Prezident Kitabxanasında “Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu” kitabının təqdimat mərasimi keçirildi

 

Dünən Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun “Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində millət vəkilləri, politoloqlar, ictimai-siyasi xadimlər və fəal ictimaiyyət nümayəndələri iştirak edirdi.

Prezident Kitabxanasının rəhbəri Nail Rəhimov təqdimat mərasimini açıq elan edərək, xalqımızın çox əlamətdar bir hadisə - Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı böyük bayramın keçirilməsi ərəfəsində olduğunu bildirdi: “Hər bir yubiley özündə bir hesabatdır və bu hesabat zamanı hər kəs 20 il ərzində görülən işləri göz önünə gətirir. Qeyd etmək istərdim ki, Azərbaycan 20 il ərzində çox böyük nəticələr əldə edib. Bu nəticələr isə kitablar vasitəsilə ictimaiyyətə təqdim olunur”.

Kitab təqdimatı mərasiminə sədrlik edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu öncə kitabın ərsəyə gəlməsində zəhməti olan şəxslərin adlarını açıqladı. O, qeyd etdi ki, ictimaiyyətin müzakirəsinə təqdim olunan “Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolukitabının məsləhətçisi Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, redaktoru “Səs” qəzetinin baş redaktoru, Azərbaycan İctimai-siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyev, müəllifi isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur: “Bugünkü tədbir iştirakçılarına təqdim olunan kitab müstəqil Azərbaycanın 20 illik inkişaf yolunu, iqtisadi nailiyyətlərini və önəmli hadisələrini düzgünanalitik prizmadan əhatə edir. Eyni zamanda, bu kitab mühüm əhəmiyyətə malikdir. Belə ki, kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü maraqlı təhlil obyektidir. Bu kitab, həmçinin, 20 il ərzində Ulu Öndərimizin uğurlu nailiyyətlərinin ictimaiyyətə çatdırılmasında dəyərli vəsaitdir. Kitabın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada iqtisadiyyatın ayrı-ayrı sahələri ilə yanaşı, həmçinin, digər sahələr də təhlil olunaraq oxucuya çatdırılır. Ümumiyyətlə, kitab siyasi ədəbiyyat olaraq, ali təhsil müəssisələri üçünçox dəyərli dərs vəsaitidir”.

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı mərasimdə çıxış edərək, müstəqillik illərində əldə edilən uğurların ictimaiyyətə çatdırılmasında təqdimatına yığışdığımız belə kitabların böyük əhəmiyyət daşıdığını bildirdi. O eyni zamanda, vurğuladı ki, kitabın məsləhətçisi Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədovun verdiyi tövsiyələri, həmçinin, ön söz yazmış akademik, millət vəkili Ziya Səmədzadənin fikirləri müəllifin bu yöndə apardığı tədqiqatlara çox böyük təsir edib.

Kitabın müəllifi Aydın Hüseynovun bu kitabı ərsəyə gətirməzdən öncə partiyada məsləhətləşmələr apardığını, öz fikirlərini partiyanın aparıcı rəsmiləri ilə bölüşdüyünü qeyd edən M.Qurbanlı onu da bildirdi ki, məhz bunun nəticəsində belə yüksək səviyyəli bir tədqiqat vəsaiti ortaya gəldi: “Əsas məsələ burada Azərbaycan iqtisadiyyatının dinamikasının çox dəqiq şəkildə, xüsusi diaqramlarla ifadə edilməşidir. Eyni zamanda, hörmətli ölkə Prezidenti İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələr, akademik Ramiz Mehdiyevin irəli sürdüyü tezislər, bu kitabda elmi şəkildə təhlil edilərək ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bu kitab geniş oxucu kütləsi üçün, həmçinin, mütəxəssislər üçün dəyərli dərs vəsaiti kimi istifadə edilə bilər. Hesab edirəm ki, bu, dövlət müstəqilliyimizin yenidən bərpa edilməsinin 20 illiyinə gözəl bir töhfədir”.

Mərasimdə çıxış edən millət vəkili Musa Quliyev dövlət müstəqilliyinin ilk günlərindən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu yolda daha çox fəal olduğunu söylədi. Bildirdi ki, bu baxımdan, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun müstəqilliyimizin 20 illiyi ərəfəsində belə bir kitabı ərsəyə gətirməsi həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli vəsaitdir. M.Quliyev kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığını bildirərək, A.Hüseynovun bundan sonra da bu sahədə daha sanballı kitab hazırlayacağına inandığını vurğuladı.

Tədbirdə çıxış edənlər millət vəkili Vahid Əhmədov, millət vəkili Qənirə Paşayeva, politoloq Cümşüd Nuriyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkili, professor Musa Qasımlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, ADPU-nun prorektoru, professor Vilayət Əliyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, politoloq Elman Nəsirli, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, kitabın redaktoru “Səs qəzetinin baş redaktoru, Azərbaycan İctimai-siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyev kitabın ərsəyə gəlməsində Aydın Hüseynovun iqtisadçı kimi fəaliyyətinin xüsusi önəm daşıdığını qeyd etdilər. Natiqlər bildirdilər ki, kitab həm elmi-nəzəri, həm də praktiki cəhətdən özündə bir çox əhəmiyyətli məsələləri ehtiva edir ki, onların ən başlıcası və ən ümdəsi, bilavasitə, ötən iki onillikdə Azərbaycanın keçdiyi şərəfli müstəqillik yoludur. Bu yol Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin məntiqi nəticəsidir. Bir daha qeyd olundu ki, bu kitab bu    sahədə çalışan mütəxəssislər üçün, həm də   tələbələr üçün dəyərli vəsaitdir.

Sonda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri “Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu” kitabının müəllifi Aydın Hüseynov çıxış edərək bildirdi ki, bundan sonra da ictimaiyyətin marağına səbəb ola biləcək işlər görməyi nəzərdə tutub: “Eyni zamanda, mən buraya toplaşan bütün insanlara söylədikləri yüksək və dəyərli fikirlərinə görə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Təqdimat mərasiminin sonunda tədbir iştirakçılarına “Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu” kitabı təqdim olundu.

 

 

Rəfiqə HÜSEYNOVA,

 

Rövşən RƏSULOV

 

Səs.- 2011.- 15 sentyabr.-S. 5.