Azərbaycanda milli ideyanın formalaşmasında etnogenez amili

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir neçə gün öncə “Bakinskiy raboçiy” qəzetinə müsahibə verib. Akademik müsahibədə çox vacib məqamlara toxunub. Bu yazımızda R.Mehdiyevin geniş müsahibəsindəki milli ideyanın inkişaf tarixində etnogenezinin rolu haqda fikirlərini təhlil etməyə çalışacağıq.

Hər bir xalqın formalaşmasına çoxsaylı etnik mənsubiyyət faktorunun rol oynaması məlumdur. Bu gün tədqiqatçıları bir məsələ düşündürür.

 

Milli ideyada azərbaycanlıların etnogenezinin rolu nədən ibarətdir?

 

Akademik Ramiz Mehdiyev bu məsələyə belə aydınlıq gətirir: “Etnogenez sadəcə etnosun mənşəyi deyildir. Bu, etnosun yaranmasından başlamış onun yox olmasına və ya homeostaz (hərəkətsizlik) vəziyyətinə keçməsinə qədər təşəkkülü prosesidir. Elmdə müəyyən edilmişdir ki, müxtəlif əcdadlardan yaranmayan etnos yoxdur. Burada düzxətli inkişaf yoxdur.

Lev Qumilyovun fikrincə, etnogenez biosferə xas təbii prosesdir. Hərdənbir yaranan bu proses daimi fəaliyyətdə olan üç amil: 1) sosial-siyasi; 2) texniki; 3) coğrafi amillə yanaşı, etnik tarixin komponentlərindən biridir. Lakin etnogenezin dinamikası dördüncü amil - passionar təkan hesabına baş verir. Növdaxili forma yaranmasının bu lokal variantı tarixi və landşaft amillərinin birləşməsi ilə müəyyən edilir.

Bilmək vacibdir ki, etnogenez də statik təbii proses olduğuna baxmayaraq, ləng gedir: passionar təkan anından onun ətalətinin tam sükunət vəziyyətinə çatmasına qədər min ildən artıq vaxt keçir. Bizə belə gəlir ki, həyatımız dövründə etnik sistemlə əlaqədar heç bir mühüm hadisə baş vermir və biz etnosu sabit kəmiyyət kimi qəbul edirik. Lakin bu, ciddi yanılmadır”.

Ramiz Mehdiyev qeyd edib ki, xalqların köçürülməsi, işğalçı müharibələr, ekoloji proseslər minilliklər boyu bəzi xalqların yox olmasının və digərlərinin yaranmasının, qəbilə və etnosların bir-birinə qarışmasının, dillərin və mədəniyyətlərin transformasiyasının başlıca səbəbləri olmuşdur. Bu tarixi proseslər zəngin etnik tarixə malik olan Azərbaycan xalqından da yan keçməmişdir.

Əlverişli iqlim şəraiti sayəsində Cənubi Qafqaz insanların qədim məskəni olmuşdur. Müasir Azərbaycanın ərazisində çoxlu dövlətlər və etnoslar yaranmış və yox olmuş, onların hər biri Azərbaycan tarixində öz izini qoymuşdur.

 

Azərbaycanda yaşamış xalqlar  bizim etnik əcdadlarımızdır

 

Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks etdirən qaynar qazan kimi formalaşmışdır. Burada güclü türk təməli ilə yanaşı İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb etmişlər.

Qətiyyətlə demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim əcdadlarımızın da qanı axır. Bu, reallıqdır. Bunu etiraf etməyi antropologiya - insanın mənşəyi və təkamülü, irqlərin yaranması və insanın fiziki quruluşunun normal variasiyaları haqqında elm öyrədir.

Skeptiklərə məsləhət görərdim ki, insanın təkamülünün müasir nəzəriyyəsi ilə yaxından tanış olsunlar. Bəlkə onda onlar Azərbaycan xalqının minilliklər boyu formalaşması prosesinin necə getdiyini daha dərindən başa düşərlər.

Akademik vurğulayır ki, Azərbaycan tarixi Azərbaycan xalqının vahid etnogenez sisteminin təhlili və formalaşması üçün zəngin material verir: “Azərbaycan xalqının mənşəyinin öyrənilməsi metodikası etnogenezin tərkib hissələri olan üç komponentin kompleks şəklində nəzərə alınmasına əsaslanır: antropogenez (xalqın bioloji mənşəyi), qlottogenez (xalqın dilinin mənşəyi) və kulturogenez (xalqın mədəniyyətinin mənşəyi). Beləliklə, azərbaycanlıların etnogenezi antropologiya (genetika da daxil olmaqla), linqvistika, tarix və arxeologiya elmləri vasitəsilə öyrənilir.

Çoxsaylı tədqiqatların nəticələri bu diyarın qədim tarixinə nəzər salmağa imkan verir. Tarix həmin ərazidə bu gün haqlı olaraq azərbaycanlıların əcdadları hesab edilən xalqların və qədim dövlətlərin mövcud olmasını təsdiq edən çoxsaylı sübutlar verir. Kuti və lulubeylərin qədim qəbilə ittifaqları, Manna və Midiya, Atropaten və Qafqaz Albaniyası dövlətlərinin birləşdirdiyi etnoslar, Strabonun öz mənbələrində sadaladığı qəbilələr tarixi Azərbaycan ərazisində müxtəlifdilli çoxsaylı qəbilə və xalqların birgə yaşamasını təsdiqləyən nümunələrdir. Bütün bu xalqlar bizim etnik əcdadlarımızdır, şüurumuzun tərkib hissəsidir”.

 

Etnik müxtəliflik Azərbaycan xalqının zəngin sərvətidir

 

Akademik qeyd edib ki, millətin yaranmasında passionar rol oynamış türk elementi zaman keçdikcə ən çoxsaylı element olmuşdur. Bu amilin sayəsində, eləcə də, qarşısıalınmaz daxili fəaliyyət istəyi nəticəsində türk elementi etnosların Azərbaycan milləti şəklində birləşməsindən ibarət uzun sürən prosesdə üstünlük təşkil etmişdir. Bütün bunlar azərbaycanlıların etnik xəritəsində nəzərəçarpacaq iz qoymuşdur. Millət haqqında bu cür anlayış bütün müasir millət-dövlətlərin elmi izahına tam müvafiqdir. Bu anlayışa görə, müəyyən dövlətin bütün vətəndaşları bir xalq, bir millət təşkil edir.

Heç şübhəsiz, Azərbaycan xalqı türkdilli xalqlar ailəsinə mənsubdur. Bu xalqların formalaşmasında müxtəlif etnik elementlər iştirak etmişdir. Məsələn, türkmənlərin, azərbaycanlıların və türklərin dilləri çox yaxındır, lakin bu xalqların hər biri XXI əsrə özlərinin qədim əcdadları, xüsusən, Oğuz tayfaları ilə yanaşı, onların yaşadığı regionda məskunlaşan müxtəlif etnik qrupların “çiyinlərində” gəlmişdir. Biz onların təsirini, necə deyərlər, hər addımda hiss edirik: söz tərkibində, ənənələrin və mədəniyyətin elementlərində, məişətdə, çox vaxt onların nümayəndələrinin zahiri elementlərində və s.

Bu gün azərbaycanlılar minilliklər boyu bu ərazidə mövcud olmuş bütün dövlətlərin və orada məskunlaşmış xalqların obyektiv xələfləri və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Etnik müxtəliflik Azərbaycan xalqının zəngin sərvətidir. Bu sərvəti qorumaq lazımdır. Azərbaycançılıq ideologiyasının təməli olan güclü birləşdirici başlanğıc hər bir vətəndaşın öz Vətəninə görə keçmiş və gələcək nəsillər qarşısında məsuliyyət daşıyıcısı olması üçün əlverişli şərait yaradır.

 

“Bu gün millət daha çox siyasi, yoxsa etnik məzmuna malikdir?”

 

Bu suala hörmətli akademik belə cavab verir: “Hər bir tarixi dövr müəyyən anlayışlar və kateqoriyalar aparatı ilə səciyyəvidir. Son iki yüz ildə “millət” anlayışı əsaslı dəyişikliklərə məruz qalmışdır. XIX əsrdə Azərbaycanda “millət” anlayışı müstəsna dini kontekstə malik idi. Millət və ümmə tamamilə eyniləşdirilirdi və millət anlayışı insanların dini prinsip üzrə daha geniş mənada birləşməsi demək idi.

Milli təfəkkürün təkamülündən sonra “millət” anlayışı dini tərkib hissə ilə yanaşı, həm də tədricən prioritet xarakter almış sosiomədəni tərkib hissəsini əhatə etmişdir. Millətin etnik məzmunu yaranmış və bu, XX əsrin əvvəlində milli azadlıq hərəkatının proqramına daxil edilmişdi.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradılarkən “millət” anlayışının siyasi məzmun kəsb etməsi reallıq idi, o vaxt hakim siyasi qüvvə milli, dini və sinfi mənsubiyyətindən asılı olmayaraq bütün sosial qruplara ümumi dövlətin problemlərinin həllində iştirak etmək imkanı vermişdi. Sovet dövrü Azərbaycanın tarixində etniklikdən uzaqlaşma və “sovet vətəndaşı” deyilən süni millətə keçid ilə əlamətdar olmuşdur. Bu terminə sırf siyasi məna vermək cəhdi uğursuz oldu.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi nəticəsində “biz kimik?” mövzusunda müzakirələr yenidən geniş miqyas aldı. Kollektiv identifikasiya formalarından biri olan etnik identifikasiya prioritet əhəmiyyət qazanırdı. Yetmiş il ərzində etnikliyin təkzib edilməsinə cavab olaraq bu komponent qısa müddətdə güclü təkan almış və ifrat dərəcəyə çatmışdır.

Lakin respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi. Buna görə də identifikasiyanın bu formasının qətiyyətli seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dini identifikasiyası mövzusunda debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini zəiflədir, onu etnik əlamət üzrə parçalanmaya doğru sürükləyirdi.

Yalnız Azərbaycançılığı vətəndaşlığın dövlət formasının etniklik üzərində prioriteti kimi seçmiş Heydər Əliyevin bu prosesə vaxtında müdaxilə etməsi problemin kəskinliyini aradan qaldırdı. Eyni zamanda, dövlətin adı ilə eyniləşdirilmiş millətin adı qorunub saxlandı.

 

Azərbaycançılıq bütün xalqların birgə yaşayış və inkişafını ehtiva edir

 

Akademik müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasının bu dövrünü Fransada milli ideyanın formalaşması dövrü ilə müqayisə edir: “1789-cu il Fransa inqilabı dövründə mərkəzsizləşmə tərəfdarları bir müddət əyalətlərdə populyarlaşdığı vaxtda Yakobinçilərin qələbəsi sayəsində Fransada milli birlik qorunub saxlanmış və bu aspekt Fransa milli ideyasının əsasını təşkil etmişdi”.

O vaxtdan “milli” anlayışı yeni kontekstdə istifadə edilməyə başlandı. Parlamentin adı dəyişdirilərək Milli Assambleya adlandırıldı və o, millətin adından həyata keçirilən suverenliyi təcəssüm etməyə başladı. Millət anlayışına yeni yanaşma: birgə yaşamaq əzmi və bunun nəticəsi kimi millətin və dövlətin vəhdəti və bölünməzliyi yaranmışdı.

Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyev bu barədə demişdir: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Bu gün Azərbaycan müsbət təcrübəni uğurla tətbiq edir. Təsadüfi deyildir ki, “kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır. Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilmiş və universal dəyərlərin daşıyıcısı statusu qazanmışdır.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 29 noyabr.-S.5.