk illərində
ölkəmizdə Yeni Azərbaycan Partiyasının
yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə
düşdü. Bu hadisənin baş verməsi Azərbaycan
xalqının, dövlətinin və dövlətçiliyinin
qorunması, inkişaf etdirilməsi istiqamətində misli
görünməmiş hadisə kimi xalqımız tərəfindən
hər zaman yüksək dəyərləndirilmişdir.
YAP-ın yaranma zərurəti həm də ağır vəziyyətdə
yaşayan xalqın sosial sifarişi kimi şərəfli
tariximizə yazılıb.
MÜQƏDDƏS AMAL UĞRUNDA ATILAN
İLK QƏDƏMLƏR
Qeyd edək ki, YAP-ın yarandığı
dövr ölkəmizin
nüfuzlu beynəlxalq təşkilatlara (BMT və s.) üzv qəbul
edilməsi, Azərbaycanın müstəqil dövlət kimi
tanınması prosesi ilə üst-üstə
düşürdü. 1992-ci ilin noyabr ayının 21-də Azərbaycanın
ayrılmaz guşəsi olan Naxçıvanda partiyanın
tarixi təsis konfransı keçirildi. Amma digər fakt ondan
ibarətdir ki, hələ təsis konfransına altı ay
qalmış - gələcəkdə Azərbaycanın
müqəddəratında önəmli rol oynayacaq siyasi təşkilatın
yaranması istiqamətində ciddi hazırlıq işləri
aparılırdı. Azərbaycan xalqının
tanınmış ziyalıları, siyasi-ictimai xadimləri o
zamanlar Naxçıvanın Ali Sovetinin Sədri,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevə
Azərbaycanda gedən ictimai-siyasi proseslərdən kənarda
qalmamaq üçün davamlı müraciətlər edirdi.
Həmçinin, Azərbaycanın çətin vəziyyətində
xalqa köməyinin lazım və Onun siyasətə
qarışmasının mütləq zəruri olduğunu əsaslandıraraq,
Naxçıvana üz tutanlarının sayı
günü-gündən artırdı. Bu baxımdan, onu da
vurğulamaq mümkündür ki, Yeni Azərbaycan
Partiyasının yaranması hələ, 1992-ci ilin ilk
aylarından başlamışdı. Yəni YAP təsis edilən
günədək bu istiqamətdə ardıcıl, müvafiq
və təməlli işlər görülürdü.
Bütün bu önəmli hadisələr Azərbaycan
dövlətinin tarix salnaməsinə qızıl hərflərlə
yazılmış müqəddəs amalın-dövlətçiliyin
tərəqqisi istiqamətində atılan nəhəng addımların ilk qədəmləri
idi...
YAP-IN YARANMASI ÜMUMXALQ HADİSƏSİNƏ
ÇEVRİLMİŞDİ
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin o
dövrlərdə Azərbaycanın gələcəyi ilə
bağlı arqumentlərə əsaslanan siyasi analizlər etməsi,
müvafiq proqnozlar verməsi, Kommunist Partiyası rəhbərliyinin
yarıtmaz siyasətini sərt şəkildə tənqid etməsi,
Kremlin anti-Azərbaycan siyasətinə qarşı
çıxmasından tutmuş o vaxtkı rəhbərliyin
Dağlıq Qarabağ və digər ümummilli məsələlərimizə
aid xəyanətkar siyasətini və erməniləri
aşkar dəstəkləmələrini ifşa etməsi, eləcə
də, bunlardan irəli gələn təzyiqlər həmin
zamanların daxili proseslərinin ümumi
görüntüsünü aşkarlayırdı. Məhz bu
cür proseslərin inkişafında Yeni Azərbaycan
Partiyasının ətrafında ümummilli hərəkatı
formalaşmağa başlamışdı və bu tendensiya
ümumxalq hadisəsinə çevrilmişdi. Məhz bu səbəbdən
söyləmək mümkündür ki, Yeni Azərbaycan
Partiyası yarandığı gündən ümumxalq
partiyasına çevrilib. Və həqiqətən də,
Yeni Azərbaycan Partiyasının yaranması yenicə
müstəqillik qazanmış Azərbaycanın həyatında
tarixi ictimai-siyasi prosesə çevrildi. Belə ki, Yeni Azərbaycan
Partiyasının yaranması ilə Azərbaycanda mövcud
olan digər sistemlərlə yanaşı, siyasi sistem də
yenidən təşəkkül tapmağa başladı və
bu siyasi təşkilat Azərbaycana
yeni nəfəs, yeni baxış, eləcə də,
dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi
mübarizə aparmanın sivil ənənələrini,
normalarını gətirdi. Maraqlı məqamlardan biri də
o idi ki, Ümummilli Lider Heydər Əliyev heç bir zaman
insanları, vətəndaşları o zamankı yarıtmaz
iqtidara qarşı dağıdıcılıq ruhunda
çıxmağa çağırmırdı. O öz
müdrikliyi hər bir vətəndaşı mövcud hakimiyyət
ətrafında birləşməyə və problemlərin
öhdəsindən birgə gəlməyə səsləyirdi.
Ulu Öndər, eyni zamanda, o dövrkü iqtidarın
çatışmayan cəhətlərini,
nöqsanlarını konstruktiv şəkildə tənqid
edirdi, düzgün yolu göstərirdi, milli birliyin
yaradılması və vətəndaş
qarşıdurmasından qaçmanın yollarından, daxili
siyasətin qurulmasından, insanların potensialından
dövlət quruculuğunda istifadənin metodlarından,
Dağlıq Qarabağ probleminin həlli vasitələrindən,
təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsindən bəhs edirdi.
XALQ ÜÇÜN NÜMUNƏNİN
ÖRNƏK GÖSTƏRİCİSİ
O dövrün ictimai-siyasi proseslərini təhlil edərkən,
bir daha şahidi oluruq ki, AXCP (hələ o zamanlar
parçalanmamışdı-R.N.), Müsavat, AMİP və
digər partiyaların, siyasi təşkilatların əksər
çoxluğu eyni hərəkatın tərkibindən
çıxmış, eyni məqsədə xidmət
etmiş ayrı-ayrı insanların şəxsi mənfəətlərinin
həyata keçirilməsi üçün yaradıldı.
Onların hər biri eyni ideyaya xidmət etsələr də,
bir düşərgə daxilində ayrı-ayrı
düşərgələrə
parçalanmışdılar. Həmin partiyalar məqsədi
məlum olmayan fəaliyyətlərlə məşğul
olurdular. Daha dəqiq desək, bu kimi siyasi təşkilatlar
qanun çərçivəsində, demokratik dəyərələrə
söykənən vasitələrlə deyil, qeyri-qanuni və
anti-sivil metodlarla fəaliyyət göstərirdilər. Partiya
rəhbərlərinin hər biri ətrafına müəyyən
qədər silahlı adamlar toplamış və onlar ortaya
şəxsi ambisiyalarını qoymaqla, özlərinə
xüsusi şəraitin yaradılmasını istəyirdilər.
Həmçinin, belə siyasi təşkilatlar ətraflarına
topladıqları qanunsuz silahlı dəstələrini
Dağlıq Qarabağda düşmənlə mübarizəyə
istiqamətləndirmək əvəzinə, hakimiyyəti ələ
keçirmək uğrunda mübarizəyə cəlb edirdilər.
Azərbaycanda müstəqilliyin ilk illərində baş
vermiş vətəndaş qarşıdurmalarının səbəbləri
məhz bu kimi “siyasətçilər” idi.
Lakin Yeni Azərbaycan Partiyasının xalqın tələb
və təkidi ilə hakimiyyətə gəlməsi Azərbaycanda
nümunəvi siyasi fəaliyyətin ortaya qoyulması ilə ənənəvi
dağıdıcılığa, qarşıdurmalara son verdi.
YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni
dinamizm, yeni sivil siyasət və ən əsası demokratik
ab-hava gətirdi, demokratik dəyərlərin bərqərar
olmasını, vətəndaş cəmiyyətinin
formalaşmasını təmin edən önəmli
xüsusiyyətləri cəmiyyət həyatına daxil etdi.
YAP Azərbaycan xalqı üçün fəaliyyət
göstərməyin ali, əvəzolunmaz nümunəsini sərgilədi.
DAVAMLI QƏLƏBƏLƏRİN XALQ
AMİLİ-SARSILMAZ TƏMƏL
Bu gün YAP Azərbaycan cəmiyyətinin, Azərbaycan
xalqının güclü və davamlı dəstəyinə
malik olan möhtəşəm siyasi təşkilatdır. Azərbaycan
xalqının böyük əksəriyyətinin
YAP-a böyük dəstək verməsi bu siyasi təşkilatın
davamlı qələbəsini təmin edir. Yəni YAP-ın
möhtəşəm, ardıcıl, uğurlu qələbələr
davamiyyətinin əsasında ümummilli dəstək,
ümumxalq etimad əks olunur.
Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə “Səs”
qəzeti vasitəsilə ziyalıların müraciətinə
verdiyi cavabında müstəqil Azərbaycan dövlətinin
siyasətinin 5 əsas prinsipini açıqlamışdı.
Azərbaycan dövlətini qurmaq, daxili və xarici siyasəti
formalaşdırmaq və xalqın etimadını qazanmaq
üçün həyata keçirilməsi vacib olan prinsiplərdən
biri də Azərbaycan gəncliyini sağlam, vətənpərvər,
intellektual və kreativ yetişməsini təmin etmək,
onların potensialını reallaşdıraraq, dövlətimizin
inkişafına yönləndirməkdən ibarət idi. Bu
gün əminliklə deyə bilərik ki, uğurlu gənclər
siyasəti hələ Ulu Öndər Heydər Əliyevin
partiya quruculuğu dövründə daim diqqət mərkəzində
olub. O, hər zaman vurğulayırdı: “Bir dövlətin gənci
öz ölkəsinin, millətinin gələcəyinə
inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə
qoşulmursa, proseslərə biganə yanaşırsa, proseslərin
ağırlığını öz çiyinlərinə
götürmürsə, o zaman, o millətin, dövlətin gələcəyi
olmaz”.
Məhz Ulu Öndər Heydər Əliyevin bu örnək
kəlamla gənclərə yanaşmasını sərgiləməsi,
bu məsələni ümummilli problemlərin əsas orta məxrəcinə
gətirməsinin uğurlu nəticəsidir ki, Yeni Azərbaycan
Partiyası yarandığı
qısa zaman kəsimində
Azərbaycan gənclərini
dövlət və dövlətçilik ətrafında birləşdirməyə
müvəffəq oldu.
Bu gün Ulu Öndər Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı, Yeni Azərbaycan
Partiyasının Sədri, ölkə Prezidenti cənab
İlham Əliyev həm dövlət quruculuğunda, həm də
partiya quruculuğunda möhtəşəm uğurlara imza
atmaqdadır. Bütün məqamlarda Azərbaycan xalqı əmindir
ki, ölkənin inkişaf tendensiyası, onun davamlı
uğurları bundan sonra da yüksək tribunalardan, beynəlxalq
nüfuzlu siyasi dairələrdən
alqışlanacaq. Çünki Yeni Azərbaycan
Partiyasının təməli möhkəm və
sarsılmazdır.
Rövşən NURƏDDİNOĞLU
Səs.-2011.- 26 noyabr.- S.5.