Uşaq kitab karvanı - İpək Yolu ilə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzə Tədbirlər Planının 2.4.1 bəndini icra etmək məqsədi ilə, habelə, Azərbaycan Respublikasının müstəqillik əldə etməsinin 20 illiyi münasibəti ilə keçirilən “Uşaq kitab karvanı - İpək Yolu ilə” regionlararası tədbirin iştirakçıları  Qazax rayonunda olublar.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə. “Uşaq kitab karvanı - İpək Yolu ilə” regionlararası tədbir  Goranboy, Gəncə şəhəri, Şəmkir, Tovuz, Ağstafa rayonlarında uğurla keçirilmiş və tədbir sözügedən şəhər və rayonların ictimaiyyətinin böyük marağına səbəb olub.

Qazax rayon mədəniyyət evinin qarşısında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Qazax rayon MKS-nə hədiyyə edəcəyi müxtəlif nəşriyyatların kitab və jurnallarından ibarət 920 nüsxə kitab kolleksiyası rayon oxucularına səyyar sərgi vasitəsi ilə nümayiş etdirilib.

Tədbirdə Qazax rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova, şair İlyas Tapdıq, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə, uşaq yazıçısı Gülzar İbrahimova, kitabxanaçılar, rayon Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi, uşaq bağçaları, şəhər  1, 2, 3, 4, 5 saylı orta məktəblərin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, rayon ictimaiyyəti, yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon MKS-nin direktoru Solmaz Babanlı açmışdır. O, kitabsevərləri salamlayaraq kitabın insanın, yeniyetmələrin həyatında necə mühüm rol oynadığını qeyd etdi. Sürətli inkişaf yolunda  inamla irəliləyən müstəqil Azərbaycanda hər sahə, o cümlədən, kitabxana-informasiya sahəsi dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən S.Babanlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı isə təsdiq olunmuş  “Azərbaycan Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın kitabxana-informasiya sahəsinin kompleks inkişafını təmin edən sənəd kimi əhəmiyyəti haqqında danışıb.

Sonra söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Z. Dadaşovaya verilib. O, qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Uşaq kitabları - İpək Yolu ilə” regionlararası tədbirin məqsədi əhalinin, uşaqların kitaba, mütaliəyə həvəsinin artırılması, informasiya boşluğunun aradan qaldırılması, kitabxana-informasiya xidmətinin əhatə dairəsinin genişləndirilməsidir.

Tədbirdə çıxış edən şair İlyas Tapdıq saz-söz ocağı, qədim Qazax elini-obasını salamlayıb və Qazaxın Azərbaycanın mədəni, ictimai həyatında  öz xüsusi yeri olduğunu qeyd edib. Körpə uşaqlara elmin, texnikanın inkişafında yüksək nailiyyətlər qazanmaq üçün çoxlu kitablar oxumağı tövsiyə edib.

Uşaq yazıçısı Gülzar İbrahimova tədbir iştirakçılarına yeni əsərləri haqqında məlumat verdi və “Sehirli dünya” jurnalını kitabxanaya hədiyyə edib. Tədbirdə uşaq yazıçıları yeni kitablarını balaca oxuculara hədiyyə ediblər. Tədbirin bədii hissəsində Qazaxın saz - söz ustadları çıxış ediblər, şəhər Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri müxtəlif rəqslərlə çıxış etdilər, balaca fidanların, körpələrin ifasında mahnılar oxundu, nağıl qəhrəmanlarının paradı, müxtəlif müsabiqələr keçirildi, məktəblilər  vətənə, kitaba, mütaliəyə dair şeirlər söyləyiblər.

Tədbirin sonunda maraqlı viktorinalar keçirildi və səyyar sərgidə nümayiş etdirilən kitab və jurnallarından ibarət 920 nüsxə  kolleksiya Qazax rayon MKS-yə hədiyyə edilib.

 

 

Zümrüd

 

Səs.- 2011.- 6 oktyabr.- S. 12.