Hüquqi
dövlət və milli elita
“Elita” anlayışı latınca “elegize” və
fransızca “elite” sözlərindən olub “seçmə”,
“seçilmiş” mənasını verir. İngiltərənin
Oksford lüğətində “elita” termini sosial ierarxiya
sistemində ən ali sosial qruplara tətbiq edilirdi. “Elita”
termini XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbdə,
XX əsrin 30-cu illərində isə ABŞ-da ictimai elmlərdə
elmi status qazandı. Müxtəlif dövrlərdə elita bəzən
tarixin gedişini dəyişməyə qabil, ictimai-mənəvi
tərəqqini təkmilləşdirməyi bacaran, keçid
dövrlərində siyasi, iqtisadi prosesləri istiqamətləndirə
bilən ictimai-siyasi və mənəvi qüvvədir. Vladimir
Dal tərtib etdiyi lüğətində “elitanı” cəmiyyətin
bir hissəsinin ən yaxşı, seçilmiş nümayəndələri
kimi səciyyələndirmişdir.
Elitanın müxtəlif növləri mövcuddur,
siyasi (ona bəzən siyasi-ideoloji elita da deyirlər), milli, təsərrüfat
idarəetmə elitası, ziyalı, maliyyə elitası və
s.
Siyasi elita hər hansı bir ölkədə siyasi
hakimiyyəti həyata keçirənlərə deyirlər.
Müasir şərhə görə “elita” “cəmiyyətin
ən görkəmli və nüfuzlu nümayəndələri”
mənasını verir. Bu anlam elitar nəzəriyyənin əsasını
təşkil edir. Bu anlayış hər hansı sosial
strukturun zəruri hissəsi kimi idarəetmə
funksiyasını həyata keçirən ali və
imtiyazlı təbəqəni ifadə edir.
İtalyan tədqiqatçısı Vilfred Pareto cəmiyyəti
idarəedici elita və idarə olunan kütlələrə
bölürdü. Tədqiqatçı alim elitanın dövriyyəsi nəzəriyyəsi
yaratmışdır. Bu nəzəriyyəyə görə,
elita cəmiyyətin aşağı təbəqəsində
əmələ gəlir, mübarizənin gedişində o
yüksəlir, çiçəklənir və yox olur. Tədqiqatçı
elitanın dövriyyəsini “tarixin universal qanunu” hesab edir.
Onun fikrincə, sosial inkişafın dövriyyəsi
gedişində elitaların hökmranlığı da tipləri
də dəyişir. Elitanın fəlsəfi-etik mahiyyəti
ondan ibarətdir ki, elitaya aksioloji yanaşılaraq ona müəyyən
dəyər çərçivəsi üzrə
üstünlük qazanan fərdlərin məcmusu kimi
baxılır. Elita mənəvi keyfiyyətlərinə, iradəsinə
və əxlaqına görə seçilən və
başqalarından fərqlənən qrupları özündə
əks etdirir.
Elitanın dəyişməsi ictimai tələbata
cavab verməyənlərin yerini yeni elitanın tutması ilə
nəticələnir. Buna görə elitanın dəyişməsi,
bir-birini əvəz etməsi tarixi zərurətə
çevrilir. Siyasi hakimiyyətdə duran siyasi elitanın
ömrü dünyada və ölkədaxili proseslərə
operativ reaksiya verməsindən asılıdır.
Tədqiqatçılar elitanın dəyişməsinə,
yeniləşməsinə, cəmiyyətdə sağlam
mühitin təminatçısı kimi baxırlar. Siyasi, hərbi
və maliyyə elitası hər bir ölkədə dövlətin
taleyində ictimai-siyasi proseslərdə həlledici mənəvi
amilə çevrilmişdi.
Elitanın formalaşmasında mənəvi-əxlaqi
dəyərlər mühüm yer tutur. Q.A.Zuqanov “milli
elitanın ictimai yükü dedikdə, onun mənəvi
nüfuzunu nəzərdə tutur”. Milli elitanı məşhur,
görkəmli, hörmətli, etibarlı və şöhrətli
insanlar təşkil edir”.
Qərb, MDB və
Azərbaycan tədqiqatçıları tarixi-məntiqi yanaşma əsasında, ümumilikdə, elitizmin və xüsusən, siyasi
elitanın təkamülünü tədqiq edərək elita və demokratiyanın
qarşılıqlı əlaqədə olduğu,
onun təkcə siyasi
deyil, elmi (intellektual), iqtisadi, bədii-ədəbi,
siyasi, hakim, inzibati, müxalifət elitasına bölündüyü qənaətinə gəlmişlər.
Elitanın bu və ya
digər tipi ictimai
prosesə təsir etməsinə görə ümummilli
elita səviyyəsinə yüksələ
bilər. Milli-elita ictimai-siyasi
proseslərin gedişini dəyişdirməyə
qabil olan ictimai şüura güclü təsir edə bilən cəmiyyətin
güclü mənəvi qüvvəsidir.
Politoloqların fikrincə, siyasi elitanın mövcudluğu
aşağıdakı faktorlarla şərtlənir:
1. Adamların psixoloji
və sosial xüsusiyyətləri,
onların eyni olmayan
qabiliyyətləri, imkanları və siyasətdə iştirak etmək arzusu ilə;
2. Əmək bölgüsü
qanunu ilə, bu isə
idarəçilikdə peşəkarlığı, müəyyən
ixtisaslaşmanı tələb edir;
3. İdarəçilik əməyinin
yüksək sosial əhəmiyyəti və
onun müvafiq
stimullaşdırılması ilə;
4. İdarəçilik fəaliyyətinin
geniş imkanlarından istifadə etməklə
sosial imtiyazların əldə edilməsi
ilə (çünki onlar
dəyərlərin bölgüsü ilə
bilavasitə əlaqədardır);
5. Siyasi rəhbərlər
üzərində hərtərəfli nəzarətin həyata
keçirilməsinin praktiki olaraq qeyri-mümkünlüyü
ilə;
6. Başlıca maraqları, adətən,
siyasətdən kənarda olan əhalinin geniş kütlələrinin siyasi
passivliyi ilə.
Siyasi elita sosial qrup
olub “təbii seçmə” nəticəsində
formalaşan cəmiyyətin xüsusi təbəqəsidir. Həmin təbəqəni
təşkil edən şəxslər müəyyən
qabiliyyətlərə, peşə biliklərinə, vərdiş
və bacarığına malik olurlar. Ona görə də
siyasi elita dövlət
idarəçiliyinin mərkəzi hissəsidir. Onun fəaliyyətindən cəmiyyətin siyasi inkişafının istiqaməti və gedişi, bütövlükdə, siyasi sistemin fəaliyyəti
asılı olur.
Siyasi elita aşağıdakı funksiyaları yerinə
yetirməlidir:
a) strateji funksiya (siyasi proqramların müəyyənləşdirilməsi,
cəmiyyətin, siniflərin, təbəqələrin və s.-nin mənafeyini əks etdirən yeni ideyaların tətbiq edilməsi);
b) təşkilatçılıq
funksiyası (işlənilmiş planın həyata
keçirilməsi, siyasi qərarların
həyatda reallaşdırılması);
c) inteqrativ funksiyası (cəmiyyətin vəhdətinin
və sabitliyinin möhkəmlənməsi,
onun siyasi və iqtisadi sisteminin
dayanıqlığı, münaqişə situasiyalarına yol verilməməsi. Əgər o baş veribsə, həll
edilməsi.
M.Yusifov siyasi elitanın formalaşmasının zəruriliyini
göstərərək yazır: “Siyasi-ideoloji elitanı formalaşdırmadan
müstəqil dövlətçiliyimiz zəminində
yaradılmış milli-mənəvi dəyərlərimizi,
azərbaycançılıq ideyalarını, sosial və iqtisadi inkişaf nailiyyətlərimizin ən
qabaqcıl keyfiyyətlərini gələcək nəslə
çatdırmaq imkanlarına nail ola bilmərik. Siyasi-ideoloji
elita müstəqil Azərbaycan
Respublikasında yaradılmış siyasi,
ideoloji, milli, mənəvi
və sosial sahələrdə
qazanılmış ənənələrimizin varisliyi kimi
formalaşmışdır”.
R.Mehdiyev Azərbaycan
milli-siyasi elitasının yaranma
tarixinin 1990-cı ildə Heydər Əliyevin
fəaliyyətə başladığı dövrdən
başlandığını göstərir.
“Elə bu mürəkkəb keçid
dövrü də demokratik
dəyərlər, sərbəst iqtisadiyyat,
azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizə aparmağa
qadir olan müasir milli-siyasi
elitanın mənəvi və siyasi
amalının formalaşmasının
başlanğıcı oldu. Elitar təbəqə hər bir
xalqın öz ənənələrinə
və maraqlarına uyğun şəkildə,
onun mənafelərinin qorunması istiqamətində
fəaliyyət göstərən qüvvədir. Elitar təbəqə cəmiyyətin alimləridir,
mütəfəkkirləridir,
yazıçılarıdır, şairləridir, ictimai fikir sahibləridir,
qabaqcıl ziyalılarıdır, siyasətçi və
ideoloqlarıdır. Cəmiyyətdə bu
qüvvələr daim aparıcı olub. Elitar təbəqəsi
olmayan cəmiyyətdə sivilizasiya
yarana bilməz, inkişaf
və irəliləyiş baş verə
bilməz. Azərbaycanda tarixən onun güclü elitar qüvvəsi
və təbəqəsi olmuşdur”.
Elitar təbəqə
hər bir xalqın milli-mənəvi dəyərlərinin
daşıyıcısı və bu dəyərlərin
yaradıcısı və milli
maraqların qoruyucusu olan
mənəvi qüvvədir. Elitar təbəqəyə
siyasətçilər, ideoloqlar,
yaradıcı şəxsiyyətlər, ziyalılar daxildir.
“Xalqın milli
sərvəti kimi səciyyələndirilən
milli elita Heydər Əliyev
siyasi-mənəvi məktəbindən bəhrələnərək
formalaşmışdır.
Akademik R.Mehdiyev Azərbaycan elitasının
transformasiyasının altı dövrünü
göstərir:
1. “Yenidənqurma” dövrü (1985-1988). İctimai-siyasi
xarakterli tədrici dəyişikliklər sovet elitasının, nomenklaturasının onun üçün yeni fəaliyyət növlərinə
qoşulmasına şərait yaradır.
2. Dəyişikliklər dövrü (1988-1991). Partiya-təsərrüfat
nomenklaturası ölkənin inkişafının institusional, iqtisadi və siyasi şəraitinin dəyişməsində
fəal iştirak etməyə
çalışır. SSRİ-nin
dağılması başlayır, bu isə
sonda siyasi elitanın
köhnə və yeni təbəqələrində
çox mühüm
dəyişikliyə səbəb olur.
3. Qarşıdurma dövrü (1991-1993). Bazar
münasibətlərinə açıq keçid,
dövlət hakimiyyəti orqanlarının islahatı və intensiv siyasi natamamlıq
şəraitində dövlət idarəetmə sisteminin əsas qolları: prezident
administrasiyası, hökumət, parlament, biznes elitası formalaşır. Elita qruplaşmalarının yeni
konfiqurasiyası yaranır.
4. Sabitləşmə dövrü - intensiv transformasiya vaxtı (1993-2003). Bu
mərhələnin siyasi prosesini
iki əsas meyil müəyyənləşdirir.
Bunlardan birincisi, sabitliyi möhkəmlətmək istiqamətində
hərəkət, səmərəli dövlətçilik
yaradılması, regionda iqtisadi
dominant kimi ölkənin
daxili imkanlarının formalaşması idi. Digər meyil intensiv transformasiya
dövründə xüsusi əhəmiyyəti
olan bir sıra məsələlərə
dair ictimai konsolidasiyanı
təmin etmək səyləridir.
5. Demokratik konsolidasiya prosesinin
başlanması (2003-2008). Sabitləşmə və qərarların
qəbul olunması fazaları başa
çatdıqdan sonra siyasi
proses yeni xüsusiyyətlər
kəsb edir, ölkədə tədricən
yeni siyasi məkan
formalaşır və ön səhnəyə
yeni aktorlar
çıxır. Dövlətin iqtisadi
inkişafı sosium daxilində yeni qarşılıqlı münasibətlərin
bazisini yaratmağa imkan verir,
davranışın yeni stereotip
və normalarını doğurur, vətəndaş
cəmiyyətinin təməlini qoyur.
6. Kadrları cəlbetmə
fazası (2008-ci ildən başlayaraq).
Qarşıdakı illərdə əsas vəzifə gənc
nəslin nümayəndələri sırasından yeni siyasi, iqtisadi,
elmi və yaradıcı elita
formalaşdırmaqdır.
Ölkənin gələcək
inkişafı elitaya münasibətdə
həm peşəkarlıq, kreativlik
baxımından, həm də siyasi məsuliyyətin
artması mövqeyindən daha yüksək
tələblər irəli sürür. Hesab edirəm
ki, bu gün
müasir elitanın keyfiyyəti ilə
bağlı əsas tələblər yüksək təhsil
səviyyəsi, peşəkarlıq, məsuliyyət, qəbul
edilən qərarların nəticəsini irəlicədən
görmək qabiliyyəti, proqnozlaşdırma
bacarığıdır. İqtisadi
yüksəlişin keyfiyyəti və sürəti, dövlətin
gücü və səmərəliliyi
ümumən elitanın keyfiyyətindən və kadrların
potensialından asılıdır.
Azərbaycan müasir milli elitasının inkişafında əsas rol oynayan ölkə Prezidenti İlham Əliyev
haqqında R.Mehdiyevin dəyərli fikirləri
diqqətəlayiqdir: “İlham Əliyev yeni dövrün siyasətçisidir
və tarixin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq
ölkəyə gələcəkdə rəhbərlik
etmək üçün bütün
lazımi keyfiyyətlərə malikdir. İlham Əliyevin dövlətə, dövlətin
inkişafı ilə bağlı baxışları məlumdur.
Onun bütün
başlıca arzu və istəkləri Azərbaycan
dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm
qərarlar qəbul edən sayseçmə ölkələr
birliyinə daxil etməkdir. O, fəaliyyətində
ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu
fərqləndirən cəhət odur ki, o, fəaliyyət dairəsi
məhdud olan məmur deyil,
əksinə, geniş baxışlara malik siyasətçidir. Onun
üstünlüyü bundadır. Azərbaycana
məhz belə siyasətçi gərəkdir”.
Vahid
Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 22 oktyabr.- S.10.