Xalq, cəmiyyət və milli dövlətçiliyimiz qarşısında məsuliyyət dərk edən Azərbaycan ziyalısı

 

Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir boz biçənəklər.

Nidamı çaylara dedi küləklər:

Duman, salamat qal, dağ - salamat qal!

 

Şair, tərcüməçi, publisist Məmməd Araz. Azərbaycan ədəbiyyatının tanınan və sevilən sənətkarı. Misralarındakı sözün çəkisi ilə insanları fəlsəfi görüşlərinin izinə salan Məmməd Araz  poeziyası səmimi düşüncələrin, insani hisslərin və neçə-neçə ibrətamiz fikirlərin müəllifi olaraq tanınıb və sevilib. Bu gün əsərləri böyük sevgi ilə mütaliə edilən, şeirlərin məna yükü ilə məhz insanları ətrafında birləşdirən Məmməd Araz böyük bir hissin çərçivəsində məntiqi fikirlərini ortaya qoyur.

Məmməd Arazın yarım əsr davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərib. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairi kimi fəxri adlara və mükafatlara rənglər dünyasının səmimi şəkildə etirafından doğan hisslərin təqdimi nəticəsində layiq görülüb.

Azərbaycan poeziyasında sənəti şaxələndirən, ona yeni ideyalarla nəfəs gətirən və sözün ölçüsündən məharətlə istifadə edən Məmməd Araz milli ədəbiyyatımızda söz mülkünün seçilən və sevgi ilə misraları oxunan qələm sahibləri sırasında ismini əbədiləşdirən şair kimi qəbul olundu, zamanın məsafəsində xatırlanaraq, yad olunacaq ziyalı səviyyəsinə yüksəldi. Belə bir imicə sahib olan sənətkar söz aləmində fəlsəfi görüşlər ilə yadda qaldı. Dünyanı öz ölçüsü ilə qəbul edib, bəşəri meyarlar baxımından fəlsəfi düşüncələrinə yol açdı. Bu, onun sənət meyarında insan düşüncəsini, idrakının qəbul edəcəyi dəyərləri əxz etməsi, cəmiyyətdə fikir formalaşdıraraq böyük bir insan kütləsini şeirlərin təsirində həyatla birbaşa dialoq yaratmağa qadir olan şeir nümunələri ilə insanlara aşılandı.

1933-cü ilin bu günü- oktyabr ayının 14-də dünyaya göz açan şairin tərcümeyi-halından oxuyuruq. Şahbuz rayonunun Nurs kəndində anadan olan Məmməd Araz doğulduğu məkanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alır. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayır, sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyir. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olur. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifəsində çalışır.

Şair, tərcüməçi, publisist kimi tanıdığımız şairin keçdiyi yol onu bir ziyalı olaraq tanıtdı. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin  üzvü olan Məmməd Araz Əəməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairi adına layiq görülür və Azərbaycan Respublikasının “İstiqlal” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı  olur. Onun adına “Məmməd Araz” mükafatı təsis olunur. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru vəzifəsində çalışdı. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etdi.

Yaradıcılıq yolunda kitablarının işıq üzü görməsi onun bu aləmdə daha da tanınmasına səbəb oldu. “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Araz axır”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən bəri, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Aylarım, illərim”, “Dünya sənin, dünya mənim”, “Dünya düzəlmir”, “Daş harayı”, “Yol ayrıcında söhbət”, “Sənətdə son mənzil olmur” və s. kitabları onu daha da sevdirdi və oxucularla ünsiyyətin artırdı.

Tərcüməçilik fəaliyyəti də onun yaradıcılığını şaxələndirən bir faktordur. Belə ki, o, rus poeziyasının görkəmli nümayədələrinin əsərlərini dilimizə çevirdi. S.V.Mixalkovun “Foma”, M.Svetlovun “Şeirlər”, N.A.Nekrasovun “Rus qadınları” və dünya şairlərinin şeirlərindən ibarət olan “Ocaq başında” kitabları Azərbaycan oxucusunu dünya ədəbiyyatına yaxınlaşdırdı. Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazandı. Eyni zamanda, şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olundu.

Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsil xalq şairi, Azərbaycan ziyalısı oldu. Zamanın diqtəsi ilə yazıb-yaradan şairin misralarında həyat, torpaq sevgisi ali bir hiss olaraq təqdim edilir. Çox yüksək bir emosiya ilə Azərbaycan ərənlərinə müraciətində bir cəsarət, tələb var. Əli silah, külüng, yaba tutan nişanlı ərləri oyadan misralarında şair üsyanı sezilməkdədir.  Qız atası olan kəslərə hanı nərən, hanı səsin, hanı andın sualını ünvanlaması onları xırdalanmaqdan, kiçilməkdən uzaqlaşdırır:

 

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın?

 

- deməsi ilə vətən oğlunu ayağa durmağa səsləyir. Sərhədinə yaxşı baxmaq üçün içindəki qorxunu boğmağı, ölümlə qalımını ayırd etməsini məsləhət görür. “Dur, özünü Boz Qurd elə!” qətiyyəti yetişən nəsil üçün bir qeyrət nümunəsi olacaq misradır.

Şair yaradıcılığında lirik məzmun kəsb edən misralara da rast gəlirik. Bu misralarda şairin ürək dolu arzu və istəkləri, dəniz tək coşqun hissləri əksini tapıb:

 

Baxıram, ev-eşik boşdur elə bil,

Səninlə varım da, yoxum da gedib.

Bir ürəyim deyil, bir canım deyil,

Dincliyim də gedib, yuxum da gedib.

 

Hər kəsin diqqətində olan və sevə-sevə mütaliə etdiyi “Dünya sənin, dünya mənim” şeiri özünün fəsəfi məzmunu etibarı ilə Məmməd Arazın dünya ilə görüşlərinin müqabilində nəzmə çəkilib: 

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da, qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

dünya mənim,

dünya heç kimin...

 

Vətən sevgisi, Azərbaycan dilinə məhəbbət, xalqın tarixin dolanbac yollarında başına gətirilən oyunlar Məmməd Araz poeziyasının gücündə, qələmində fərqli bir şəkildə ifadə edilir:

 

Bu günümdən dünənimə uzaqlaşan,

ulu babam,

Küləkləşən, dumanlaşan ruhunla sən

Ayağa dur, səninləyəm !

Səs getməyən,

əl yetməyən

Qədim tarix dərəsindən

Səs ver mənim səsimə sən:

Sənə gələn, səndən ötən

nəydi belə?

 

Bu və ya digər məzmunlu şeirləri ilə insan idrakına, düşüncəsinə nüfuz edən Məmməd Araz yaradıcılığı bədii keyfiyyətləri, orijinallığı ilə hər zaman diqqət çəkən bir poeziya olmuş və zaman ötdükcə də onun sənət dünyası belə təravətli və əzəmətli olaraq qalacaq.

 

 

Zümrüd

 

Səs.- 2011.- 14 oktyabr.- S. 12.