Dövlət
müstəqilliyi Azərbaycan xalqının tarixi
nailiyyətidir
Hər
bir xalqın tarixində müstəqillik günü əvəzedilməz bir gündür. Məhz
müstəqillik günü həm
ölkənin, həm də xalqın gələcək tarixi üçün
başlanğıc nöqtəsi idi. Bu, nöqteyi-nəzərdən də, 18 oktyabr tarixi Azərbaycan
dövlətçiliyi üçün əhəmiyyətli
günlərdən biridir. Millət
vəkili İsa Həbibbəyli “Səs”
qəzetinə verdiyi
açıqlamasında dövlət müstəqilliyimizin keçdiyi 20 illik tarixə
nəzərə salaraq bildirdi
ki, belə bir böyük nemətə sahib
olmaq hər bir
xalqın, hər bir vətəndaşın
böyük arzusudur, milli iftixar duyğusunun ifadəsidir:
-
20 il bundan əvvəl
- 1991-ci il oktyabrın 18-də Azərbaycan
xalqı milli dövlətçilik
tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşdu.
Müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə,
onu qoruyub saxlamaq ondan qat-qat məsuliyyətlidir. 1991-ci ildə
müstəqilliyimizi əldə etsək də, 1993-cü ilin iyun ayına qədər
bunun əbədiliyinə təminat yox idi. Azərbaycanın
siyasi tarixində özünə parlaq iz qoymuş
Ulu Öndər Heydər Əliyevin
Naxçıvanda yenidən siyasi hakimiyyətə
qayıdışı, Naxçıvandan başlanan
müstəqillik yolunun bütün
Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası
istiqamətində qəti addımların
atılmasına gətirib çıxardı. Xalq
azadlıq, istiqlaliyyət uğrunda
mübarizəsində dönməz idi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə
desək, bu dövrdə “Müstəqillik
yolunda mübarizə aparan
adamlar Naxçıvan əhalisinin demək
olar ki, əksəriyyətini
təşkil edirdi. Naxçıvanın
müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi”. Ulu Öndər Moskvadan
Naxçıvana gələndə Onu
şəhərin baş meydanında
keçirilən görüşdə 70-80 min
nəfər alqışlayırdı, muxtar
respublika Ali Məclisinin
Sədri seçiləndə sessiyanın keçirildiyi
binanın ətrafına on minlərlə
adam toplaşmışdı, onda regionun digər şəhər
və kəndlərində keçirilən görüşlərdə
nə qədər adamın iştirak etdiyini təsəvvürə gətirmək o qədər də çətin deyil. Təbii ki,
bunlar müdrik rəhbərə
xalq sevgisindən, el məhəbbətindən
irəli gəlirdi. Ümummilli Liderimiz Heydər Əliyev ağır blokada şəraitinə baxmayaraq,
muxtar respublikada
torpaqların müdafiəsini yüksək səviyyədə
təşkil etməyə, təcavüzkarlardan qorumağa nail olurdu. Elə o
ağır və məşəqqətli günlərdə də
müdrik şəxsiyyət dönə-dönə
deyirdi: “Doğma
vətən torpağına heç də
yenidən hakimiyyət kürsüsünə qalxmaq
üçün yox, ancaq və ancaq
respublikanın bu ağır və çətin
dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu
yerinə yetirməyə, azadlıq uğrunda
mübarizəyə qoşulmağa gəlmişəm...
Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan
hakimiyyətini respublikanın bütün
ərazisində bərqərar etməkdən ibarətdir”.
Naxçıvanda ağır və gərgin ictimai-siyasi
proseslərin cərəyan etdiyi dövrdə
- 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin birinci
sessiyası keçirildi. Sessiyada,
ilk növbədə, Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının adından “sovet”, “sosialist” sözləri
çıxarıldı, onun
Naxçıvan Muxtar Respublikası
adlandırılması haqqında qərar qəbul edildi. Naxçıvan MSSR Ali
Sovetinin adı dəyişdirildi. Azərbaycan
xalqının qan yaddaşında silinməz
iz qoymuş 20 Yanvar faciəsinə də ilk
dəfə siyasi qiymət
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş
Bakı hadisələrinə siyasi qiymət
verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə
təqdim etdi. Ümummilli
Liderimiz Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə
qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət
verildi, bu hadisədə
SSRİ rəhbərliyi ilə yanaşı, respublika
rəhbərliyinin də böyük
günahı olduğu göstərilmiş
və onların adlarının bir-bir
açıqlanaraq məsuliyyətə cəlb edilmələri
tələb olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin
Naxçıvan MR Ali Məclisinə Sədr
seçilməsi milli miqyasda
böyük hadisə oldu.
O, ilk növbədə, Naxçıvanda
fəal və peşəkar fəaliyyəti ilə milli dövlətçiliyə inam hissini
formalaşdıra bildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata
keçirdiyi tədbirlər
Naxçıvanı düşmən əlinə keçmək
təhlükəsindən xilas etdi. İqtisadi blokada şəraitində yaşayan
Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər,
həm də iqtisadi problemlərin həllinə
ciddi diqqət yetirib, yeni firavan həyat quruculuğuna başlamasında da Heydər Əliyev şəxsiyyətinin
önəmli rolu oldu.
Elə bu səbəbdən
də Naxçıvanda dövlət müstəqilliyinin bərpası
istiqamətində tədbirlər təkcə siyasi
müstəvidə getmir, yeni
iqtisadi təfəkkürə söykənən,
bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşan iqtisadi
model formalaşırdı. Ali Məclisin 16 dekabr
1991-ci il tarixli sessiyasında
isə “Dünya Azərbaycan türklərinin
milli həmrəylik və birlik
günü haqqında” qərar qəbul olundu.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar
missiyası ilə ikinci dəfə
hakimiyyətə qayıtması Azərbaycan tarixinin
ən önəmli hadisəsidir. Respublikanın müasir tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik
edənlərin səriştəsizliyi nəticəsində böhran bütün sahələri
bürümüş, Azərbaycan bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi
ilə üzləşmişdi. Bu
ağır günlərdə xalq üzünü öz
xilaskarına - Heydər Əliyevə tutdu.
Bu vəziyyətdən istifadə edən
erməni millətçiləri Azərbaycana qarşı ərazi
iddiaları üçün də əlverişli
şərait əldə etdilər. Ayaz Mütəllibovun
hakimiyyəti illərində ağır olan
vəziyyət 1992-ci ildə AXC-Müsavat
iqtidarının dövründə fəlakət həddinə
yaxınlaşdı. Belə bir
ağır zamanda xalq
son ümidini Ümummilli Lider Heydər
Əliyevə bağladı. Çünki
milləti yaşanan ağır vəziyyətdən
məhz Heydər Əliyev kimi
bacarıqlı, uzaqgörən, xalqını sevən bir rəhbər çıxara bilərdi. Xalqın yaddaşında Ulu
Öndər Heydər Əliyev təkcə ötən əsrin
70-80-ci illərindəki quruculuq fəaliyyəti
ilə deyil, eyni zamanda, blokada şəraitində
yaşayan Naxçıvanda həyata keçirdiyi işlərlə
qalmışdı. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik
edən, 1982-1987-ci illərdə SSRİ kimi
nəhəng bir dövlətin rəhbərliyində
önəmli yer tutaraq
adını dünyanın XX əsr siyasi
tarixinə qızıl hərflərlə yazan
Ümummilli Lider Heydər
Əliyev Azərbaycanda hakimiyyətə ikinci
dəfə 1993-cü ildə gəldi. Azərbaycan xalqı xaos və anarxiyadan,
dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Xalqının
azadlığının, müstəqil dövlətçiliyinin
müqəddəratının həll edildiyi
ən ağır günlərdə Heydər Əliyevin
hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu.
Qurtuluş
missiyalı bu qayıdış Azərbaycan
xalqının itirilmiş inamını
özünə qaytardı, sabaha, gələcəyə
olan ümidini
artırdı. İyunun 13-də Milli Məclisin iclasında Ümummilli
Liderimiz Heydər Əliyevin Gəncəyə
getmək barədə verdiyi təklif o dövr üçün
son dərəcə təhlükəli və eyni zamanda, çox
cəsarətli bir addım idi. Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı təkcə
siyasi tələb deyil,
həm də ictimai tələbata çevrilmişdi. “Bu
ağır vəziyyətdən çıxmaq üçün, baxmayaraq
ki, mən bunu istəmirəm,-Ali
Sovetin sədri kimi fəaliyyət
göstərməyə hazıram. Mən bu yola ancaq
xalqın ağır vəziyyətdən
çıxmasında müəyyən fəaliyyət
göstərmək üçün gedirəm,
başqa məqsədim yoxdur”
- deyə bəyan edən Ulu Öndər
xalqının müdrikliyinə və böyük
potensialına güvənərək hamını birləşdirdi və ölkəni düşdüyü
ağır vəziyyətdən çıxarmağa nail oldu. Ümummilli
Liderin qətiyyəti, gərgin fəaliyyəti
sayəsində vətəndaş müharibəsinin, ölkənin
parçalanmasının və separatizmin
qarşısı alındı, Azərbaycanın
başının üstünü alan təhlükələri tezliklə aradan qaldırdı, illərlə davam edən siyasi hakimiyyət
böhranına, anarxiya və
özbaşınalığa son qoyuldu.
Beləliklə
də, Azərbaycanda yeni tarixi
mərhələnin - dövlət müstəqilliyinin
möhkəmləndirilməsi dövrü
başlandı. Son illərin sosial-iqtisadi uğurları isə xalqın öz inamında, həqiqətən də,
yanılmadığını göstərir. Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu
bütün uğurlar
Ümummilli Liderimiz
Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin
siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə
ilk demokratik prezident seçkiləri keçirildi.
1993-cü il oktyabrın 3-də Azərbaycan
xalqı yekdilliklə öz böyük oğlunu
ölkənin Prezidenti seçdi.
Ümummilli Lider Heydər
Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi
kimi dəfələrlə bu cür bəyanat vermişdir: “Azərbaycanın dövlət
müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
1994-cü ilin
sentyabrında “Əsrin müqaviləsi” imzalandı və yeni neft
strategiyasının həyata keçirilməsinə
başlanıldı. Ölkədə ictimai-siyasi
sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə
yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi
istiqamətində böyük addımlar
atıldı.
Torpaqlar kəndlilərin mülkiyyətinə
verildi. Müstəqil Azərbaycanın
ilk Konstitusiyasının
yaradıcısı olan Ümummilli
Liderimiz Heydər Əliyev demokratik,
hüquqi dövlət quruculuğu
istiqamətində ardıcıl siyasət yeridərək,
ölkədə insan hüquq
və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin
yaratdı. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev qətiyyətinin,
müdrikliyinin bəhrəsidir.
Müstəqil Azərbaycan
dövləti hal-hazırda aparıcı ölkələrin strateji müttəfiqi kimi
regionda cərəyan edən proseslərin
mərkəzində dayanır. İndi Cənubi
Qafqazda hökm sürən
regional sabitliyi və
təhlükəsizliyi Azərbaycansız təsəvvür
etmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin fundamental elmi əsaslara
söykənən siyasi kursu
respublikamızın hazırkı səviyyəyə gəlib
çatmasını şərtləndirən başlıca amildir. Bu gün
Prezident İlham
Əliyev Ümummilli Liderimizin
siyasi xəttinə sadiq
qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru
aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir.
Bu yol Ulu
Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
yoldur. Bu yolla gedən Azərbaycan durmadan
yüksəlir, inkişaf edir,
yeni-yeni uğurlar
qazanır.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 5 oktyabr.- S.6.