Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin şah əsəridir

 

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə  dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı müsahibə 

 

- Əhəd müəllim, müstəqillik dedikdə, ilk öncə, nə düşünürsünüz ?

- Bilirsiniz, müstəqillik elə bir məfhumdur ki, hər bir xalq onu qazanmaqdan ötrü canından-qanından keçməyə hazır olur. Çünki onun şərbətini dadmaq insan üçün ən şirin nemətdir. Lakin onu da vurğulamaq lazımdır ki, müstəqillik qazanmaq üçün hər bir xalqa öndər və lider gərəkdir. Belə anları nəzərə aldığımız zaman, Allah Azərbaycan xalqına Ulu Öndər, Dahi Şəxsiyyət Heydər Əliyev Dühasını bəxş edib. Məhz Ulu Öndər Heydər Əliyevin liderliyi, Azərbaycana, Onun xalqına olan sonsuz bağlılığı ölkə müstəqilliyimizin qazanılmasına doğru atılmış vacib addım oldu. Təbii ki, müstəqilliyə doğru atılan addım, məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən dəyərləndirilir. Çünki O öz uzaqgörən, mütərəqqi siyasəti ilə bütün bunları nəzərə almışdı. Çünki O, hər zaman vətəni Azərbaycanı və xalqını müstəqil görmək istəyində olub.

Bütün bu amillərin nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar Ümummilli Lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

- Əlbəttə ki, burada Naxçıvan faktorunu da vurğulamaq mümkündür...

- Sözsüz ki, bu, şəksizdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən Muxtar Respublikada həyata keçirdiyi islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu. Onun Naxçıvanda yaşadığı illərə nəzər saldıqda, aydın görürük ki, bu gün haqqında ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli, məhz o çətin illərdə qoyulub. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq XİLASKAR kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Ulu Öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev ŞƏXSİYYƏTİ MÜDRİKLİK SİMVOLU kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan DAHİNİN həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.

- Müstəqil Azərbaycanın hüquqi demokratik dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin daha hansı konsepsiyaları mövcud idi, qarşıda hansı vəzifələr qoyulmuşdu?

- Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi-demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Ulu Öndər demokratik, sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunmasını, çoxpartiyalı sistemin yaradılmasını, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi.

- Əlbəttə ki, müstəqillik qazanıldıqdan sonra, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində əhəmiyyətli addımların atılması vacib idi. Bu yerdə neft amilini xüsusilə vurğulamaq yerinə düşərdi. Sizcə, Ulu Öndərin neft strategiyası müstəqil dövlətin ayaqda qalmasına nə dərəcədə təsir etdi?

- Xatırlatmaq istərdim ki, Dahi Şəxsiyyət Heydər Əliyev demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu daim önə çəkirdi. Bu fikirdə bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır.” Ulu Öndərin proqram xarakterli bu sözləri ilə tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını da aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. “Əsrin müqaviləsi”nin, onun ilk bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin dünyada doğurduğu əks-səda Azərbaycana marağı artırmaqla, respublikamızı Cənubi Qafqazda lider dövlət kimi tanıtdırdı.

- Sizcə, həmin dövrlərə təsadüf edilən və tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərdən ən başlıcası hansı idi?

- İlk olaraq, onu demək istəyirəm ki, Ümummilli Lider, eyni zamanda, müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Partiyanın hansı şəraitdə, hansı zərurətdən yarandığı aydındır. Bu, o dövr idi ki, Azərbaycanın o vaxtkı rəhbərliyi, AXC-Müsavat iqtidarı Azərbaycanı uçurum qarşısında qoymuşdu. Ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Bir tərəfdən ölkədəki siyasi gərginlik, digər tərəfdən torpaqlarımızın ermənilər tərəfindən işğalı xalqın səbir kasasını doldururdu. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. 91 nəfər Azərbaycan ziyalısının  “Səs” qəzetinin vasitəçiliyi ilə Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” müraciəti ölkə ictimaiyyəti arasında böyük canlanma yaratdı. Bu, yalnız 91 nəfərin deyil, ölkədə baş alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən səbir kasası dolmuş bütöv bir xalqın Heydər Əliyevə böyük ümidinin ifadəsi idi. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ulu Öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550-dən artıq nümayəndə iştirak etdi. Bu gün partiyanın sıralarında 550 mindən artıq üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

Bu gün  müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir” vədini doğrultdu.

- Əhəd müəllim, hazırda müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bütün dünyaya bəllidir. Bu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən  aparılması istiqamətində daha hansı əhəmiyyətli məqamların dayandığını deyə bilərsinizmi?

- Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü  deyilənlərin təsdiqidir. “Biz təşəbbüsləri gerçəkliyə çeviririk” söyləyən dövlət başçısı İlham Əliyev bu layihələrin ölkələr arasında dostluğun, əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olduğunu bildirir. Gerçəkləşən hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir. Əhəmiyyətinə görə enerji layihələrindən heç də geri qalmayan, Avropaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun gerçəkləşməsi istiqamətində addımların atılması da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Heç şübhəsiz ki, bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri - Prezident İlham Əliyev tərəfindən yürüdülən düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması, biri-birindən məsuliyyətli digər vəzifələr dayanır.

Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, hər birimizin gələcək fəaliyyəti bütün sahələri əhatə edən uğurlu nəticələrdən asılıdır. Bu məqsədlə xüsusi proqramların hazırlanması dövlət siyasətinin başlıca vəzifəsi kimi qarşıya qoyulur. Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq, dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Qazanılan hər uğur isə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin əməli nəticəsi kimi diqqət çəkir.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2001.- 19 oktyabr.- S. 7.