Vətəndaş
cəmiyyəti, dialoq, islam
Vətəndaş cəmiyyəti müxtəlif
sivilizasiyaların, dinlərin, mülki kulturalizmin, konsepsiya, əməkdaşlığın
hökm sürdüyü bir cəmiyyətdir. Məlumdur ki, vətəndaş
cəmiyyətinin liberal, radikal, demokratik, marksist və sosial-demokratik
modelləri mövcuddur. Müasir Azərbaycan Respublikası bu
modellərdən bəzilərindən imtina etmiş (marksist
model) digər modellər, xüsusən, liberal-demokratik vətəndaş
cəmiyyətinin quruculuğu yolundadır. Müsəlman
dünyasında öz yeri və rolu olan Azərbaycan müxtəlif
dinlərin, regionların, hətta islamın müxtəlif cərəyanlarının
və xüsusiyyətlərinin kəsişməsində və
əhatəsində yerləşməsidir. Azərbaycan əsasən
şiəliyin hökm sürdüyü İraqın,
sünni cərəyanın hakim olduğu Türkiyənin,
müxtəlif dinlərin - islam, xristian və s. dinlərin
qovuşduğu Rusiyanın və müsəlman ərəb
dünyasının əhatəsində yerləşir. Azərbaycanda
həm də müxtəlif etnik və dini mədəniyyətlər
mövcuddur.
Tədqiqatçılar müstəqilliyin ilk dövrlərində
Azərbaycana müxtəlif radikal islam cərəyanlarının
nüfuz etdiyini göstərirlər.
ATƏT-in Bakı ofisinin nümayəndəsi Hema
Koteça Azərbaycanı islamın Türkiyə
(islamın dünyəvi modeli), Səudiyyə Ərəbistanı
cərəyanı (“vahabizm”) və İran təsirini (şiəlik)
qeyd edir. Təəssüf ki, onun hazırladığı
“İslam və etnik mənsubiyyətlər: Azərbaycanda təşəkkül
tapan tendensiya və təzadlar” adlı hesabatı ziddiyyətli
və birtərəfli fikirlərlə doludur.
Azərbaycan dünyəvi, hüquqi dövlətdir, din
dövlətdən ayrıdır, ölkədə etiqad azadlığı hökm
sürür. İslam
Azərbaycanın ictimai-siyasi həyatında,
vətəndaş cəmiyyətində mühüm
rol oynayır. Vətəndaş cəmiyyətində
islamın rolunu tədqiq edən R.Həsənov
yazır: “İslam Azərbaycanın ictimai-siyasi həyatında bir
sıra müsbət rola malikdir.
Birincisi, islam cəmiyyətinin
birləşməsini təmin edir. Bunu onunla izah
etmək olar ki, respublikada siyasi islam yoxdur, digər tərəfdən
ölkəmizdə bütün dinlər kimi dinlər də dinc-yanaşı yaşayaraq, cəmiyyətin birliyinə təminat
verirlər. Bu, dünya ictimaiyyətində Azərbaycana
müsbət imic qazandırır. İkincisi, islam həm də
siyasi sabitlik amili kimi
çıxış edir. İnstitusional
islamın dövlətə loyallığı, dövlətin
dini radikalizmə qarşı ciddi tədbirlərin ölkədə vətəndaş
cəmiyyətinin əsaslarının möhkəmlənməsinə
səbəb olur. İslam
sekulyar dövlətdə dini-mədəni
və məişət sahələrilə məhdudlaşır”.
Professor İ.Məmmədzadə
islamın modernləşməsindən bəhs edərkən
modernləşmənin də vaxtilə dünyəvi millətçiliyə,
islamın mədəniyyət və mənəviyyat sahəsinə
çevrilməsinə səbəb olduğunu
göstərir. O, ölkə üçün
modernləşdirici imkanlara və Azərbaycan
islamına vətəndaş əmiyyətində təhlükənin
gizləndiyini də qeyd edir
və bu təhlükənin güclü dövlət sayəsində aradan qaldırıldığını diqqətə
çatdırır: “Vətəndaş şüuru
isə bu aspektdə dövlət hakimiyyətinin
güclü mərkəzləşdirilməsini
zəruriləşdirir”.
Vətəndaş
cəmiyyətində dinlərarası, mədəniyyətlərarası
dialoqun zəruriliyindən bəhs edən
professor R.Aslanova bu barədə geniş tədqiqatlar
aparmışdır. “İslamın dialoji
potensialı” haqqında müəllif aşağıdakı
ümumiləşdirmələri diqqətə
çatdırır.
Müasir dövrdə
bəşəriyyətin qlobal vəhdəti
formalaşmaqda, prinsipial
baxımdan yeni dünya
nizamı təşəkkül tapmaqdadır. Vahid bəşəri tale, bəşəri məsuliyyət və bəşəri
mədəniyyət problemi bir tərəfdən müxtəlif
xalqların özünütəsdiqi və mədəni
müxtəlifliyinə hörmətlə yanaşmağı,
digər tərəfdən onların dialoquna
kəskin zərurəti şərtləndirmişdir.
Hər bir
xalqın mədəniyyətinin spesifik
xüsusiyyətləri olduğundan bütün zamanlar və bütün xalqlar üçün eyni, yekcins olan mədəniyyətin
olması qeyri-realdır. Mədəniyyətdə özəl
spesifikliyi təmin edən başlıca faktlardan biri də dindir.
İslam mədəniyyəti
VII əsrdən başlayaraq təşəkkül
tapmış, islam dininə dayaqlanan mənəvi-mədəni, sosial-siyasi, hüquqi və
s. dəyərlər sistemidir.
İslam mədəniyyəti
ailəsinə mənsub olan xalqlar həm bu sistem çərçivəsində öz milli mədəniyyətlərini
inkişaf etdirmiş,
həm də milli-dini-dünyəvi müstəvidə onu zənginləşdirmişlər.
İslam mədəniyyətinin
dünya və Avropa mədəniyyətinə
təsiri bütün istiqamət və səviyyələri
(siyasət, iqtisadiyyat, ticarət, elm, fəlsəfə, ədəbiyyat, incəsənət,
arixtektura və s.) əhatə
etmişdir.
Azərbaycanın
mədəniyyət tarixinin dindən
ayrı təsəvvür edilməsi qeyri-real
və qeyri-elmi fikir kimi qəbul edilə bilər. İslamaqədərki
qədim Azərbaycan mədəniyyətindən tutmuş müasir müstəqil
reallığımıza qədər islamın mədəni mentalitetimizi formalaşdıran əsas amil olması göz
qabağındadır.
Qloballaşma,
dünya mədəniyyətinə inteqrasiya, dinlər və mədəniyyətlərarası
dialoq prosesinə cəmiyyətimizin
sosial-mədəni reaksiyası, mənəvi-əxlaqi dəyərlərimizin
dirçəldilməsi kimi qanunauyğun bir meyili doğurmuşdur.
İslamın yalnız zahiri görünən
və qəbul edilən atributları ilə
paralel olaraq, onun həqiqi mədəni-mənəvi normalar sistemi kimi mahiyyətinin dərk edilməsi, dinimizin əsrlərin və ölkələrin
sərhədlərini hansı dəyərlərin əzəməti
ilə aşa bilməyə qadir olması haqda
aydın təsəvvürlər yaradılmasını aktual məsələyə çevirir.
Ümumbəşəri,
qlobal dəyərlərin və prinsiplərin
reallaşdırılmasında “islam faktoru”nun Qərbdə
formalaşmış yanlış stereotip
kimi deyil, dialoq, tolerantlıq, əməkdaşlıq, kompromis kimi təməl müddəaları mənasında
başa düşülməsi qlobal ünsiyyətin potensial
mexanizmi kimi qiymətləndirilməsinin
vaxtı
çatmışdır.
İran
İslam Respublikasının eks-prezidenti M.Hatəmi islam,
dialoq, vətəndaş cəmiyyəti
kitabında göstərir ki,
sivilizasiyaların dialoqu mədəni
qarşılıqlı təsir “mədəniyyətlərin
qarşılıqlı zənginləşməsi”, “mədəni hökmranlıq”
anlayışlarından fərqlidir. Dialoq tərəflərin özünəməxsusluğuna,
mədəniyyət və ideologiyaların
bütövlüyünə və toxunulmazlığına
hörmətdir: “Yalnız bu halda dialoq sülhə, təhlükəsizliyə
və ədalətə doğru ilk addım ola bilər”.
Azərbaycan Respublikası 20 il öncə müstəqilliyini bərpa
etdikdən sonra vətəndaş cəmiyyəti
hüquqi dövlət quruculuğu
yoluna qədəm qoydu,
ölkədə milli kökə, milli-mənəvi
dəyərlərin islama
qayıdışı baş verdi. Bu sahədə Ulu Öndər Heydər Əliyevin əvəzsiz
xidməti oldu. O,
çıxışlarının birində demişdir.
“İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi
dəyərləri, dinimizin adət-ənənələri
və dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir...”
Bizim ənənələrimiz, mənəvi,
milli, dini dəyərlərimiz
ölməzdir və bundan sonra
da yaşayacaqdır. Biz, bizim
nəsil, hamımız birlikdə - indi yaşayan insanlar xoşbəxtdirlər
ki, bu günə gəlib
çatmışıq, bizim müstəqil
ölkəmiz, müstəqil dövlətimiz var,
öz taleyimizin sahibiyik, dini, mənəvi,
milli adət-ənənələrinmizi bərpa
etmişik və daha da geniş təbliğ
edirik”.
Sivilizasiyalı inkişaf
yolu, dünyəvi dövlət quruculuğu yolunu Ulu Öndər belə səciyyələndirirdi:
“Ümumiyyətlə, bilin, - biz Azərbaycanda demokratik,
hüquqi, dünyəvi dövlət qururuq. Bu, müstəqil
Azərbaycanın gələcək yolunun
ana xəttidir, indiki
ifadə ilə desək, strateji yolumuzdur. Çünki bu, xalqımızın gələcəyi üçün ən düzgün
və xalqımızı səadətə aparan
ən ağıllı yoldur. Biz bu yolu
seçmişik və bu
yolla gedirik”.
Heydər Əliyev islam dininin əsrlər boyu azərbaycanlıların
mənəviyyatının əsasını təşkil etdiyini və müsəlmanların dünyada layiqli yer tutduğunu təmin etdiyini göstərərək deyirdi:
“Biz demokratik,
dünyəvi, sivilizasiyalı dövlət quraraq,
bütün bəşəri dəyərlərdən
istifadə edərək, ümumbəşəri dəyərlərin
xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız
üçün uyğun
cəhətlərini götürüb tətbiq
edərək heç vaxt
dinimizdən, dini adət-ənənələrimizdən
ayrıca bilmərik və imtina da edə bilmərik”.
Müstəqil
Azərbaycan Respublikasını islama etiqad edən azərbaycanlıları müsəlman
aləminin və ümmətinin tərkib hissəsi hesab edən, milli, dini, mənəvi ənənələrimizin
möhkəmlənməsinin zəruriliyini göstərən Ulu Öndər vətəndaş cəmiyyəti
quruculuğu gedişində gənc nəslin
milli kökə sadiqliyini
xüsusi qeyd edir. “Hər bir gənc öz kökünə sadiq
olmalıdır, milli kökünə, mənəvi
kökünə sadiq olmalıdır. Bizim o kökümüz
çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla
yaşaması üçün
kökünə sadiqliyi ən əsas amildir... Eyni zamanda, ümumbəşəri, dünyəvi
dəyərlərdən səmərəli istifadə etmək,
onları öz mənəvi dəyərlərimizlə
birləşdirmək bizim əsas vəzifələrimizdən
biridir. Bunların hamısını bilmək,
bu vəzifələri ağılla, zəka
ilə həyata keçirmək lazımdır. Bax, buna görə də bizim milli-mənəvi dəyərlərimizin
ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi
xalqımızın mənəviyyatını zənginləşdirib
və bundan sonra da zənginləşdirəcəkdir. Bu, gələcək üçün
bizim strateji yolumuzdur”.
Ulu
Öndərin layiqli siyasi
varisi ölkə Prezidenti
İlham Əliyev
bu strateji yolu uğurla davam etdirir, vətəndaş
cəmiyyəti və hüquqi dövlət
quruculuğunu sürətlə irəlilədir,
ölkədə və xaricdə mədəniyyətlərin
və dinlərin dialoqu və islamın dini və dünyəvi dəyərlərini
yüksək səviyyədə inkişaf
etdirir.
Vahid Ömərov,
fəlsəfə üzrə elmlər
doktoru
Səs.- 2011.- 15 oktyabr.- S. 10.