Cahangir
Cahangirov – 90
Cahangir Şirgəşt
oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub.
1951-ci il - A.Zeynallı adına Bakı Musiqi Məktəbində,
Azərbaycan Dövlət Konservatoriyasında (B.Zeydmanın bəstəkarlıq
sinfi) təhsil alıb.
1940-cı illərdə
Cahangirov Azərbaycan Dövlət Filarmoniyasında mahnı və
rəqs ansamblının xor qrupuna, sazçı qızlar
ansamblına, 1944-60-cı illərdə Azərbaycan Radio
Verilişləri Komitəsi nəzdindəki xora rəhbərlik
etmişdir.1949-cu ildən başlayaraq, bəstəkar Azərbaycan
radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək,
15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin
yazdığı mahnıların çoxu ilk dəfə həmin
kollektivin ifasında səslənib.
Cahangirov
yaradıcılığının əsas hissəsini təşkil
edən xor əsərləri Azərbaycan xor musiqisinin
inkişafında əhəmiyyətli rol oynamışdır:
solist, xor, qiraətçi və simfonik orkestr
üçün “Arazın o tayında” vokal-simfonik poeması və “Dostluq
nəğməsi”
süitası, “Füzuli” və “Nəsimi” kantataları,
“Sabir”, “Hüseyn Cavid-59” və Böyük Vətən
müharibəsindəki tarixi qələbənin 40 illiyinə
həsr edilmiş “Böyük qələbə” oratoriyaları və s. Habelə, o,
Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri
vəzifəsində çalışıb.
Cahangirovun musiqisi
üçün nikbinlik, milli musiqi ilə üzvi əlaqə,
axıcı melodika səciyyəvidir. Azərbaycan kütləvi və
lirik mahnı janrının, eləcə də, opera və
instrumental musiqisinin inkişafında da Cahangirovun xidmətləri
var. Cahangirov “Azad”, M. İbrahimovun “Azad qız” povestinin motivləri
əsasında və “Xanəndənin taleyi” operalarının, “Təzə gəlin”
operettasının, skripka ilə orkestr üçün
konsertin, Azərbaycan xalq çalğı alətləri
orkestri və xor üçün əsərlərin,
mahnıların,teatr tamaşaları musiqinin müəllifidir.
Cahangir Cahangirovun
yaradıcılığının maraqlı səhifəsi
mahnıdır. O, mahnı janrına bütün ömrü
boyu daima müraciət etmişdir. Bu janrda məhəbbətlə,
çox səmimi, ən müxtəlif hiss və əhval-ruhiyyəni
bilavasitə çatdırmışdır.
Cahangir Cahangirovun
özünün mahnı yaradıcılığında səmimi
olaraq, lirik mahnıya əhəmiyyətli yer
ayırmışdır. Lakin lirik tematika ilə yanaşı,
bəstəkarın yaradıcılığında başqa
mahnı qrupları da təqdim olunmuşdur. Onlardan biri - əmək
mahnılarıdır, o birisi mühüm çox əhəmiyyətli
olan, Vətəni şöhrətləndirən, sülh
uğrunda mübarizəyə həsr olunmuş patriotik-qəhrəmanlıq
mahnıları qrupudur. Cahangir Cahangirovun vokal
yaradıcılığında, həmçinin, satirik
tematika da vardır. Uşaq mahnıları da müəyyən
yer tutur.
C.Cahangirovun mövzusu geniş və
rəngarəngdir. Onlarda öz vətəninə, doğma
şəhərə, xalqına sevgi, əmək sevinci,
ümumən vətənpərvərlik mahnıları əks
etdirilir.
Öz mövzusuna və emosional
tonusuna görə lirik mahnılar, xüsusən, müxtəlifdir.
Bu, həm sevgi lirikası və şən təbiət
lirikası və oynaq mahnılar, sakit, xəyalpərəst
lirika “Dan ulduzu, bir də mən” xor lirik “Kərəm kimi”
mahnılardır. Belə tipli, bir çox mahnıların
xarakterik xüsusiyyəti C.Cahangirov üçün səciyyəvi
olan muğam prinsipli fikrin vaxtaşırı get-gedə
açılmasını başlanğıc kimi götürən
lirik-nəqlilikdir. Məhz bu xüsusiyyətlər üslubun
başqa əlamətləri ilə bir sırada C.Cahangirovun
mahnılarını başqa müəlliflərin
mahnılarından fərqləndirir.
Zümrüd
Səs.-
2011.- 8 oktyabr.- S. 12.