“MÜSTƏQİL AZƏRBAYCAN -20”

 

“Səs” qəzeti redaksiyasında Azərbaycan Dövlət Müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş növbəti dəyirmi masa keçirilib. Dəyirmi masada millət vəkilləri Jalə Əliyeva və Sevinc Hüseynova, YAP Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Xətai rayon təşkilatının qadınlar şurasının sədri Aidə Hüseynzadə, Nəsimi rayon icra hakimiyyətinin “Qaçqınlar və məcburi köçkünlərlə iş” şöbəsinin müdiri Şəfəq Cəfərova, YAP Suraxanı rayon təşkilatının qadınlar şurasının sədri Tünzalə Süleymanova, YAP Nizami rayon  təşkilatının aparat rəhbəri Selcan Novruzova, Azərbaycan Pedaqoji Universitetinin baş müəllimi - “Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Əliyeva, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini Lamiyə Cəlilova iştirak ediblər. Tədbirdə iştirak edənlər Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibəti ilə öz fikirlərini bildirmiş və bu istiqamətdə maraqlı polemikalar aparmışlar.

 

(Əvvəli ötən saylarımızda)

 

Lamiyə Cəlilova: “Müstəqilliyimizin yenidən itirilməsinin qarşısının alınmasında Ulu Öndərimizin rolu o qədər böyük əhəmiyyət daşıyır ki, bunu sadə sözlərlə ifadə etmək mümkün deyil”

 

- Bu gün mən bir gənc kimi “Səs” qəzetinə öz minnətdarlığımı bildirmək istərdim. Çünki “Səs” qəzeti, qeyd etdiyimiz kimi, ölkənin bütün ictimai-siyasi həyatı ilə bağlı mütəmadi olaraq belə dəyirmi masalar keçirir və bu insanların fikirlərinin bölüşməsinə imkan yaradır. Mən bir gənc olaraq, belə bir tədbirlərdə iştirak etmək və Azərbaycanımızın dəyərli qadınları ilə bir məclisdə olmağımla sevinc duyuram. O ki qaldı bugünkü mövzuya, bu, çox vacib və xalqımız üçün xüsusi əhəmiyyət daşıyan bir mövzudur. Çünki Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi hər birimizin ayrı-ayrılıqda tarixi yoludur. Xüsusilə, qeyd etmək istərdim ki, Ulu Öndərimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə Azərbaycanımızı, dövlətimizi, xalqımızı özünə qaytardı. Lakin bütün bunlarla yanaşı, Dövlət Müstəqilliyimizin yenidən itirilməsinin qarşısının alınmasında Ulu Öndərimizin rolu o qədər böyük əhəmiyyət daşıyır ki, bunu sadə sözlərlə ifadə etmək mümkün deyil. Eyni zamanda və ən əsası isə Ulu Öndərimiz Heydər Əliyev dilimizi, dinimizi bizə qaytardı. Gerbimiz, bayrağımız ilk dəfə olaraq, Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvanda dalğalandı. Ümummilli Liderimizin dediyi hər bir ifadə biz gənclərə yol göstərir, stimul verir. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Mən Azərbaycanda əbədiyəm”. Həqiqətən də, bu gün Ulu Öndərimizin gördüyü işlər, apardığı uğurlu siyasət Azərbaycan xalqının, Azərbaycan dövlətinin qəlbində əbədiləşib. Nə qədər Azərbaycan xalqı və Azərbaycan dövləti var, Heydər Əliyev həmişə yaşayacaq.

Digər bir məsələyə də toxunmaq istərdim ki, Ulu Öndərimiz Heydər Əliyev hər zaman inteqrasiyanın tərəfdarı olub. Dünyəvi dövlət qurucusu olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınının dünyada tanınmasının, maariflənməsinin tərəfdarı olub. Məhz bu baxımdan da Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan qadınlarına böyük qayğı və diqqətlə yanaşdı. Belə ki, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaranması ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncamdan sonra ölkədə müxtəlif qadın təşkilatları - QHT-lər yaranmağa başladı. Bu isə qadınlarımızın inkişafına, onların maariflənməsinə öz müsbət təsirini göstərdi. Bu gün Azərbaycan qadınları 20 illik müstəqillik tarixini böyük şərəf və qürurla qeyd edir. Çünki 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlarda Azərbaycan qadınlarının da kifayət qədər rolu və əməyi var.

 

Məhəbbət İbrahimova: “Ölkədə həyata keçirilən uşaq və ailə siyasəti barədə, qadın, uşaq və ailələrin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması barədə görülən işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları da xüsusi əhəmiyyətli məsələlərdəndir”

 

- Bu gün Azərbaycan yeni siyasi-iqtisadi sistem qurub və sürətlə inkişaf edərək regionun aparıcı dövlətinə çevrilib. Qazanılan güclü potensial sosial siyasətin prioritet istiqamətini təşkil edən ailə, qadın və uşaq məsələlərinin həlli üçün də zəmin yaradır.  Ölkəmizdə aparılan uğurlu sosial siyasət və onun tərkib hissəsi olan gender siyasətinin nəticəsi olaraq, respublika qadınlarının öz potensiallarını reallaşdırması, daha da fəal olması üçün geniş zəmin yaranıb. Azərbaycan tarixinin ən şərəfli dövrü müstəqilliyin bərpasıdır. Dövlətimiz ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün gücünü səfərbər edib. Ölkədə aparılan uğurlu sosial siyasət qadınların öz potensiallarını reallaşdırmasına daha geniş zəmin yaradıb. Müasir Azərbaycanda qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirak etməkdə qadınların sayı getdikcə artır.

Ölkədə həyata keçirilən uşaq və ailə siyasəti barədə, qadın, uşaq və ailələlərin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması barədə görülən işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları da xüsusi əhəmiyyətli məsələlərdəndir. Müasir qadın siyasətinin əsasını Heydər Əliyev qoyub. 1993-cü ildən başlayan yeni ailə-qadın siyasəti bu gün uğurla davam edir. Azərbaycanın elmində, mədəniyyətində, siyasətində, dövlət qulluğunda, hesab etmirəm ki, qadınların təmsilçiliyi azdır. Qadınlar da bu sahədə fəallıqlarını artırmalıdır. Azərbaycan qadını müasirləşməli, dünyanın mövcud dəyərlərindən, inkişafından kənarda qalmamalıdır. Mehriban xanım Əliyevanın fəaliyyətini izləmək yetər ki, bu gün Azərbaycanın dünyaya təqdim olunmasında Azərbaycan qadınlarının rolunu görək.

 

Aidə Hüsüynzadə: “Respublikamızın günü-gündən çiçəklənməsi üçün qadınlar bundan sonra da Ulu Öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyev cənablarına dəstək olacaq, Onun ətrafında sıx birləşəcək”

 

- Ümummilli Liderimiz Heydər Əliyev öz xalqına bəxş etdiyi müstəqil Azərbaycanın tarixi çox böyük, keçmişi əzəmətli, bu günü yüksək inkişaf mərhələsində, gələcəyi isə daha uğurludur. Keşməkeşli həyat yolu olan müasir Azərbaycan XX əsrin əvvəllərində müxtəlif siyasi hadisələrlə üz-üzə gəldi. 1918-ci ildə əldə etdiyi müstəqillik 23 ay ömür sürdü. 1920-ci ildən sovet imperiyasının əsarətində yaşayan xalqın qəlbi hər an azadlıq, müstəqillik arzusu ilə döyünürdü. Xalq öz arzusuna 1991-ci ildə qovuşdu. Həmin ilin oktyabr ayının 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Müasir Azərbaycanın 70 illik əsarətindən sonra qazandığı müstəqilliyi və yaratdığı Yeni Azərbaycan Partiyası xalqın həyatında uğurlu bir dönüş yaratdı. Müstəqilliyimizdən bir il sonra, yəni 1992-ci il noyabr ayının 21-də blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə yaranan Yeni Azərbaycan Partiyası ölkənin çiçəklənməsində parlaq bir günəş kimi şölə saçdı. Elə ona görə də xalq 1993-cü ildə çox böyük təkidlə Ümummilli Lider, dahi şəxsiyyət olan Heydər Əliyevi özünə rəhbər seçdi və bu seçimində yanılmadı. Təbii ki, bütün bu inkişafda qadınların da əməyi böyükdür. Respublikamızın günü-gündən çiçəklənməsi üçün qadınlar bundan sonra da Ulu Öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyev cənablarına dəstək olacaq, Onun ətrafında sıx birləşəcək.

 

Şəfəq Cəfərova: “20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlarda Azərbaycan qadınlarının da kifayət qədər əməyi vardır”

 

- Dövlət Müstəqilliyi bayramı hər bir azərbaycanlının qəlbində, həyatında böyük izlər buraxıb bildirmişdir. Əsrin sonlarında Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşsa da, çox ciddi fəlakətlərlə üzləşmişdir. Ölkə dağılmaq, müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyət uğrunda gedən mübarizə nəticə etibarilə cəbhədə ermənilərin torpaqlarımızı işğal etməsinə səbəb olmuşdu. Azərbaycan xalqı çox ciddi sınaq qrşısında idi. Məhz belə çətin anda xalqı yalnız dərin zəkaya, zəngin dövlətçilik təcrübəsinə malik insan xilas edə bilərdi. Ona görə də xalq öz xilaskar oğlu Heydər Əliyevə müraciət etmişdir. Ulu Öndər Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışı Azərbaycanın yer üzündən silinməsinin qarşısını almış, çətinliklə qazandığımız müstəqilliyimizin dönməzliyinə nail olunmuşdur. 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə böyük iqtisadi inkişafın əsası qoyulmuşdur. Ciddi problemlər də yalnız dahi öndərin müdrik, düşünülmüş, məqsədyönlü siyasəti sayəsində həllini tapmışdır. Azərbaycan qadınları 20 illik müstəqillik tarixini böyük şərəf və qürurla qeyd edirlər. Çünki 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlarda Azərbaycan qadınlarının da kifayət qədər əməyi vardır. Əminəm ki, Prezident İlham Əliyevin sülhpərvər siyasəti nəticəsində Azərbaycan Qarabağı işğaldan azad edəcək, ərazi bütövlüyünün bərpasına nail olacaqdır. O zaman Azərbaycan qadını Dağlıq Qarabağda insanların daha yaxşı və firavan yaşaması üçün öz zəhmətini əsirgəməyəcəkdir.

 

Tünzalə Süleymanova: “1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi”

 

- Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmişlər. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir. Əldə edilmiş nailiyyətlərlə yanaşı, sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın mövqelərinin həddi və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyəti, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.

Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə də qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədi kimi Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair məsələləri qeyd edirlər. Bu gün də yeni-yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir. Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir. Azərbaycan Respublikası 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.

 

Selcan Novruzova: “ Müstəqillik həm də ölkədə demokratik təsisatların bərqərar olması üçün münbit şərait yaradır, yaxud da yaranmasında mühüm əhəmiyyət kəsb edir”

 

- Müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Bunu əldə etmək nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da qat-qat çətindir. Bütün təsisatları ilə tam şəkildə formalaşana qədər müstəqillik qazanan ölkələrə qarşı daim təhdidlər, təzyiqlər olur. Müstəqilliyimizi əldə etməyimizdən böyük bir zaman keçməsə də, hər halda, bunun əbədi və dönməz olduğunu bütün dünyaya çatdıra bilmişik. Bu tarixi uğurun əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli dövlət adamı Heydər Əliyevin böyük xidməti danılmazdır və bu barədə öz fikirlərimizi bildirmişik. Bu gün Azərbaycanın üçrəngli bayrağının dünyanın ən böyük beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının iqamətgahında müstəqil dövlətlərin bayraqları ilə bir yerdə dalğalanması hər birimiz üçün fəxredici, qürurverici məsələdir. Bir daha qeyd edim ki, biz bunun üçün müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq.

Eyni zamanda, diqqəti bu gün Azərbaycanda qadın siyasətinə yönəltmək istəyirəm. Ulu Öndər Heydər Əliyev və ümumən dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib.

Tarixi həqiqətdir ki, bütün dövrlərdə və dünyanın hər yerində qadına münasibət məsələsi həmişə gündəmdə olmuşdur. Qadına münasibət dedikdə, heç də kişinin qadına və yaxud qadının kişiyə münasibəti nəzərdə tutulmur. Qadına münasibət məsələsi qadının cəmiyyətdəki yeri və rolu kimi götürülür.

Azərbaycanda qadına münasibət həmişə yüksək olmuşdur. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır.

 

Jalə Əliyeva: “Ulu Öndər Heydər Əliyev qadın azadlığına, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verib”

 

- Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Ölkəmizdə bütün elmi işçilərin 50%-ni qadınlar təşkil edir. Milli Məclisin deputatlarının 11,2%-i qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınlar 39%, sahibkarlar arasında isə 15%-dir. İdmançılarımızın 20%-ni qadınlar təşkil edir. Hazırda ölkənin ev təsərrüfatlarının 21%-nə qadınlar rəhbərlik edirlər. Bu rəqəmlər çağdaş dövrümüzün qadın siyasətinin göstəriciləridir. Hesab edirəm ki, arzuolunan bir nəticədir.

Baxın, Avropanın indi problem olaraq gördüyü məsələni Ulu Öndər hələ ötən əsrin 70-ci illərində gerçək həyata çevirmişdi. Hələ o zamanlar Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyurdu. Göründüyü kimi, Azərbaycanda bu sahədə elə də ciddi problemlər yaşanmayıb. Məhz Heydər Əliyevin uğurlu fəaliyyəti sayəsində və onun siyasi xəttinin nəticəsində Azərbaycanda qadınlar həmişə özlərini, sözün həqiqi mənasında, cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir.

 

İradə Əliyeva: “Şübhə etmirəm ki, dövlətimizin diqqət və qayğısından yararlanan qadınlarımız yaxşı ana, nümunəvi həyat yoldaşı olacaqlar”

 

- Söz yox ki, qadınlara münasibətlə bağlı müəyyən problemlər mövcuddur. Bəziləri bunu şərqli olmağımızla əlaqələndirirlər. Lakin mən düşünürəm ki, bunu yalnız Azərbaycan, yaxud da Şərq problemi kimi qabartmaq düz deyil. Çünki bu məsələ qlobal xarakterli məsələdir və təsadüfi deyil ki, hələ ötən əsrin 70-ci illərindən BMT gender tədqiqatlarına xüsusi diqqət ayırır. Bu qurumun təşəbbüsü ilə 1975-ci ilin dünya səviyyəsində beynəlxalq qadın ili kimi qeyd edilməsi də bu fikri bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan qadınına olan sayğını daha da artırdı. Onun ölkəmizdə açıq cəmiyyət uğrunda gördüyü işlər gender probleminin həlli üçün hərtərəfli baza yaratdı. Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Heydər Əliyevin qayıdışı Azərbaycanın müharibə şəraitində olduğu bir zamana təsadüf edirdi. Yəqin ki, müharibə dövründə qadınların daha böyük məhrumiyyətlərlə üzləşdiyini hamı təsdiqləyər. Çünki hər hansı insan itkisi bir ananın övladını, bir qadının ailə başçısını, bir qızın nişanlısını itirməsi deməkdir. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra analarımızın, gəlinlərimizin, qızlarımızın göz yaşları qurudu, atəşkəs əldə edildi. Bu mənada, hər birimiz Ümummilli Liderin siyasi dəsti-xəttinə və bu dəsti-xəttin layiqli davamçısı cənab Prezident İlham Əliyevə minnətdarıq.  Ümumiyyətlə, Heydər Əliyev siyasi xəttinin bərqərar olduğu zamanlarda qadınlarımızın hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün mümkün olan bütün işlər görülüb. Bu gün Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, Azərbaycan adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva ideal bir qadın obrazıdır və əminəm ki, bu obraz Azərbaycan qadınlarının dünyabaxışında, gələcəyində mühüm rol oynayacaqdır. Şübhə etmirəm ki, dövlətimizin diqqət və qayğısından yararlananlar yaxşı ana, nümunəvi həyat yoldaşı olacaqlar.

 

Sevinc Hüseynova: ”Ümumən Azərbaycanda qadınların fəallığının qısa müddət ərzində hərəkat halına gəlməsi Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşayır”

 

- Azərbaycanda qadın problemləri daim dövlət qayğısı altındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan bu sahədə problemlərin həllinin tərəfdarıdır. Ümumən götürdükdə, mən ölkəmizdə gender məsələləri ilə bağlı hər hansı problemin olmadığı fikrindəyəm. Ölkəmizin milli xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Bunu təsadüfən xatırlatmadım. Çünki bəzən əcnəbilərin tövsiyə etdikləri gender bərabərliyi ilə bizim milli adət-ənənələrimiz bir araya sığmır. Mən düşünürəm ki, belə məqamlarda mütləq milliliyə üstünlük verilməlidir. Sevindirici haldır ki, bu gün dövlətimizin gördüyü işlərdə bu məsələlər gözlənilir. Ümumən Azərbaycanda qadınların fəallığının qısa müddət ərzində hərəkat halına gəlməsi Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşayır. Azərbaycan qadınları Ümummilli Liderin qayğısını heç zaman unutmayacaqlar.

 

 

RƏFİQƏ KAMALQIZI,

 

RÖVŞƏN NURƏDDİNOĞLU

 

 Səs.- 2011.- 15 oktyabr.- S. 8-9.