Azərbaycanda hüquqi dövlət quruculuğumilli ideologiya

 

“Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Ulu Öndər Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin üzərinə bir tərəfdən milli ideologiyanın məhz ümumbəşəri dəyərlər sistemi zəminində formalaşdırılması, digər tərəfdən də, dövlət və hüquqi dövlət quruculuğu prosesində xarici təsirlərin milli ideologiya süzgəcindən keçirilməsi kimi ağır bir vəzifə düşürdü. Ulu Öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlandı.

Belə bir konsepsiya Heydər Əliyev tərəfindən Azərbaycan müstəqillik əldə etdiyi gündən hazırlanır və getdikcə təkmilləşdirilir. Bu ideologiyanın ilk müddəaları və əsas istiqamətləri Yeni Azərbaycan Partiyasının Nizamnaməsində ifadə olunmuşdur. Heydər Əliyev özü YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə təntənəli yığıncaqda belə demişdir: “Azərbaycanın müstəqil dövlət kimi ideologiyası... Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər həmin milli ideologiyanın üzərində qurulur.

Bu milli ideologiya nədən ibarətdir?

Birincisi dövlətçilik. Dövlətçilik bu gün gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq bu müstəqilliyi möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun”.

Beləliklə, Ulu Öndər Heydər Əliyevə görə, milli ideologiyanın əsas komponentləri, bir tərəfdən milli dövlətçilik, digər tərəfdən milli-mənəvi dəyərlərdir.

Dövlətçilik ideologiyası hüquqi siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə ya bilavasitə iştirakının təmin olunmasını nəzərdə tutur.

Dövlətçilik ideologiyası, habelə, iqtisadi təfəkkürün iqtisadi mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir.

Xalq yazıçısı Anarın milli ideologiya, azərbaycançılıq ideologiyası barədə özünəməxsus mülahizələri var. O, azərbaycançılıq ideologiyasının dayaqlarının azadlıq, müstəqilşlik, bərabərlik qardaşlıq dostluqdan ibarət olduğu fikrini irəli sürür.

Azərbaycançılığı insan azadlığı, insan haqları ilə bağlayan Anar onun düşüncə, söz, mətbuat azadlığı, toplantılar, mitinq, siyasi partiyalar yaratmaq azadlığından ibarət olduğunu diqqətə çatdırır. Azərbaycançılığın ikinci mühüm şərti olan milli müstəqillik xalqın ərazi bütövlüyü toxunulmazlığı şəraitində öz müstəqil, suveren dövlətini qurmaq, yaşatmaq kimi təbii arzusu ilə bağlıdır. Milli müstəqilliyin məsuliyyətlə əlaqədar olduğunu göstərən Anar yazır: “Milli müstəqillik , insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. O cümlədən, öz xalqının taleyi qarşısında məsuliyyət”.

Azərbaycançılığın sözdə deyil, işdə gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi ilə bağlı olması və onun demokratik cəmiyyətin təməl prinsiplərindən hesab edilməsini diqqətə çatdıran Anar Azərbaycanda tolerantlığın mövcudluğunu milli mentalitetimizlə bağlı olduğunu da göstərir: “İlk addımlarını atan, hələ də körpəlik çağlarını yaşayan Azərbaycan demokratiyasının əsas prinsiplərindən biri - bərabərlik prinsipi siniflərə şamil edildiyi kimi, milli azlıqlara da aid olmalıdır. Xalqımızın milli mentalitetinə xas olan dözümlülük, tolerantlıq ölkəmizdəki bütün milli və dini azlıqlara münasibətdə açıq-aydın həyata keçirilməlidir.

Cinsi bərabərlik, ilk növbədə, qadının cəmiyyətdə kişilərlə bərabər mövqe tutmasını, o cümlədən, siyasət sahəsində də mühüm mövqelər qazanmasını təmin etməlidir”.

Azərbaycançılığın təməl prinsiplərindən olan qardaşlığı deyəndə müəllif türk qardaşlığını nəzərdə tutur: “Tarixi kökləri, dil qaynaqları, düşüncə və davranış tərzi, adət-ənənələri, sənət, gözəllik, əxlaq anlayışları bir olan türk xalqlarının... münasibətləri dostluqdan daha artıq qardaşlıq sözüylə səciyyələnə bilər”.

Nəhayət, Anar Azərbaycançılığın başqa bir prinsipinin dostluqdan - Azərbaycanda yaşayan və Azərbaycan xalqının digər xalqlarla dostluğundan ibarət olduğunu göstərir: “Xalqlar dostluğu - həm ərazi, tarixi tale, adət-ənənə baxımından bizə yaxın olan qonşu xalqlarla mehriban münasibətlərinə, həm də Azərbaycanın öz içində yaşayan müxtəlif millətlərin doğmalıq əlaqələrinə aid edilməlidir”.

Müstəqillik əldə edən Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, parlamentarist, dövlət quruculuğu, plüralizm, azadlıq və bazar iqtisadiyyatının hökm sürdüyü, vətəndaş cəmiyyəti quruculuğu yolu tutmuşdur. Cəmiyyətdə, çoxpartiyalılıq, çoxideologiyalılıq hakimdir. Ümumbəşəri və milli-mənəvi dəyərlərin vəhdəti şəraitində vahid bir ideoloji görüş və vahid siyasi lider ətrafında xalqın birləşdirilməsi zərurəti yaranır. Ə.Tağıyev yazır ki, hazırkı şəraitdə milli ideologiyanın inkişafı üç əsas təmələ arxalanmalıdır: azadlıq, dövlətçilik və mədəniyyət.

Demokratik cəmiyyətlər üçün vahid milli ideologiya məqbul sayılmasa da, dünya təcrübəsi və Azərbaycanın yaşadığı siyasi, sosial-iqtisadi keçid dövrü, təcavüzkar müharibəyə düçar olması, böhranlar və sosial bəlalarla qarşılaşması “milli-etnik mənsubiyyətindən və sosial vəziyyətindən asılı olmadan bütün vətəndaşların vahid bir ideya-siyasi xətt (hətta doktrina) ətrafında birləşməsi zərurətini yaratmışdır. Ona görə də milli (dövlət) ideologiyası... dövlətin siyasi xəttini həyata keçirən doktrinanı əvəz edir və respublikada yaşayan müxtəlif milli, etnik ideyaların məcmusundan ibarətdir. Bu ideologiya mövcud unitar dövlət quruluşunun möhkəmləndirilməsinə, siyasi stabilliyə, ərazi bütövlüyünün təmin olunmasına, sosial-iqtisadi, siyasi-mənəvi sahələrdə millətin tərəqqisinə xidmət edir.

Ə.Tağıyev Azərbaycan milli ideyasının əsasında milli-dövlət ideyasının durduğunu göstərərək, milli ideologiyaların da etnik millətçilikdən çox dövlət millətçiliyinə əsaslandığı fikrini müdafiə edir. O, milli ideyaların dövlət ideyası ətrafında birləşərək ümummilli siyasi liderin azad fəaliyyəti üçün bir vasitə rolunu oynadığını və milli ideologiyanın inkişaf mərhələlərini göstərmişdir: milli ideologiya öz inkişafında iki mərhələdən - birincisi etnik milli ideyadan, ikincisi isə milli dövlət ideyasından keçir.

Müəllif etnik və milli dövlət ideyasının mahiyyətini açıqlayaraq, etnik ideyada hər bir etnosun öz marağının üstünlük təşkil etdiyini, milli dövlət ideyasında isə iqtidar, ərazi və əhali vəhdətini ön sırada durduğunu və bu əsasda da millətlər və etnosların özlərinin seçdikləri ümummilli siyasi liderlərinin ətrafında birləşərək öz milli dövlələrini, vahid vətənlərini, vahid vətənpərvərlik şüurunun möhkəmləndirməyə qoşulduqlarını diqqətə çatdırır.

Milli ideologiyanın və dövlətçiliyin bərqərar olması ilə bağlı müstəqillik ideyalarının inkişafını akademik R.Mehdiyev aşağıdakı mərhələlərə bölür: 1988-1992-ci illər “romantik eyforiya, dövrü, 1992-1993-cü illər kütləvi şüurda “aydınlaşma, dərketmə” mərhələsi, 1993-1995-ci illər müstəqillik ideyaları və dövlətçilik uğrunda “gərgin, amansız mübarizələr, müstəqillik və dövlətçilik şüurunun qələbəsi” mərhələsi; 1995-ci ildən bu günə qədər davam edən “tammiqyaslı hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti” mərhələsi.

Buradan görünür ki, 1993-1995-ci illərdə və ondan sonra Heydər Əliyevin hakimiyyətə gəlməsilə milli ideologiya - azərbaycançılıq və dövlətçilik ideologiyası bərqərar olmuş və indi də onun siyasi varisi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməkdədir.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 19 oktyabr.- S. 10.