MÜSTƏQİL AZƏRBAYCANIN XİLAS GÜNÜ

 

1993-cü il oktyabrın 3-də Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1998-ci il oktyabrın 11-də isə keçirilmiş seçkilərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqın etimadını qazandı. Hər iki tarixi il - 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi, 1998-ci il isə formalaşan dövlətimizin imtahan ili sayılırdı. Eyni zamanda, bu illər “Xalq-Heydər, Heydər-Xalq” ifadəsi Prezidentxalq birliyinin möhtəşəm formuluna çevrildi. Doğrudur, həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdı.

Lakin müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildiiyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov “Səs” qəzetinə bu tarixi hadisə ilə bağlı münasibət bildirərkən, 1993-cü il 3 oktyabr tarixini müstəqil azərbaycanın  xilas günü olduğunu söylədi: Xalq o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət edilməsini, ölkənin siyasi hakimiyyətinə kömək etməsəni məqsədəuyğun saydı. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən Ulu Öndər Muxtar Respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçdi və həmin seçimlə də bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkisindən üç ay öncə -iyunun 15-də xalq öz Ümummilli Liderini parlament Sədri seçdi, həmin addımla da vətəndaş müharibəsinin qarşısı alındı. Ən başlıcası, ölkədə daxili sabitlik yarandı, insanların bir-birinə və dövlətə olan inamı bərpa edildi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verildi. Nəticədə, Heydər Əliyevin Birinci Prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək “Əsrin müqaviləsi” imzalandı, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edildi, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırıldı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin Birinci Prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edildi. Ölkədə hüquqi islahatlara da həmin dövrdən başlandı, 1995-ci ildə müstəqil dövlətimizin ilk konstitusiyası qəbul edilərək, yeni parlament seçildi. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Ulu Öndər Heydər Əliyevin qələbəsi şəksizdir. Proqnozlar özünü doğrultduÜmummilli Liderimiz Heydər Əliyev 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi.

Ulu Öndərin İkinci Prezidentlik dövründə qazanılan iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artdı. Sənayenin inkişafı ilə yanaşı, Ümummilli Lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq, 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü.

1993-cü il 3 oktyabr seçkilərinin nəticələrini biz bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında görürük. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev respublikamızı iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına qaldırıb. Bu gün Azərbaycan yoxsulluğunişsizliyin azaldılmasına, adambaşına düşən ümumi daxili məhsul istehsalının artırılmasına, ordu quruculuğunun sürətləndirilməsinə, ölkənin beynəlxalq aləmə inteqrasiyasına və bir çox göstəricilərə görə dünyanın öncül dövlətləri sırasındadır. Bütün bunlar isə 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir”.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 4 oktyabr.- S. 4.