Hüquqi
dövlət və əmək hüququ
Əmək hüququ sosial-iqtisadi hüquqlara daxil olan və hüquqi
dövlətin müdafiə etdiyi əsas
hüquqlardandır. Əmək hüququnun
aşağıdakı tərkib hissələri vardır: İşçi - əmək hüququnun
subyekti, fiziki şəxs,
işəgötürən tərəfindən əmək
müqaviləsi ilə əmək fəaliyyətinə
cəlb edilən şəxsdir. İşəgötürən
- tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək
müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini
dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil)
etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə,
hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
İşəgötürən əmək müqaviləsinin
tərəfi olaraq, əmək hüququ münasibətinin məcburi
iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər
işəgötürən ola bilər.
Beynəlxalq Əmək Təşkilatının
qəbul olunmuş nizamnaməsində, konvensiya və tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin
əmək qanunvericiliyi çərçəvəsində
xüsusiləşmə tələb edir.
Köhnə postsovet
respublikalarında əvvəllər “işəgötürən”
anlayışından istifadə olunsa da, sonralar bu
ümumilləşdirici anlayışdan imtina
edilmiş, “müəssisənin, təşkilatın,
idarənin müdiriyyəti” və yaxud
sadəcə olaraq, “müəssisələr,
təşkilatlar, idarələr” anlayışı tətbiq edilmişdir. Respublikamızda 1996-cı
ildən etibarən normativ aktlarda
“işverən” anlayışından istifadə olunmuş, 1998-ci ildən isə başqa şəxsə iş
təqdim edən şəxslərin barəsində “işəgötürən”
anlayışından istifadə edilməyə
başlanmışdır.
Əmək
qanunvericiliyində işəgötürənlərin vəzifələri,
hüquqları, məsuliyyəti nəzərdə tutulmuş və işəgötürənlər
bunlara tam riayət etməklə
fəaliyyət göstərməlidirlər.
İşçilərin hüquqlarını pozan,
əmək qanunvericiliyinin tələblərinə
əməl etməyən, əmək
müqaviləsi üzrə öhdəlikləri yerinə
yetirməyən işəgötürən qanunvericiliklə
müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə
cəlb oluna bilərlər. İşəgötürənlərin
əmək qanunvericiliyi ilə nəzərdə
tutulan müəyyən hüquqları
vardır və bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə
vəzifələrini icra etməyə hər
cür müdaxilə olunması, manelər
yaradılması qadağandır. İşəgötürənlərin
hüquqlarını pozan hər bir şəxs qanunvericiliklə nəzərdə
tutulan qaydada məsuliyyət
daşıyır.
Əmək
bazarı - tələb və təklifin
qarşılaşdığı yerdir. Əmək
bazarı cəmiyyətin sosial-siyasi və
iqtisadi həyatında vacib
və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir,
əməyin şəraiti, əmək haqqının kəmiyyəti,
təhsil almaq imkanları, məşğulluğun
təminatı və sairə müəyyənləşdirilir.
Əmək bazarı məşğulluq dinamikasının əsas
tendensiyalarını özündə əks etdirir.
Əmək
bazarının tənzimlənməsinin ən mühüm
şərti işəgötürənlərlə
işaxtaranların maraqlarının və tələblərinin
üst-üstə düşməsi,
uzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz
imkanlarına, bacarıqlarına və tələblərinə
uyğun iş
tapmaq, işəgötürənlərə
isə öz fəaliyyətlərini təmin
etmək üçün işçilər
tapmağa imkan verən
ictimai mexanizmlərin və sistemlərin məcmusu
kimi də tərif vermək olar. İşaxtaranlar əmək
fəaliyyəti barədə düşünərkən,
mütləq bu və ya digər
peşələrə, ixtisaslara, xidmət
sahələrinə gələcəkdə olan
tələbatı nəzərə almalı, bu
tələbatın əmək bazarında hansı istiqamətdə
inkişaf edəcəyini bilməlidilər.
Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi
bacarmaq və sonradan
hansı şəraitin yaranacağını bilmək vacibdir.
Müasir əmək
bazarının başlıca xüsusiyyəti ondan
ibarətdir ki, daimi məşğulluğa
tam zəmanət vermək qeyri-mümkündür.
Məşğulluq səviyyəsini təyin edən əməyə
tələbat bir çox
amillərdən, dövlətin bu sahədə
siyasətindən, iqtisadiyyatın strukturundan,
əməyin təşkilindən, rəqabət
bacarığından, gəlir meyarlarından, bazar
qiymətlərindən, əməyin səmərəliyindən,
əmək münasibətlərinin çevikliyindən, istehsal üçün
lazım olan təhsil, peşə bilikləri
və bacarıqlarından, ixtisasartırma və yeni peşələrə yiyələnmək
proseslərindən, həmkarlar ittifaqlarının
aktivliyindən asılıdır.
Əmək
bazarının inkişafı yeni məşğulluq
növlərinin, müvəqqəti işlərin, natamam iş günü ərzində müxtəlif rejimli işlərin, müəyyən haqq müqabilində görülən sərbəst
qrafikli işlərin, evdə görülən
işlərin, müəyyən müqavilə əsasında
görülən işlərin və sairə meydana
gəlməsinə səbəb olur.
Göstərilən xidmətlərin dəyişməsi ilə
əlaqədar işçi qüvvəsinə
olan tələb də dəyişir. Bu səbəbdən, müəssisələrdə
yaranan müvəqqəti işlər sonradan daimi işə
çevrilmək imkanı yarada da bilər.
Yüksək
peşəkarlıq, təşəbbüskarlıq, aktivlik, yaradıcılıq, özü
haqqında tam təəssürat yaratmaq bacarığı, öz
qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək
bazarında müvəffəqiyyətə nail
olmaq üçün
başlıca xüsusiyyətlərdəndir.
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə görə əmək müqaviləsi üzrə
işçinin aşağıdakı əsas
hüquqları vardır:
a) sərbəst
surətdə ixtisasına, sənətinə, peşəsinə
uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi
bağlamaq;
b) əmək
müqaviləsinin şərtlərini dəyişdirmək və
ya onu ləğv etmək
üçün işəgötürənə
müraciət etmək;
c)
iş vaxtında və ya
iş vaxtından sonra
qazanc əldə etmək məqsədi ilə
qanunvericiliklə qadağan edilməyən,
habelə, əmək müqaviləsi üzrə tərəflərin
öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə
məşğul olmaq;
ç)
həyatının, sağlamlığının və əməyinin
mühafizəsini təmin edən əmək şəraitində
çalışmaq, habelə, belə şəraitin
yaradılmasını tələb etmək;
d)
qanunvericiliklə müəyyən edilmiş
minimum məbləğdən
aşağı olmayan əmək
haqqı almaq;
e) iş vaxtından artıq vaxtda
işə cəlb olunduqda əlavə əmək
haqqını almaq və ya
onun verilməsini tələb etmək;
ə) əmək
müqaviləsi ilə müəyyən edilmiş
əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə
yetirməkdən imtina etmək, belə
işləri, xidmətləri icra etdikdə
isə müvafiq əlavə əmək
haqqının verilməsini tələb etmək;
f) mənzil
şəraitinin, ailə üzvlərinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən
müvafiq sosial
yardımlar almaq;
g)
qanunvericiliklə müəyyən olunmuş
iş vaxtında çalışmaq;
ğ) müvafiq peşələr (vəzifələr),
istehsalatlar üzrə iş
yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
h)
qanunvericiliklə müəyyən olunmuş
həftələrarası istirahət günlərindən
istifadə etmək;
x) hər il bu məcəllədə
nəzərdə tutulmuş minimum müddətdən az
olmayan ödənişli əsas məzuniyyətdən
və müvafiq hallarda
əlavə, sosial, ödənişsiz, təhsil
məzuniyyətlərindən istifadə etmək;
ı) peşə
hazırlığını artırmaq, yeni
ixtisasa yiyələnmək və
ixtisasını artırmaq;
i) əmək
funksiyasının yerinə yetirilməsi zamanı əmlakına
və səhhətinə dəyən ziyanın ödənilməsini
tələb etmək;
j)
işəgötürən tərəfindən qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi sosial
sığorta və istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə-əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunmaq, habelə, hər hansı başqa növ sığorta
qaydalarından istifadə etmək;
k)
qanunvericiliklə müəyyən olunmuş
qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü
olmaq, habelə, bu təşkilatların
və ya əmək kollektivinin
keçirdiyi tətillərdə, mitinqlərdə,
toplantılarda və qanunvericiliklə qadağan
olunmayan digər kütləvi tədbirlərdə
iştirak etmək;
q) əmək
hüquqlarının müdafiəsi üçün
məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
l) sosial müdafiə üzrə müavinətlərdən
və güzəştlərdən, sosial
sığorta hüququndan istifadə etmək;
m) işsizliyə
görə qanunvericiliklə müəyyən olunmuş
dövlət təminatını almaq;
n) iş yeri, vəzifəsi
(peşəsi), aylıq əmək haqqı və əmək
münasibətləri ilə bağlı digər məlumatlar
barədə işəgötürəndən müvafiq arayışlar almaq.
Azərbaycanda əmək hüququnu müdafiə edən müxtəlif
təşkilatlar fəaliyyət göstərir.Onlardan
aşağıdakını göstərmək olar:
Vətəndaşlarin
əmək hüquqlarini müdafiə
komitəsi
Təşkilatın missiyası
və əsas fəaliyyət istiqamətləri
aşağıdakılardır:
Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə Liqasının
əsas missiyası ölkənin sosial
sferasında insan hüquq
və azadlıqlarının təmin olunması istiqamətində
hüquqi, ictimai,
maarifləndirici və vəkillik fəaliyyətlərini həyata
keçirməkdir. Sosial-iqtisadi
hüquqların müdafiəsi ilə yanaşı, təşkilat,
həmçinin, fundamental hüquq
və azadlıqların təmin olunması istiqamətində
də ixtisaslaşmışdır. Təşkilat işini əsasən monitorinqlər, məhkəmə
çəkişmələri, ictimai kampaniyalar, maarifləndirmə və vəkillik fəaliyyətləri şəklində
qurur. Təşkilatın müvafiq
dövlət qurumları ilə əməkdaşlıq
münasibətləri vardır.
Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə
Liqasının daxil
olduğu Milli Koalisiya və şəbəkələr
Korrupsiyaya
qarşı mübarizə aparan təşkilatların
məlumat və əməkdaşlıq şəbəkəsi;
Mədən sənayesində Şəffaflıq təşəbbüsü
Koalisiyası; Ədliyyə naziri
yanında Penitensiar Xidmət üzrə İctimai Komitə; Mədən Sənayesinin
Təsirləri üzərində Vətəndaş Nəzarəti
Şəbəkəsi. Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının daxil olduğu Beynəlxalq Koalisiya
və şəbəkələr: İnformasiya
Azadlığı üzrə Vəkillik Şəbəkəsi.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 29 noyabr.- S. 10.