Azərbaycanda söz və məlumat azadlığı

 

İnsan hüquqları ideyası bəşəriyyətin ən böyük nailiyyətlərindən biridir. Bu məsələ qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübə və sınaqdan çıxaraq müasir cəmiyyətin və bu cəmiyyətin təhlükəsizliyinin təmin olunması sisteminin ən optimal mövcudluq forması qismində çıxış edir. Bu anlayış bir sıra elmi ədəbiyyatlarda azad fərdlərə öz seçimi üzrə hərəkət etmək, həyat və yaşamaq üçün müəyyən nemətlər almaq imkanını təmin edən, onların öz aralarında, həmçinin, dövlətlə və bütövlükdə cəmiyyətlə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi normaların məcmusu kimi izah olunur. Məhz söz və məlumat azadlığı da insan hüquqlarında yer almış mühüm kontekstlər sırasındadır.

O da məlumdur ki, hüquqi normalar müxtəlif şəkildə həyata keçirilir. Bu normaları müəyyənləşdirən sənədlər sırasında konstitusiya əsas baza rolunu oynayır. Bu mənada, Azərbaycan Respublikası Konstitusiyasını dünyanın ən qabaqcıl ölkələrinin Ana Yasaları ilə müqayisə etmək mümkündür.

 

Azərbaycanda söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunmasının konstitusion əsasları

 

Söz və məlumat azadlığı, fikir plüralizmi insan hüquq və azadlıqlarının başlıca elementi kimi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər, demokratik təsisatlar isə mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və mövcud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Qanunların isə mütləq şəkildə konstitusiyaya söykənməsi aksiomasını nəzərə alaraq, qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikirsöz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, “hər kəsin fikirsöz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.

Ulu Öndər Heydər Əliyevin azad sözə münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənirdi

Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi prioritetlik qazanması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra, digər sahələrdə olduğu kimi, bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qaldırılmağa başlandı. Azad sözün, mətbuat azadlığının inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar Ümummilli Lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ulu Öndərin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Daha sonra isə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olundu. Ulu Öndər, mütəmadi olaraq, mətbuatla ünsiyyətlər qurdu, media ilə işləmək vərdişlərini aşıladı. Etiraf olunmalıdır ki, məhz bu səbəbdən Heydər Əliyev “Jurnalistlərin dostu”, “Azərbaycanda azad mətbuatın keşikçisi” adını qazandı. Heydər Əliyev Azərbaycana söz və məlumat azadlığını, informasiya müstəqilliyini gətirdi.

 

Mətbuatın tərəqqisi və müstəqilliyi Prezident İlham Əliyevin prioritet qəbul etdiyi mühüm sahələrdəndir

 

Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının ən geniş hədlərinin müəyyənləşdirilməsi üçün atılan addımları da xüsusi qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Təbii ki, bu tədbirləri həyata keçirərkən, o qədər ciddi və ölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Fondun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, mətbuat dövlətin dəstəyindən bəhrələnərək, müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır. Fondun həyata keçirdiyi layihələrlə mətbuatdakı qeyri-peşəkarların sıralarının seyrəlməsinə də nail olmaq mümkündür. Hər halda, az fəaliyyət dövrünə nəzər salsaq, fondun, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsədə nail olmaq üçün, kifayət qədər səmərəli fəaliyyət göstərdiyini söyləyə bilərik.

Nəticə olaraq, həm bu, həm də yuxarıda sadalanan digər faktlardan da aydın olur ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində  bütün zəruri addımlar atılıb. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik və suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir.

 

 

RÖVŞƏN RƏSULOV

 

 Səs.- 2011.- 21 oktyabr.- S. 4.