Çoxpartiyalılıq - demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biridir

 

Çoxpartiyalılıq XX əsrin əvvəllərində Azərbaycanın siyasi gerçəkliyində öz əksini tapmışdır. O dövrdə müxtəlif yönümlü, sosialist, liberal-demokratik istiqamətləri, məram və məqsədləri ilə fərqlənən partiyalar fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi həyatında da çoxpartiyalılıq hakim olmuşdu. 70 il birpartiyalı sistemin, Sovet İttifaqı Kommunist Partiyasının hökmranlıq etdiyi bir dövrü yaşamış Azərbaycan Respublikasında 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra yenə də çoxpartiyalılıq prosesi gerçəkləşdi. Artıq Azərbaycanda sosial-demokratik, liberal-demokratik, konservativ, sosialist, neokonservativ, neoliberal, antikommunist yönümlü partiyalar fəaliyyət göstərir.

XX əsrin sonlarında siyasi həyat arenasına yeni yaranmış bir çox partiyalar çıxdı. Hazırda Azərbaycanda siyasi hərəkat və partiyanın üç qrupu yaranmışdır:

1. Sağ cərəyan partiyaları - əsasən, neoliberal, antikommunist istiqamətli partiyalar;

2. Siyasi qüvvələrin sol qanadına məxsus kommunist, sosialist istiqamətli partiyalar.

Birinci qrupa öz proqramında Qərbi Avropa nümunəsində kapitalizm cəmiyyəti qurmaq, ölkəni dünya sivilizasiyasına qovuşdurmaq məqsədini qoyan partiyalar aiddir.

İkinci qrupa öz strateji və ideoloji planda sağlardan az fərqlənən partiyaları aid etmək olar. Bu partiyalara öz qarşısına Azərbaycanın iqtisadi və siyasi sisteminin modernləşməsi prosesi üçün demokratik xarakterli vəzifələri qoyan partiyalar aiddir.

Azərbaycan siyasi spektrinin sol tərəfi, ümumiyyətlə, zəif görünür və demək olar ki, sosial dayağa malik deyildir.

Dünyada müxtəlif yönümlü   900- ə yaxın partiya mövcuddur. Azərbaycanda isə 50-yə yaxın siyasi partiya fəaliyyət göstərir. 90-cı illərdə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi siyasi plüralizmin və çoxpartiyalılığın formalaşmasına güclü təsir etdi.

Təkpartiyalılıqdan çoxpartiyalılığa keçid, ideoloji sahədə hegemon kommunist dünyagörüşünün seçilməməsi, əslində, siyasi-mənəvi sahələrdə totalitarizmdən açıq cəmiyyət prinsiplərinin əsas tutulduğu bir cəmiyyətə keçid deməkdir.

Politoloqlar çoxpartiyalılığın formalaşması üçün aşağıdakı siyasi şəraitin mövcudluğunu zəruri hesab edirlər:

- dövlət tərəfindən yardım və kömək (maddi kömək, bina verilməsi və s.) edilməsi;

- siyasi partiyalara münasibətdə dövlət siyasətinin müəyyən edilməsi. Burada əsas cəhəti partiyaların və seçki sistemlərinin qeydiyyata alınması təşkil edir;

- partiya sistemlərinin ümumdövlət mənafeləri və ictimai tələbatlarla uyğunlaşdırılması;

- yeni sosial strukturun formalaşmasına, o cümlədən, orta sinfin əmələ gəlməsinə imkan yaradılması.

Parlamentli respublikalarda qanunverici orqana seçilən müxtəlif siyasi partiyaların deputatlarının Nazirlər Kabinetini təşkil etmək və onun tərkibinə düşmək ehtimalları çoxdur. Prezidentli respublikalarda, o cümlədən, Azərbaycan Respublikasında icra hakimiyyətinin başçısı Prezident özü olduğundan, həmin strukturda təmsil olunmaq hüququ, əsasən, hakim partiyanın üzvlərinə aid olur.

Politoloji ədəbiyyatda göstərilir ki, siyasi partiyaların və ictimai-siyasi birliklərin proqram sənədləri göstərir ki, ümumi cəhətlərin kristallaşması cəhdləri müxtəlifdir. Siyasi partiyaların və ictimai-siyasi birliklərin təbliğat-təşviqat mərhələsi, əsasən, özlərinə tərəfdar toplamaqdan, sosial baza yaratmaqdan ibarət olub. Buraya icazə verilməmiş mitinqlərdən tutmuş ümumdövlət miqyasında imza toplanmasınadək fəaliyyət aiddir. Xronoloji olaraq bu mərhələ 90-cı illərin sonunadək davam etmişdir. Bu vaxtdan başlayaraq partiya sistemlərinin subyektləri öz fəaliyyətini proqram məqsədlərini həyata keçirməyə yönəltmişlər.

Siyasi partiyaları və ictimai-siyasi təşkilatları tiplərə ayırarkən ideoloji mənsubiyyət, sosial baza, təşkilati prinsiplər əsas götürülmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bir-birilərindən strukturlarına, iş formaları və metodlarına görə fərqlənirlər. Belə ki, sosial-demokrat və liberal-demokrat ənənələrində oxşarlıq bu iki ideya-siyasi cərəyana mənsub təşkilatların yaxınlaşmasını nə dərəcədə şərtləndirirsə, mühafizəkar ənənələr sağ yönümlü partiyaları bu iki cərəyana mənsub partiyalardan müəyyən məsafədə saxlayır.

Azərbaycandakı siyasi qüvvələrin sosial-siyasi əsaslarına görə təhlil etdikdə, belə nəticə hasil olur ki, partiya subyektlərinin təkamül istiqaməti, əsasən, sağ istiqamətə doğru olmuşdur. “Mərkəzçi” qüvvələrin meydana gəlməsi isə təbliğati üsul olub, ictimai mənafeləri qoruyan imicini yaratmaq üçün edilən cəhdlərlə bağlı olmuşdur. Dağlıq Qarabağ problemi milli məsələdə azərbaycançılıq prinsipinin populyarlaşmasına səbəb olmuşdur.

Politoloq D.İsmayılovun fikrincə, dərnək, klub tipli (ziyalılar tərəfindən yaradılmış) partiyaların bir hissəsi siyasət meydanında qalsalar da, bir çoxunun siyasət səhnəsində fəaliyyəti yox dərəcəsindədir. Cırtdan (kiçik, “divan partiyaları”, yəni üzvlərinin sayı bir divana sığışan), peyk partiyaların bir hissəsi nüfuzlu müxalifət partiyalarının, digər hissəsi isə hakim partiyanın ətrafında təzyiq qrupları səviyyəsindədir.

Praktik olaraq respublikamızda mövcud olan siyasi partiyaların üzvlərinin sayı çox deyil, əksəriyyətinin sosial bazası yoxdur. Elektoratın mobilizaslyası imkanları məhduddur, əksəriyyətinin isə sosial dayağı aşağı səviyyədədir. Bu partiyaların əksəriyyəti təşkilati-struktur və maliyyə cəhətdən zəifdir, vertikal əlaqələr elə də inkişaf etməmişdir. Eyni zamanda, xüsusi siyasi partiya görüşlərinin formalaşması prosesi dəqiqləşməmişdir. Azərbaycanda sağ və sağ mərkəzçi partiyaların əksəriyyət təşkil etməsinə baxmayaraq, bu mövqelərin siyasi mahiyyəti əksər üzvlər tərəfindən dərk edilməmişdir. Bundan başqa, respublikamızda siyasi mərkəz zəifdir, “mərkəzçi” xətt isə siyasi təşkilatlarda, hər şeydən əvvəl, ümummilli razılığı təmin etmək, cəmiyyətdə stabilliyə nail olmaq məqsədinə xidmət edir.

Çoxpartiyalılıq sistemində Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolu vardır. Ulu Öndərin sayəsində YAP xalqı öz arxasınca aparmağı bacaran iqtidar partiyasına çevrildi.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin məqsəd və vəzifələri maddələrində liberal-demokratik ideyaları geniş istifadə edilmişdir. Orada deyilir: “Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir”.

- Bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaq;

- çoxpartiyalı sistemə, demokratik hakimiyyətə və siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətini inkişaf etdirmək;

- qanunların və digər normativ hüquqi aktların layihələrinin müstəqil ictimai ekspertizasını keçirmək, onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

- şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsinə, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafına kömək ermək;

- millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaq;

- Azərbaycan dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin qorunması mövqeyindən çıxış etmək, bütün dünyada sülhün, dövlətlər, xalqlar arasında əməkdaşlığın inkişafına və Azərbaycanın dünya birliyində layiqli təmsil olunmasına çalışmaq, beynəlxalq normalara hörmətlə yanaşmaq, dünya sivilizasiyasının nailiyyətlərindən geniş istifadə etmək.

YAP-ın Nizamnaməsində öz əksini tapmış bu liberal-demokratik ideyalar sonralar Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyasında (1995-ci il) geniş istifadə edilmişdir.

Millət vəkili, YAP-ın İdarə Heyətinin üzvü Siyavuş Novruzov göstərir ki, Azərbaycanda təkpartiyalılıqdan çoxpartiyalılığa keçidin təmin olunmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir: “Azərbaycanda siyasi sistemin formalaşması üçün Heydər Əliyevin yürütdüyü bu siyasət öz bəhrəsini verdi. Artıq bu gün Azərbaycanın siyasi həyatında sağ, sol təmayüllü və mərkəzçi olmaq etibarı ilə 40-dan artıq siyasi partiya fəaliyyət göstərir və rəqabət aparır. Belə halda təkpartiyalılığa qayıdışdan danışmaq mümkün deyil. Çeşidli ideologiyalara xidmət göstərən ayrı-ayrı partiyalar cəmiyyətdə müəyyən mövqe qazandıqdan sonra qarışıq seçki sistemindən istifadə olunmasının əhəmiyyəti yox idi. Məhz buna görə də 2002-ci il avqust ayının 24-də Azərbaycan Respublikasının Konstitusiyasına bəzi əlavə və dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumda qarışıq seçki sistemindən majoritar seçki sisteminə keçildi”.

Siyavuş Novruzov YAP istisna olmaqla digər partiyaların sosial bazasının zəif olmasını və fəaliyyət dairəsinin məhdud olmasını xüsusi qeyd edir: “Bu partiyaların təşkilatlanma dərəcəsi, əhali arasındakı nüfuzu bir-birindən kəskin şəkildə fərqlənir. Bəzi partiyalar, yalnız paytaxt Bakıda və paytaxta yaxın bir-iki rayonda yerli strukturlara malikdir. Bəzi siyasi partiyaların yalnız Bakıda fəaliyyət göstərdiyini söyləmək olar. Bəzi partiyaların yalnız sədri və kağız üzərində adı mövcuddur. Yalnız Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrində yerli təşkilatları var. 500 mindən artıq adamı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası kütlələri öz arxasınca aparmağa qadir olan yeganə siyasi partiyadır. Çünki bu, partiyanın yaradıcısı Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatına müxalifət partiyası kimi gəlsə də, qısa bir müddətdən sonra iqtidar partiyası oldu. Yeni Azərbaycan Partiyasının əldə etdiyi bütün nailiyyətlər bu böyük şəxsiyyətin - Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının III qurultayı partiya sıralarının monolitliyini aydın şəkildə göstərdi. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında müxtəlif funksiyaları yerinə yetirir. Bunlardan birincisi və ən başlıcası odur ki, Yeni Azərbaycan Partiyası dövlət və xalq arasındakı qarşılıqlı əlaqəni həyata keçirir, bu əlaqəni tənzimləyir. Ayrı-ayrı sosial qrupların maraqlarını aydınlaşdıraraq, Yeni Azərbaycan Partiyası onları elə şəkildə ümumiləşdirir ki, dövlət orqanlarının fəaliyyətində bu cəhətlər öz əksini tapır.

Yarandığı gündən bəri Yeni Azərbaycan Partiyası cəmiyyətin inkişafının strategiyasını müəyyənləşdirməyə cəhd edir, müxtəlif proqramlar hazırlayır, dövlətin və hökumətin seçdiyi kursun düzgünlüyünü Azərbaycan əhalisinə çatdırmaqda müstəsna rol oynayır. Bundan əlavə, Yeni Azərbaycan Partiyası partiya liderlərinin, peşəkar siyasətçilərin, partiya ekspertlərinin və analitiklərinin formalaşmasında əhəmiyyətli işlər görür. Ümumən, Yeni Azərbaycan Partiyası bütün parametrlər üzrə Azərbaycandakı digər partiyalara örnək ola bilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla, Azərbaycanın siyasi sisteminin formalaşmasına böyük töhfə verdi”.

Ulu Öndərin siyasi  varisi, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycanın demokratik cəmiyyətdə əsas amilə çevrilmiş çoxpartiyalılıq sistemini daha da inkişaf etdirir, ölkəmizin demokratik imicini dünyada daha yüksəkliklərə qaldırır.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 21 oktyabr.- S. 10.