1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür
Hər il oktyabrın 1-i ölkəmizdə Beynəlxalq
Ahıllar Günü kimi qeyd edilir. Səbail rayonunda da Beynəlxalq
Ahıllar Günü ənənəvi olaraq geniş şəkildə
qeyd olundu. Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə şəhərin mərkəzində Dənizkənarı
Milli Bulvarda yerləşən möhtəşəm “Park
Bulvar” Ticarət və İstirahət Mərkəzinin “Zeytun”
restoranında ahıl, kimsəsiz,
əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlar
üçün bayram süfrəsi açılıbdır.
Rayon icra hakimiyyəti, veteran təşkilatları
şurası, Qızıl Aypara Cəmiyyəti rayon
şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və
bir sıra ictimai təşkilatların rayon şöbələrinin
nümayəndələrinin iştirakı ilə keçirilən
tədbirdə Səbail rayon icra hakimiyyətinin
başçısı Asif Əsgərov yaşlı nəslin
nümayəndələrini salamladı, onlara uzun ömür
və cansağlığı arzulayaraq, dövlət tərəfindən
hər bir ahıl vətəndaşın diqqət və
qayğı ilə əhatə olunduğunu bildirdi: “Bu gün
adı-sanı, nəcib əməlləri ilə tanınan, bəlkə
də heç tanınmayan, lakin ləyaqətlə yaşayan,
həyat təcrübəsi ilə yeni nəsillərə
nümunə olan ahıllar, həqiqətən, hörmətə
layiqdirlər. İnsanın qocalıq dövründə
heç nəyə qadir olmadığını söyləmək
səhv olardı. Lap qədim zamanlardan ağsaqqal, ahıl
insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar.
Onlara cavanlar da, böyüklər də hörmətlə
yanaşır, fikirləri ilə hesablaşırlar.
Qocaların sərvəti onların həyat təcrübəsidir.
Onlara qulaq asıb, dediklərinə əməl etməklə
bu sərvətə sahib olmaq mümkündür”.
A.Əsgərov onu da vurğuladı ki, ölkədə
həyata keçirilən uğurlu iqtisadi inkişaf
bütün sahələrdə müsbət nəticələrin
həyata keçirilməsinə gətirib
çıxarıb: “Son illər ərzində pensiya və
minimum əmək haqlarının məbləği dəfələrlə
qaldırılıbdır. Bu il isə təqaüdçülər
üçün, xüsusilə, sevindirici hadisə baş
vermiş, iyul ayının 1-dən 2006-cı ilə qədər
ölkədə pensiyaya çıxan 900000 vətəndaşın
pensiyası 40 faiz artmışdır. Rayonda qeydiyyatda olan 13438
nəfər təqaüdçünün 9880 nəfərinə
bu artım şamil olunubdur. Bu gün Səbail rayonunda
yaşı 70-i ötmüş 5000 nəfərə yaxın ahıl
vətəndaş yaşayır, müxtəlif növ və
kateqoriyalar üzrə 2509 nəfər sosial müavinət, 367 ailə (1496 ailə üzvü) ünvanlı sosial yardım
alır. Səbail rayonu əhalinin sosial müdafiə mərkəzinin
sosial xidmət şöbəsində 379 nəfər tənha,
əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial
işçi xidmət göstərir. Təqaüdçülərə
təqaüd və müavinətlərin ödənilməsində
gecikmələrə yol verilmir, onların müraciətləri
nəzərə alınaraq rayonun bir neçə
yaşayış sahəsində, o cümlədən, Bibiheybət
qəsəbəsi, 20-ci yaşayış sahələrində
yeni bankomatlar quraşdırılıbdır. 2011-ci ilin birinci
yarısı ərzində rayonda
imtiyazlı təbəqəyə aid 15 ailə, o
cümlədən, 5 -
Böyük Vətən müharibəsi veteranı olan
ahıl sakinlərimiz yeni mənzillərlə təmin olunub,
ilin sonuna kimi daha bir neçə ailənin mənzillə təminatı
planlaşdırılıbdır”.
A.Əsgərov rayonda aparılan genişmiqyaslı
abadlıq-quruculuq işləri barədə məlumat verərək,
rayonun sosial-iqtisadi inkişafı üçün
görülməsi nəzərdə tutulan işlərdən
danışaraq, bildiribdir ki, bu işlərin həyata
keçirilməsində veteran və yaşlı nəsil
nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə
böyük ehtiyac vardır.
Tədbirdə Səbail rayon veteran təşkilatları
şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı
Ömər Ağayev və başqaları rayonda ahıl və
veteranlarla bağlı görülən işlərdən,
onlara göstərilən diqqət və qayğıdan
danışaraq, bu işlərə görə ölkə
başçısına öz minnətdarlıqlarını
bildirdilər.
Görüşdə iştirak edən 120 ahıla
RİH tərəfindən ərzaq bağlamaları təqdim
olundu. Tədbirin sonunda də respublikamızın
tanınmış incəsənət xadimləri böyük
konsert proqramı ilə çıxış etdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 1 oktyabr.- S. 10.