“MÜSTƏQİL
AZƏRBAYCAN -20”
“Səs” qəzeti
redaksiyasında Azərbaycan dövlət müstəqilliyinin
20 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Səbail rayon gənclər və idman
idarəsinin rəis müavini Faiq Qurbanov, Nəsimi rayon icra hakimiyyətinin ərazi-idarəetmə
orqanları ilə iş şöbəsinin
müdiri Anar
Tağıyev, YAP Sumqayıt şəhər təşkilatının
gənclər birliyinin sədri Ülvü Məmmədov, YAP Sabunçu
rayon təşkilatının
gənclər birliyinin sədr müavini Lamiyə Cəlilova, “Ordunun dostaları klubunun” üzvü, “Hərbi and”
qəzetinin müxbiri Rüstəm Quliyev, YAP Binəqədi rayon
təşkilatı gənclər birliyininin
sədr müavini Rahil
Şükürov, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü Yeqzar Cəfərli, YAP Nizami
rayon təşkilatının
üzvü İlqar Həmziyev,
Xətai rayon gənclər birliyinin sədr müavini
Həmidağa Əliyev, YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin üzvü
Tünzalə Muradova, YAP Sabunçu
rayon təşkilatının gənclər
birliyinin sədr müavini
Məhəmməd Əsədov, YAP Sabunçu
rayon təşkilatının gənclər
birliyinin idarə heyətinin üzvü Namiq Muradov iştirak edirdilər.
ULU
ÖNDƏR HEYDƏR ƏLİYEV: “MÜSTƏQİLLİYİ
QORUYUB SAXLAMAQ ONU ƏLDƏ ETMƏKDƏN
DAHA ÇƏTİNDİR”
(Əvvəli ötən
sayımızda)
Qeyd
edək ki, “Səs” qəzeti hər zaman cəmiyyət həyatında baş
verən ən aktual məsələlərə,
cərəyan edən proseslərə həsr olunmuş,
eləcə də, ictimaiyyətin marağına səbəb olacaq dəyirmi masalar təşkil
edir. Bu amil artıq ənənə halını
almışdır. Hazırda ölkəmizdə ən aktual mövzulardan biri xalqımızın dövlət müstəqilliyinin
20 illik ərəfəsində
olmasıdır. Prezidenti İlham Əliyevin müstəqilliyimizin 20 illiyi ilə bağlı imzaladığı mühüm Sərəncam ölkənin hər
bir yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar
tərəfindən əlamətdar
hadisə kimi dəyərləndirilir. Fəal gənclərin iştirakı ilə “Səs”
qəzetində mövzu ilə bağlı
növbəti dəyirmi masanı təşkil etməkdə əsas
məqsəd məhz 20 illik bir dövr ərzində
Azərbaycan tarixinə qısa bir şəkildə
də olsa nəzər salmaqdır.
Lamiyə
Cəlilova:
“Səs” qəzeti vasitəsi ilə olunan
müraciət Azərbaycan xalqının Ümummilli
Liderinə olan tarixi
çağırış idi”
- Mən daha bir xüsusi əhəmiyyət
daşıyan tarixi hadisəni ictimaiyyətə xatırlatmaq
istərdim. Bu tarixi əhəmiyyət 1991-ci ildə
tanınmış ziyalılarımızın, siyasi xadimlərimizin,
nüfuzlu şəxslərin “Səs” qəzeti vasitəsilə
Ulu Öndər Heydər Əliyevə etdikləri müraciətdir.
Bu müraciət yalnız onların deyil, eləcə də,
Azərbaycan xalqının Ümummilli Liderinə olan
çağırış idi. Həmin dövrlərin tarixini
vərəqləyərkən, bir daha şahid oluruq ki, həm
xarici qüvvələr tərəfindən, həm də
daxildə aparılan naşı siyasət səbəbindən
ölkəmiz daha yenicə əldə etdiyi müstəqilliyini
itirmək təhlükəsi ilə
qarşı-qarşıya qalmışdı. Belə bir
çətin məqamda Azərbaycan xalqının LİDERƏ
ehtiyacı var idi və tarixi zərurət bunu tələb
edirdi. Nəticədə xalqımızın Dahi Şəxsiyyəti,
Ümummilli Lideri xalqın tələbini, səsini eşidərək,
dönməz qətiyyət, sarsılmaz iradə
nümayiş etdirib Bakıya döndü. Onun bu
dönüşü itirilməkdə olan dövlət
müstəqilliyimizin xilası oldu.
Faiq Qurbanov: “Bir həqiqət də mövcuddur ki, səhv
düşüncəli gənclərə də daha doğru
istiqamət verən yeganə partiya Yeni Azərbaycan
Partiyasıdır”
- Əhəmiyyətli bir məsələyə
toxunmaq istərdim. Yəni 1993-1995-ci illərdə Yeni Azərbaycan
Partiyasına ilk gəldiyim tarixi hadisələrə bir daha
qayıdaraq, nəzər salmaq istərdim. Məndən öncə
çıxış edən həmkarımın söylədiyi
bir çox maraqlı fikirlər diqqətimi cəlb etdi. Daha dəqiq
desək, həqiqətən də, o dövrdəki gənclərin
bəziləri səhv yola yönəldilirdi. Belə ki, bu amil
ondan irəli gəlirdi ki, həmin gənclərin
düşdüyü həm siyasi, həm də mənəvi
mühit onları bu yola məcbur etmişdi. Təbii ki,
anarxiya anlamını, bu anlamın fəsadlarını
başa düşməyən gənclik bu istiqamətə
yönəlir. Məsələ ondadır ki, bir çox gənclər
öz seçimlərini edərkən, düşünmədən
hərəkət edirdilər. Sonradan isə bunun mənfi
xüsusiyyətləri çox pis, mən deyərdim
acınacaqlı nəticə verirdi. Doğrudur, baş verən
hadisələrin üzərindən müəyyən bir
müddət keçdikcə həmin gənclər gec də
olsa anlayırlar ki, müstəqilliyimizin möhkəmlənməsi
yolunda küçələrə çıxıb kimlərinsə
göstərişinə əməl etməklə nəyəsə
nail olmaq mümkün deyil və onlar düzgün yolda deyillər.
“Səs” qəzetinin əməkdaşı:
- Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə
gəlməsəydi, bugünkü qüdrətli Azərbaycan
ola bilərdimi?
Namiq Muradov: “ Müstəqil Azərbaycanımızın
bundan sonra da əbədi və daimi olması üçün
hamımız bir qüvvə kimi ölkə Prezidenti İlham
Əliyev ətrafında sıx birləşməliyik”
- Müstəqilliyimizin keçdiyi müxtəlif
dövrlərə və bu dövrlərdə ölkəmizin
bütün sahələrində həyata keçirilən
uğurlu nailiyyətlərlə bağlı fikirlər səsləndi.
Lakin mən 1992-1993-cü illər arasında olan dövrlərə
toxunmaq istərdim. Çünki bu illər ərzində Azərbaycanın
həm daxili, həm də xarici siyasət sahəsində
böyük çətinlikləri yaranmışdı. Belə
ki, Azərbaycanı ayrı-ayrı bölgələrə
bölməkdə maraqlı olan
müxtəlif iddialı, separatçı qüvvələr
ortaya çıxmışdı. Nəticədə
işğalçı Ermənistan Azərbaycanda
yaranmış bu vəziyyətdən istifadə edərək,
daha dəqiq desək, Azərbaycana rəhbərlik edən
siyasi səviyyəsiz rəhbərliklərin məsuliyyətsizliyi
və satqınlığı üzündən
torpaqlarımızın 20 faizi düşmən tapdağı
altında qaldı. 1993-cü il 15 iyuna qədər Azərbaycan,
həm də qardaş qırğını mühitini
yaşayırdı. Belə bir ağır vəziyyətdən
çıxmaq üçün Azərbaycan xalqı
çıxış yolunu Ulu Öndər Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışında
gördü. Bu 1993-cü il 15 iyun müstəqilliyimizin
möhkəmlənməsi və bünövrəsinin
qoyulmasının tarixi idi. Bu, həm də Azərbaycanın
yeni inkişaf mərhələsinə qədəm qoyduğu
bir tarix idi. Çünki Azərbaycan bütün sahələrə
sıfırdan başlayaraq fəaliyyətə keçdi. Daha
dəqiq desək, Azərbaycan 1993-cü il 15 iyundan ayağa
duraraq ilk uğurlu addımını atdı. Müstəqilliyimizin
20 illik tarixinə diqqət yetirsək, görərik ki, Azərbaycan
inkişaf etmiş ölkələrin on illərlə həyata
keçirdiyi uğurlu işlərə məhz bu 20 il ərzində
nail olmuşdur. Bu baxımdan da fəxr etməyə dəyər
ki, biz gənclər Ümummilli Liderimiz Heydər Əliyevin
bizə miras qoyduğu şah əsəri
olan müstəqil Azərbaycan dövlətində
yaşayırıq.
Tünzalə Muradova: “Biz gənclər
ölkə Prezidenti İlham Əliyevin əmrini hər an gözləyir və əməl etməyə
hazırıq”
- Sözümü Ümummilli Liderimizin ibrətamiz bir
kəlamı ilə başlamaq istərdim: “Müstəqillik
yolu qədər çətin bir yol yoxdur”. Doğrudan da, Azərbaycan
1991-ci ildə öz müstəqilliyini əldə etsə də,
bu müstəqilliyin reallıqları hiss olunmurdu.
Çünki ölkədə xaos, özbaşınalıq,
dərəbəylik, respublikaya rəhbərlik edənlərin
səriştəsizliyi bu müstəqilliyin əldən getməsi
üçün şərait yaradırdı. Bu isə Ermənistanın
Azərbaycana qarşı Dağlıq Qarabağ problemini
ortaya atmaqla torpaq iddiasına düşməsinə və 20
faiz torpaqlarımızın düşmənin tapdağı
altında qalmasına qədər gətirib
çıxardı. Yaranmış bu cür xaotik vəziyyətdən
təngə gələn, bezən xalq kütləsi ayağa
qalxaraq, çıxış yolunu “Heydər Əliyev - Xalq”
birliyində gördü. Beləliklə də, xalq Ulu Öndər Heydər Əliyevə
müraciət edərək, Azərbaycanı bu bəladan
xilas etmək üçün yenidən siyasi hakimiyyətə
qayıdışını tələb və təkidlə
xahiş etdi. Ümummilli Liderimiz xalqının bu müraciətini
ümidsiz qoymayaraq 1993-cü il 15 iyunda Azərbaycana ikinci dəfə
siyasi hakimiyyətə qayıtdı. Bu qayıdışla Azərbaycanda
böyük dirçəliş baş verdi. Ümummilli
Liderimiz Heydər Əliyev, ilk öncə, ölkədə
siyasi sabitliyin bərqərar olunmasına, 1994-cü ildə isə
atəşkəsin əldə olunmasına nail oldu.
Anar Tağıyev: “Xaos
və anarxiya içərisində boğulan, vətəndaş
müharibəsinin bir addımlığında olan ölkənin
qanunverici orqanına Sədr seçilən liderin fəaliyyətinin
ilk günlərində gənclər təşkilatlarının
rəhbərlərini qəbul etməsi, onlarla əhatəli
müzakirələr aparması gənclərimizə göstərilən
etimaddan xəbər verirdi”
- Azərbaycanda gənc nəslə göstərilən
qayğı və etimadın ilk təzahürü Ulu Öndər
Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də - Azərbaycan
parlamentinin Sədri seçildiyi gündən dərhal sonra gənclərin
bir qrupunu qəbul etməsi idi. Xaos və anarxiya içərisində
boğulan, vətəndaş müharibəsinin bir
addımlığında olan ölkənin qanunverici
orqanına Sədr seçilən liderin fəaliyyətinin ilk
günlərində gənclər təşkilatlarının
rəhbərlərini qəbul etməsi, onlarla əhatəli
müzakirələr aparması gənclərimizə göstərilən
etimaddan xəbər verirdi. Fevral ayının 2-nin hər il Gənclər
Günü kimi qeyd edilməsi də Ümummilli Liderimizin bu
zümrəyə ayırdığı diqqətin təzahürlərindən
idi. 2003-cü ilin oktyabrından sonra da bu siyasət davam
etdirildi və üstəlik, yeni istiqamətlərlə,
variantlarla daha da genişləndirildi.
Bu zaman bir məqamı, xüsusilə, qeyd etmək zərurəti
var. Belə ki, dünyanın müxtəlif ölkələrində
dövlət xətti ilə təhsil alan tələbələrin
41 faizi Azərbaycanın regionlarını təmsil edən gənclərdir.
Xarici ölkələrdə təhsil almaq üçün göndərilən
gənclərin sayı 2003-cü ildə 885 nəfər idisə,
2008-ci ildə bu göstərici 1256 nəfərə
çatdırılıbdır. Dövlət
başçısının imzaladığı xüsusi
proqramın icrası nəticəsində 2013-cü ildə bu
rəqəm hər il üçün 1500 nəfərə
çatdırılacaqdır.
İlqar Həmzəyev:
“ Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan gənc nəslə dövlət
qayğısının göstərilməsi sahəsində
həyata keçirilən siyasət 2003-cü ildən sonra
daha uğurlu şəkildə davam etdirilmişdir”
- Müstəqilliyimizin 20 il ərzində keçdiyi
tarixi yola nəzər salındı, müxtəlif və
maraqlı, eyni zamanda, əhəmiyyətli fikirlər səsləndi.
Ancaq biz gənclərin ən çox toxunduğu 1993-cü il
15 iyunda Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə bağlı tarixi hadisələrdir. Bu da, təbii ki, qəbulediləndir.
Çünki mən belə deyərdim ki, müstəqilliyimiz
əgər 1991-ci ildə əldə olunubsa, xalqımız bu
müstəqilliyin şirinliyini, dadını 1993-cü ildə
hiss edib. Məhz bu baxımdan da bu tarixi hadisə hər
birimizin qəlbində, beynində həkk olunub. Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin
hazırladığı “Azərbaycan Respublikası hökumətinin
fəaliyyətinin əsas nəticələri və prioritet
istiqamətləri” adlı statistik icmalda 2003-cü ildən
sonrakı nəticələr və 2013-cü ilə qədərki
perspektivlər göstərilir. “Perspektivlər” bölməsində
deyilir: Bakı şəhərində “Gənclər
sarayı”nın inşa edilməsi, regionlarda “Gənclər
evi” sosial xidmət müəssisələri şəbəkəsinin
yaradılması, gənclər üçün Milli Tədris
və Təlim Mərkəzinin yaradılması, Gənclər
və İdman Nazirliyi nəzdində “Gənclər siyasətinin
inkişafına dəstək Fondu”nun yaradılması,
Dövlət “Gənclər Mükafatı”nın təsis
edilməsi, gənclərin intellektual inkişafına yönəlmiş
layihələrin həyata keçirilməsi və sairə.
“Səs” qəzetinin əməkdaşı:
- Azərbaycan gəncliyi üçün müstəqil
Azərbaycan anlayışı nədir?
Əliyev Həmidağa: “Sevindirici haldır ki, gənclərimizin
səsi nəinki Azərbaycandan, eyni zamanda, dünyanın hər
yerindən gəlir”
- Ümummilli Liderimiz Heydər Əliyevin
apardığı uğurlu siyasət nəticəsində
bugünkü gəncliyin formalaşaraq, yüksək
intellektual səviyyəyə çatması ölkədə
gəncliyin böyük qüvvəyə çevrilməsinə
gətirib çıxarıb. Xüsusilə də, gəncliyin
bütün sahələrdə aparıcı bir qüvvə
kimi öz fəaliyyətləri ilə Azərbaycanı
dünyada tanıtdırması da bu siyasətin nəticəsində
əldə olunmuşdur. Sevindirici haldır ki, gənclərimizin
səsi nəinki Azərbaycandan, eyni zamanda, dünyanın hər
yerindən gəlir. Belə ki, bu da gənclərimizə
ölkə Prezidenti İlham Əliyevin diqqət və
qayğısı nəticəsində əldə
olunmuşdur. Xüsusilə, dövlət
başçısının gənclərlə tez-tez
görüşməsi, onların uğurlarının
müstəqil dövlətimizə böyük nemət
olması istiqamətində bizləri
daha da fəal olmağa imkan verir.
Cəfərli Yeqzar: “Dövlət tərəfindən
gənclərin təhsil sahəsinə daha çox diqqət
və qayğı yetirməsi də göz önündədir”
- Dövlət müstəqilliyimizin 20 illiyi ərzində
gənclərimizin də fəaliyyəti getdikcə püxtələşdi.
Bunun da səbəbi Ulu Öndər Heydər Əliyevin ilk
gündən gənclərə göstərdiyi diqqət və
qayğıdır ki, bu gün ölkə Prezidenti İlham Əliyev
bu siyasəti daha geniş şəkildə həyata
keçirir. Ölkə əhalisinin 31 faizini təşkil edən
gənclər Prezident İlham Əliyevin
qayğısını hər gün, hər an hiss edirlər.
“Gənclər siyasəti haqqında” Azərbaycan
Respublikasının Qanununun qəbul edilməsi, 2005-ci ildə
“Azərbaycan gəncliyi Dövlət Proqramı”nın təsdiq
edilməsi, gənclərin ümumrespublika forumlarının
keçirilməsi, 2007-ci ilin “Gənclər ili” elan edilməsi,
gənclər siyasətinin həyata keçirilməsi
üçün 2008-ci ilin dövlət büdcəsində 3
milyon manata yaxın vəsaitin nəzərdə tutulması
son 5 ildə bu zümrəyə göstərilən
qayğının bəzi məqamlarıdır.
Həmçinin, dövlət tərəfindən gənclərin
təhsil sahəsinə daha çox diqqət və
qayğı yetirməsi də göz önündədir. Məhz
bu qayğının nəticəsidir ki, 2007-2008-ci tədris
ilinin əvvəlində ölkənin 42 ali məktəbində
130 min gənc təhsil alıb. Bu rəqəm 2003-cü ilin
göstəriciləri ilə müqayisədə 7,3 faiz
çoxdur. Bütün bu deyilən faktlar bir daha biz gənclərin
müstəqil dövlətimizin bizə göstərdiyi
qayğının müsbət nəticəsidir. Bu
qayğı və diqqətə görə, bütün gəncləri
Ulu Öndər Heydər Əliyev siyasətini və bu siyasətin
layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev
cənablarının apardığı uğurlu siyasəti dəstəkləməyə
çağırıram.
(ardı var)
RƏFİQƏ KAMALQIZI
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 7 oktyabr.- S. 8-9.