“MÜSTƏQİL
AZƏRBAYCAN -20”
Oktyabrın 12-də “Səs” qəzeti redaksiyasında
Azərbaycan Dövlət Müstəqilliyinin bərpa
olunmasının 20 illiyinə həsr olunmuş növbəti
dəyirmi masa keçirilib. Dəyirmi masada millət vəkilləri
Jalə Əliyeva və Sevinc Hüseynova, YAP Qadınlar
Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının
qadınlar şurasının sədri Məhəbbət
İbrahimova, YAP Xətai rayon təşkilatının
qadınlar şurasının sədri Aidə Hüseynzadə,
Nəsimi rayon icra hakimiyyətinin “Qaçqınlar və məcburi
köçkünlərlə iş” şöbəsinin
müdiri Şəfəq Cəfərova, YAP Suraxanı rayon təşkilatının
qadınlar şurasının sədri Tünzalə
Süleymanova, YAP Nizami rayon təşkilatının
aparat rəhbəri Selcan Novruzova, Azərbaycan Pedaqoji
Universitetinin baş müəllimi - “Zəngin Azərbaycan
Uğrunda Maarifləndirmə” İctimai Birliyinin sədri
İradə Əliyeva, YAP Sabunçu rayon təşkilatının
gənclər birliyinin sədr müavini Lamiyə Cəlilova
iştirak edirdilər. Tədbirdə iştirak edənlər
Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi
münasibəti ilə öz fikirlərini bildirmiş və
bu istiqamətdə maraqlı polemikalar aparmışlar.
(Əvvəli ötən sayımızda)
İradə Əliyeva: “Ulu Öndər
Heydər Əliyev Azərbaycan qadınına güvəndiyi
kimi, Azərbaycan qadını da Ulu Öndər Heydər Əliyevə
güvənirdi”
- Bu gün dövlət müstəqilliyimizin 20 illiyi
ilə bağlı fikir söyləmək hər birimiz
üçün fəxarətdir. Çünki 20 il az zaman
olsa da, bu zaman kəsimində neçə-neçə on illərdə
əldə olunan uğurlara, nailiyyətlərə nail
olmuşuq. Eyni zamanda, bu 20 ildə nələr gördük, nələrin
sahibi olduq, nələri ötürə bildik və nələri
unuda bildik... Bu illəri hər birimiz yaşamışıq və
təbii ki, bütün bu çətinliklərdən bizi
böyük Şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyev
çıxardı. 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi
əldə etsək də, 1993-cü ilin iyunun 15-nə kimi
xalqımız çox çətin və ağır
günlərini yaşayıb. Biz Ümummilli Liderimiz Heydər
Əliyevin SSRİ dövründə, yəni 1969-cu ildə Azərbaycan
KP MK-nın birinci katibi işlədiyi müddətdə
ölkəmizdə çox böyük nailiyyətlərə
imza atdığının şahidi olmuşuq. Lakin Sovet
İttifaqı dağıldıqdan sonra, respublikaya səriştəsiz
rəhbərlərin gəlməsi Azərbaycanı
ağır və çətin duruma gətirib
çıxardı. Yenə də belə bir ağır
gündə xalqımız ümidgahı olduğu
böyük Liderə - Heydər Əliyevə müraciət
etdi. 1993-cü ildə xalqın təkidli tələbi və
xahişi ilə Ümummilli Liderimiz Heydər Əliyevin iyunun
15-də Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə
qayıdışı ölkəmizi düşdüyü
çətin durumdan çıxardı. Ulu Öndərimiz
Heydər Əliyev ilk öncə ölkədə siyasi
sabitliyin bərqərar olunmasına nail oldu. Çünki
siyasi sabitlik olmadıqda hansısa inkişafdan, nailiyyətdən
danışmaq mümkün deyil. Bu, həm də, Ulu Öndərin
ən əsas xarici siyasətinin məğzini təşkil
edirdi. Çünki hər bir ölkənin xarici siyasəti
bu ölkənin dünya miqyasında tanınması, xarici
investorların həmin ölkəyə gəlməsi demək
idi. Bu baxımdan Ulu Önər Heydər Əliyev
çoxlarının inanmadığı böyük bir layihənin
- “Əsrin Müqaviləsi” olan neft kontraktının həyata
keçirilməsinə nail oldu. Beləliklə də,
ardıcıl olaraq bir-birindən uğurlu olan nailiyyətlər
əldə edilməyə başladı. Bu nailiyyətlərdə
Azərbaycan qadınları da kənarda qalmırdı.
Çünki Ümummilli Liderimiz Heydər Əliyev
qadınları çox sevirdi. Heydər Əliyev Azərbaycan
qadınına güvəndiyi kimi, Azərbaycan qadını
da Ulu Öndərə güvənirdi. Məhz buna görə
də Azərbaycan qadını ölkənin həm xarici
siyasətində, həm də daxili işlərində
yaxından iştirak edirdi. Ulu Öndərin Azərbaycan
qadınına diqqət və qayğısının bariz
nümunəsi olaraq, Respublikada Qadın Problemləri üzrə
Dövlət Komitəsinin yaranması və sonradan bu siyasətin
layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması ilə bağlı verdiyi Sərəncamı
qadınlara dövlət qayğısının məntiqi nəticəsi
hesab olunur. Eyni zamanda, bu gün respublikamızda
qadınlarımızın fəaliyyət göstərdiyi
qeyri hökumət təşkilatlarına dövlətin
qayğısı biz qadınları ölkəmizin və
müstəqilliyimizin daha da inkişafı yolunda birlik
nümayiş etdirməyə sövq edir. Sevindirici haldır
ki, bu gün QHT-lərin dövlət tərəfindən
maliyyələşməsi və onlara diqqət bizlərdə
gələcəkdəki inkişafa daha böyük inam
yaradır. Bütün bu deyilənlər məhz müstəqilliyimizin
yenidən bərpasının 20 illiyi dövründə Ulu
Öndərimiz Heydər Əliyevin uğurlu siyasətinin
ölkə Prezidenti İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsinin nəticəsidir.
Şübhəsiz ki, burada Mehriban xanım
Əliyevanın da Azərbaycanın ictimai-siyasi həyatında
oynadığı mütərəqqi rol barədə fikir
söyləməmək olmur. Belə ki, Mehriban xanım Əliyevanın
icimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi
xalqının, millətinin rifahı üçün
çalışmaq, bu işdə Azərbaycan Prezidenti
İlham Əliyevin siyasi kursuna dəstək verməkdir.
İşgüzarlığı, insanlara doğma, səmimi və
mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri və millət vəkili kimi
üzərinə düşən bütün vəzifələri
layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın
Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizin
sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya
birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının
yaxşılaşması naminə müəyyən etdiyi
siyasətin öyrənilməsinə, təbliğinə və
bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək,
Ulu Öndərin zəngin irsindən bəhrələnərək
bu işə xidmət edən genişmiqyaslı layihələrin
reallaşmasına etdiyi kömək təsdiq edir.
“Səs” qəzetinin əməkdaşı:
- Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın xalqa, dövlətə xeyirli,
gərəkli fəaliyyəti qadınlar üçün
nümunə sayıla bilərmi?
Sevinc Hüseynova: “Müstəqil Azərbaycan Ulu
Öndər Heydər Əliyevin şah əsəri olmaqla bu
gün çiçəklənən ölkəyə
çevrilərək dünya miqyaslı uğurlara nail
olmuşdur”
- Burada çox dəyərli fikirlər səsləndi
və bu fikirlərlə mən də razıyam. Ancaq
bugünkü müstəqilliyimizin bərpasının 20
illiyi ilə bağlı nə qədər sözlər deyilsə
də, əldə etdiyimiz uğurları ümumiləşdirib
yekunlaşdıra bilmərik. Çünki müstəqil Azərbaycan
Ulu Öndər Heydər Əliyevin şah əsəri olmaqla,
bu gün çiçəklənən ölkəyə
çevrilərək, dünya miqyaslı uğurlara nail
olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin layiqli
davamçısı, ölkə Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın həyata keçirdiyi
uğurlu layihələr hər birimizin sevinci və fərəhidir.
Mehriban xanım Əliyevanı digərlərindən fərqləndirən ən
mühüm cəhət odur ki, onun seçicilərlə
görüşü yalnız seçkiöncəsi deyil,
bütün 5 il ərzində davam edir. O, deputat seçilmək
üçün yox, məhz insanlara xidmət etmək naminə
öz vəzifələrini vicdanla, şərəflə yerinə
yetirir. Mehriban xanım Əliyeva çoxşaxəli ictimai fəaliyyəti
ilə xalqımızın ehtiramını və məhəbbətini
qazanıb. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Azərbaycan Mədəniyyət Fondunun sədri, Azərbaycan
Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan-İrs”
jurnalının baş redaktorudur.
Mehriban xanım müasir Azərbaycan qadınının
canlı simvoludur.
Bu gün bütün bu nailiyyətlərə kimliyindən
asılı olmayaraq, hər kəs sevinir. Hətta deyərdim
ki, həyatda ən küskün insan Mehriban xanım Əliyevaya
müraciət edərək, Ondan ümid gözləyir. Bu,
Mehriban xanımın insanların qəlbində
yaratdığı məhəbbətdən irəli gəlir.
Çünki əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət, ölkə Prezidenti İlham Əliyev və
Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata
keçirilən böyük işlər xalqın sevgisinə,
inamına səbəb olmuşdur. Məhz Mehriban xanım Əliyevanın
həyata keçirdiyi layihələrin müsbət nəticəsidir
ki, ardıcıl olaraq dünya ölkələri tərəfindən
yüksək mükafatlara layiq görülmüşdür. Ən
yüksək mükafatlar Mehriban xanım Əliyevaya təqdim
olunmuşdur. Ancaq bu mükafatların hamısının
başında Azərbaycan vətəndaşının məhəbbəti
dayanır. Bu gün Azərbaycan vətəndaşı
Mehriban xanım Əliyevanı ümid yeri bilir. Hər bir qadın
Mehriban xanım Əliyevanın Azərbaycan xanımı
olması ilə fəxr edir. Mən dağ rayonunda
yaşayıb fəaliyyət göstərmişəm. Bu
gün bu rayonun ən ucqar kəndinə getsən, orada Mehriban
xanım Əliyevanın adını çəkməklə
öz problemlərinin həllinə nail olacaqları ümidi
ilə yaşayırlar. Bütün bunlar onu göstərir
ki, Azərbaycan qadınları Mehriban xanım Əliyevanı
özlərinə layiq olan nümunə kimi qiymətləndirirlər.
Jalə Əliyeva: “Cəmiyyətdə insanpərvərlik
və humanizm ideyalarının möhkəmlənməsinə
çalışan Mehriban xanımın Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü
münasibətilə hələ 2007-ci ilin may ayında
parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də
Ümummilli Liderin humanist siyasətinə sədaqətin əyani
nümayişi oldu”
- Həqiqətən də, bu deyilənlər
reallıqlardır. Hər hansı bir yerə ayaq
basırsansa, orada Mehriban xanım Əliyevanın
xeyirxahlığından, humanistliyindən, insani keyfiyyətlərindən
və səmimiliyindən danışılır.
Çünki onun gördüyü işlər artıq
göz qabağındadır və bu işlərin müsbət
nəticəsidir ki, Mehriban xanım Əliyevanın Azərbaycan
xalqının nümayəndəsi olması ilə fəxarət
hissi duyurlar. Azərbaycanın birinci xanımı üzərinə
götürdüyü xoşməramlı missiya ilə həm
də insan hüquqlarının qorunmasına, vətəndaş
cəmiyyəti ideyalarının cəmiyyətdə daha da
möhkəmlənməsinə, habelə, cəza siyasətinin
humanistləşdirilməsi prosesinə öz töhfələrini
verir. Cəmiyyətdə insanpərvərlik və humanizm
ideyalarının möhkəmlənməsinə
çalışan Mehriban xanımın Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü
münasibətilə hələ 2007-ci ilin may ayında
parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də
Ümummilli Liderin humanist siyasətinə sədaqətin əyani
nümayişi oldu.
Amnistiya aktı nəticəsində azadlıqdan məhrum
etmə qismində cəza çəkən məhkumlardan təqribən
1500 nəfəri cəzaçəkmə müəssisələrindən
azad edildi, habelə, azadlıqdan məhrumetmə cəzası
ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən
7500 nəfər şəxs cəzasından azad edildi. Onu da
deyim ki, amnistiya qərarlarının qəbulu ilə
bağlı ölkədə formalaşmış müsbət
ənənənin Mehriban Əliyeva tərəfindən
geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin
ictimai şüurda möhkəmlənməsinə xidmət
edir. Mehriban xanım humanizm və
sevgi hisslərini oyadan milli bayramımız olan Novruz
bayramı münasibətilə 2008-ci ildə il növbəti
amnistiya təşəbbüsü irəli sürərək,
bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim
etdi. Mehriban Əliyevanın son 5 ildə 2 dəfə amnistiya
təşəbbüsü ilə çıxış etməsi
yüksək insani dəyərlərin, mərhəmət
hissinin cəmiyyətə aşılanmasına, ictimai
şüura hakim kəsilməsinə yönəlib.
Məhəbbət İbrahimova: “Biz
qadınlar yaxşı bilirik ki, Ümummilli Liderimiz Heydər Əliyev
1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıtmasaydı, bu gün nə bu nailiyyətlərdən
danışa bilərdik, nə də ölkəmiz inkişaf
etmiş dünya dövlətləri sırasında ola bilərdi”
- Burada Mehriban xanım Əliyeva haqqında fikirlər
səsləndi. Mən bir səhiyyə işçisi kimi
Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi
qayğıdan danışmaq istərdim. Hər kəsin
gözü önündə neçə-neçə kimsəsizlərə,
ata-ana qayğısından məhrum olmuş körpələrə,
xəstə uşaqlara göstərdiyi ana nəvazişi
Mehriban xanım Əliyevanın qayğıkeşliyindən
irəli gəlir. Humanizm, mərhəmət, vətənpərvərlik,
xeyirxahlıq hisslərinə söykənən fəaliyyətilə
cəmiyyətdə böyük nüfuz qazanmış
Mehriban xanım Əliyeva “Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı”nın hazırlanıb həyata
keçirilməsini məqsədəuyğun hesab edib.
Respublikamızdakı uşaq evləri və internat məktəblərindəki
mövcud problemlərin həll olunmasına yönəldilən
proqram fondun təhsil sahəsindəki fəaliyyətinin əsas
istiqamətlərindən birinə çevrilib. 50-dək
uşaq müəssisəsində aparılan yenidənqurma və
tikinti-təmir işləri zamanı onların zəruri
avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin
kitabxanaların yaradılması, informasiya
texnologiyalarının tətbiqi, sinif otaqlarının
interaktiv təhsil üçün
uyğunlaşdırılması təmin edilib. Heydər Əliyev
Fondunun səhiyyə sahəsində ən çox əks-səda
doğuran layihələrindən biri məhz “Diabetli
uşaqlara ən yüksək qayğı” layihəsi olub.
Layihə fondun dəstəyi əsasında Azərbaycan Diabet
Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti
ilə birgə əməkdaşlıq nəticəsində həyata
keçirilib. Layihə çərçivəsində Azərbaycanda
diabet xəstəliyinə düçar olmuş 14
yaşınadək uşaqlar müntəzəm olaraq
lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə
təmin ediliblər.
Ümumiyyətlə, bütün bu uğurlar müstəqilliyimizin
20 ili ərzində əldə olunan nailiyyətlərdir. Biz
qadınlar yaxşı bilirik ki, Ümummilli Liderimiz Heydər Əliyev
1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıtmasaydı, bu gün nə bu nailiyyətlərdən
danışa bilərdik, nə də ölkəmiz inkişaf
etmiş dünya dövlətləri sırasında ola bilərdi.
Şükür Allaha ki, Ulu Tanrı bizi ümidsiz etmədi və
xalqımız bütün türk dünyasının Lideri
olan Heydər Əliyevi bizə bəxş etdi. Bizlər həm
də ona görə xoşbəxtik ki, Ulu Öndər Heydər
Əliyevin yaratdığı və bizə miras qoyduğu
müstəqil Azərbaycana Onun layiqli davamçısı,
ölkə Prezidenti İlham Əliyev rəhbərlik edir. Biz
qadınlar bir də ona görə xoşbəxtik ki, bu
uğurlu siyasəti layiqincə davam etdirən Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan
xanımlığının ən yüksək zirvəsində
dayanır. Bizlər Mehriban xanım Əliyevadan nümunə
götürməklə fəxr edirik.
Aidə Hüseynzadə: “Mehriban
xanım Əliyeva öz müqəddəs əməlləri
ilə özündə ən ali xüsusiyyətləri cəmləşdirib”
- Burada Mehriban xanım Əliyevanın səhiyyə
sahəsinə göstərdiyi qayğıdan geniş
danışıldı və qeyd etmək istərdim ki,
çalışdığım poliklinikada da xəstə
uşaqlar müalicə olunur. Qeyd edim ki, Mehriban xanım Əliyeva
hər zaman belə uşaqlara xüsusi diqqət və
qayğı göstərərək, onların müalicəsi
üçün bütün imkanları yaradır. Keçən
il bizim poliklinikada da qeydiyyatda olan xəstə uşaqlar Heydər
Əliyev Fondu hesabına xaricə göndərilərək
müalicə olundular. Bu gün həmin uşaqlar, həmçinin,
valideynlər Mehriban xanım Əliyevanın bu fəaliyyətini
görərək daha böyük ümidlə Ona üz
tuturlar. Həmin valideynlərin tez-tez işlətdikləri bir
fikri diqqətinizə çatdırmaq istərdim “Göydə
Allah, yerdə Mehriban xanım Əliyeva bizi ümidsiz qoymaz”.
Budur Azərbaycan qadınının mehribanlığı,
humanistliyi, səmimiliyi və fədakarlığı. Mehriban
xanım Əliyeva öz müqəddəs əməlləri
ilə özündə ən ali xüsusiyyətləri cəmləşdirib.
Tünzalə Süleymanova: “İnsanlar daim Mehriban
xanım Əliyevanın qayğıkeşliyinin şahidi
olublar”
- Heydər Əliyev Fondu haqqında çox
danışmaq olar. Çünki görülən işlər,
reallaşdırılan nəhəng layihələr bunu deməyə
əsas verir. Ancaq bir məsələyə toxunmaq istərdim.
Bilirsiniz ki, dünyada fəaliyyət göstərən fondlar
çoxdur, ancaq bu fondlar Heydər Əliyev Fondu kimi fəaliyyət
göstərirmi? Bu gün hər birimiz yaxşı
görürük ki, Azərbaycanın hər bir vətəndaşı,
kimliyindən asılı olmayaraq, Heydər Əliyev Fonduna,
Onun prezidenti Mehriban xanım Əliyevaya üz tutur.
Çünki insanlar daim Mehriban xanım Əliyevanın
qayğıkeşliyinin şahidi olublar.
Şəfəq Cəfərova: “Mehriban
xanımın öz fəaliyyətini Ümummilli Lider Heydər
Əliyevin nurlu ideyalarına və Prezident İlham Əliyevin
siyasətinə uyğun qurması bu yolun gələcəyinin
çox parlaq olacağını şərtləndirir “
- Bu gün hər birimiz Ulu Öndərimiz Heydər Əliyevin
şah əsəri olan müstəqil Azərbaycanda
yaşamağımızla və bu ölkəyə İlham Əliyevin
rəhbərlik etməsi ilə fəxr edirik. Çünki
dövlət başçısı İlham Əliyevin fəaliyyətinin
başlıca qayəsi və amalı hər bir Azərbaycan vətəndaşının
xoşbəxt yaşaması, torpaqlarımızın
işğaldan azad edilməsi, ölkəmizin sosial-iqtisadi
inkişafını, Azərbaycanın dünya dövlətləri
arasında özünə layiqli yer tutmasını və
qüdrətlənməsini təmin etməkdir. Son illər
ölkəmizdə görülən genişmiqyaslı
işlər, həyata keçirilən layihələr vətəndaşların
sosial rifahının daha da yaxşılaşmasına, cəmiyyətimizin
demokratikləşməsinə xidmət edən
çoxşaxəli islahatlar məhz Prezident İlham Əliyevin
xalqa verdiyi vədlərin əməli işə
çevrildiyinin sübutudur.
Eyni zamanda, bu gün hər bir azərbaycanlının
qarşısında duran mühüm vəzifələrdən
birincisi vətəndaşlıq mövqeyindən, ümummilli
mənafelərdən çıxış edərək, Azərbaycanın
yüksəlişi üçün çalışan
Prezident İlham Əliyevin siyasi kursuna dəstək vermək,
bu işdə əlindən gələni əsirgəməməkdir.
Mehriban xanım Əliyevanın əsil vətəndaş
mövqeyindən çıxış edərək ölkəmizdə
gedən inkişaf proseslərinə verdiyi töhfələr,
milli mədəni irsimizin qorunması və təbliği, təhsilin
səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
misilsiz fəaliyyəti hər bir vətəndaş
üçün, o cümlədən, biz qadınlar
üçün nümunə sayıla bilər. Birinci Ledi
özünün həyat məramını,
ömrünün mənasını insanlara, xüsusilə,
yoxsulluq içində yaşayan, qayğı və diqqətə
daha çox ehtiyacı olanlara yardım etməkdə,
onları sevindirməkdə görür. Mehriban
xanımının öz fəaliyyətini Ümummilli Lider
Heydər Əliyevin nurlu ideyaları və Prezident İlham Əliyevin
siyasətinə uyğun qurması bu yolun gələcəyinin
çox parlaq olacağını şərtləndirir.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU
Səs.- 2011.- 14 oktyabr.- S.8-9.