Müstəqilliyim-mənliyim,
şərəfim, ləyaqətim...
İyirmi il həm böyük, həm
də çox da böyük olmayan müddətdir.
İyirmi il ərzində
çox iş
görmək olar, heç
nə görməmək də olar. Azərbaycanda
son 17 ildə, müstəqilliyimizin birinci iki ilini
çıxmaq şərti ilə, doğrudan
da, tarixi nailiyyətlər
əldə edilmişdir...”
İlham Əliyev
20 il- tarix üçün elə də böyük
bir dövr hesab edilməsə də, müasir Azərbaycanın
20 illik müstəqillik tarixinə nəzər salanda
düşünürsən ki, sən demə, bu qədər
kiçik bir zaman kəsiyində nə qədər böyük
layihələr, möhtəşəm işlər görmək
olarmış... Bu dövr
sözün bütün
anlamlarında uğur gətirdi Azərbaycana...
Bir millət olaraq öz kimliyimizə qayıtdıq, azadlıq
şərbətindən bir daha doyunca içdik
və bir daha bu gözəl neməti heç
kimə, heç vaxt
güzəştə getmək niyyətimizin
olmadığını bütün dünyaya bəyan etdik...Amma bu azadlıq bizə heç də asan başa gəlmədi...Heç
kim bu dəyərli
neməti qapımızı döyüb hədiyyə
kimi vermədi bizə...Neçə-neçə
ziyası günəş kimi parlaq gənc oğul və
qızlarımızı qurban verdik bu yolda...
1990-cı il...Firavan həyat, vahid
vətən kimi ən ulu
dəyərlərini, habelə, yeraltı və yerüstü sərvətlərini özgələrinin
talan etməməsini tələb edən xalq meydanda tək
qalmışdı. Özünü vətənpərvər
adlandıran yalançı siyasətçilər kömək
edə bilmirdi millətinə... Bəlkə
də etmək istəmirdi...Xalq
çaşqınlıq içərisində idi...Nə
edəcəyini, hansı yolla öz haqq səsini dünyaya çatdıracağını bilmirdi...Amma ölkədən
xeyli uzaqda soyuq yanvarın gözlənilməz faciəsindən
və mənəvi cəhətdən tək qalmaqdan
sarsılan bir xalqa isti və doğma bir dəstək gəldi... Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində
xalqının böyük oğlu, bütün
dövrlərin ən böyük azərbaycanlısı-
Heydər Əliyev öz həyatı
bahasına olsa belə, tarixi
bir bəyanat verdi. Məhz bu bəyanatdan sonra xalq mənəvi cəhətdən
daha da sıx birləşdi,
bu faciə öz əhəmiyyətini
dəyişərək, xalqa ləyaqətini,
mənəviyyatını qorumaq üçün hər cür
qurban verməyə hazır olmağı
öyrətdi, milli azadlıq hərəkatını
mənəvi cəhətdən daha da gücləndirdi.
Müstəqilliyi
qoruyub saxlamaq,
müdafiə etmək onu əldə etməkdən
daha çətindir. Əgər hər
hansı ölkənin xalqları öz
hüquqlarını anlayır və onları qoruya
bilirsə, o zaman ən
kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.(Heydər
Əliyev)
1991-ci il
oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya
Aktı” qəbul edildi. Bununla
Azərbaycan müstəqilliyini bərpa etdi.
Artıq xalq müharibədəki böyük itkilər və uğursuzluqlardan,
siyasi çəkişmələrdən
və iqtisadi böhrandan
cana doymuşdu. Belə ağır bir vəziyyətdə,
məsuliyyətli anda Ulu
Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini
qəbul edib, 1993-cü il
iyunun 9-da Bakıya gəldi, çox az zamanda
Azərbaycanda vətəndaş müharibəsinin
qarşısını aldı. Ulu Öndər,
beləliklə, Azərbaycan bir əsrdə
ikinci dəfə müstəqillik əldə
etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə
yol vermədi, Azərbaycan dövlətinin
varlığını qorudu.
1995-ci ildə
Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan demokratik, hüquqi,
dünyəvi dövlət kimi dünya dövlətləri siyahısına
qatıldı. Dövlətçiliyin əsas
atributlarından biri olan
bu sənəd
varlığımızı sübut etdi. 1995-ci ildə müstəqil Azərbaycanın
ilk parlamentinə keçirilən
seçkilər isə dövlət müstəqilliyimizin hüquqi əsaslarını yaratdı. Bununla da Azərbaycan beynəlxalq
münasibətlərin subyektinə çevrildi.
Qısa müddət sonra isə bir yox, bir
neçə beynəlxalq qurumlarla sıx,
çoxtərəfli əməkdaşlıq başladı. Bir sözlə, üçrəngli
bayrağım, əsrarəngiz hilalım dünya
səviyyəsində qürurla
dalğalandı.
İqtisadiyyatı
güclü olan
dövlət hər şeyə qadirdir
Heydər
Əliyev
1994-cü ildə 20 sentyabrda
“Əsrin
müqaviləsi” imzalanmaqla dövlətimizin
yeni iqtisadi
strategiyasının və doktrinasının əsası qoyuldu. İki yüz ildən artıq bir
müddət ərzində dünyanın böyük
dövlətlərinin maraqlarını özünə cəlb
etmiş, Azərbaycana daim
narahatlıq gətirmiş neftimiz, nəhayət
ki, xalqın mənafeyi üçün
istifadə olunmağa başladı.
“Əsrin müqaviləsi”nin
imzalanması mərasimində
çıxış edən
Ulu Öndər Heydər Əliyev bildirmişdir:
“Biz bu müqaviləni imzalamaqla Azərbaycan
Respublikasının suveren
hüquqlarının bərqərar
olduğunu,
xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk”. Halbuki
zamanında bir çox
iqtisadçılar və politoloqlar bu layihənin reallaşacağına
şübhə ilə yanaşırdılar, “Əsrin
müqaviləsi”nin həmişə ideya olaraq qalacağına inanırdılar. Amma tarix tam
əksini sübut etdi.
Bu gün isə dünyanın bir
sıra məşhur iqtisadçıları və siyasətçiləri
Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi beynəlxalq səviyyəli layihəni bütün dünyanı hərəkətə
gətirən ürək, Bakı-Novorossiysk, Bakı-Brodi,
Bakı-Supsa və ən nəhayət, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri layihəsini isə sanki həmin ürəyi hərəkətə
gətirən qan damarlarından hesab edirlər. Cəmi 20 il əvvəl heç bir sahədə müstəqil qərar vermək
iqtidarında olmayan, iqtisadiyyatı
asılı vəziyyətdə olan
ölkəmiz artıq beynəlxalq əhəmiyyətli bir çox iqtisadi layihələrin təşkilatçısı
kimi tanınır. Ölkəmizin mövqeyi nəzərə alınmadan bölgədə
hansısa iqtisadi layihənin həyata
keçirilməsindən söhbət belə gedə bilməz.
Xalqın həyat səviyyəsi
günü-gündən yaxşılaşır, neft sektoru ilə
yanaşı, digər sahələrdə də islahatlar aparılır, bank
sistemi formalaşdırılır, fəaliyyət
üçün əlverişli biznes mühiti
yaradılır və s. Təsadüfi deyil ki, cəmi 20 illik müstəqil iqtisadiyyatı olan bir ölkənin
Dövlət Neft Fondunun
vəsaitlərinin həcmi 30 milyard dollardan artıqdır. Nəzərə
alsaq ki, müasir dövrdə böyük
dövlətlər başqa ölkələrin
hərbi yolla ərazilərini deyil, iqtisadi yolla bazarlarını zəbt etməyə üstünlük verirlər, o
zaman bu rəqəmin əhəmiyyətini
şərh etməyə yəqin ki, ehtiyac belə yoxdur..
Sülh
danışıqlarını cəsarətlə apara bilmək üçün
güclü orduya malik olmaq lazımdır
Heydər
Əliyev
Qədim və mürəkkəb,
keşməkeşli tarixə malik Azərbaycan
xalqı əsrlər, minilliklər boyu ən
qüdrətli düşmən ordularına qarşı
mübarizədə hünər, qəhrəmanlıq
nümunələri göstərib. Tarix boyu qəhrəmanlarımızın
şanlı ömür yolu
xalqın vətən sevgisini, azadlıq
ideyalarını daha da
gücləndirib. Amma təəssüf ki, Azərbaycanın bolşevik
rus ordusu tərəfindən
işğalından sonra müstəqilliyimizin
ən mühüm atributu
olan milli ordu hissələri ləğv edildi.
Azərbaycan keçmiş
İttifaqın tərkibində olduğu
illərdə azərbaycanlıların hərbi təhsil
almasına daim süni
maneə yaradılırdı. Lakin bütün bu maneələrdən
qorxmayan Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində
Azərbaycanda hərbi kadrlar hazırlayan
məktəbin - görkəmli sərkərdə Cəmşid
Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail
oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci
ordu sıralarına göndərirdi. Beləliklə,
Ümummilli Lider Heydər
Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən
20 il öncə milli
hərbi kadr hazırlığı üçün zəruri bazanın ən
yüksək səviyyədə təşkilini həyata keçirdi. Həqiqətən də, bu hərbi məktəb müstəqilliyimizi əldə
etdikdən sonra milli ordu quruculuğunun əsas
dayağına çevrildi.
Azərbaycan yenidən müstəqilliyə
qovuşduqdan sonra
yenidən hərbi sahədə də dirçəlişə
nail olundu. Yerli
özünümüdafiə və könüllü
batalyonlar ləğv edilərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu
yaradıldı. 1994-cü il mayın 12-də
atəşkəs elan edildikdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun
qurulması prosesinə böyük inamla start verildi.
Ölkədə nizami ordu
quruculuğu
formalaşdırılmağa başladı.
Ordu
quruculuğunun əsas tərkib hissəsi
olan hərbi təhsil, ixtisaslı hərbi
kadrların hazırlanması prosesi də
daim diqqət mərkəzində idi. Əsası Naxçıvanski adına hərbi
liseylə qoyulan hərbi təhsil müəssisələrimizin
sayı nüfuzlu ali
hərbi təhsil ocaqları hesabına daha
da genişləndi.
1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəb,
1999-cu il yanvarın 20-də Hərbi
Akademiyanın yaradılması haqqında fərman
imzalandı. Yüksək kadr potensialı
və geniş maddi-texniki
bazası olan yerli hərbi
məktəblərlə yanaşı, hərbçilərimiz
bir sıra vacib hərbi
ixtisaslar üzrə təhsil almaq üçün
Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə
və digər ölkələrə göndərildi. Eyni zamanda, Azərbaycan hərbçiləri
NATO-nun “Sülh Naminə
Tərəfdaşlıq” proqramı çərçivəsində
təşkil olunan müxtəlif
ixtisasartırma və təlim kurslarında da
yaxından iştirak edirlər.
Amma
hələ yekun məqsədimiz və
başlıca niyyətimiz əlçatmazdır- Azərbaycanın
ərazi bütövlüyünü bərpa
etmək, 20 ilə yaxındır gözü
yolda olan dilbər
guşələrimizə qayıtmaq, torpağı əsil
sahibinə təhvil vermək...
Xalq bir çox xüsusiyyətləri
ilə tanınır, sayılır və dünya xalqları
içərisində fərqlənir. Bu xüsusiyyətlərdən
ən yüksəyi, ən böyüyü mədəniyyətdir
Heydər Əliyev
Hər xalq öz adət-ənənələrində,
ədəbiyyatında, bir sözlə-mədəniyyətində
yaşayır. Mədəniyyət onun əsrlər boyu
yaratdığı davranış normaları, musiqisi, ədəbiyyatını
əks etdirməklə yanaşı, bir millətin ən incə
duyğularını- sevincini, kədərini, tarix boyu qələbələrini,
məğlubiyyətlərini özündə qoruyub
saxlayır. Lakin onun da hər zaman diqqətə və
qayğıya ehtiyacı var... Müstəqilliyimizi qazandığımız
ilk illərdən bu günə kimi mədəni həyatın
istənilən sahəsinə diqqət və qayğı isə
artıq öz müsbət nəticələrini verir. İstər
yüksək zövqlə, milli koloriti və beynəlxalq
standartları özündə birləşdirən
memarlıq və inşaat nümunələri- Beynəlxalq
Muğam Mərkəzi, Dənizkənarı Milli Park,
Qala-Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Fəvvarələr
meydanı, Hilton hotel və s., istərsə də incəsənətin
istənilən sahəsinə və mədəniyyət xadimlərinə
göstərilən yüksək qayğı göz
qabağındadır. Heydər Əliyev Fondunun dəstəyi
ilə bu il III dəfədir ki, Qəbələdə
keçirilən beynəlxalq musiqi festivalı dünyanın
canlı “əfsanə”lərini- incəsənət korifeylərini
hər il “Odlar Yurdu”nda görüşdürür. Bundan
başqa, Azərbaycanın ən dəyərli mədəni sərvəti
olan muğam da öz layiq olduğu diqqəti məhz müstəqillik
illərində almışdır. Hər il Azərbaycan mədəniyyətinin
hamisi olan Heydər Əliyev Fondunun dəstəyi ilə
keçirilən “Televiziya-Muğam festival”ları neçə-neçə
istedadlı gənclərin ümid yeridir. Bu diqqət və
qayğının nəticəsidir ki, artıq muğam bəşəriyyətin
qeyri-maddi irsinin şah əsəridir.
Bu il isə mədəniyyətimiz Avropada ən
böyük qələbəsini qazandı. “EUROVİSİON”
musiqi müsabiqəsi gələn il Bakıda keçiriləcək.
Bütün Avropa təkcə şəhərimizin deyil, milli
mətbəximizin, bir-birindən ləziz xörəklərimizin
ən əsası, bir millət olaraq
ucalığımızın, sahib olduğumuz yüksək
ali keyfiyyətlərin qonağı olacaqlar. Əminəm ki,
buradan alacaqları xoş təəssüratlar onları
ömürlərinin sonuna qədər tərk etməyəcək.
Xalq həmişə öz
ziyalıları və öz elmi ilə tanınır... Hesab edirəm
ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib
təhsilə xərcləməlidir ... Cəmiyyətin gələcək
tərəqqisi bir çox cəhətdən indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır....
Heydər Əliyev
Gənclik inkişafdır, tərəqqidir...Odur ki,
90-cu illərdə Azərbaycanın inkişafı, tərəqqisi
ciddi təhlükə ilə qarşı-qarşıya idi.
İndi isə mübaliğəsiz deyə bilərik ki, Azərbaycan
gəncliyinə göstərilən diqqət və
qayğı yüksək səviyyədədir. 1997-ci ildən
Ümummilli Liderimizin imzaladığı sərəncamla Gənclərin
I Forumunun keçirildiyi gün - fevralın 2-si “Azərbaycan Gəncləri
Günü” kimi qeyd olunur.(Müqayisə üçün qeyd
edək ki, BMT kimi nüfuzlu təşkilat Azərbaycandan 3 il
sonra bu addımı atdı. 1999-cu ildə avqustun 12-ni “Gənclər
Günü” elan etdi) Forumun işində iştirak edən
Ümummilli Liderimiz öz bilik və bacarıqlarını
reallaşdıra bilmələri üçün gənclərə
şərait yaratmağı, müstəqil dövlət
quruculuğu prosesində onların potensialından daha səmərəli
istifadə etməyi bütün dövlət orqanlarına
tövsiyə etmişdir. I Forumdan ötən dövr ərzində
gənclərin həyatının müxtəlif sahələrini
əhatə edən onlarla qanunlar qəbul edilib, fərmanlar
imzalanıb. İstər onların sağlamlığına,
istərsə də təhsillərinə dövlətin
yüksək qayğısını görməmək
mümkün deyil. İndi Azərbaycan gəncliyi
özünün tərəqqi dövrünü
yaşayır-gözəl təmir olunmuş məktəblərdə
təhsil alır, yüksək zövqlə tikilmiş olimpiya
komplekslərində sağlamlıqlarını qoruyur,
dünyanın ən tanınmış ali məktəblərində
yaşıdları ilə biliklərini və təcrübələrini
bölüşürlər...
...Bir sözlə, bu məqaləmdə 20 illik yorulmaz
fəaliyyəti, çəkilən ölçüyəgəlməz
əziyyətləri, həyatımızın bütün sahələrində
gedən möhtəşəm tərəqqini əks etdirmək
niyyətində deyiləm, heç buna cəhd də etmirəm.
Çünki bu 20 ildə qazanılanlar, əldə olunanlar mənim
yaşadığım dövrə təsadüf etsə belə,
müstəqillik bir fərdin sözlərində öz
obyektiv və dolğun ifadəsini tapa bilməz. O,
düşündüyümüzdən və dərk etdiyimizdən
daha ali bir hissdir, O, bütün dövrlər
üçün və bütün xalqlar üçün ən
toxunulmaz və ən müqəddəs dəyərdir.
Müstəqillik-mücərrəd ideyalar deyil, aydın və
gerçək həqiqətlərdir...Sənin, mənim
gördüyüm, amma tam mənası ilə dərk edə
bilmədiyimiz bir ucalıqdır...İndi Azərbaycan məhz
bu ucalıqdadır. Çünki əbədi azadlıq məşəlim
var, ay-ulduzlu üçrəngli bayrağım var, himnim var, ədalətli
qanunlarım var...Amma təəssüf ki, hələ də
himnimin səslənmədiyi, bayrağımın
dalğalanmadığı, mənim olan, amma hələ
daşına, torpağına toxuna bilmədiyim
Qarabağım da var...Amma əminəm ki, bu həsrətin də
bitməsinə az qalıb. Çünki mən hazıram!
Müqəddəs
himnimizlə səsləşən hər bir
müdrik kəlama layiq
olmağa, mənə bəslənilən
ümidi, etimadı doğrultmağa,
hazıram sahib olduqlarımı geri qaytarmağa, namusumu, şərəfimi,
azadlığımı, müstəqil Azərbaycanımı
əbədiyyətədək qorumağa,
yaşatmağa!
Ruslan Əliyev
Səs.- 2011.- 7 oktyabr.- S. 5.