“MÜSTƏQİL AZƏRBAYCAN -20”

 

Dünən “Səs” qəzeti redaksiyasında Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş növbəti dəyirmi masa keçirildi. Dəyirmi masada Səbail rayon gənclər və idman idarəsinin rəis müavini Faiq Qurbanov, Nəsimi rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, YAP Sumqayıt şəhər təşkilatının gənclər birliyinin sədri Ülvü Məmmədov, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini Lamiyə Cəlilova, “Hərbi and” qəzetinin müxbiri Rüstəm Quliyev, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Rahil Şükürov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yeqzar Cəfərli, YAP Nizami rayon təşkilatının üzvü İlqar Həmziyev, Xətai rayon gənclər birliyinin sədr müavini Həmidağa Əliyev, YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin üzvü Tünzalə Muradova, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini Məhəmməd Əsədov iştirak edirdilər. Tədbirdə iştirak edən gənclər Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibəti ilə öz fikirlərini bildirmiş, bu istiqamətdə maraqlı polemikalar aparmışlar.

 

Bəhruz Quliyev: “Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq zəfər, qələbə idi”

 

Dəyirmi masanı giriş sözü ilə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq xatırlatdı ki, “Səs” qəzeti hər zaman cəmiyyət həyatında baş verən ən aktual məsələlərə, cərəyan edən proseslərə, tarixi hadisələrə diqqət yetirmiş, eləcə də bununla  bağlı hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, QHT əməkdaşlarının, ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil etmiş və bu amil artıq ənənə halını almışdır: “Bu gün ölkəmiz və xalqımız üçün ən aktual mövzulardan biri də dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyidir. Azərbaycan xalqı bayram ərəfəsindədir və bu bayramı böyük əhval-ruhiyyə ilə keçirməyə hazırlaşır”. B.Quliyev Azərbaycan Prezidenti İlham  Əliyevin müstəqilliyimizin 20 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı xatırladaraq, ölkənin hər bir yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən bu əlamətdar hadisə ilə bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırdı: “Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul olunub. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq zəfər, qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidli tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlalına qovuşmuş suveren bir ölkədir və xalqımız hər il bu əlamətdar hadisəni təntənəli bayram kimi qeyd edir. Bu gün cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən fəal gənclərin iştirakı ilə dəyirmi masanı təşkil etməkdə əsas məqsəd məhz 20 illik bir dövr ərzində Azərbaycan tarixinə qısa bir şəkildə də olsa nəzər salmaqdır”.

 

 “Səs”qəzetinin əməkdaşı:

- Azərbaycanın müstəqillik əldə etməsi təbii proses idi, yoxsa Azərbaycan xalqının milli azadlıq hərəkatının məntiqi nəticəsi?

Ülvi Məmmədov: “Bugünkü dəyirmi masanın keçirilməsini çox əlamətdar hadisə kimi dəyərləndirmək lazımdır”

- İlk öncə, xatırlatmaq istərdim ki, bu gün 5 oktyabr ölkəmizdə Müəllim Günü kimi qeyd olunur. Fürsətdən istifadə edərək, bu bayram münasibəti ilə bütün müəllimlərimizi təbrik edir, onlara işlərində müvəffəqiyyətlər diləyirəm. Eyni zamanda, müstəqil Azərbaycanın daha intellektual gənclərinin yetişməsində göstərdikləri işlərində və fəaliyyətlərində onlara uğurlar arzulayıram. Bu gün, həqiqətən də, xalqımız böyük tarixi bayram ərəfəsindədir. Respublikamızın hər yerində, hər bölgəsində dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı geniş tədbirlər keçirilir. Bugünkü dəyirmi masanın da keçirilməsini çox əlamətdar hadisə kimi dəyərləndirmək lazımdır. Sözsüz ki, hər bir xalq öz müstəqilliyini əldə etmək üçün güclü maariflənməyə, konkret ideyaya və proqrama malik olmalıdır. Lakin 1991-ci ildə əldə etdiyimiz müstəqillik zamanı Azərbaycanda çox böyük özbaşınalıq və gərgin vəziyyət mövcud idi. Belə bir zamanda insanlar bəzi qüvvələrin təsiri altına düşərək reallıqları o qədər də dərk etmirdilər. Məhz bu səbəbdən də, maarifləndirmə işi ən vacib amillərdən idi. Beləliklə, 1993-cü ildə Azərbaycanın siyasi həyatında baş verən özbaşınalıq və hətta qardaş qırğınının yarandığı bir zamanda xalq çıxış yolunu böyük şəxsiyyət, bütün türk dünyasının lideri Heydər Əliyevin yenidən Azərbaycana qayıdışında gördü. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, çox əziyyətlə əldə etdiyimiz dövlət müstəqilliyimizi növbəti dəfə itirə bilərdik. Çünki, xalqımız 1993-cü ilə qədər çox çətinliklərlə üzləşdilər. Belə ki, 1990-cı ildə 20 Yanvar faciəsinin ardınca, Xocalı soyqırımı və digər hadisələr. Lakin bunlar xalqımızı heç də sındırmadı. Əksinə, onlar öz mübarizəsini davam etdirərək, dövlət müstəqilliyimizin möhkəmlənməsində və Azərbaycanın uğurlu inkişafında Ulu Öndərin hakimiyyətə qayıdışını əsas xətt kimi qəbul etdilər. Bu gün xalqımız bu müstəqilliyin şirinliyini dadır. Bu gün Azərbaycan müstəqil dövlət kimi uğurlu inkişaf yolunda addımlayır. Bu biz gəncləri ölkə Prezidenti İlham Əliyev ətrafında daha sıx birləşməyə vadar edir.

 

Faiq Qurbanov: “Bu gün biz gənclər beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməklə, yüksək maariflənmə prosesini keçir və öz ölkəmizi dünya dövlətləri içərisində necə təbliğ etmək yollarını öyrənirik”

 

- Bugünkü Azərbaycan gəncliyi atdığı hər bir addımı düzgün dərk edir və bu yolun Ulu Öndər Heydər Əliyev yolu olduğunu bütün varlığı ilə hiss edir. Xalqımız hər zaman öz mübarizliyi ilə seçilsə də, xarici qüvvələr buna mane olmağa cəhd göstəriblər. Xalqımızın böyük şairlərindən olan Məhəmməd Hadinin  19-cu əsrin axırlarında qələmə aldığı bir şeirini xatırlatmaq istərdim: “Yox xalqımın imzası imzalar içərisində”.

Bu gün isə artıq Azərbaycanın imzası bütün dünya dövlətləri sırasında görünür. Ən böyük, həyati əhəmiyyətli nəhəng layihələrin həyata keçirilməsində, yüksək səviyyəli tədbirlərdə Azərbaycanın adı öndə çəkilir. Budur biz gənclərə örnək olan Ulu Öndər Heydər Əliyev yolu, budur biz gənclərin bu yolun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin ətrafında birləşməsi. Çünki 1993-cü ildə qədər Azərbaycan gəncliyinin səsi heç bir yerdən gəlmirdi. Lakin 1993-cü il 15 iyun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı gənclərin hərtərəfli inkişafına geniş imkanlar yaratdı. Biz gənclər beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməklə, yüksək maariflənmə prosesini keçiröz ölkəmizi dünya beynəlxalq arenada necə təbliğ etmək yollarını öyrənirik. Ona görə də, bu baxımdan biz gənclər böyük qürur hissi keçiririk ki, Ulu Öndər Heydər Əliyevin müəllifi və yaradıcısı olduğu müstəqil Azərbaycan dövlətinin vətəndaşıyıq. Bu gün bu uğurlu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev cənabları Azərbaycana rəhbərlik etdiyi son 8 ildə gənclərimizin intellektual səviyyəyə malik olması üçün bütün şərait yaratmışdır. Xüsusilə də, gənclərimizin xaricdə təhsil alması üçün dövlət tərəfindən maliyyə yardımı ayrılması gənclərə dövlətin qayğısının bariz nümunəsidir. Bütün bu deyilənlərdən yekun bir fikrə gəlmək olar ki, bu gün yaşadığımız müstəqil Azərbaycanımızın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti hər zaman xalqımızın, o cümlədən, gənclərimizin qəlbində əbədi olaraq yaşayacıq.

 

Anar Tağıyev: “Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olaraq bu yol ilə gedir və böyük nailiyyətlər əldə edir”

 

- İlk növbədə, “Səs” qəzetinə belə bir mövzuda dəyirmi masa keçirdiyinə görə təşəkkürümü bildirirəm. Eyni zamanda, xalqımızı bu tarixi ərəfədə müstəqillik günü münasibəti ilə təbrik edirəm. Bu gün ölkədə baş verən ictimai-siyasi proseslərdə gənclərin fəal iştirakına əsaslanaraq, tam əminliklə demək olar ki, Azərbaycan gəncləri öz intellektləri, bilik və bacarıqları ilə, nəinki regionda, ümumiyyətlə, dünyada tanınan və qəbul olunan gənclikdir. Bu da gənclərin Ulu Öndərimiz Heydər Əliyevin görmək istədiyi intellektli, sağlam və vətənpərvər formalaşmasının nəticəsidir.

Ulu Öndər Heydər Əliyev bəşər tarixinin XX əsrdə Azərbaycana bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir. Azərbaycanın müstəqilliyini təmin etməklə, Azərbaycan dövlətini yaratmaqla O, Azərbaycan xalqına böyük yol açmışdır,  Azərbaycan Dahi Öndər Heydər Əliyev ideyalarına sadiq olaraq bu yol ilə gedirböyük nailiyyətlər əldə edir.

Tərəqqipərvər insanlarbütün Azərbaycan xalqı Heydər Əliyevin şəxsiyyətinə, Onun ideyalarına, Onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı vətənin dar günündə (1988-1993-cü illər) ölkənin ictimai-siyasi həyatında baş verən çaxnaşma, hakimiyyət uğrunda gedən mübarizə, cəbhədəki acınacaqlı məğlubiyyətlər, vətəndaş müharibəsi təhlükəsi ərəfəsində öz böyük oğlunu hakimiyyətə dəvət etdi. Qısa bir zamanda Heydər Əliyevin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik, iqtisadi dirçəliş əldə olundu, siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın ilk Konstitusiyası qəbul edildi, parlamentə seçkilər keçirildi, Şərqdə ilk dəfə olaraq, ölüm hökmü ləğv edildi, hüquqisivil dövlət quruculuğu prosesi, iqtisadi islahatlar həyata keçirildi, “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bunlar məhz Onun uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi. Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, xalqı məhv olmaqdan xilas edən, onun gələcək inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyev olmuşdur. Azərbaycan xalqı, tərəqqipərvər bəşəriyyət, xalqımızın və dövlətçiliyimizin dostları, bütün türk dünyası iyirminci əsrin ən görkəmli siyasətçilərindən, ən dahi şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük sevinc və ehtiramla xatırlayırlar. Çünki müasir dünyanın ən görkəmli şəxsiyyəti olan Heydər Əliyev təkcə azərbaycanlıların və türkdilli xalqların deyil, regionunbütün dünyanın ən ali dərəcədə qiymətləndirdiyi siyasi xadim, dövlət rəhbəri və böyük mütəfəkkir idi. Ümummilli Liderimiz Heydər Əliyev bir siyasi xadim və dövlət xadimi kimi Azərbaycan xalqına öz tarixinin dönüş mərhələsində gərək olmuşdünya birliyi bunu layiqincə qiymətləndirir.

 Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq və onları öz xalqının inkişafına yönəltmək imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, neftlə zəngin təbii sərvətlər dünyanın bir çox ölkəsində vardır. Lakin həmin sərvətdən heç də xalqın rifahı üçün lazımi səviyyədə istifadə edilmir. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev həmin sərvəti xalqın rifahına yönəltdi. Buna görə də Ümummilli Liderimiz xalqın əbədi yaddaşında əsrlər boyu yaşayacaq. Müstəqillik əldə olunduqdan sonrakı dövrdə iqtisadiyyatımıza bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu artmışdır.

Dahi Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar son nəticədə ölkədə makroiqtisadi göstəricilərin artmasına və büdcə daxilolmalarının çoxalmasına səbəb olmuşdur. Yoxsulluğun azaldılması, əhalinin məşğulluğunun artması, yeni yerlərinin açılması və s. məsələlər dövlətin daim diqqət mərkəzində olan məsələlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi və daimi diqqəti sayəsində özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə-vergi siyasətində tətbiq olunan makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakının və təsirinin, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsi və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir. Dahi Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev göstərir ki, Heydər Əliyevin Azərbaycan tarixində rolu və fəaliyyəti əvəzolunmazdır. Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycan xalqını işıqlı gələcəyə və yeni-yeni qələbələrə aparır.

 

Rahil Şükürov: “Bu gün gənclərlə bağlı keçirilən bütün tədbirlər bizlərin potensialının artmasına gətirib çıxarır”

 

- Həqiqətən də, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etsə də, bu formal xarakter daşıyırdı. Çünki 1991-ci ildə ölkədə müxtəlif çirkin niyyətli qüvvələr var idi ki, onlar da hər biri ayrı-ayrılıqda Azərbaycanı bölmək arzusu ilə yaşayırdılar. Belə bir vaxtda Azərbaycan xalqının, eyni zamanda, Azərbaycan gəncliyinin güclü bir liderə ehtiyacı var idi. Məhz 1993-cü ildə xalqın təkid və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana hakimiyyətə ikinci dəfə qayıdışından sonra bir çox sahələrdə, eyni zamanda, Azərbaycan gənclərinin düzgün yolda formalaşması üçün çox geniş siyasi işlər gördü. Belə ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramlarının hazırlanması, gənclərin forumunun keçirilməsi, xüsusilə də, gənclər gününün qeyd olunması və s. Sevindirici haldır ki, bu gün bu uğurlu siyasət ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Bu gün gənclərlə bağlı keçirilən bütün tədbirlər bizlərin potensialının artmasına gətirib çıxarır. Həmçinin, digər bir məsələyə də toxunmaq istərdim. Biz gənclər öz ordumuzla da fəxr edirik. Belə ki, orduda azərbaycanlı kadrların artırılması üçün Cəmşid Naxçıvanski adına Hərbi Litseyin açılması ordunun güclənməsinə imkan yaratdı. Çünki hər bir dövlətin gücü onun ordusundadır. Bu baxımdan, dövlət müstəqilliyinin bu 20 il ərzində Azərbaycanın ordusu onillərlə həyata keçiriləcək uğurlu siyasətin nəticəsində daha da möhkəmləndi.

 

“Səs” qəzetinin əməkdaşı:

- Həmin dövrdə Azərbaycan müstəqillik əldə etsə də, müəyyən qüvvələr buna mane olmağa cəhd göstərirdilər. Lakin bunun qarşısı məhz Azərbaycan xalqının iradəsi və xalqın Lideri Heydər Əliyevin qətiyyəti ilə alındı. Təbii ki, bu prosesdə gənclərin də fəaliyyəti danılmaz olub. Sizin də yəqin ki, bu barədə müəyyən fikirləriniz var və bu fikirlərinizi dinləmək istərdik...

 

Lamiyə Cəlilova: “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və mücahididir”

 

- İlk öncə qeyd etmək istərdim ki, “Səs” qəzetinin keçirdiyi belə bir dəyirmi masaları biz gənclərə böyük və müsbət təsiri var. Çünki belə dəyirmi masalarda gənclərimiz öz fikirlərini bildirməklə yanaşı, həm də mətbuatdakı həmfikirləri ilə yaxından tanış olurlar, müəyyən fikir mübadilələri aparırlar. Bu faktorun reallaşması gənclərimizin inkişafına və əlaqələrin qurulmasına, təbii ki, müsbət təsir edir. Onu da bildirmək istərdim ki,  tarixdə belə bir anlayış var:  xilaskarlar və mücahidlər. Zaman-zaman belə insanlara hər zaman insanların ehtiyacı olub. Çünki bu insanlar xalqın hər hansı bir çətinliyinə və yaxud da düşdüyü mühitdən qorunmasına canları, həyatları bahasına olsa belə, imkan yaradır. Mənim dünyagörüşümdə, mənim anlamımda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və mücahididir. Yəni hər iki mühüm anlayış Onda formalaşıb. Bu dahi insan xalqının yolunda hansı əziyyətlərə, hansı əzablara qətiyyətlə dözdü, mübarizə apardı və qalib oldu. Ulu Tanrı, həmçinin, Azərbaycan xalqına Heydər Əliyevi yetirməklə dövlətimizin düşdüyü ən ağır şəraitdən xilas etdi. Bu gün biz Azərbaycanın hər bir sahəsində Ulu Öndərin gördüyü işləri və apardığı uğurlu siyasəti görürük, müşahidə edirik. Elə bu baxımdan da, müstəqil Azərbaycan Heydər Əliyevin müəllifi və yaradıcısı olduğu şah əsəridir. Ulu Öndərimiz Heydər Əliyevin özünün söylədiyi kimi - “Mən Azərbaycanda əbədiyəm”. Həqiqətən də, bu gün Azərbaycanın hər bir guşəsində və xüsusilə də, xalqımızın qəlbində Ulu Öndər Heydər Əliyev əbədi olaraq həkk olunub. Çünki bugünkü Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi və günbəgün çiçəklənən dövlətimizin nailiyyətlərinin səbəbkarı Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu işlərdir.

 

(Ardı var)

 

 

RƏFİQƏ KAMALQIZI

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 6 oktyabr.- S. 8-9.