Hüquqi
dövlətdə insan hüquqları üzrə müvəkkil
(ombudsman) institutu
İlk dəfə XIX əsrdə, 1809-cu ildə
İsveçdə yaranan vətəndaşların qanuni maraq
və hüquqlarının müdafiəsi institutu ombudsman
İngiltərədə parlament komissarı, Avstriyada xalq
müdafiəçisi, Fransada mediator adlansa da, eyni
funksiyanı yerinə yetirirlər. XX əsrin 50-ci illərində
ombudsman institutu yalnız iki ölkədə - İsveçdə
və Finlandiyada mövcud idi. İkinci Dünya müharibəsindən
sonra bu institutut bütün Avropa ölkələrinə və
dünyanın digər regionlarına yayıldı. Ombudsman
institutu demokratik xarakterilə diqqəti cəlb etdi. Bu institut
dövlət orqanları sistemində müstəqil vəziyyətdə
idi, parlamentin bütün müddəti ərzində dəyişməz
idi, qanunvericilik təşəbbüs hüququna malik idi,
hüquq və azadlıqlarının müdafiə etməyə
ehtiyacı olan bütün vətəndaşlar
üçün açıq idi, vətəndaşlara pulsuz
hüquqi yardım göstərirdi. Avstraliyalı hüquq
doktoru V.Pikim ombudsman haqqında deyir: “Onun yaradılması və
fəaliyyəti dövlət və vətəndaşlar, idarə
olunan və idarə edənlər arasındakı münasibətlərdə
yeni yol açdı”.
Avropada üç ombudsman institutudu - İsveç,
ingilis və fransız modelləri geniş
yayılmışdır.
Ombudsmanın bir çox ölkələrdə
geniş yayılmış fəaliyyəti formasından
bütün qanunvericilik təşəbbüsü ilə
çıxış etməsidir ki, bu ona insan hüquq və
azadlıqları sahəsində normativ hüquqi aktların qəbul
edilməsi zamanı hökumətə və ya parlamentə
qanunların dəyişdirilməsi və təkmilləşdirilməsi
üçün təkliflər verməyə imkan yaradır.
Bəzi Avropa ölkələrində - İspaniya, Avstriya və
Portuqaliyada ombudsman konstitusiya məhkəməsinə şikayət
vermək hüququna malikdir. Bundan başqa bəzi ölkələrdə
ombudsman ixtisaslaşdırılaraq müxtəlif sahələri
əhatə edir. Finlandiyada qadın və kişilərin bərabərhüquqlu
məcəlləsinə dair, Macarıstanda milli və etnik
azlıqların işlərinə dair, Almaniya və Danimarkada
müdafiə işlərinə dair, orduda vəziyyətə
dair ombudsmanlar da mövcuddur.
Beləliklə, hüquqi
dövlətdə ombudsman institutunun əsas demokratik
xüsusiyyətləri onun müstəqilliyi, bütün vətəndaşlar
üçün açıqlığı bir çox
demokratik ölkələrin hüquq müdafiəsi sistemində
möhkəm yer tutmasına səbəb olmuşdur.
Müvəkkilin fəaliyyətinin
əsas istiqamətləri aşağıdakılardır:
Müvəkkilin fəaliyyətinin
əsas istiqamətləri ilə bağlı məsələlər
Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununu ilə tənzim edilir. Adıçəkilən
Konstitusiya Qanunun 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
vəzifəsi Azərbaycan
Respublikası Konstitusiyasında və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə təsbit olunmuş və
Azərbaycan Respublikasının dövlət və yerli
özünüidarə orqanları, vəzifəli şəxsləri
tərəfindən pozulan insan hüquqları və
azadlıqlarının bərpa edilməsi üçün təsis
edilir.
Müvəkkilin fəaliyyətinin
əsas istiqamətlərinə, həmçinin,
aşağıdakılar aiddir:
- Əfv, vətəndaşlıq,
siyasi sığınacaq verilməsi məsələlərinin
həlli ilə bağlı Azərbaycan Respublikası
Prezidentinə təkliflər verir;
- Azərbaycan
Respublikasının Milli Məclisinə insan hüquq və
azadlıqlarının təmin edilməsi məqsədilə
qanunların qəbul edilməsinə və ya yenidən
baxılmasına dair təkliflər verir;
- Azərbaycan
Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi
barədə təklif verə bilməsi;
- Məhkəmələrdə
süründürməçilik, sənədlərin itirilməsi
və vaxtında verilməməsi, habelə, məhkəmə
qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar
insan hüquqlarının pozulmasına dair şikayətlərə
baxır.
Qeyd etmək lazımdır ki,
müvəkkilin fəaliyyəti insan hüquqlarının
müdafiəsini, pozulmuş insan hüquq və
azadlıqlarının bərpasını təmin edən digər
dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır
və əvəz etmir.
Xüsusi olaraq vurğulamaq
lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan
Respublikası hakimlərinin fəaliyyətinin
yoxlanılması müvəkkilin səlahiyyətlərinə
aid deyil.
İnsan hüquqlarının
pozulmasına dair şikayətdə əks etdirilmiş
halların araşdırılması zamanı müvəkkilin
aşağıdakı hüquqları vardır:
- maneəsiz və əvvəlcədən
xəbərdarlıq etmədən dövlət hakimiyyəti
və yerli özünüidarə orqanlarına, hərbi hissələrə,
cəzaçəkmə müəssisələrinə,
istintaq təcridxanalarına, müvəqqəti saxlanılma
yerlərinə daxil olmaq;
- cəzaçəkmə
müəssisələrində, istintaq təcridxanalarında,
müvəqqəti saxlanılma yerlərində saxlanılan
şəxslərlə görüşmək və təkbətək
söhbət etmək;
- onların həmin yerlərdə
saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə
tanış olmaq;
- dövlət hakimiyyəti və
yerli özünüidarə orqanlarından, vəzifəli
şəxslərdən zəruri məlumat, sənəd və
materialları 10 gün müddətində almaq;
- cinayət, mülki və
inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla,
həmçinin, cinayət işlərinin
başlanmasının rədd edilməsi barədə
materiallarla tanış olmaq;
- şikayətin
araşdırılması zamanı vəzifəli şəxslərdən
yazılı arayışlar almaq;
- şikayətdə əks
etdirilmiş halların yoxlanılması üçün
müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından
və ya hərəkətindən (hərəkətsizliyindən)
şikayət edilən orqana və ya vəzifəli şəxsə
tapşırıla bilməz);
- müvafiq dövlət
orqanları və təşkilatlarına ekspert rəyinin
hazırlanmasını tapşırmaq;
- dövlət və yerli
özünüidarə orqanlarının rəhbərləri
və digər vəzifəli şəxsləri, hərbi hissələrin
komandirləri, cəzaçəkmə müəssisələrinin,
istintaq təcridxanalarının və müvəqqəti
saxlanılma yerlərinin rəhbərliyi tərəfindən
təxirəsalınmadan qəbul edilmək.
İnsan hüquqları
pozulmuş şəxsin razılığı ilə
xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və
ya öz hüquqlarını müstəqil şəkildə
müdafiə etmək qabiliyyəti olmayan şəxslərin
maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü
ilə araşdırma apara bilər.
Araşdırma zamanı
şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə,
araşdırma müvəkkilin səlahiyyətlərinə
aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə
aid olmadıqda isə materiallar digər səlahiyyətli
dövlət orqanlarına göndərilir.
Şikayətə 30 gün
müddətində baxılır. Şikayətə baxmaq
üçün əlavə yoxlama aparmaq və ya material tələb
etmək zərurəti yarandıqda müraciətə
baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin
yazılı razılığı ilə əlavə yoxlama
aparmaq lazım gəldiyi halda müraciətin baxılma
müddəti yenidən uzadıla bilər.
Müvəkkil şikayətin
araşdırılması zamanı insan hüquqlarının
pozulması hallarını aşkar etdikdə,
aşağıdakı tədbirləri həyata keçirə
bilər:
- qərar və ya hərəkəti
(hərəkətsizliyi) nəticəsində insan
hüquqlarını pozmuş dövlət və yerli
özünüidarə orqanlarından, vəzifəli şəxslərdən
həmin hüquqların bərpasını tələb etmək
(müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün
müddətində müvəkkilə görülən tədbirlər
barədə yazılı surətdə məlumat verməlidirlər.
Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri
həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət
orqanlarına müraciət edə bilər);
- cinayət əlamətləri
aşkar edildikdə müvafiq orqanlara cinayət işinin
başlanması barədə müraciət etmək;
- əlavə kassasiya
qaydasında şikayət etmək hüququna malik olan subyektlərə
müraciət etmək;
- qərar və ya hərəkəti
(hərəkətsizliyi) nəticəsində insan
hüquqlarını pozmuş vəzifəli şəxslərin
intizam məsuliyyətinə cəlb edilməsi barədə
müvafiq orqanlara təkliflər vermək;
- insan hüquqlarının
pozulması ilə əlaqədar aparılmış yoxlamaların
nəticələri ilə kütləvi informasiya vasitələrini
tanış etmək;
- insan hüquqlarının
pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən
hallarda onların bərpası üçün müvəkkilin
səlahiyyətlərində olan təsir imkanları kifayət
etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə
müraciət etmək, Azərbaycan Respublikasının Milli
Məclisi qarşısında məruzə ilə
çıxış etmək;
- dövlət və ya yerli
özünüidarə orqanının, vəzifəli şəxsin
qərarı və ya hərəkəti (hərəkətsizliyi)
nəticəsində pozulmuş hüquqların bərpası
üçün məhkəməyə müraciət etmək;
- şəxsin hüquqları
qüvvədə olan normativ aktlarla pozulduqda
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu ilə müraciət etmək.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2011.- 7 oktyabr.- S. 10.