Milli maraqları təmin edən mütərəqqi xarici siyasət

 

Prezident İlham Əliyevin apardığı mütəşəkkil və praqmatik xarici siyasəti nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqeləri daha da möhkəmlənmişdir

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi hücumçu diplomatiya kursunda bir çox uğurlu çalarlar, yalnız qələbələrə, müvəffəqiyyətlərə doğru istiqamətlənmiş qəti addımlar özündə bir çox xüsusiyyətləri ehtiva etməklə yanaşı, Azərbaycanın regionda lider dövlət olduğunu bir daha sübut edir.

Təbii ki, hazırda yürüdülən mükəmməl siyasi kursun zamanında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilməsi və bu əhəmiyyətli faktorun dövlət başçısı tərəfindən mütərəqqi ardıcıllıqla davam etdirilməsi qeyd edilən məfhumları özündə yetərincə əks etdirməkdədir.

Məhz bu faktorun nəticəsidir ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili-xarici siyasət dünyanın aparıcı dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Əbəs yerə deyil ki, bu gün Azərbaycanın gerçəkləşdirdiyi beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən nəhəng enerji layihələri çərçivəsində iştirak etmək istəyən nüfuzlu şirkətlər bunun üçün rəsmi müraciətlər edir, həmin layihələrin real iştirakçısına çevrilməyi arzulayırlar.

Prezident İlham Əliyev istər xarici səfərlərində, istərsə də ölkəmizə səfərlər edən xarici iş adamlarına, tanınmış şirkət rəhbərlərinə, diplomatik nümayəndələrə, eləcə də beynəlxalq təşkilat nümayəndələrinə daim Qarabağ həqiqətlərinin gerçəkliklərini, Azərbaycanın haqq səsini çatdırır, ölkəmizin 20 faiz torpaqlarının uzun zamandan bəri təcavüzkar Ermənistan respublikası tərəfindən işğal altında saxlanılmasını, bir milyondan çox qaçqın və məcburi köçkünün hələ də öz doğma yurd-yuvalarının həsrəti ilə yaşadığını, o cümlədən işğal edilmiş ərazilərdə əhəmiyyətli iqtisadi potensialın dondurulmuş, istifadə edilməmiş vəziyyətdə qaldığını vurğulayır.  Ötən müddət ərzində danışıqlar prosesində Azərbaycanın mövqelərinin davamlı möhkəmlənməsi prosesi baş vermişdir. Məhz Prezident İlham Əliyevin çevik və praqmatik xarici siyasəti nəticəsində Ermənistanın beynəlxalq təşkilatlar çərçivəsində işğalçı dövlət kimi tanınması mümkün olmuşdur. Azərbaycan tərəfinin apardığı məqsədyönlü və sistemli siyasət sayəsində Avropa Şurası kimi nüfuzlu təşkilat ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini rəsmən qəbul etmişdir. Ən əsası Avropa Şurası qəbul etdiyi qətnamədə Ermənistanı işğalçı dövlət adlandırmışdır.

Azərbaycan dövləti və xalqı bu gün davamlı inkişaf yolunu tutaraq bütün dünyaya sübut edir ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasəti tezliklə işğal olunmuş ərazilərimizin azad edilməsi ilə nəticələnəcək və həmin ərazilərdə də yeni infrastrukturlar, müasir həyat şəraiti yaradılacaq, sosial-iqtisadi uğurların təməli bu torpaqlarda da atılacaq. Ölkə başçısının bu barədə söylədiyi mühüm fikirləri xalqın Ona qarşı olan sarsılmaz inamını daha da möhkəmləndirir: “Biz işğal olunmuş ərazilərimizi tezliklə geri qaytaracağıq. Azərbaycan xalqı bilməlidir ki, Dağlıq Qarabağ heç vaxt ermənilərin olmayacaq!”

 

Suverenliyin və təhlükəsizliyin təmin edilməsi

 

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan rəhbərliyi məqsədyönlü şəkildə istiqamətləndirilmiş siyasət yürüdür və ümumilikdə ölkənin inkişaf perspektivini aydın şəkildə görür. Ölkə başçısı vurğulamışdır ki, ölkənin hərbi gücünün, qüdrətinin artmasına, neft strategiyasının bəhrələrindən bacarıqla faydalanmağa və qeyri-neft sektorunda inkişafa nail olmaq ən prioritet vəzifələrdən biridir. Digər tərəfdən bir amil də hər zaman önəm kəsb etmişdir ki, istənilən dövlətin xarici siyasəti ölkənin sosial-iqtisadi və ictimai-siyasi inkişaf səviyyəsi, coğrafi mövqeyi və milli-tarixi ənənələri, o cümlədən suverenliyin və təhlükəsizliyin təmin edilməsi faktorları ilə müəyyən olunur. Bütün bunlar da xarici siyasətin kontekstində milli maraqlar konsepsiyanın əsasını formalaşdırır.

Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri ölkənin ərazi bütövlüyünün tezliklə bərpa edilməsindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasından, qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsindən, NATO, Avropa Birliyi, Avropa Şurası, BMT-dəki qeyri-daimi üzvlük haqqı da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiyadan, Azərbaycanın Qərb və Şərqin qovuşuğunda yerləşməsindən faydalanmaqla mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirməkdən, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsindən ibarətdir.

 

Beynəlxalq əməkdaşlıq səviyyəsinin davamlı və yüksək nəticələri

 

Azərbaycanın xarici siyasətində başlıca istiqamətlərdən biri də Qərbin müxtəlif təşkilatları ilə münasibətlərdə əməkdaşlıq səviyyəsinin yüksəlməsinə nail olmaqdan ibarətdir. Ötən illər ərzində xüsusilə də NATO, Avropa Birliyi və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərimiz davamlı olaraq inkişaf etmişdir. İndiyədək Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilmiş yüzlərlə təlim və tədbirlərində iştirak etmişdir. Ötən müddət ərzində Azərbaycanın çox sayda hərbçisi Şimal Alyansının müxtəlif təlim kurslarında və təlim mərkəzlərində biliklərini artırmış və qazandığı bilik və təcrübəni milli ordumuzun daha da təkmilləşməsində istifadə etməyə başlamışdır.

Eyni fikirləri Avropa Birliyi barədə də söyləmək vacibdir. Azərbaycanın AB ilə münasibətlərində əməkdaşlıq əlaqələrinin daha məsuliyyətli və etibarlı dövrə daxil olması artıq reallıqdır. Cənubi Qafqaz regionunda strateji maraqları olduğunu açıqlayan AB Azərbaycanla çoxtərəfli, xüsusilə də energetika sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Beləliklə, Azərbaycanın ötən altı ayın yekunlarına nəzər salaraq əminliklə qeyd etmək olar ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış uğurlu daxili və xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir. İstər sosial-iqtisadi, istərsə xarici siyasət sahəsində Azərbaycan sürətlə inkişaf etmişdir. Ən əsası, ötən müddət ərzində Azərbaycan təkcə neft sivilizasiyasının və texnologiyasının beşiyi kimi yox, həm də Qərb dəyərlərini paylaşan, humanizm prinsiplərini rəhbər tutan, sivilizasiyalararası dialoqu dəstəkləyən və regional iqtisadi inkişafa təkan verən ölkə kimi də tanınmışdır.

Prezident İlham Əliyev bu məsələlərlə bağlı vurğulayıb: “Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkə kimi özünü təqdim etməyi bacarmışdır. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi, şübhəsiz qeyri-neft sektoruna da öz müsbət təsirini göstərmişdir.Neft sektoru bizim üçün təkanverici bir vasitə idi. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim üçün neft amili bir məqsəd deyil, bir vasitədir. Biz bu vasitədən çox uğurla istifadə etdik. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və əminəm ki, bütün son illər ərzində əldə edilmiş iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir”.

Artıq bir daha inamla demək olar ki, Prezident İlham Əliyevin apardığı mütəşəkkil və praqmatik xarici siyasəti nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam edəcək və bu faktorun nəticəsi olaraq ölkəmizin artan nüfuzu növbəti qələbələrə, zəfərlərə doğru atılan nəhəng addım kimi bütün dünyaya səs salacaq.

 

 Səs.- 2011.- 30 noyabr.- S. 4.