Məşğulluq
sahəsində inkişafın Azərbaycan modeli
Azərbaycan Respublikasının Prezidenti, Ümummilli
Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin
fəaliyyəti nəticəsində, 1993-cü ildən etibarən
ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində çox
böyük nailiyyətlər əldə olunub. Ən
böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə
ölkəmizdə aparılan müstəqil dövlət
quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni bir modeli- Azərbaycan
modeli yaranıb.
Azərbaycanda
məşğulluq problemi nədən yarandı?
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan
bu modelin strateji istiqamətləri aşağıdakı kimi
səciyyələndirilir: sərbəst bazar münasibətlərinə
əsaslanan və özünüinkişaf qabiliyyətinə
malik olan sosialyönümlü bütöv iqtisadi sistemin-
müstəqil milli iqtisadiyyatın
formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi,
texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə
təsərrüfat dövriyyəsinə cəlb olunması,
milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyasının təmin olunması.
Bu gün ölkəmiz özünün
sosial-iqtisadi inkişafının yeni yüksəliş
dövrünü yaşayır. İndi ölkə həyatının
bütün sahələrində yüksək tərəqqi və
sürətli inkişaf nəzərə çarpır.
Bu da təsadüfi deyil. Çünki
özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə
əsaslanan ölkəmiz artıq 20 ildir ki, müstəqil
iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin
təşəbbüskarı və əsas
iştirakçısı kimi regionda və dünyada
mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə
çevrilir.
Hamımıza bəlli olduğu kimi, SSR-nin
dağılmasından sonra yaranmış dərin iqtisadi
böhran, keçid dövrünün ilkin mərhələsində
bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda
da təsərrüfat fəaliyyətinin iflic vəziyyətə
düşməsinə, sosial sarsıntılara, geniş əhali
təbəqələrinin maddi vəziyyətinin
ağırlaşmasına, işçi qüvvəsinə tələbatın
və sosial müdafiənin kəskin şəkildə
azalmasına səbəb olmuşdu.
Bu vəziyyət erməni millətçilərinin
ölkəyə təcavüzü nəticəsində daha
da ağırlaşdı. Torpaqlarımızın 20 faizinin işğalı, 4
mindən artıq sənaye və kənd təsərrüfatı
müəssisəsinin və 300 mindən artıq iş yerinin
işğal olunmuş ərazilərdə qalması, 250 mindən
çox soydaşlarımızın ağır işgəncələrlə
Ermənistandan
qovularaq respublikamıza gəlməsi və
Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi köçkün vətəndaşlarımızın
öz yerlərindən didərgin salınması iqtisadi və
sosial duruma son dərəcə mənfi təsir göstərmiş,
məşğulluq sahəsində vəziyyəti olduqca gərginləşdirmişdi.
Bu isə respublikamızda 90-cı illərdə
əmək bazarında işsizlik səviyyəsinin
görünməmiş bir həddə çatmasına səbəb
oldu.
Yeni məşğulluq
strategiyası necə yarandı?
Məşğulluq xidməti orqanlarının fəaliyyətinin
əhəmiyyətli dərəcədə aktivləşmə
dövrü Ulu
Öndərimiz, dahi dövlət xadimi Heydər Əliyevin 1993-cü
ilin iyun ayında xalqın təkidli
çağrışı ilə respublika rəhbərliyinə
qayıdışından sonra baş verdi. Ulu
Öndərimiz Azərbaycanda bütün sahələrdə
baş vermiş böhran və tənəzzülün
qarşısının alınmasında mühüm işlər
gördü.
Dövlət quruculuğu sahəsində
mahiyyət etibarı ilə yeni bir model-Azərbaycan modeli
yarandı. 2003-cü ilin may-iyun
aylarında BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi
və Beynəlxalq Əmək Təşkilatının texniki
yardımı ilə ölkənin bütün ərazisində
əhalinin iqtisadi fəallıq məsələləri
üzrə ilk dəfə keçirilmiş müşahidənin
nəticələrinə görə əmək bazarında
aparılan müayinələr göstərir ki, o dövrdə
Beynəlxalq Əmək Təşkilatının
metodologiyası ilə işsiz kimi təsnif edilən şəxslərin
sayı 400 mindən artıqdır.
Bu, ölkənin iqtisadi fəal əhalisinin
10 faizindən çoxunu təşkil edirdi. Həmin dövrdə
aparılan müayinənin nəticələrinə görə
gənclər arasında işsizliyin artması ölkənin əmək
bazarında müşahidə olunan əsas problemlərdən
biridir.
İşsizlərin ümumi sayında 35 yaşınadək
olan vətəndaşların payı 69,1
faiz idi. 20-24 yaşlı iqtisadi fəal gənclər
arasında işsizliyin ən yüksək səviyyəsi (23,8 faiz) qeydə alınmışdı. Ancaq
bütün bunlara baxmayaraq, müayinənin nəticələrindən
göründüyü kimi, ölkənin əmək
bazarında işçi qüvvəsinin təklifi 1990-2005-ci
illərdə kifayət qədər yüksək olaraq bir
çox iqtisadi, demoqrafik, təhsil, miqrasiya və s. kimi amillərin
təsiri altında müəyyənləşib.
Prezident İlham Əliyev vədini
artıqlaması ilə yerinə yetirdi
Təkcə onu demək kifayətdir ki, son illər ərzində
Prezident İlham Əliyevin 2003-cü il prezident seçkiləri
ərəfəsi ölkədə 600 minə yaxın yeni
iş yerlərinin yaradılacağı ilə bağlı
verdiyi vədlər də artıq öz praktiki həllini
tapıb, ötən müddətdə Azərbaycanda 1 milyona
yaxın yeni iş yeri açılıb ki, bu da ölkədə
məşğulluq strategiyasının uğurla
reallaşmasına dəlalət edir.
Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan
özünün müstəqil iqtisadi siyasəti sayəsində
dünyanın ən sabit və davamlı
inkişaf edən dövlətinə çevrilib. Azərbaycanın valyuta ehtiyatlarının
artması isə, öz növbəsində, ölkəmizin
iqtisadi cəhətdən xeyli güclənməsinə səbəb
olub.
İndi ölkə iqtisadiyyatının elə
bir sahəsi yoxdur ki, orada yüksək inkişaf
tendensiyası müşahidə olunmasın. Bütün bunlarla
yanaşı, ölkəmizdə son illər məqsədyönlü
iqtisadi islahatların həyata keçirilməsinə
xüsusi diqqət göstərilib ki, bu da son nəticədə
əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması üçün əlavə
imkanlar yaradıb.
Ölkənin maliyyə imkanlarının
xeyli dərəcədə genişlənməsi nəzərdə
tutulmuş bütün sosial proqramların
reallaşdırılmasına, nəhəng investisiya layihələrinin
uğurla həyata keçirilməsinə imkan yaradıb. Makroiqtisadi sabitləşmə
və iqtisadiyyatın dinamik inkişafı ölkə vətəndaşlarının
yaşayış səviyyəsinin yüksəldilməsini təmin
etmiş, sosialyönümlü bazar iqtisadiyyatına
üstünlük verilməsi ilə bağlı əhalinin
bütün təbəqələrinin rifahının
yaxşılaşdırılması məqsədilə
mümkün zəruri tədbirlər həyata keçirilib.
2010-cu ilin yekunlarına əsasən də ölkəmizdə
əhalinin pul gəlirləri əvvəlki ilə nisbətən
12,3%, bir işçiyə
hesablanmış orta aylıq əməkhaqqı 9,1% artıb,
yoxsulluğun səviyyəsi daha da aşağı düşərək
9,1% təşkil edib.
Artıq Azərbaycanda iqtisadiyyatın
dayanıqlığı tam təmin edilib, regionların
sürətli sosial-iqtisadi inkişafına nail olunub. Yeri gəlmişkən, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bölgələrin
sənaye potensialından daha səmərəli istifadəsinə,
emal sahələrinin inkişafına səbəb olub. Bu
da əhalinin məşğulluğunun təmin olunmasına
ciddi təsir göstərib və ölkəmizdə həyata
keçirilməkdə olan sənayeləşmə siyasətinin
uğurla reallaşdırılmasına, “Məşğulluq
Strategiyası”nın icrasının təmin
olunmasına mühüm töhfələr verib.
Sosial yönümlü iqtiadiyyatın
yaradılması
Hazırda dövlətimizin iqtisadi siyasətinin
başlıca istiqamətləri, məhz iqtisadi sahədə
sənayeləşmə prosesinin sürətləndirilməsi,
kənd təsərrüfatının dayanıqlı
inkişafının təmin olunması, həmçinin,
iqtisadiyyatın şaxələndirilməsi nəticəsində
qeyri-neft sektorunun inkişafına nail olmaqdan ibarətdir.
Ölkəmiz artıq bazar
iqtisadiyyatına keçid mərhələsini arxada qoyub və
bazar iqtisadiyyatı şəraitində yaşayır. Təsadüfi deyil ki, indi
ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda
formalaşır. Bu da, Azərbaycanda azad
sahibkarlığa, təşəbbüskarlığa
geniş dövlət dəstəyinin bariz nümunəsidir.
Azərbaycan Respublikasının sosial
yönümlü siyasəti son nəticədə insan amilini
nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas
götürür. Minimum əmək haqqının, büdcə təşkilatlarında
çalışan ayrı-ayrı vətəndaş
kateqoriyalarının məvaciblərinin, pensiya və
müavinətlərin artırılması, sosial müdafiə
sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin
vətəndaşlarına olan diqqət və
qayğısının əyani təcəssümüdür.
2011-ci ilin 9 ayı üzrə məşğulluq xidməti
orqanlarına cəmi 41091 nəfər müraciət edib,
onlardan da 20904 nəfər münasib işlə təmin
edilib, 1225 nəfər isə haqqı ödənilən
ictimai işlərə, 3058 nəfər isə peşə
hazırlığı kurslarına
cəlb olunub.
2011-ci ilin 9 ayının yekunlarına əsasən 110
minə yaxın vətəndaşa, əsasən də, orta
ümumtəhsil məktəblərinin yuxarı sinif
şagirdlərinə peşəyönümü məsləhətləri,
əmək bazarında işəgötürənlərin
bugünkü tələbləri haqqında onlara geniş və
ətraflı məlumatlar verilib, məşğulluqla əlaqədar
gəncləri maraqlandıran mövzular və problemlər ətrafında
müzakirələr aparılıb. Hazırda
peşəyönümü işinin aparılması
respublikanın bütün regionlarını əhatə edir
və bu işin daha da təkmiləşdirilməsi istiqamətində
işlər aparılır.
2011-ci ilin 9 ayı ərzində Naxçıvan MR-də
daxil olmaqla respublikanın 51 şəhər və
rayonlarında “Əmək yarmarkaları” təşkil olunaraq
keçirilib. Cari ilin əvvəlindən respublikanın
müxtəlif regionlarında keçirilmiş yarmarkalarda 1351
müəssisə tərəfindən boş iş yerləri
təqdim olunub, 10675 boş (vakant) iş yerlərinin
hesabına 3860 nəfər işsiz vətəndaş münasib işlə
təmin olunub, 466 nəfər peşə
hazırlığı kurslarına, 224 nəfər haqqı
ödənilən ictimai işlərə cəlb olunub.
Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqi
ilə əlaqədar 2011-ci ilin 9 ayı ərzində məşğulluq
xidməti orqanlarına 9430 nəfər vətəndaş
müraciət edib ki, onlardan da 3034 nəfəri işlə təmin
olunub, 944 nəfərə işsiz statusu verilərək,
işsizlik müavinəti təyin
olunub, 258 nəfər müxtəlif peşələr üzrə
hazırlıq kurslarına, 162 nəfər isə haqqı
ödənilən ictimai işlərə cəlb olunub.
Göründüyü kimi, Azərbaycanın
son illər yürütdüyü sosial-iqtisadi siyasəti onu
dünyada və regionda yüksək nüfuz sahibinə
çevirmişdir. Artıq iqtisadiyyatın dayanıqlı
inkişafı təmin edilmiş, əhalinin məşğulluq
imkanları genişlənmiş, sosial rifahı təmin
olunmuşdur. Azərbaycan Respublikası
hazırda bir sıra dünya ölkələrinin
mühüm strateji tərəfdaşına
çevrilmişdir. Son illər həyata keçirilən məqsədyönlü
islahatlar nəticəsində “İnkişafın Azərbaycan
modeli”nə nail olunmuşdur. Hazırda ölkəmiz
yüksək tərəqqi yolu ilə inamla irəliləyir və
sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza
atır.
Elçin Bayramlı
Səs.- 2011.- 21 oktyabr.- S. 8.