İqtisadi
tərəqqi hər bir ölkənin hərtərəfli
inkişafında əsasdır
Dövlət müstəqilliyimizin yenidən bərpa
olunmasının 20 ili tamam olur. Dövlət
başçısı İlham Əliyevin 21 yanvar 2011-ci il
tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü haqqında” Sərəncamı
ölkəmizin ötən bu dövrdə qazandığı
uğurlara bir daha diqqət yetirmək, gələcək
perspektivlərin müəyyənləşdirilməsi
üçün bir stimuldur. Hər bir ölkənin
inkişafında iqtisadi tərəqqinin rolunu nəzərə
alıb, 20 illik müstəqillik tariximizdə bu sahədə
atılan addımları, əldə olunan uğurları bir
daha diqqətdən keçirmək zərurəti duyulur.
Azərbaycan tarixən neft ölkəsi
kimi tanınıb. Malik olduğu təbii resurslara, yerləşdiyi
coğrafi məkana görə daim dünyanın diqqətində
olan ölkəmizə maraq 1994-cü ildən sonra daha da
artmağa başladı. Bunu şərtləndirən
amillər bəllidir. 1993-cü ildə ulu
öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
uğurlu daxili siyasət nəticəsində ölkədə
sabitliyin, normal biznes mühitinin yaradılması Azərbaycanı
çox qısa müddətdə böyük investisiyalar məkanına
çevirdi. 1994-cü il sentyabrın
20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın
bu gününə və sabahına inamı artırdı,
dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi,
iqtisadi imkanların genişlənməsi uğurlu sosial siyasətin
həyata keçirilməsinə böyük zəmin
yaratdı. “Bizim bütün təbii sərvətlərimiz
xalqa məxsusdur və bu sərvətlərdən istifadə
olunmasında heç bir nəslin müstəsna haqqı
yoxdur. 1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası,
prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən
xalqın rifahı naminə daha da səmərəli istifadə
etməkdən ibarətdir.” Ulu öndər Heydər Əliyev
iqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə
bugünkü uğurların təməlini qoydu. Ulu öndər
bildirirdi ki, dünya təcrübəsi də bu həqiqəti
təsdiq edir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq,
təcrübə mübadiləsi olmadan , səylər və
ehtiyatlar birləşdirilmədən təkbaşına
iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin
müqaviləsi” sonrakı sazişlərə geniş yol
açdı. Azərbaycan etibarlı tərəfdaş kimi
mövqeyini daha da möhkəmləndirdi. Ölkənin maliyyə
vəsaitinin məhdudluğu şəraitində xarici şirkətləri
sərmayə qoyuluşuna cəlb etmək vacib şərtlərdən
hesab olunurdu.
Yazının əvvəlində qeyd etdiyimiz kimi,
bütün uğurları, o cümlədən iqtisadi tərəqqini
əsaslandıran əsas amillərdən biri ölkədə
sabitliyin yaradılması idi. “ Sabitlik varsa, inkişaf, tərəqqi
də var” deyə bəyan edən ulu öndər Heydər Əliyev
ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər
bir vətəndaşın qarşısında mühüm vəzifə
kimi qoydu. 1991-1993-cü illərdə ölkədə
ictimai-siyasi durumun gərginliyinin nə kimi problemlər
yaratdığı hər kəsə aydındır. Ən
başlıcası Azərbaycanla iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlər, şirkətlər
öncə ölkədə xaos, anarxiya və
özbaşınalığın hökum sürməsindən
narahatlıqlarını, bu səbəbdən də
qoyacaqları investisiyaların təhlükəsizliyinə tam
təminat verilməməsindən tərəddüdlərini
gizlətmirdilər. Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı Azərbaycana inamı
artırdı. “Açıq qapı” siyasəti həyata
keçirən dövlətimiz “Azərbayacanın
qapıları bura xoş niyyətlərlə ayaq basan
bütün xarici iş adamlarının üzünə
açıqdır” bəyan etdi. 1995-ci ildən bu günədək
ölkə iqtisadiyyatına 97 milyard dollar investisiya qoyulub ki,
bunun da 42 milyard dolları neft-qaz sektorunun payına
düşür. “Mən şübhə etmirəm ki,
qarşıda duran bütün vəzifələr icra ediləcəkdir.
Bizim keçmişimiz, tariximiz, əldə edilmiş təcrübə
və siyasi iradə onu göstərir ki, biz daha da çətin
vəziyyətdə daha da mürəkkəb layihələri
uğurla icra edə bilmişik” söyləyən dövlət
başçısı İlham Əliyev təkcə ötən
bir ildə Azərbaycanın enerji siyasətində baş verən
mühüm hadisələri diqqətə çatdırmaqla,
20 illik müstəqillik tariximizdə əldə olunan
uğurların təsəvvürünü yaradır.
Azərbaycanın Avropa üçün önəmi
artır. Cari ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan
arasında “Cənub” qaz dəhlizi haqqında imzalanmış
Bəyannamə bunu bir daha təsdiq etdi. Bu günlərdə
Varşavada keçirilən Avropa İttifaqının “Şərq
tərəfdaşlığı” sammitində Azərbaycanın
dünyanın enerji təhlükəsizliyinin təminatında
əhəmiyyətli rolu xüsusi qeyd edildi.
Azərbaycanın qaz potensialının artması yeni
layihələrin gündəmə gətirilməsinə
stimul verir. Ötən ilin noyabrında Azərbaycan
neftçiləri tərəfindən kəşf edilmiş
böyük “Ümid” qaz yatağını xüsusi qeyd etmək
istərdik. “Bu, birinci növbədə onu göstərir ki,
bizim “Şahdəniz”dən başqa da böyük
ehtiyatlarımız vardır. Neftçilərimiz və
geoloqlarımız həmişə bunu vurğulayırlar.
İkinci tərəfdən, “Ümid” yatağının
önəmi ondadır ki, bu yataq Azərbaycan neftçiləri,
Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən
aşkarlanmışdır. Neftçilərimizin müasir təcrübəsi
və xarici şirkətlərlə əməkdaşlıq nəticəsində
əldə edilmiş təcrübə artıq konkret nəticələr
vermişdir. Azərbaycan Dövlət Neft Şirkəti
“Ümid” yatağında həm investordur, həm də
operatordur” bildirən Prezident İlham Əliyev növbəti mərhələlərdə
Azərbaycanda qaz yataqlarının kəşfiyyatının
davam etdiriləcəyinə əminliyini ifadə edir.
Bu günlərdə “Abşeron” blokunda iri qaz
yatağının kəşf edilməsini mühüm hadisə
kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyev bildirdi ki, yataqda
böyük həcmdə qaz ehtiyatlarının
aşkarlanması Azərbaycanın qaz potensialının
inkişafına verilən böyük töhfədir.
“Abşeron” yatağının Azərbaycan geoloqları tərəfindən
hələ 60-cı illərdə kəşf edildiyini
xatırladan ölkə Prezidenti qeyd etdi ki, suyun dərinliyini
nəzərə alsaq o vaxt bu yataqda işlərin
aparılması üçün imkanlar yox idi. Hazırda
ölkəmizin, eyni zamanda ARDNŞ-in malik olduğu iqtisadi və
texniki imkanlar Xəzər dənizinin istənilən yerində
qazma və kəşfiyyat işlərini aparmağa əsas
verir. Bu ölkəmizin, ARDNŞ-in artan imkanlarının təsdiqidir.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən
“Şəfəq-Asiman” perspektiv srukturunda kəşfiyyat
işlərinə başlanılır. Yataq üzrə
saziş ötən ilin oktyabrında imzalanıb. Bu, yalnız
“BP-Azerbaiyan” və ARDNŞ-in iştirak etdiyi ilk layihədir.
Saziş 30 il müddətinə nəzərdə tutulur.
Sazişə əsasən “BP Exrloration Caspian Sea” şirkəti
əməliyyatçı olmaqla müqavilədə 50 faiz
paya, ARDNŞ isə qalan 50 faiz paya malikdir.
Bu il müstəqilliyimizin 20-ci ildönümünün
dövlət səviyyəsində qeyd olunduğu bir zamanda
böyük əminliklə deyə bilərik ki, neft-qaz
sektorunda, enerji təhlükəsizliyi sahəsində əldə
edilmiş nailiyyətlər ölkəmizin iqtisadi və siyasi
mövqeyini möhkəmləndirmişdir. Azərbaycanın
hazırda inkişafın hansı səviyyəsində
olduğu iqtisadi rəqəmlərdən də aydın
görünür. Azərbaycan özünü tam şəkildə
təmin edən ölkədir. Valyuta ehtiyatlarımız
artır və hazırda onun səviyyəsi 38 milyard dollara
çatmışdır. İqtisadiyyatımız artır və
son 7 il ərzində ümumi daxili məhsul 3 dəfə
artmışdır. Büdcə xərcləri 2003-cü ildə
1,2 milyard dollar idi, 2011-ci ildə bu rəqəm 20 milyard dollara
çatmışdır.
Ölkədə çox güclü sosial siyasət
aparılır. Sənaye potensialımız və qeyri-neft
sektoru inkişaf edir. Bütün bu uğurların təməlində
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”
dayanır. Baxmayaraq ki, saziş imzalanan zaman onun əhəmiyyətini,
BTC neft kəmərinin iqtisadi imkanlarını azaltmağa cəhdlər
olundu, müxtəlif qeyri-ciddi fikirlər səsləndi. Neftdən
əldə olunacaq gəlirlərin şəffaflığına
şübhə ilə yanaşanlar bu gün söylədiklərinin
fərziyyə olduğunun şahidinə çevriliblər.
Hazırda dövlət Neft Fondunun vəsaitlərinin həcmi
30 milyard dollardan artıqdır. Bu vəsaitlər mühüm
əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata
keçirilməsinə yönəldilir. Dövlət Neft
Fondunu şəffaflıq krtieriyalarına görə nümunəvi
qurum kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyev bu şəffaflığın
bütün sahələrdə qorunmasının vacibliyini
önə çəkərək, aidiyyəti qurumlara
tapşırıqlarını vermişdir.
Bu günün əsas
çağırışlarından biri yeni texnologiyaların
tətbiqi, bunun üçün yüksək ixtisaslı
kadrların yetişdirilməsidir. Dövlət
başçısı İlham Əliyevin fərmanı ilə
təsdiqlənən, 2007-2015-ci illər üçün nəzərdə
tutulan gənclərin xarici ölkələrdə təhsili
ilə bağlı Dövlət Proqramının əsas məqsədlərindən
biri də məhz budur. Xaricdə dövlət hesabına təhsil
almağa göndərilən Azərbaycan gənclərinin təhsilin
bütün pillələri üzrə illik sayının
2015-ci ildə 1000 nəfərə, onların ümumi
sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə
çatdırılması və ali təhsil müəssisələri
arasında beynəlxalq tələbə mübadiləsi əsasında
mütəxəssis hazırlığının
respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə
alınmaqla təmin edilməsi Dövlət Proqramının əsas
hədəfləridir. Nəzərdə tutulan müddətdə
5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində
təhsillərini davam etdirməsi, əldə etdikləri təcrübəni
ölkəmizin daha da inkişafına, tərəqqisinə
yönəltmələri təbii ki, müsbət hal kimi dəyərləndirilir.
Bir məqamı da qeyd edək ki, ölkə
iqtisadiyyatının inkişafında mühüm rol oynayan
neft sənayesi üzrə yüksək ixtisaslı
kadrların yetişdirilməsi istiqamətində ARDNŞ də
mühüm tədbirlər həyata keçirir. Həyata
keçirilən Təqaüd Proqramı çərçivəsində
gənclərimiz dünyanın nüfuzlu ali məktəblərində
təhsillərini davam etdirirlər. Eyni zamanda ötən ildən
ARDNŞ “Yay məktəbi” və “Yay təcrübəsi” layihələrinin
həyata keçirilməsinə başlayıb. Bu il hər
iki layihənin iştirakçılarının sayında nəzərə
çarpaq artım bir daha bu reallığı təsdiqləyir
ki, Şirkət kadr hazırlığını fəaliyyətinin
prioritet sahəsi kimi öndə saxlayır. Ayrılan müddət
ərzində layihə iştirakçıları ölkəmizin
neft tarixi, ARDNŞ haqqında dolğun məlumat əldə
etməklə yanaşı, nəzəri bilklərini
artırmaq, onların istehsalata tətbiqi prosesində
iştirak etmək imkanları qazanırlar. Sösüz ki, bu,
onların gələcək fəaliyyətrinə öz
müsbət təsirini göstərəcəkdir.
Bakıda “XXI əsr: ümidlər və
çağırışlar” devizi altında keçirilən
Beynəlxalq Humanitar Forumda da dövlət
başçısı İlham Əliyev bir daha diqqəti bu məsələyə
yönəldərək bildirdi ki, bu gün və gələcəkdə
ölkələrin uğurlu inkişafını müəyyən
edən elmi-texniki tərəqqidir. Bir neçə il bundan əvvəl
irəli sürülən, “qara qızıl”ı insan
kapitalına çevirək tezisi artıq bu gün
reallıqdır. Bu əminlik də ifadə olundu ki, təhsil
sahəsində aparılan islahatlar yaxın gələcəkdə
daha da yaxşı nəticələrə gətirib
çıxaracaq.
Göründüyü kimi, uğurlar
davamlılığı ilə diqqətdədir. Bu da ondan irəli
gəlir ki, ölkənin hərtərəfli
inkişafını qarşıya mühüm vəzifə
kimi qoyan Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasəti uğurla davam
etdirir. Hər bir sahə üzrə konkret proqramların qəbulu
və onların uğurlu icrası qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə nail olmağa stimul verir.
Paytaxtla yanaşı şəhərətrafı qəsəbələrimiz,
bölgələrimiz inkişaf edir. İqtisadi və maliyyə
imkanlarının artması Bakının və
regionlarımızın simasının dəyişməsində,
həyata keçirilən quruculuq-abadlıq işlərinin
miqyasında bir daha özünü qabarıq şəkildə
büruzə verir.
Ölkəmizin uğurlarını böyük
heyranlıqla qarşılayan, hazırladıqları
hesabatlarda bu nailiyyətləri şərtləndirən əsasları
düzgün dəyərləndirən beynəlxalq maliyyə
qurumlarının rəsmiləri tərəfindən də hər
zaman bildirilir ki, yaxın 20 ildə Azərbaycan büdcəsinə
yalnız neft-qaz layihələrindən 200-250 milyard dollar vəsait
daxil olacaq. Bu da ölkənin inkişafı, əhalinin sosial
müdafiəsinin daha da gücləndirilməsi
üçün böyük əsasdır.
Dövlət başçısı İlham Əliyev bu
uğurların ümumiləşdirilmiş ifadəsi olaraq
bildirir: “1994-cü ildə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü
ilə başlanmış işlər bu gün artıq qitə
miqyası almışdır və söz yoxdur ki, gələcəkdə
regionun geosiyasi konfiqurasiyasında, siyasi proseslərin və
inteqrasiyanın inkişafında çox mühüm rol
oynayacaqdır.” Beynəlxalq əhəmiyyətli layihələrin
əsas iştirakçısı və təşəbbüsçüsü
olan, təşəbbüsləri gerçəkləşdirən
Azərbaycan bu gün dünya miqyasında iqtisadi cəhətdən
ən sürətli inkişaf edən ölkə kimi
mövqeyini möhkəmləndirir.
“İki sahil”in Analitik Qrupu
Səs.- 2011.- 14
sentyabr.- S.7.