Müstəqilliyimizin keçdiyi tarixi yol

 

18 oktyabr 1991-ci ildə respublikamız müstəqilliyini bərpa etdikdən sonra xarici müdaxilə və daxili çəkişmələr ölkədə siyasi özbaşınalığa səbəb olmuş, dövlətimiz yenidən parçalanmaq və məhv olmaq təhlükəsi ilə  üz-üzə qalmışdı. Məhz həmin illərdə uzaqgörən siyasətçi Heydər  Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müstəqilliyimiz möhkəmləndi və yeni inkişaf mərhələsinə qədəm qoydu.

Bəli müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında  müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Manna, Atropatena, Albaniya, Şirvanşahlar, Sacilər, Səlcuqlar, Eldəgizlər (Atabəylər),  Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dəvlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirmişdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi. Görkəmli dövlət xadimi, bacarıqlı sərkərdə olan Şah İsmayıl Xətainin əmanət qoyub getdiyi müstəqil Azərbaycan tarixin zaman fəsillərində faciələrlə qarşılaşdı. Sonrakı Səfəvi hökmdarlarının səriştəsizliyi ucbatından dövlət əvvəlki qüdrətini itirərək, tarixin  şanlı  səhifələrindən  silindi. Ayrı-ayrı xanlıqlara parçalanan məmləkətimiz güclü dövlətlərin işğalına məruz qaldı. Daxili idarəçilik sistemini quran  xanlıqlar müstəqil siyasət yürütməyə, qonşu dövlətlərlə-Rusiya, Türkiyə və İran ilə əlaqələr yaratmağa başlayırlar. Lakin bu xırda feodal dövlətlər ayrı-ayrılıqda Azərbaycanda yenidən mərkəzləşdirilmiş dövlətin qurulmasını, müstəqil şəkildə idarə olunmasını istəməyən, eyni zamanda, torpaqlarımızda gözü olan xarici qüvvələrlə mübarizə aparmaq iqtidarında deyildilər.  Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın taleyi bu bir əsirlik dövrdə həll olundu və nəticədə məmləkətimizi iki hissəyə (Cənuba və Şimala) ayıran tarixin Gülüstan və Türkmənçay müqavilələri yarandı. Cənubi Azərbaycan fars rejiminin təzyiqi altına düşdü. Şimali Azərbaycan isə 1-ci Dünya müharibəsində Rusiyanın məğlubiyyəti, bu dövlətdə baş verən bolşevik inqilabının qələbəsi və Rusiya imperiyasının dağılması dövrünə qədər bütövlükdə bu ölkənin işğalı altında olmuşdu. Bəşəriyyət tarixinin ən dəhşətli qanlı hərbi-feodal müstəmləkə  rejimi olan  çar Rusiyası da  Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. 28 may 1918-ci ildə Azərbaycanda Şərqdə, o cümlədən,  bütün islam dünyasında  ilk dəfə olaraq demokratik  respublika quruldu. Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycanın müstəqil dövlətə xas olan  təsisatları - parlamenti, hökuməti,  ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycan Respublikası dövlət bayrağının qəbul olunması, Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan vətəndaşlığı haqda qanunun qəbul olunması barədə parlamentdə qərarlar da  qəbul etmişdi. Azərbaycanın müstəqilliyi bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaradılmışdı. Lakin  1920-ci il aprelin 27-28-də bolşeviklər  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Azərbaycan Xalq Cümhuriyyəti az vaxtdan - cəmi 23 aydan sonra süqut etdi.  Bununla da Azərbaycan yenidən  Rusiya tərəfindən ilhaq edildi.  Sovet  dönəmində xalqımız  iqtisadi-mədəni tərəqqiyə nail olsa da, müstəqil suveren dövlət hüququndan məhrum  idi.   Ötən əsrin  80-ci illərində alovlanan azadlıq mübarizəsi öz bəhrəsini verdi. Xalqımıza  yenidən dövlət müstəqilliyinə  qovuşmaq səadəti nəsib oldu.

Sovet İttifaqı dağıldıqdan sonra respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın  dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  Aktı  qəbul etdibununla respublikamızın müstəqilliyi   yenidən  bərpa olundu.  Əlbəttə, azadlığı əldə etmək nə qədər çətindirsə, onu qoruyub-saxlamaq da bir o qədər qüdrət tələb edir. Daxili çəkişmə, hakimiyyət uğrunda mübarizə mənfur qonşuların təxribatı ilə müstəqilliyini təzəcə qazanmış Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Bəs belə məqamda xalqımızın xilaskarı səriştəli və əvəzsiz dövlət xadimi, siyasət aləminin müdrük siması Ulu Öndərimiz Heydər Əliyev öz dühası ilə millətini bu bəladan qurtara bildi. Qurtuluş günü kimi tarixin şanlı səhifəsini təşkil edən 15 iyun 1993-cü il dövlətimizin müstəqil yaşamının başlanğıcı oldu. Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı, xalqın istəyi və arzusu ilə yenidən ölkəyə rəhbərlik etdiyi dövrdə qısa bir vaxtda Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyin daimi və dönməz xarakter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz  Ümummilli Liderimiz Heydər Əliyevin  böyük zəhmətlərinin nəticəsidir.  Hələ 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə gələcək müstəqil dövlətimizin iqtisadi və mənəvi əsaslarını qoymaq sahəsində əzmlə çalışmışdı. Belə ki, bu dövrdə ölkədə sənayenin və kənd təsərrüfatının, mədəniyyətin inkişafı sahəsində qazanılmış böyük nailiyyətlər bir tərəfdən xalqın siyasi və əmək coşqunluğunu göstərirdisə, digər tərəfdən də bu uğurlar gələcək inkişafızın,  iqtisadi qüdrətimizin göstəriciləri, həm də gələcək müstəqilliyimizin bir növ təminatı idi. Uzaqgörən siyasətçi Heydər Əliyevin apardığı uğurlu siyasəti  nəticəsində Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmuşmühüm layihələrə  imza atmışdı. Azərbaycanın milli sərvəti olan neftin dünya bazarlarına çıxarılması məqsədiylə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri ilə saziş imzalandı. Beynəlxalq aləmdə “Əsrin müqaviləsi “ adını almış bu sazişin bağlanması Müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın müstəqil dövlət olaraq öz sərvətlərinə tam sahib olduğunu dünyaya bir daha göstərdi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün əsas yaratdı. Dünyanın böyük neft şirkətləri ilə bu uzunmüddətli müştərək işin başlanması Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və iqtisadiyyatında sabitliyin yarandığını, respublikamızda demokratik prinsiplərin bərqərar olduğunuinkişaf etdiyini beynəlxalq aləmdə əyani şəkildə nümayiş etdirdi.

Heydər Əliyev siyasi məktəbinin  yetirməsi, müdrik dövlət xadimi, Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin bu siysi xəttini uğurla həyata keçirərək, ölkəmizi xoşbəxt gələcəyə doğru inamla aparır.

Artıq 20 ildir ki, xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmləndirərək inkişaf etdirir. Azərbaycan vətandaşlarının rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi  xalqımızın tarixi nailiyyətidir. Azərbaycanın müstəqilliyini qorumaq, yaşatmaq,  onu xarici müdaxilələrdən  hifz etmək həmişə xalqımızın ümdə vəzifəsi olmalıdır. Bu işi həyata keçirmək üçün gələcəyin sahibləri olan gənclərin xalqımızın keçmişini yaxşı öyrənməli, gələcəyi düşünməsi vacibdir. Bu sahədə ölkə prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı buna parlaq misaldır.  Onun  2011-2015-ci illərdə  gənclər siyasəti hazırda bütün sahələrdə uğurla həyata keçirilir. Biz gənclər bunu başa düşərək daha fəal olmalı, ölkəmizdə siyasi sabitliyin gözlənilməsinə, iqtisadi inkişafın daha da genişlənməsinə və mənəvi birliyə  diqqət artırmalıyıq. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn  köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

Ölkənin getdikcə iqtisadi qüdrətinin artması, insanların sosial şəraitinin yaxşılaşması, dövlətimizin hərbi potensialının güclənməsi, onun beynəlxalq aləmdə yürütdüyü müdrikhumanist siyasəti Azərbaycanın müstəqilliyinin əbədi  olmasına zəmanət verən amillərdi. Məhz bu reallığı uzaqgörənliyi ilə yəqin edən dahi  şəxsiyyət  Heydər Əliyev demişdi: “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir! “

 

 

Kənan Məmmədov

 

Səs.- 2011.- 4 oktyabr.- S. 6.