Müstəqil
Azərbaycan Heydər Əliyevin şah əsəri
Keçən əsrin sonlarında sosializm sisteminin
dağılması dünyanın siyasi mənzərəsində
ciddi dəyişikliklərə gətirib çıxardı.
Formalaşmaqda olan yeni dünya düzəninin konkret
konfiqurasiyası olmasa da, yaxın onilliklər ərzində
dünyanın siyasi xəritəsində yeni yarana biləcək
müstəqil dövlətlərin meydana
çıxacağı şübhə doğurmurdu. Bu
baxımdan tarixin axarı çərçivəsində
baş verən proseslərdən Azərbaycan da kənarda qala
bilməzdi və istər-istəməz Azərbaycan da həmin
proseslərin fəal iştirakçısına
çevrilirdi.
Həmin dövrdə milli müstəqilliyimizin ilk
uğurlu addımları da məhz Naxçıvanda
atılırdı. 1990-ci il, noyabrın 17-də
Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin
sessiyasında Heydər Əliyevin təşəbbüsü
və təklifi ilə Muxtar Respublikanın adından “sovet” və
“sosialist” sözləri çıxarıldı. Həmçinin,
Naxçıvan “Ali Soveti”nin “Ali Məclis”
adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul
olunması ilə bağlı müvafiq qərarlar qəbul
edildi. Bütün bunlarla yanaşı, o dövr üçün kifayət
qədər ictimai maraq doğuracaq bir addım atıldı və
Kommunist Partiyası və digər yerli orqanların fəaliyyəti
dayandırıldı. Sovet Sosialist Respublikaları
İttifaqı adı ilə uzun illər dünyanın siyasi
mənzərəsində mühüm rol oynayan SSRİ deyilən
bir qurum artıq, sözün əsl mənasında,
dağılırdı. Baş vermiş prosesin
qarşısını almaq, SSRİ-ni dağılmaq təhlükəsindən
xilas etmək məqsədilə irili-xırdalı cəhdlər
göstərilsə də, lakin bu cəhdlər heç bir səmərə
vermirdi. Moskvanın istəyib-istəməməsindən
asılı olmayaraq, yerlərdə xalq hərəkatı
baş qaldırır, ayrı-ayrı dövlətlər
öz müstəqilliklərini elan edir, yeni siyasi münasibətlər
sistemi meydana çıxırdı.
Belə bir məqamda digər ölkələr kimi Azərbaycanın
da gələcək taleyini müəyyən etmək, cərəyan
edən qlobal və regional proseslərin fonunda yaranmış
situasiyadan zərər çəkmədən çıxmaq
lazım idi. Yaranmış
geosiyasi vəziyyətdə ölkənin müstəqilliyini
elan etməkdən başqa bir yol görünmürdü. Məhz
bütün bu reallıqları nəzərə alaraq 1991-ci
il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya aktı”nı qəbul etdi. Bununla da Azərbaycan XX əsrdə
ikinci dəfə öz müstəqilliyinə qovuşdu və
dövlət müstəqilliyi yenidən bərpa olundu. Ancaq təkcə
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında Konstitusiya aktı”nı qəbul etməklə
iş bitmirdi. Müstəqilliyi qoruyub saxlamaq onu əldə
etməkdən qat-qat çətin və mürəkkəb
idi. Azərbaycan dövlət müstəqilliyi əldə
etdikdən sonra dəyişən tarixi şərait yeni xarici
siyasət kursu, yeni iqtisadi doktrina və iqtisadi münasibətlərə
keçid prinsiplərinin işlənib-hazırlanmasını,
daxildə milli birlik və həmrəyliyin
yaradılmasını tələb edirdi. Lakin müstəqilliyin
ilk illərində ölkəni idarə edən nə Mütəllibov
hökuməti, nə də AXC-Müsavat iqtidarı bu mürəkkəb
vəzifənin öhdəsindən gələ bilmirdi. Əksinə,
Azərbaycan bir siyasi sistemdən digər siyasi sistemə
keçid dövrünün problemlərini
yaşayırdı. 1993-cü ilin iyun ayına qədər Azərbaycanı
idarə edən Mütəllibov hökuməti və
AXC-Müsavat iqtidarı dövlətin qarşısında
duran strateji məqsədləri müəyyənləşdirməkdə
çətinlik çəkirdi. Diplomatiya sahəsində
atılan xaotik və düşünülməmiş
addımlar Azərbaycanın beynəlxalq və regional müstəvidə
vəziyyətini daha da gərginləşdirirdi.
Ayrı-ayrı şəxslərin
məsuliyyətsiz və düşünülməmiş bəyanatları,
xarici siyasət kursunun
düzgün seçilməməsi nəticə etibarilə
beynəlxalq və regional aləmdə anti-Azərbaycan
koalisiyasının yaranmasına gətirib çıxarırdı.
Həmçinin, dünya dövlətlərinin Azərbaycanda
kəsişən və toqquşan maraqlarının nəzərə
alınmaması, ölkənin geostrateji əhəmiyyətinin
yetərincə dərk olunmaması, yanlış taktiki
addımların atılması diplomatik manevr imkanlarını
heçə endirirdi. Bütün bunlar, eyni zamanda, dünyada
cərəyan edən proseslər Azərbaycanın ziyanına
işləyir, ölkənin müstəqilliyi təhlükə
altına düşürdü. Düzgün idarəçilik
sisteminin qurulmaması, hakimiyyətin ayrı-ayrı pillələrinə
təsadüfi və səriştəsiz adamların rəhbərlik
etməsi xalqla dövlət arasında olan uçurumu bir qədər
də dərinləşdirirdi. Hakimiyyətlə xalq
arasında yaranan narazılıq nəticə etibarilə Gəncə
hadisələrinin baş verməsinə gətirib
çıxardı. AXC hakimiyyəti tərəfindən milli
qəhrəman adı alan o vaxtkı korpus komandri Surət
Hüseynov çox keçmədi ki, elə cəbhə hakimiyyətinin
özünə qənim kəsildi. Qısa müddət ərzində
əksər rayonların icra strukturlarını ələ
keçirən Surət Hüseynov və onun tərəfdarlarının
paytaxta doğru irəliləməsi ölkə rəhbəri Əbülfəz Əliyevi postunu
qoyub qaçmağa məcbur etdi. Bundan bir neçə
gün əvvəl isə Gəncədə baş vermiş
qardaş qırğını, ölkənin vətəndaş
müharibəsi təhlükəsi qarşısında
qalması Azərbaycanın bir müstəqil dövlət
kimi varlığını şübhə altında
qoymuşdu. Ölkədə yaranmış qeyri-sabit vəziyyət,
vətəndaş qarşıdurmasının
qarşısını isə yalnız bir nəfər - Heydər
Əliyev ala bilərdi. O zaman bu, təkcə Heydər Əliyev
tərəfdarları deyil, ümumilikdə, Azərbaycan cəmiyyətinin
istəyi və tələbi idi. Həmin ilin iyunun 9-da
xalqın təkidi ilə Bakıya qayıdan Heydər Əliyev
qısa müddətdə vətəndaş
qarşıdurmasının qarşısını aldı.
Bir neçə gün sonra, yəni iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev
ölkə rəhbərliyinə ikinci dəfə hakimiyyətə
qayıtmaqla ictimai-siyasi sabitliyi bərqərar etməyə
nail oldu. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsini, xalqın birliyinin təmin
olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
üçün zəmin yaradılmasını
özünün dövlətçilik strategiyasının
prioriteti kimi müəyyənləşdirdi. Müstəqil dövlətçiliyimizin
möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın
bünövrəsinin qoyulması heç də asan başa gəlmədi.
Zaman-zaman Heydər Əliyev Azərbaycanı yenidən anarxiya
və başıpozuqluq girdabına salaraq, bundan öz mənfəətləri
naminə istifadə etmək istəyən daxili və xarici
qüvvələrin ciddi müqaviməti ilə üzləşsə
də, Ümummilli Lider uzaqgörən siyasəti və
düşünülmüş addımları ilə
bütün bu sınaqlardan qalib çıxdı. Əlikram
Hümbətovun silahlı dəstələrinin qondarma
“Talış-Muğam Respublikası” yaratmaq istəyi,
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə silahlı cəhdlərin göstərilməsi
həm Heydər Əliyev hakimiyyəti, həm də müstəqil
dövlətçiliyimiz üçün növbəti
sınaqlar idi. Ancaq Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti,
eləcə də, xalqın öz qüdrətli liderini dəstəkləməsi
nəticəsində bu təhlükəli cəhdlərin
qarşısı alındı. Ölkədə hakimiyyəti
zor və silah gücünə ələ keçirmək ənənəsinə
birdəfəlik son qoyuldu. Məhz
buna görədir ki, 1993-95-ci illər müasir Azərbaycanın
tarixinə dövlət müstəqilliyinin qorunub
saxlanılması uğrunda mübarizə dövrü kimi
yazılıb. İctimai-siyasi sabitliyin və
qanunçuluğun bərqərar edilməsi həmin
dövrün ən mühüm nailiyyəti oldu. Bu nailiyyət
isə Ümummilli Liderimizə dövlət quruculuğunda,
iqtisadi, sosial və mədəni həyatda böyük işlərə
başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar
aparmaq üçün əlverişli imkan yaratdı.
Qarşıda isə Heydər Əliyevi daha çətin
işlər gözləyirdi. Ölkədə ictimai-siyasi
sabitliyi bərqərar etdikdən sonrakı dövrdə əsas
iş müstəqil Azərbaycanı inkişaf etdirmək,
onun regional və beynəlxalq imicini artırmaq, eləcə də,
ölkənin siyasi, iqtisadi və mədəni dirçəlişinə
nail olmaq idi.
Müstəqil dövlətimizin ilk
Konistitusiyasının qəbul olunması və müstəqillik
tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə
Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi
başlandı. Ümummilli
Liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən
hazırlanmış ümumxalq müzakirəsinə
çıxarılan Konstitusiya layihəsi 1995-ci il, noyabrın
12-də keçirilən referendumda-ümumxalq səsverməsində
qəbul edildi. Ölkəmizdə müasir dövlət
quruculuğunun həyata keçirilməsinin bəşəri-demokratik
dəyərlərə uyğun dövlətçilik təsisatları
və cəmiyyət modeli formalaşdırılmasının
hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın
müstəqilliyi möhkəmləndirilərək əbədi
və dönməz xarakter aldı. Ölkədə siyasi
islahatlarla paralel iqtisadi və sosial islahatların da
aparılmasının vacibliyini dərindən anlayan Heydər
Əliyev 1994-cü il, sentyabrın 20-də “Əsrin
müqaviləsi”ni imzalamağa nail olmaqla ölkənin gələcəyini
təmin etmiş oldu. Etiraf etmək lazımdır ki, vətəndaş
qarşıdurmasından yenicə çıxmış bir
ölkə ilə belə bir nəhəng müqaviləni
imzalamağa o zaman əksər dövlətlər və
şirkətlər ehtiyat edir, bunu risqli addım kimi dəyərləndirirdilər.
Ancaq Heydər Əliyev tam əminliklə həmin tərəfləri
inandırmağa və nəticə etibarilə “Əsrin
müqaviləsi”ni imzalamağa nail oldu. Həmin dövrdə
məlum kontraktın imzalanması bir tərəfdən Azərbaycanın
beynəlxalq imicinin artmasına təkan verirdisə, digər tərəfdən
ölkənin gələcək müstəqil iqtisadi
inkişafı üçün zəmin, baza yaradırdı.
Bütün bunların məntiqi nəticəsidir ki, bu
gün Azərbaycan cəmiyyəti haqlı olaraq müstəqil
Azərbaycanı Heydər Əliyevin şah əsəri kimi
xarakterizə edir. Yaxın tarixə nəzər salsaq, görərik
ki, 1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə
sadiq bir ölkə kimi inkişafında mühüm bir
dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox
böyük nailiyyətlər qazandırıb. Bütün bu nailiyyətlər isə
Ümummilli Lider, o vaxt Heydər Əliyevin gərgin, yorulmaz əməyi
sayəsində gerçəkləşib. Heydər Əliyevin
siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti
və təşəbbüskarlığı, yaradıcı
dühası və beynəlxalq nüfuzu olmadan bütün
bunları əldə etmək mümkünsüz olardı.
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanda
dövlətçilik ənənələrinin XX əsrin
sonlarında bərpa edilib zənginləşdirilməsi,
ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması,
respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi
və beynəlxalq nüfuzunun sürətlə artması Heydər
Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti
və əzmkarlığı sayəsində mümkün
olub. Bu gün isə bu missiyanı Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı, Prezident İlham Əliyev
davam etdirir və müstəqil Azərbaycan dövlətinin
qarantı missiyasını daşıyır. Bu göstərici
Azərbaycanın qısa müddət ərzində iqtisadi
inkişaf tempinə görə dünyada liderə
çevrilməsi faktıdır.
Süleyman İsmayılbəyli
Səs.- 2011.-1 oktyabr.- S. 3 .